Icma.az
close
up
RU
ŞƏT üçün Azərbaycan nümunəsi

ŞƏT üçün Azərbaycan nümunəsi

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizin ikitərəfli əlaqələri genişləndirməsi strateji önəm daşıyır

Coğrafiyanın genişliyi, əhalinin sayı, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi və bir sıra digər parametrlər baxımından dünyanın ən böyük beynəlxalq təşkilatlarından olan Şanxay Əməkdaşlıq Təşkilatının funksionallığının artmasında qurum daxilində müxtəlif statuslarda yer alan ölkələr arasında ikitərəfli münasibətlər mühüm rol oynayır. Bunu ŞƏT-in yarandığı vaxtdan indiyədək keçdiyi 25 illik yol da təsdiqləyir. Dövlətlər arasında ikitərəfli münasibətlərdə qazanılan yaxşı nəticələr və təcrübə ŞƏT çərçivəsində daha geniş müstəvidə əlaqələrin dərinləşməsinə öz müsbət təsirini göstərir, həmçinin təşkilat daxilində inam mühiti formalaşdırır, müxtəlif məsələlərin asanlıqla uzlaşdırılmasına gətirib çıxarır.

Bu baxımdan qurumda 2015-ci ildən rəsmi qaydada diqloq tərəfdaşı ölkəsi kimi yer alan Azərbaycanın ŞƏT-in digər üzvləri ilə ikitərəfli formatda da geniş əhatə dairəsinə malik münasibətlər qurması bir nümunə kimi dəyərləndirilir. Artıq Azərbaycanla  ŞƏT-də təmsil olunan  ayrı-ayrı dövlətlərin yerləşdiyi Mərkəzi Asiya regionu  vahid siyasi və iqtisadi məkan kimi çıxış edir. Bu, ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin və inteqrasiyanın yüksək səviyyəsini təsdiqləyir. Eyni zamanda, bu gün Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan dostluğu, qardaşlığı zirvələrdədir.  Bəhs olunan ölkələrlə münasibətlərimiz ən müxtəlif sahələri, o cümlədən hərbi əməkdaşlığı əhatə edir. Ölkəmiz qonşu İranla siyasi və iqtisadi əlaqələri genişləndirməyə çalışır. İki ölkə arasında bənzərsiz su diplomatiyası həyata keçirilir, Şimal-Cənub Dəhlizi üzrə əməkdaşlıq genişlənir. Bu siyahıya ŞƏT-də təmsil olunan digər dövlətləri də əlavə edə bilərik.

Həmçinin Azərbaycanın ŞƏT-in aparıcı dövləti sayılan Çinlə və 25-ci yubiley sammitinə ev sahibliyi edən Qırğızıstanda dinamik inkişaf temlərinə malik əlaqələri də xüsusi diqqət çəkir. Qısa müstəqillik tarixində ölkəmiz özünün xoş mərama və qarşılıqlı maraqlara əsaslanan ardıcıl siyasəti sayəsində hər iki dövlət ilə əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olub.

Yüksək dinamika ilə inkişaf edən Azərbaycan-Çin əlaqələri

Azərbaycan-Çin əməkdaşlığının artan dimaikası bütün ŞƏT ailəsi üçün nümunə sayıla bilər. 2024-cü ildə ŞƏT-in Astana sammiti zamanı Azərbaycan və Çin liderlərinin görüşündə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyannamə qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri, bu səfər çərçivəsində keçirilən yüksəksəviyyəli rəsmi qarşılanma mərasimi, Si Cinpin ilə görüşü və aparılan danışıqların nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərində daha bir yeni tarixi səhifə açıb. Azərbaycanla Çin arasında ikitərəfli əlaqələrin Prezident İlham Əliyevin təbirincə desək, əla səviyyədə olması məmnunluq doğurur. İki ölkə arasında siyasi dialoq yüksək dinamikası ilə fərqlənir. İmzalanan sənədlərdən də göründüyü kimi, Azərbaycan Prezidentinin ötən ilin aprel ayında dost ölkəyə dövlət səfəri böyük uğurla keçib. Bu, dövlətimizin başçısının Çinə üçüncü dövlət səfəridir. Eyni zamanda, Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin müxtəlif beynəlxalq platformalarda vaxtaşırı görüşləri də baş tutur. Onlar həm ölkələrimizin gündəlikləri, həm də yaranan yeni qlobal çağırışlar ətrafında aktual müzakirələr aparırlar. Belə müzakirələr hər iki ölkənin mənafeyinə uyğun qərarların verilməsinə əsas olur. Birgə Bəyanat ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırıb, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirib. Sənədin mətninə nəzər yetirdikdə, burada  ikitərəfli əlaqələrin geniş gündəliyini görmək mümkündür. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirirlər. Hər iki dövlət bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. “Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında liderlərin rolunu da  xüsusi vurğulamaq lazımdır. Hazırda Azərbaycanın və Çinin liderləri arasında çox mehriban münasibətlər var. Prezident İlham Əliyev görüşlərin birində Sədr Si Cinpinin Onu Çinin yaxın dostu adlandırdığını bir növ mükafat kimi qəbul etdiyini bildirib. Dövlətimizin başçısı Çin lideri ilə görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnun olduğunu dəfələrlə diqqətə çatdırıb.

Təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatında əhali sayına və iqtisadiyyatın həcminə görə dünyada ikinci olan Çinin xüsusi çəkisi var. Çin Xalq Respublikası (ÇXR) özünün iqtisadi potensialı ilə ŞƏT çərçivəsində iqtisadi və ticari, humanitar əməkdaşlığın genişlənməsində aparıcı amil olaraq qalır. Belə ki, Çinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarət dövriyyəsi 2001-ci ildə 12 milyard ABŞ dolları idisə, ötən müddətdə bu rəqəm təxminən 40 dəfə böyüyərək 534 milyard dollara çatıb.

Belə bir nəhəng dövlətin Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi ilk növbədə hər iki ölkənin siyasətinin mahiyyəti ilə bağlıdır. Rəsmi Pekin ölkələrin iqtisadi gücünün artmasını prioritet sayır və daim əməkdaşlıq təşəbbüsləri irəli sürür. Çin rəhbərliyinin bu fundamental yanaşması Azərbaycanın siyasəti ilə sıx şəkildə uzlaşır. Dövlətimizin başçısı 2025-ci ilin sentyabrında “ŞƏT Plyus” formatında keçirilən görüşdə deyib: “Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq”.

Azərbaycanla Çin arasındakı siyasi dialoqun yüksək dinamikasına adekvat olaraq iqtisadi əlaqələr də davamlı olaraq genişlənir.  Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Hazırda Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir.

Yaşıl gündəlik Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Azərbaycan özünün zəngin potensialına istinad etməklə enerji transformasiyasına böyük önəm verir. Eyni zamanda, Çin yaşıl enerji texnologiyalarının istehsalında dünya üzrə lider dövlətlərdən biridir. Beləliklə, ölkələrimizin qarşısında yeni əməkdaşlıq perspektivləri açılıb. Bu vaxtadək Çin şirkətləri Azərbaycanın yaşıl enerji sektoruna sərmayələr yönəldən podratçı qismində çalışırdılar. Hazırda isə paytaxt Bakının  küçələrində Çindən alınan elektriklə işləyən 160 avtobus və çoxlu sayda minik avtomobilləri şütüyür. Həmçinin əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlanıb. Bundan başqa, Azərbaycanda  ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin birgə müəssisəsinin yaradılması nəzərdə tutulub.

Azərbaycanla Çin arasında nəqliyyat əlaqələrinin genişlənməsi də məmnunluq doğurur. Azərbaycan Çinin “Bir kəmər-bir yol” təşəbbüsünə ilk dəstək verən ölkələrdən biridir. Eyni zamanda, dost ölkə Azərbaycanın əsas məkan kimi çıxış etdiyi Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır. Perspektivdə Azərbaycan və Çin beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcək. “Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu Bakı-Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm addım kimi qiymətləndirilir. Öz növbəsində Azərbaycan-Çin münasibətlərinin son illərdə yeni səviyyəyə yüksəlməsi ŞƏT çərçivəsində əməkdaşlığın praktiki məzmununu gücləndirən amillərdəndir.

Azərbaycan-Qırğızıstan: Möhkəm institusional əsaslara malik güclü əməkdaşlıq

2026-cı ildə ŞƏT-in yaradılmasının 25-ci ildönümünün qeyd olunması təşkilatın inkişafında yeni mərhələyə diqqəti artırıb. Qırğızıstanın sədrliyi dövründə “ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarının müəyyənləşdirilməsi, yubiley tədbirlərinin və Zirvə toplantısının Bişkekdə keçirilməsi təşkilatın gələcək gündəliyinin aktuallığını göstərir.

