Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Həsrəti ömründən uzun, Təbrizim! 

Rəsul RZA

Təbrizin yolları oyum-oyumdur,

Yanıq dağdan qalxan duman olaydım!

Həsrət könüllərdə ümid olmasam,

Heç olmazsa, zəif güman olaydım!

1959

Təbrizim mənim

Balaş Azəroğluna

Laylası məhzun,

Nəğməsi məhzun.

Həsrəti ömründən uzun,

Karvandan üzülmüş ağ dəvəsi.

Gözlərində böyük ümidin uzaq töhfəsi

Neçə evinin küçə divarı kor.

Dodaqları quru,

bulaqları gur.

Arzularında qançır, qamçı.

Kədəri axın-axın,

sevinci damcı-damcı.

Bəzən günləri qanlı yuxu kimi,

bəzən həsrətli yuxuları gerçək olmuş,

Neçə dəfə sevincək olmuş.

Balaları sərgərdan,

Gəlinləri nigaran.

Qurtuluş yolları:

məhbəs, dar ağacı, gülləbaran.

Dan yeri qan boyalı.

Ümidindən, arzusundan dönməyən.

Ocağında - ürəyində odu sönməyən,

Səhəri uzun əsrlərin yolunda yubanan,

Qardaşına həsrət, bacısına həsrət,

Bayatıları - qədim məhəbbət.

Qoynu gah aydın havalı,

gah çənli, dumanlı.

Qəlbi gümanlı,

Taleyi böhranlı.

Özü bababir, nənəbir

adət-ənənə bir -

doğma qardaşım.

Pasportda o yanlı.

Arzulayanda əlim çatmayan,

Ağrısı, göynəyi qəlbimdə

gecə-gündüz yatmayan.

Dağları dağlarıma bənzər,

bağları, bağlarıma.

Ana sözü kimi

əziz olan adı - dodaqlarıma.

Köhnəm, təzəm, uzağım, yaxınım,

Ən gözəl şerim,

Yanıqlı mahnım.

Mənsizim!

Təbrizim!

1964

Nigaran suallar

Son zamanlar

səni tez-tez

yuxuda görürəm, Təbrizim!

Yuxuma qəmli gəlirsən

hər gecə.

Suyun, çörəyin varmı?

Nəğmən necə?

Yenə “Qaragilə”dir,

yoxsa daha qəmlidir?

Göy məscid necədir?

Ərk qalası necə?

Yanıq dağ qupqurudur,

ya nəmlidir?

Tez-tez yuxuma girirsən,

Təbrizim!

Yoxsa incimisən,

uzun həsrət yorub səni?

Yoxsa dözüb-dözüb

indi yaman qəribsəmisən.

İnanmıram,

hələ ümidin var böyüyəsi,

arzun var boy atası.

Hardan düşdü yadıma

anamın göynəkli bayatısı!

“Mən bütöv bir yuvaydım,

yel vurdu paralandım.

Mən səndən ayrılmazdım,

zülümnən aralandım”.

1975

Yaralı Təbriz

Mən görəndə

bağçaların, bağların

çiçək idi,

gül idi.

Küçələrdə, məclislərdə

səslənən

doğma, gözəl dil idi.

Fədailər

dəstə-dəstə keçirdi,

yeni adlı küçələrdən;

dodaqlarında nəğmə!

“Ey torpağı ləl, mərcan,

Azərbaycan!”

Səttarxan xiyabanı

bəzəkli, çilçıraqdı,

Qoçaq, mərd oğulların,

Firudinlərin sağdı.

Kəhrəba işıqların

gecələrin qoynuna

ulduz-ulduz yağırdı.

Oyanışlı günlərin

nə oldu,

hanı indi?

Gəldi qara günlərin,

Nə az bəxtiyar oldun,

sevindin.

Söylə, Təbrizim,

söylə,

ulduzlu mavi göydən

sənə kim yanğı saldı!?

Üstünü buram-buram

qara dumanlar aldı.

Naxış-naxış evlərin

alışdı, közə döndü.

Bağçaların, bağların

viranə düzə döndü.

Yanğınlar gur kükrədi,

yayıldı, gölə döndü.

Pərdələr arxasında

Gizlənmişdir işıqlar.

Sazını sındırdımı

tunc gövdəli aşıqlar!

Təbriz, qəşəng şəhərim!

Yüz bir şəhər içində

seçimli, tək şəhərim!

Sənin yaran azdımı,

vurdular bir yara da.

Qəzəbindən titrədi

Göy məscidin üstündə

Qızıldan aypara da.

Sənin dərdin azdımı,

taleyinə tarixlər

qara günlər yazdımı?

Sinəndə varkən hələ

göynəkli dil yarası,

Səttarxanlar yarası,

Firudinlər yarası,

yanıq, nakam arzular,

qəm, nisgillər yarası -

Yaraladılar səni,

Heyranların vətəni,

Sahiblərin vətəni!

Mən deyirdim, vaxt olar,

baharlı Novruz günü

gələrəm.

Həsrətindən qurtarıb

Qoynunda dincələrəm.

Yaraların ağırdır,

Təbrizim!

Nigaranlıq qəlbimi

ağrıdır,

Təbrizim!

İnanıram, keçəcək

matəmli günlərin də.

Açılacaq üfüqlər

bir aydın səhərində.

Çəkiləcək üstündən

O zəhərli buludlar.

Doğrulacaq arzular,

umudlar.

Yüksələcək bayrağı

yeni Səttarxanların.

Qaldıracaq səsini,

Öz gücünə güvənən,

bu günlərdən dərs alan,

gələcəyə inamlı -

qüdrətli cavanların.

Göyçay, 11-13 oktyabr 1980

Ərk qalası

Təbriz - gözəl şəhər!

Vuruşdular:

son gülləyə;

son süngüyə,

son qundağa qədər.

Vuruşdular:

hər şey qırmızı geydi;

daşdan, torpağa qədər.

Vuruşdular:

alt dodaqdan

üst dodağa qalxa bilməyən

səsə qədər.

Vuruşdular:

onlardan yeddi dəfə - yetmiş qat

artıq olan,

süngüləri narın daraq dişi kimi

sıx olan düşmənlə.

Yaralılar ufuldamadı,

Can verənlər inləmədi.

Susuzlar “yandım”, demədi.

Öpdü qurumuş dodaqları

qan hopmuş torpağı.

Yaralarına basdılar

qan rəngli bayrağı.

Nə düşmən onlardan

bir aman sözü ala bildi,

nə bu ölümü yağı duydu,

nə qala bildi.

Söykənib qala divarına

öldülər ayaq üstə;

çiyin-çiyinə.

Ulduzlar şahid oldu,

bir sırada dayanmış

ölülərin qabağından,

yüz yerə bölünmüş dirilərin

çəkildiyinə.

Öldülər ayaqlarının altında

Vətən torpağı.

Başlarının üstündə

Vətən ulduzları.

Könüldən könülə keçdi

ümidləri, arzuları.

Gecə ağır-ağır keçdi

cənazələrin üstündən;

keçdi getdi yolu səhərə.

Günəş şəfəqdən bir örtük çəkdi

torpağı qoruyub, torpaqda dincələn

cənazələrə.

1958

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:307
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri