Sərrast toplaşmaq azadlığı
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Çünki bizə ömür boyu susmağı öyrətdilər, danışmağı deyil.
İndi isə danışmağa sözümüz olsa da, yerimiz yoxdur. Hə, hə! Demək olar, yer qalmayıb. Sözü üzə demək yerinə, daldada deyinmək modundayıq. Fikri açıq söyləmək yox, arxada söylənmək... dəbə minib.
Doğrudur, maraqlı danışa bilməyəndə maraqlı susmaq da pis deyil. Bu zəmanədə maraqlı danışanlar onsuz da çox deyil. Niyə?! Çünki maraqlı susanlar az deyil. Çoxu da maraqdan... susanlardır!
...Sovet qurultaylarında kommunist rəhbərlərin çıxışları qəzetlərdə boy-boy çap olunurdu. Ayrı-ayrı hissələrində mötərizə içində yazılırdı: "Gurultulu, sürəkli alqışlar". Bu, "dahi rəhbər"in "müdrik" kəlamlarına yekdil müsbət reaksiyanı sərgiləmək üçün idi. "Salonda canlanma" ifadəsi isə rəhbərin "uğurlu" zarafatına kollektiv gülüşməni vurğulamaqdı. Sovet liderinin dodağı qaçanda "təbəə"lərin yumor təbi coşurdu; yekdilliklə qəhqəhə çəkirdilər.
Yox, Sovet rejiminin xiffətini çəkənlərdən deyiləm; öz əllərimizlə yıxmışıq. Müstəqil dövlət istəyib, meydanlara ilk çıxanlardanam. Bununla da qürur duyuram. Bu gün olsa, yenə çıxaram, "İstiqlal!" deyə yenə hayqıraram.
Düzdür, bəlkə də meydanlarda o qədər çox qışqırdıq ki, axırda... SƏSİMİZ batdı. Ancaq o rejimdən qurtulmaq üçün səsin ən yuxarı tonallığında da hayqırmağa dəyərdi. Zaman özü isbatladı: ŞƏR İmperiyasından heç özü XEYİR tapmamışdı; axırda bir naşı uşağın sahildə qumdan qurduğu evcik kimi dağılıb getdi. Bir dalğaya bənd imiş.
İndi bəzilərinin arzuladığının əksinə olaraq, düşünürəm, geriyə qayıdış fəlakətdir. Hərçənd onsuz da, faktik olaraq, müəyyən məqamlarda köhnə sistemin yeni - "müstəqil" variantını yaşayırıq. Ya da yaşadırıq. Bircə fərqlə: artıq nə gurultulu yığıncaqlar var, nə sürəkli mitinqlər, nə də başqa izdihamlı toplantılar. "Salonda canlanma" da yoxdur. Akademiya salonlarında isə daha çox ağıllı-ağıllı susmaq imkanı qalıb, nəinki danışmaq.
Danışmağa bircə parlament tribunası vardı. O da indi cəmi yüz iyirmi beş adamın sükutunu səsli dunləyir; tribunaya qalxan yoxdur. Bir zaman: "Mandatını almısan, otur yerində" üslubundakı akademik vahimə basmışdı hamını. O vaxt-bu vaxt hər kəs oturdu oturduğu yerdə. Bomboş tribuna da bu mənzərəyə yuxarıdan aşağı baxıb, susqun taleyi ilə barışdı...
Fikir vermisinizsə, deputatlar oturduğu yerdən danışır. Deputat çıxış edəndə heç kim onun simasını görə bilmir, gözlərinə baxa bilmir. Bir deputat o birinin dediyi fikrə, gətirdiyi fakta dair sərgilədiyi, yaxud
sərgiləmədiyi münasibəti görə bilmir. Heç bir deputat danışan mandatdaşının üz mimikalarını izləmir; buna imkanı yoxdur. Yanında oturanın belə. Yandakı "xalq elçisi", sadəcə, profildən görür öz kürsü yoldaşını. Anfas görüntüsü qapalıdır. Arxadakı arxadaş isə danışanın boynunun ardına baxır.
Qısacası: heç bir deputatın məclisi bir bütöv auditoriya kimi qazanma şansı yoxdur. Milli Məclisin yuxarı başında tribuna - danışıq kürsüsü var, o da, dediyim kimi, boş durur.
Hətta "seçilmiş"lərə də tribuna verilmirsə, tribun harda və necə yetişəcək?!
Fikir verirəm, xırda-xırda toplantılarda, iclaslarda səlis danışanlar var. Ancaq onlar da eyni fikirləri eyni cür, nadir hallarda fərqli cümlələrlə danışanlardır. Bunun adı danışmaqdır. Əslində isə bu, danışa-danışa susmaqdır.
Hər şeydən danışa-danışa susmağı öyrənib hamı. Susmağa öyrəşib. Susmaq, doğrudan da, qızılmış. Daha yaxşı susanlar öz dolanışığının "qır-qızıllı" dövrünü yaşayır. İndi yaxşı dolanmaq həm də yaxşıca... və KÖNÜLLÜ dolanmaqdır. Belə yaşayanın gerçək mənzərə qarşısında dili də dolaşır...
İndi açıq danışan ən qorxulu obraza çevrilir yavaş-yavaş. Amma əslində ən qorxulu adam açıq danışan deyil, açıq-saçıq... susandır.
Danışa-danışa açıq-aşkar susan. Hər şeydən danışaraq, əsas mətləbin üstündən sükutla keçmək! Bunu bacarana, görəsən, neçə baş qurban olacaq hələ?!
Sərbəst toplaşmaq azadlığına hamı müxalif davranış modeli kimi baxır. Əslində isə sərbəst toplaşmaq cəmiyyətin ən uzaqvuran silahıdır. Biz bir dəfə hamılıqla SƏRBƏST TOPLAŞDIQ, dövlət qurduq. Bir dəfə də hamılıqla toplaşıb düşməni torpağımızdan qovmuşuq.
Bir yerə toplaşanda xalq öz gücündən güc alır.
Konfutsinin dediyi kimi, dünyanı işarələr və simvollar idarə edirsə, bunun çox sadə açması var. Dünyanı hamılıqla, ya da çoxluqla qəbul etdiyimiz işarələr və simvollar idarə edir.
İnsanlar şüurlu və nizamlı olaraq, bir yerə toplandıqda çox fərdin enerjisi ümumi axarda cəmləşir. Damlalar çeşmələrə, çeşmələr çaylara, çaylar dənizlərə qovuşduğu kimi. Dünyanın ən böyük dəryası olan Sakit okeanın da başlanğıcı nə vaxtsa bircə damla su idi.
Təbiətdə damlalar toplanıb dəniz, okean yaratdığı kimi, cəmiyyətdə də fərdlər toplaşıb nəhəng enerji gücü formalaşdıra bilir. Bunun izi (isbatı) folklorumuzda da var: "El bir olsa, dağ oynadar yerindən..."
Elin bir olmağı üçün, gərək fərdlər bir araya toplaşa bilsin!
Orduda niyə sıra baxışı var?! Parad niyə var?!
Çünki ən qüdrətli ordu da özünə kənardan baxıb heyran olmaq ehtiyacı duyur.
Özü öz gücünü kənardan görə bilməsə, düşmənə də göstərə bilməz.
Yaxud hər dində topdan (kütləvi) dini ayinlər var. Məsələn, məscidlərdə cümə namazı islamın sıra baxışıdır. Həcc ziyarəti desək, ildə bir dəfə mömin paradı olsa gərək. İzdihamlı təntənəsi, iztirablı dəbdəbəsi ilə...
Din təfəkkürü bu yığıncaqlardan özgüvən qazanır. Hansı yüzildə yaşayırsan-yaşa, insanlar bir yerə toplaşanda gücün enerjisini yarada bilirlər. Qalan vaxtlarda hamı öz hücrəsində təkdir. Hətta uzun müddət toplaşmayanda hər kəs tənhalaşır.
Bayram ritualları da əslində təklərin tənhalaşmasını önləmək üçündür. Bayram gəzintiləri toplum şadyanalığının birgə rəsmi, bir növ birgəliyin bəxtəvər özçəkimidir. İctimai xoşbəxtlik teatrında kütləvi fərəh səhnələridir.
Toy da eləcə. Elə təkcə yeyib-içmək, deyib-gülmək, çalıb-oynamaq üçün deyil. Toy - cəmiyyətin davamına hamılıqla şahidlik törənidir. Toy - bizim hələ var olduğumuzu və bundan sonra da var olacağımızı vurğulayan durğu işarəsidir. Ya da elə vurğu işarəsidir. Hardan gəlib, hara getdiyimizi göstərən yol nişanıdır.
Zira yeni qurulan hər ailə cəmiyyətə yeni fərdlər, şəxslər və şəxsiyyətlər qazandırmaqla mükəlləfdir. Toy ziyafəti - hər yeni qurulan ailənin
davamlı bəşəriyyət baxımından əhəmiyyətini və məsuliyyətini vurğulamağın ərkyana və şadyana şəklidir.
Tribunaya və "tribun"lara qayıdaq.
Son vaxtlar nəinki rəsmi, hətta yarımrəsmi yığıncaqlarda əvvəlcədən yazılmış çıxışı kağızdan oxumaq dəb düşüb. Məmurlar və ümumiyyətlə, saray əhli çaşmaqdan qorxur. Sözün hər mənasında çaşmaqdan. Çox ciddi mövzularda, bəli, bəlkə çıxışı əvvəlcədən hazırlamaq və kağızdan oxumaq lazımdır. Çünki bəzən bir yanlış ifadə, yanlış yerə salınmış bir vurğu belə diplomatik qalmaqallar yarada bilir. Hətta doğru yerdə, doğru zamanda deyilməmiş bir sözün iğtişaşlara, savaşlara səbəb olduğu da var. Bunlar tarixdən bəlli! Ancaq, məsələn, Muğan düzündəki bir icra baçısı qarpız tarlasının məhsuldarlığından danışanda nə boyda geosiyasi səhv buraxacaq, anlamıram. Səlahiyyət səviyyəsi və məsuliyyət dərəcəsi ortadan da aşağı şkalanı "tərpədən" funksioner nədən öz ağzına deyil, kağızına daha çox güvənsin ki?! Axı insanıq; çaşa da bilərik. Üzr istəyib düzəliş də vermək olur. Dünya dağılmayacaq ki. Həm də bəlkə beləcə öz səhvlərinə görə vaxtında, gec olmadan öz xalqından üzr istəməyi də öyrənər bu məmur. Təkcə qrammatik səhvlərə görə yox, həm də... dramatik səhvlərə görə.
Yeni dövrün başlanğıcındayıqsa, bir para başlanğıclara qapı açmalıyıq. Məsələn, heç olmasa, siyasi vəzifələrə seçilən, hətta təyin olunan adamlar da siyasi mübarizə meydanlarından keçməlidirlər. Əgər "mübarizə" sözündən çox narahatıqsa, adına "rəqabət" deyək. Biz iqtisadiyyatı yönləndirmə öhdəliyi daşıyan "Rəqabət məcəlləsi" qəbul etmişik. "Biz" deyəndə, deputatları nəzərdə tuturam. Bizə bir də "siyasi rəqabət məcəlləsi" lazımdır. Yazılmış və ya yazılmamış, fərq etməz. Təki hamılıqla mənimsənilsin və işlək olsun. Bax, elə bu da sərbəst və sərrast toplaşmaq azadlığıdır.
Yox, siyasi rəqabət bizə təkcə danışmağı öyrətməyəcək, həm də və ən başlıcası, düşünməyi öyrədəcək. Bir də dinləməyi. Təbii ki, düşüncələrin də, danışılacaqların da qanun və əxlaq çərçivəsində olması şərti ilə!
Biz öz düşündüklərimizi danışmasaq, danışa bilməsək, bir müddətdən sonra nə öz başı ilə düşünən qalacaq, nə də öz sözünü danışan. Başqasının başı ilə düşünən, başqasını ağzı ilə danışan biri bir gün həmin o "başqasını" başqa ünvanlarda da axtara bilər. "Siyasi rəqabət məcəlləsi", gördüyümüz kimi, həm də milli təhlükəsizlik ehtiyacıdır. Meydanı, boş buraxmaq qorxuludur. İllah da siyasi mübarizə meydanını. Üzrlü sayın, "çaşdım", olsun rəqabət meydanı.
Çin, məsələn, vertikal demokratiya icadı ilə öyünür. Bu nizamlı siyasi rəqabət milyard yarımlıq cəmiyyəti dünya çapında iqtisadi, hərbi, diplomatik, ticari... rəqabətin ön sırasına çıxara bilib. Bir vaxt Çində "horizontal apatiya", "sürünən anarxiya" var idi, ancaq indi... nəhəng Asiya əjdəhası quyruğu üstə qalxmağı və hərəkət etməyi də öyrəndi. Adını da "vertikal demokratiya" qoydu. Və dünyanı mat qoydu.
Yox, Denin modelini ideallaşdırmaqdan uzağam. İstənilən modelin uğurları ilə yanaşı qüsurları da var. Podiumda şarmı ilə göz qamaşdıran fotomodellər də çox zaman formanı itirmək qorxusundan... ana olmağı bacarmadı. Səhnədə qüsursuz görünən qadın ailədə uğursuz da olurmuş! Əlbəttə, hamıda belə deyil.
Mətləbə dönsək: Çin heyranı deyilik. Sadəcə, bunu demək istəyirəm: biz də yeni dövrə keçirik. Elə düşünüb-daşınmaq (və danışmaq!), davranmaq lazımdır ki, dünya bizi pat vəziyyətdə qoymasın. Biz nə doxsanların yoxsul və xaotik toplumuyuq, nə də ikiminlərin "neft xalqı". Biz iki min iyirmilərin qalib döyüş nizamıyıq. Savaş bitib, ancaq hələ (hələlik) barışıq da yoxdur. Vuruşmaq dövrü tam qapanmasa da, danışmaq dövrü də qapanmış deyil. Bizə indi ölkə içində də danışmaq üçün platformalar gərəkdir. Dil təkcə özgə ilə danışıqlar üçün deyil axı. Həm də özümüzlə danışmaq üçündür. Biz "tolerantlıq" sözünü çox işlədirik. Ancaq həddini keçəndə, o da dönüb əleyhimizə işləyir. Biz öz ölkəmizdə haqqı danışana dözümlü olmasaq, Haqqın divanında bunun haqq-hesabı ağır olar. Üstündə əsdiyimiz yanlış "doğrularımız" bizi əsir almamış, yönümüzü doğru seçməliyik.
Həyat - durmadan doğulan - bir-birinin davamı və ya inkarı olan seçimlər toplusudur. Biz seçim hissini itirsək, seçim haqqını da itirərik. Seçimlər arasından seçim dayanmadan düşünmək və yeri gəldikcə danışmaq deməkdir. Pərdənin arxasına keçib tək-tək seçim etmək üçün bir məntəqəyə toplanmaq lazım gəlir, elə deyilmi?! Biz doğru seçim etməkdən ötrü bir nöqtədə cəmləşirik. Səslərimiz "hə"-"yox" deyə fərqlənsə də, səsimizin cəmi üstün seçimi ortaya qoyur. Bax, seçkinin, hər cür səsvermənin özü də sərbəst və sərrast toplaşmaq azadlığıdır. Çünki hər cür seçim həm də dərin düşünüb, səlis danışmağın nəticəsidir.
Beş il bundan əvvələ qədər - torpağımız tapdaq altında olanda susmaq üçün "üzrlü"-hüznlü səbəbimiz vardı. Amma indi danışmaq üçün tutarlı və qürurlu əsasımız var. Yerində danışmaq və yerində susmaq bir ərdəmdir. Eləcə də...
Yersiz danışmaq necə bir ağrılı cəhalətdirsə, yersiz susmaq da o cür ağır qəbahətdir...

Bahəddin Həzi, bizimyol.info