Azərbaycan ŞƏT-in aparıcı dövləti sayılan Çinlə olduğu kimi, qurumun 25 illik yubiley tədbirinə ev sahibliyi edən Qırğızıstanla da yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Burada yenə də dövlət başçıları arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri ikitərəfli əlaqələrə güclü impuls verir. Dövlət başçıları tez-tez Azərbaycanda və yaxud Qırğızıstanda səfərdə olurlar və ikitərəfli gündəliyin aktual məsələləri ətrafında aktual müzakirələr aparırlar. Prezident İlham Əliyev 2026-cı ilin iyul ayında dost ölkədə növbəti dəfə dövlət səfərində olub. Azərbaycan-Qırğızıstan münasibətlərinin bəhs olunan səfər çərçivəsində iyulun 31-də imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə yeni mərhələyə yüksəlməsi, Dövlətlərarası Şuranın fəaliyyəti, yüksəksəviyyəli qarşılıqlı səfərlər və humanitar layihələr iki ölkə arasında əməkdaşlığın möhkəm institusional əsaslara malik olduğunu göstərir. Qırğızıstanın ŞƏT-ə sədrliyi fonunda ikitərəfli münasibətlərin yüksək səviyyəsi Azərbaycanın təşkilatla əlaqələri üçün əlavə siyasi və iqtisadi imkanlar yaradır. “Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur”, - deyə Prezident İlham Əliyev bu günlərdə Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı təbrik məktubunda bildirib.

Prezident İlham Əliyevin dost Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclası siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qırğızıstan iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətləri qarşılıqlı ticarətin və investisiyaların artırılması üçün əlverişli imkanlar yaradır.

Cari il iyulun 1-nə olan məlumata əsasən,  Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. 1997-ci il avqustun 28-də iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb və qüvvədədir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Azərbaycan-Qırğız İnkişaf Fondu bu istiqamətdə səmərəli platforma rolunu oynayır. 2022-ci il oktyabrın 11-də Bişkekdə “Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb. Fondun mənzil-qərargahı Bişkek şəhərində yerləşir. İndiyədək fondun fəaliyyəti çərçivəsində  11 təşəbbüs təsdiqlənib, təxminən min iş yeri yaradılıb, daha 30-a yaxın layihə isə müzakirə mərhələsindədir. Prioritetlər sırasında energetika, logistika, sənaye və kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən Qırğızıstan regionlarında həyata keçiriləcək layihələr göstərilir. Fondun nizamnamə kapitalının 200 milyon ABŞ dollarınadək artırılması planı iki ölkənin iqtisadi əməkdaşlığının maliyyə təminatının gücləndirilməsinə xidmət edir.

Diqqət çəkən əsas məqamlardan biri də Qırğız tərəfinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməsidir. Xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisi iki ölkə arasında dostluq və həmrəyliyin praktik ifadəsidir. Bu layihə təkcə sosial infrastrukturun inkişafına deyil, həm də qardaş ölkələrin xalqları arasında humanitar bağların daha da möhkəmlənməsinə xidmət edir.

İki dost ölkə arasında münasibətlərin prioritet istiqamətlərindən birini nəqliyyat-logistika sahəsində əməkdaşlıq təşkil edir. İki ölkənin Orta Dəhlizdə ortaq maraqları var. Azərbaycan böyük həcmlərdə investisiyalar yönəltməklə Transxəzər marşrutunun ölkə ərazisindən keçən hissəsində inteqrasiya edilmiş infrastruktur qurmağa nail olub. Eyni zamanda, Qırğızıstanda da müasir nəqliyyat-logistika infrastrukturunun qurulması istiqamətində önəmli layihələr həyata keçirilir. Hazırda inşası davam etdirilən Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu xətti istismara verildikdən sonra tranzit daşımaları sahəsində yeni bir mərhələ başlayacaq. Belə ki, bundan sonra Orta Dəhliz Avrasiyada rəqib tanımayan bir marşruta çevriləcək. Bunun üzərinə Orta Dəhlizin TRIPP marşrutu (Zəngəzur Dəhlizi)  ilə şaxələndirilməsi perspektivini də əlavə etsək, regionda, o cümlədən də ŞƏT coğrafiyasında bağlantıların nə qədər cəlbedici olacağı barədə konkret təsəvvür yaranar.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri