Icma.az
close
up
RU
ŞƏT və Qərb: iki dünya modelinin toqquşması

ŞƏT və Qərb: iki dünya modelinin toqquşması

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Müasir dünya siyasətində ən dərin strateji proseslərdən biri Şərq-Qərb oxunun yenidən qurulmasıdır. Şanxay Əməkdaşlıq Təşkilatı bu prosesin mərkəzi institusional platformasına çevrilib, təşkilat artıq qlobal iqtisadiyyatın yenidən qurulması istiqamətində alternativ mərkəz kimi çıxış edir. ŞƏT-in yüksəlişi qlobal iqtisadi memarlıqdakı strukturlaşdırılmış dəyişikliyin nəticəsidir. Bu gün Şərq-Qərb rəqabətində üç böyük logistika oxu mübarizə aparır:

Birincisi, iqtisadi çəki arxitekturası dəyişib. 1990-cı illərin əvvəlində «Böyük yeddilik» dünya iqtisadiyyatının, təxminən, yarısına nəzarət edirdi; bu gün vəziyyət fundamental şəkildə dəyişib – qeyri-Qərb iqtisadiyyatları artıq qlobal ÜDM-in böyük hissəsini istehsal edir. ŞƏT ölkələri və onların tərəfdaşları iqtisadiyyatının əsas artım mənbəyinə çevrilib: Çin dünya sənaye istehsalının təxminən üçdəbirini təmin edir, Hindistan ən sürətlə böyüyən iqtisadiyyatlardan biridir, ASEAN ölkələri isə qlobal təchizat zəncirlərinin mərkəzi həlqəsinə çevrilib.

İkincisi, enerji xəritəsi dəyişib. ŞƏT ölkələri dünyanın ən böyük enerji istehsalçılarını və istehlakçılarını bir platformada birləşdirir: Rusiya və Qazaxıstan – qaz və neft ixracatçıları; İran – dünyanın ən böyük təsdiqlənmiş qaz ehtiyatlarından birinə malik ölkə; Çin və Hindistan – dünyanın ən böyük enerji idxalçıları. Bu, o deməkdir ki, qlobal enerji bazarının qiymət yaradıcı nüvəsi məhz ŞƏT məkanında cəmləşib. Qərbin enerji təchizatını yenidənqurma strategiyası – mayeləşdirilmiş təbii qaz idxalının diversifikasiyası, bərpaolunan enerjiyə keçid - realdır, lakin bu strategiya ŞƏT ölkələrinin nəzarət etdiyi resurs axınlarından asılıdır. Qlobal enerji bazarının ağırlıq mərkəzi getdikcə Atlantikadan Hind-Sakit okean məkanına və daha dəqiq, Şərqi Asiya istehlak mərkəzlərinə keçir. Rusiyanın Şərqə yönələn enerji ixracatı, Çinin tələbat strukturu və Mərkəzi Asiya ölkələrinin resurs potensialı birlikdə yeni bir enerji-realitet formalaşdırır: qlobal enerji bazarının mərkəzi artıq Avrasiyadır.

Üçüncüsü, ödəniş və hesablaşma sistemləri parçalanıb. 2022-ci ildən sonra Rusiya üzərində tətbiq olunan sanksiyaların miqyası – mərkəzi bank ehtiyatlarının dondurulması, SWOT sistemindən kənarlaşdırma təhdidləri – dünya ölkələrinə göstərdi ki, dollar sistemi siyasi silah kimi istifadə oluna bilər. Bunun cavabı kimi milli valyutalarda hesablaşmalar, ödəniş kartı sistemlərinin alternativləri və yerli valyutalarda ticarət mexanizmləri sürətlə genişlənir. Dollar sistemindən kənarda qalan böyük iqtisadiyyatlar artıq alternativ hesablaşma infrastrukturu qurmaqdadır.

***

Qlobal iqtisadiyyatın ən fundamental dərsi odur ki, coğrafiya heç vaxt yoxa çıxmır. Şərq-Qərb mübarizə rəqabətində üç böyük logistika oxu rəqabət aparır: Birinci ox dəniz yollarıdır. Dünyanın ticarətinin böyük hissəsi dəniz yolları ilə daşınır: Hind okeanı, Malakka boğazı, Süveyş kanalı. Bu marşrutlar tarixən Qərb dəniz gücü məntiqinə əsaslanıb. Lakin Qızıl dəniz böhranı, Süveyş kanalının həssaslığı və Malakka boğazının «boğaz məcburiyyəti» bu modelin kövrəkliyini göstərdi. İkinci ox quru koridorlarıdır. «Bir kəmər, bir yol» təşəbbüsü ilə başlayan, ŞƏT ölkələrinin ərazisindən keçən dəmir yolu və avtomobil koridorları - Trans-Xəzər dəhlizi, Şimal-Cənub Dəhlizi, Çin–Qazaxıstan–Avropa magistralları - Avrasiyanı ənənəvi dəniz asılılığından azad edən alternativ yaradır. Xüsusilə Trans-Xəzər dəhlizi Çinlə Avropa arasında Xəzər dənizi üzərindən keçən marşrutla Rusiya ərazisindən yan keçir və Cənubi Qafqazı, xüsusən Azərbaycanı əsas tranzit məkanına çevirir. Azərbaycan artıq Şərqlə Qərbi birləşdirən infrastruktur qovşağıdır. Üçüncü ox enerji marşrutlarıdır. Boru kəmərləri – «Türk axını», «Mavi axın», Trans-Anadolu və Trans-Adriatik sistemləri - enerjinin hansı siyasi məkana axacağını müəyyən edir. Azərbaycanın Cənub Qaz Dəhlizi Avropanı Rusiya qazından asılılığı azaltmaq strategiyasının mərkəzi elementinə çevrilib. Qərbin enerji təhlükəsizliyi artıq Şərqlə, xüsusən Cənubi Qafqazla birbaşa əlaqələndirilir.

