Icma.az
close
up
RU
Seyid Cəfər Pişəvərinin tarix yaratmaq missiyası Pərvanə Məmmədli yazır

Seyid Cəfər Pişəvərinin tarix yaratmaq missiyası Pərvanə Məmmədli yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Pərvanə MƏMMƏDLİ

Bu yaxınlarda Seyid Cəfər Pişəvərinin "Qızıl səhifələr" kitabı çapdan çıxıb. Kitabın əsası 1946-cı ildə Təbrizin "Elmiyyə" mətbəəsində çap olunan ilk nəşrə söykənir. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi kitabı təxminən 80 ildən sonra yenidən nəşr edib.

Topluya Cənubi Azərbaycanda Milli Hökumətin (1945-1946) yaranması və fəaliyyəti ilə bağlı sənədlər, həmçinin həmin dövrün siyasi xadimlərinin - başda Hökumət rəhbəri S.C.Pişəvəri olmaqla - tarixi hadisələrin gedişini əks etdirən məqalə və məktubları daxil edilib.

Hələ 2012-ci ildə cənublu mühacirlərin www.achiq.info saytında kitabın latın qrafikasına çevrilmiş variantı "Kitabdan seçilmiş yazılar" adı altında yerləşdirilmişdi. "Hazırlayan: Açıqsöz" qeydi ilə yayımlanan həmin versiyada müəlliflər anonim qalaraq əsərin orijinalındakı 186 yazıdan təxminən 50-ni təqdim etmişdilər.

Oxuculara təqdim olunan bu yeni nəşrdə isə əsərin tam variantı - orijinalda yer alan bütün 186 yazı öz əksini tapıb. Buna görə də kitab həm də "Qızıl səhifələr"in (Azərbaycan xalqının milli azadlıq yolunda mübarizəsi tarixindən) mükəmməl elmi-bədii nəşri kimi dəyərləndirilə bilər. Nəşrin elmi redaktoru və layihə rəhbəri filologiya elmləri doktoru Rəhim Əliyevdir.

"Qızıl səhifələr" təkcə sənədlər toplusu deyil, həm də Milli Hökumətin tarixinə dair sanballı ensiklopedik mənbədir. Sovet dövründə milli hərəkatın arxiv materialları uzun müddət məxfi saxlanıldığı üçün, yalnız müstəqillik illərində Azərbaycan oxucuları bu tarixi gerçəkliklə yaxından tanış olmaq imkanı qazanıb.

Kitab Seyid Cəfər Pişəvərinin siyasi-publisistik irsinin, belə demək caizsə, "daxildən yazılmış xronikası"dır: həm "Azərbaycan" qəzetindəki yazılarının seçməsi, həm də Azərbaycan Demokrat Firqəsinin (ADF) konsept sənədləri, nitqləri, qərarları və proqram bəndlərini bir araya gətirən topludur. Əsərdə 1945-46-cı illərin sənədləri, Pişəvərinin və dövrün fəallarının məqalə və məktubları yer alır.

Toplunun yazıldığı zaman kəsiyi də  təsadüfi deyildir. 1945-ci ilin sonlarından Təbrizdə Milli Hökumət qurulmuş, ADF siyasi səhnənin ön planına çıxmışdı. Pişəvəri bu mətnlə öz oxucusuna müraciət edərək vurğulayır ki, yazdıqlarını "şöhrət üçün deyil, milli mübarizəyə xidmət üçün" qələmə alır. Bu cümlə həm müəllifin şəxsi mövqeyini, həm də ümumi dövrün ruhunu göstərir: siyasi liderin qələmindən çıxan sətirlər həm ideoloji silah, həm də gələcək nəsillər üçün tarixi mənbədir.

Pişəvəri mətnin başlanğıcında "biz tarix yazmırıq, tarix yaradırıq" prinsipini əsas tutur. Onun fikrincə, hadisələrin elmi-tarixi yozumu müvərrixlərin işi olsa da, milli qüvvələrin əsas vəzifəsi dövləti qurmaq, xalqın haqqını müdafiə etməkdir. Bu yanaşma, əslində, Azərbaycan siyasi düşüncəsində yeni mərhələ idi: tarixi təhlildən çox tarixi yaratmaq missiyası.

XX əsrin ortalarında - II Dünya müharibəsinin yaratdığı siyasi burulğanlar, 1945-46-cı illərdə Güney Azərbaycanda qurulan Milli Hökumətin ideoloji dayaqları fonunda yazılmış mətnlər, həm də tarixi sənəd, siyasi manifest rolunu oynamışdır. Seyid Cəfər Pişəvərinin 1946-cı ilin fevralından yazmağa başladığı bu əlyazma-kitab da bu qəbildən olan sənədlərdəndir. Bu mətn, bir tərəfdən, dövrün milli mübarizəsinin ideoloji əsaslarını, digər tərəfdən, Azərbaycan xalqının dil, kimlik və dövlətçilik uğrunda apardığı uzunmüddətli mübarizənin konseptual təsvirini özündə əks etdirir.

Başlıq səhifəsi S.C.Pişəvərini ADF MK sədri və Azərbaycan Milli Hökumətinin Baş naziri kimi təqdim edir. Bu fakt toplunun rəsmi-siyasi hadisələrin içindən, isti hadisələr zamanı hazırlanmış "canlı sənəd" xarakterini göstərir.

Pişəvəri "Müqəddimə"də açıqca etiraf edir ki, "gündəlik ağır mübarizə vaxtında tarix yazmaq müşküldür"; məqsədinin şöhrət deyil, "Azərbaycan"ın gündəlik mübarizəsini mənalandırmaq olduğunu vurğulayır.

Dövrün "isti hadisələrinin içindən olan yazılar" mətnin içindən siyasi dilin necə formalaşdığını izləməyə imkan verir.

S.C.Pişəvəri toplunun giriş məqaləsində yazırdı: "Mən bu sətirləri şöhrət və təzahür üçün yazmıram. "Azərbaycan" ruznaməsinin gündəlik şümarələrini ürək döyüntüsü ilə təqib edib ona böyük ərziş qail olan dostlarımdan birisi dedi "yaz" (Seyid Cəfər burada Mirzə İbrahimovu nəzərdə tuturdu). Mən də böyük işlərdən vaxt oğurlayıb yorğun və əzgin dəqiqələrdə onun arzusunu əncam verdim. Məqsud millətimizin azadlığı yolunda apardığı mübarizələrdən nümunələr göstərməkdir. Onu olduğu kimi təsvir və tərsim etmək müvərrixlər, ədib və şairlərimizə tapşırmaq lazımdır. Bu, onların milli və əxlaqi vəzifələridir.

Tarixi hadisələr barəsində açıq və aydın nəzəriyyə verib qabağa sürülən fikirləri dəlil və sübut ilə əsaslandırmaq iş və vaxt istir". Sonra o, yazısına davam edir: "Qoy bizim vücuda gətirməkdə olduğumuz milli dövlətin tarixini müvərrixlər yazıb kağız üzərinə gətirsinlər. Biz o tarixi yaratmağa daha diqqət etməliyik. Mən fəqət sadə bir dil ilə başlayıb deyə bilərəm ki, Azərbaycan xalqı özünün azadlıq mübarizəsini çox qədimdən başlamışdır. Bu mübarizə zaman və əsrlər təqazasına görə müxtəlif şəkillərdə zahir olub, müxtəlif şüarlar ilə təqib edilmişdir. Ola bilər ki, Azərbaycanın varlığını sübut edən hadisə və mübarizənin qəhrəmanlarından çoxusu aydın və açıq bir surətdə öz gördükləri işlərin məna və əhəmiyyətini dərk etməmişlər".

