Şərurda müşavirə keçirilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Şərur Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi proqram xarakterli fikirlər ölkəmizin gələcək inkişaf istiqamətlərini və qarşıda duran əsas vəzifələri müəyyənləşdirir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, iqtisadi və hərbi qüdrətinin artırılmasına, ərazi bütövlüyünün və suverenliyinin bərpasına, beynəlxalq mövqelərinin güclənməsinə imkan yaradıb.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Şərur rayon təşkilatının 1993-cü il yanvarın 23-də Ulu Öndər Heydər Əliyevin iştirakı ilə yaradılması rayonun ictimai-siyasi həyatında mühüm hadisə olub. Şərur təşkilatının ölkədə yaradılan ilk rayon təşkilatı olması xüsusi qürur mənbəyidir.
Çıxışda Azərbaycanın iqtisadi inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq nüfuzu və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" proqramının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində 48 yaşayış məntəqəsində 96 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Azərbaycanın hərbi qüdrəti, milli birliyi və müstəqil siyasəti dövlət suverenliyinin etibarlı təminatıdır.
Şərur rayonunun sosial-iqtisadi inkişafından danışan icra başçısı aqrar sahənin yerli iqtisadiyyatda xüsusi yer tutduğunu diqqətə çatdırıb. Rayon iqtisadiyyatında kənd təsərrüfatının payının 52,2 faiz təşkil etdiyi bildirilib. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, suvarma sistemlərinin yenilənməsi, su ehtiyatlarından səmərəli istifadə və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində dövlət proqramlarının əhəmiyyəti qeyd olunub.
Rayonda infrastrukturun yenilənməsi, yol təsərrüfatının yaxşılaşdırılması, yaşayış binalarının əsaslı təmiri, təhsil və sosial xidmət müəssisələrinin inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2026-cı ildə qəbul edilmiş qərarlar çərçivəsində Şərurda infrastruktur layihələrinin həyata keçirilməsi davam etdirilir. Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamı ilə muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün dövlət büdcəsindən 258 milyon manat vəsait ayrılması bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Kamal Cəfərov çıxışında milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil hüququnun təmin edilməsi və ideoloji təhlükəsizliyin gücləndirilməsi məsələlərinə də toxunub. Qeyd edib ki, müasir dövrdə dezinformasiya və kənar cəhdlərə qarşı mübarizədə maarifləndirmə, düzgün məlumatlandırma və dövlət qurumları ilə cəmiyyət arasında əməkdaşlıq mühüm rol oynayır. Bu istiqamətdə ailələrin, təhsil müəssisələrinin, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin fəallığı vacibdir.
Sonra YAP veteranı Musa Şirəliyev, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Vətəndaş qəbulu şöbəsinin müdiri Arif Musayev və Şərur rayon Muğanlı kənd məktəbinin müəllimi, partiyanın fəal gənc üzvü Gözəl Rəhimova çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, gənclərin vətənpərvərlik tərbiyəsi, təhsilin inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi və milli-mənəvi dəyərlərin qorunması məsələləri diqqətə çatdırılıb.
Müşavirəyə yekun vuran Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkəmizin keçdiyi inkişaf yolunu, beynəlxalq mövqeyini və qarşıda duran siyasi-strateji vəzifələri əhatə etdiyini bildirib. Vurğulanıb ki, əldə olunan nailiyyətlərin qorunması, müstəqilliyin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və cəmiyyətin ideoloji təhlükələrə qarşı dayanıqlılığının artırılması əsas prioritetlərdəndir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə, beynəlxalq mövqelərini möhkəmləndirməsinə və regionda yeni reallıqlar yaratmasına imkan verib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, D-8 təşkilatına üzvlüyü və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi ölkəmizin artan nüfuzunun göstəriciləridir.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair göstəriciləri diqqətə çatdıran səlahiyyətli nümayəndə bildirib ki, muxtar respublikada ümumi daxili məhsul 3,5 faiz artıb. Sənaye məhsulu istehsalı 7,2 faiz artaraq 412 milyon manata, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7 faiz artaraq 319 milyon manata çatıb. Əsas kapitala yönəldilən investisiyalar 37 faiz artaraq 238 milyon manat təşkil edib. Qeyri-dövlət sektoruna investisiyalar 43 faiz artaraq 137 milyon manata, məhsul istehsalı sahələrinə yönəldilən investisiyalar isə 2,3 dəfə artaraq 116 milyon manata çatıb. Əhalinin banklardakı əmanətləri 46 faiz artaraq 48 milyon manat, pərakəndə ticarət dövriyyəsi 2,6 faiz artaraq 1,14 milyard manat olub. Xarici ticarət dövriyyəsi isə 67 faiz artaraq 156 milyon ABŞ dollarına çatıb. İxracın 2,8 dəfə artması muxtar respublikanın iqtisadi imkanlarının genişlənməsinin mühüm göstəricilərindəndir.
Vurğulanıb ki, Naxçıvanda sənaye, enerji, su təminatı, kənd təsərrüfatı, turizm və digər sahələrin inkişafı üçün qəbul edilən Dövlət proqramları yeni imkanlar yaradır. Əsas vəzifə bu imkanları konkret layihələrə, yeni istehsal sahələrinə, dayanıqlı məşğulluğa və əhalinin gəlirlərinin artmasına çevirməkdir.
Ceyhun Cəlilov təhlükəsizlik məsələlərinə toxunaraq bildirib ki, müasir dövrdə milli təhlükəsizlik yalnız hərbi güclə məhdudlaşmır. İnformasiya və ideoloji təhlükəsizlik, kibertəhlükəsizlik, saxta məlumatlara və təxribat cəhdlərinə qarşı mübarizə də xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə təhsil və maarifləndirmə işinin gücləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlət siyasəti və ölkədə gedən proseslər barədə həqiqətlərin əhaliyə düzgün çatdırılması vacibdir.
Səlahiyyətli nümayəndə yerli icra nümayəndəliklərinin və bələdiyyələrin ailələrlə birbaşa təmaslarının gücləndirilməsinin, vətəndaşların qayğı və problemlərinin vaxtında öyrənilməsinin, zəruri hallarda hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsinin əhəmiyyətini vurğulayıb. Təhsil müəssisələrinin uşaqların təhsil hüququnun qorunması və valideynlərlə maarifləndirici işin aparılması istiqamətində rolu qeyd olunub. Bütün tədbirlərin qanunvericiliyə uyğun, vətəndaşların hüquq və qanuni mənafeləri qorunmaqla həyata keçirilməli olduğu bildirilib.
Ceyhun Cəlilov Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin icrasının hər bir dövlət qurumundan, partiya üzvündən və vətəndaşdan məsuliyyətli yanaşma tələb etdiyini bildirib. Qeyd olunub ki, qəbul edilən qərarların nəticəsi insanların gündəlik həyatında hiss edilməli, ayrılan vəsaitlər səmərəli istifadə olunmalı, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və Naxçıvanın davamlı inkişafı naminə səylər birləşdirilməlidir.
Müxbir- Nail Əsgərov
Baxış sayı:35
Bu xəbər 15 Oktyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