***

Şərq-Qərb rəqabətinin mahiyyəti iki fərqli inkişaf modelinin müqayisəsində açılır. Qərb modeli qaydalara əsaslanan beynəlxalq sistem təklif edir: bazar iqtisadiyyatı, çoxtərəfli institutlar, hüquqi normalara əsaslanan əməkdaşlıq. Bu modelin gücü texnoloji üstünlük, maliyyə dərinliyi və institusional təcrübədir. Lakin onun zəifliyi də açıqdır: model getdikcə daha çox qapalı blok strukturlarına əsaslanır, sanksiyalar aləti kimi istifadə olunur və bu, dünyanın əksər ölkələrində etimadı azaldır. Şərq modeli suverenliyə əsaslanan çoxtərəflilik təklif edir: hər ölkənin öz inkişaf modelini seçmək hüququ, qarşılıqlı fayda prinsipi, qeyri-müdaxilə. ŞƏT məhz bu modelin institusional ifadəsidir: təşkilatın əsas prinsipi «bütün üzvlərin bərabərliyi və konsensus əsasında qərar qəbulu»dur. Dünya iqtisadiyyatı isə getdikcə iki paralel mərkəzə bölünür: dollar əsaslı Qərb maliyyə sistemi və milli valyutalara, alternativ ödəniş sistemlərinə əsaslanan Şərq sistemi. Bu bölünmənin nəticəsi qlobal ticarətin «bölgələşməsidir», eyni mallar fərqli qiymətlərə, fərqli logistika marşrutları ilə satılır. Enerjinin geosiyasəti qlobal siyasətin mərkəzi oxuna çevrilib. Rusiya və Şərq ölkələri enerjini strateji alət kimi istifadə edir; Qərb isə bu asılılığı azaltmaq üçün bərpaolunan enerjiyə, atom enerjisinə və alternativ təchizatçılarla əlaqələrə keçir. Əsl rəqabət artıq hekayələrin rəqabətidir: kim dünyanı necə izah edir, kim hadisələri necə çərçivələndirir. Qərb mediaları və sosial şəbəkə platformaları ənənəvi üstünlüyə malikdir; lakin Şərq platformaları getdikcə daha geniş auditoriya toplayır. İnformasiya müharibəsinin əsl meydanı artıq alqoritmlərdir.

***

Bugünkü qlobal rəqabət kontekstində Azərbaycanın strateji mövqeyi xüsusi əhəmiyyət daşıyır, Azərbaycan neytral, lakin fəal balans siyasəti yeridir. Enerji baxımından Azərbaycan Qərbin enerji təhlükəsizliyinin real təminatçısına çevrilib: Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracı həm iqtisadi gəlir, həm də strateji nüfuz mənbəyidir. Eyni zamanda, Azərbaycan «yaşıl enerji» keçidinə investisiya edir və bu amil onu gələcəyin enerji bazarında möhkəmləndirir. Nəqliyyat baxımından Azərbaycan Orta Dəhlizin mərkəzi qovşağıdır: Xəzər dənizi, Bakı limanı, Bakı–Tbilisi–Qars dəmir yolu – bunlar Şərqlə Qərbi birləşdirən infrastrukturun onurğa sütunudur. Diplomatik baxımdan Azərbaycan çoxvektorlu siyasət yeridir: Rusiya ilə əməkdaşlığı kəsmir, Qərblə əlaqələri dərinləşdirir, Çinlə «Bir kəmər, bir yol» çərçivəsində əməkdaşlığı genişləndirir.

Şərq-Qərb rəqabəti həm də sivilizasiya modellərinin rəqabətidir və bu rəqabətin üç əsas dərsi var: Birincisi, qlobal dünya artıq tək mərkəzli deyil. Şərq-Qərb ikiliyi əvəzinə çoxqütblü, çoxmərkəzli dünya formalaşır ki, bu da həm fürsət (böyük seçim azadlığı), həm risk (qeyri-müəyyənlik) deməkdir. İkincisi, iqtisadi güc siyasi gücdən ayrılmazdır. Enerji, texnologiya, maliyyə və logistika geosiyasi silahlardır. Kim bu alətləri necə istifadə edəcəyini bilir, o, XXI əsrin qalibidir. Üçüncüsü, Azərbaycan kimi dövlətlər üçün əsl fürsət məhz bu keçid dövründədir: böyük güclərin rəqabəti kiçik ölkələrə manevr məkanı yaradır, yalnız o halda ki, onlar öz strateji vizyonlarına, daxili sabitliklərinə və diplomatik bacarıqlarına güvənirlər. Tarix isə göstərir ki, dünyanı dəyişənlər qaliblər deyil, dünyanı dəyişməyə hazır olanlardır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 06:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri