“Sərhəd kəndlərinin BOŞALMASININ SƏBƏBİ...” Deputat HƏYƏCAN TƏBİLİ çaldı
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var”. Bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxış edib.
O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var:
“Kəndlərdən rayon mərkəzinə, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə, düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar ayrıca dövlət proqramı hazırlanmalıdır”.
Moderator.az xəbər verir ki, Musavat.com “Üç sual, üç cavab” layihəsinin qonağı olan İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirovla söhbətdə sərhədyanı kəndlər mövzusuna toxunub. Deputatla müsahibəni təqdim edirik:
- Elman bəy, sərhədyanı kəndlərin boşalmasının səbəbi nədir və niyə Bakıya axın var?
- 2026-cı ilin büdcə müzakirələri zamanı mən bu məsələni hökumətin qarşısında qaldırmışdım. Yəni büdcə müzakirələri gedərkən hökumət parlamentdə iştirak edirdi. Qeyd etmişdim ki, sərhədyanı kəndlərin inkişafı üçün dövlət proqramına ehtiyac var. Buna qədər cənab Prezidentin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı üçün 4 proqram qəbul edilib və uğurla icra olunub. Xüsusən də deyə bilərəm ki, İranla sərhəd kəndləri, əsasən Cəlilabadın sərhəd kəndlərini qeyd etdim. Bu kəndlərdən köçün əsas səbəbi mavi qazın olmamasıdır. Cənab İlham Əliyev ilk dəfə prezident seçiləndə, yəni 2003-cü ildə qazlaşma 40 faiz idi, indi 96 faizə çatıb. Ancaq İranla sərhədyanı kəndlərin bu problemi hələ də var. Hazırda 5 mindən çox abonentin qazı yoxdur və bu səbəbdən də kəndlər boşalır. Bu da təkcə iqtisadi, demoqrafik yox, həm də siyasi məsələdir.
- Nə mənada siyasi məsələdir?
- Çünki sərhədyanı ərazilərdir. Ona görə bu gün komitə iclasında hörmətli Zahid Oruc bu vacib məsələni qaldırdı. Necə ki Şərqi Zəngəzura və Qarabağa qayıdış var, azad olunan ərazilərdə bərpa-quruculuq işləri gedir, eləcə də sərhədyanı kəndlərdə də problemlər həllini tapmalıdır, ərazilər boşalmamalıdır. Ona görə bu gün komitə iclasında mən də bu məsələni vurğuladım. Təsəvvür edin ki, İranla sərhəd kənddə 200 şagird yeri olan məktəb tikilib, müasir şərait yaradılıb, amma cəmi 40-50 şagird təhsil alır, müəllimlərin sayının yarısı azalıb. Çünki qaz, yol, məşğulluq problemləri var. Ancaq deyə bilərəm ki, işıqla bağlı vəziyyət xeyli ürəkaçandır. 36 kənddə problem həllini tapıb, 27 kənddə isə iş gedir. Eyni zamanda, Cəlilabadın daha 10 kəndində kabelləşmə gedir.
- Yəni dövlət proqramı qəbul etməklə bu problemləri həllini tapacaqmı?
- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar qəbul edildi, bölgələrimizdə böyük inkişaf prosesi getdi. Eynilə sərhədyanı ərazilərlə bağlı addımlar da atılmalıdır, pilot layihələr həyata keçirilməlidir. Nəzərə alaq ki, 2026-cı ilin büdcəsi 42 milyarda yaxındır, maliyyə imkanlarımız var. Ona görə də bu problemləri həll etmək olar. Məsələn, mən kəndlərdə yol problemini qaldırmışdım, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi ilə görüşdük, İranla sərhəd 20 yaşayış məntəqəsinə yol çəkildi. Deməli, sərhəd kəndləri ilə bağlı digər çətinlikləri də aradan qaldırmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 23 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