1945-ci ilin payızında ADF yarandı və qısa müddətdə xalq hərəkatının ideoloji rəhbərinə çevrildi. Hərəkatın manifest xarakterli ilk sənədi - "Müraciətnamə" - "Qızıl səhifələr" toplusunun da giriş hissəsində yer alır. Bu sənəd təkcə bir siyasi proqram deyil, həm də milli azadlıq ideologiyasının kodlaşdırılmış formasıdır.

Müraciətnamə sadə, anlaşıqlı, lakin yüksək siyasi yüklü dildə yazılıb. Burada mürəkkəb nəzəri izahlardan çox, xalqı birləşdirən çağırış və şüarlar üstünlük təşkil edir. Sənədin dili bir tərəfdən xalq kütlələrinə, digər tərəfdən demokratik dövlətlərin beynəlxalq auditoriyasına yönəlib.

Müraciətnamə ilə Pişəvəri xalqın bütün təbəqələrini - kəndlini, şəhər işçisini, ziyalını - ümumi bir şüar altında toplamağa çalışdı. Onun çağırışları sırf siyasi elitaya deyil, gündəlik çətinliklər içində yaşayan geniş kütlələrə ünvanlanmışdı. Məhz bu səbəbdən sənədin dili populist yox, xalqçı və sosial-demokratik xarakter daşıyır.

Topluda ən mühüm mövzulardan biri ana dili məsələsidir. "Ana dili" adlı yazılar və qərarlarda Pişəvəri açıq şəkildə bildirirdi ki, xalqın mədəni və siyasi dirçəlişi ancaq öz dilində mümkündür. Məktəblərdə dərslərin Azərbaycan türkcəsində keçirilməsi, dövlət idarələrində bu dilin işlədilməsi, eyni zamanda farscanın da öyrədilməsi prinsipi irəli sürülürdü. Bu mövqe Pişəvərinin sadəcə milli romantizmindən deyil, dil siyasətinin real idarəçilik ölçüsünə çevrilməsindən xəbər verir. O, dil məsələsini emosional çağırış kimi yox, dövlət proqramı kimi təqdim edir. Bu, Azərbaycan ədəbiyyatında və mədəni tarixində yeni mərhələ idi: dil yalnız poeziyanın mövzusu yox, ictimai-siyasi təşkilatlanmanın mərkəzinə çevrilmişdi.

Müraciətnamədə və sonrakı qərarlarda məktəblərin xalqın ana dilində açılması, kəndlərdə ibtidai təhsilin yayılması, ali məktəb - darülfünun təsis edilməsi kimi maarif sahəsi geniş yer tutur: Pişəvəri maarifi cəmiyyətin modernləşmə dayağı kimi dəyərləndirirdi. O, təhsili sadəcə savadlanma prosesi yox, həm də milli şüurun formalaşma vasitəsi sayırdı. Bu baxımdan onun maarifçilik ideyaları Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə ənənəsinin davamı idi, lakin fərq ondadır ki, Pişəvəri bunu siyasi proqram bəndinə çevirmişdi.

"Qızıl səhifələr"də Pişəvəri dəfələrlə milli mədəniyyətin, teatrın, mətbuatın, ədəbiyyatın gücləndirilməsini qeyd edir. O, yazırdı ki, xalqın maariflənməsi təkcə məktəblə bitmir, teatr, qəzet, kitab və xalq ədəbiyyatı da bu işdə mühüm rol oynayır. Ədəbiyyat və mədəniyyətin siyasi proqramda ayrıca yer tutması mühümdür. Bu, Pişəvərinin estetikaya yalnız sənət baxımından yox, həm də siyasi güc kimi yanaşmasının göstəricisidir.

Topluda tez-tez xalqın qəhrəmanlıq tarixinə istinadlar edilir. Səttarxan, Xiyabani kimi şəxsiyyətlərin adı çəkilir, onların mübarizəsi nümunə kimi göstərilir. Pişəvəri yazılarında xalqı tarixi qəhrəmanların davamçısı kimi təqdim edir. Burada tarixi fakt yalnız keçmişin xatırlanması üçün deyil, gələcəyin proqramı üçün ideoloji alət kimi işlədilir. Yəni Pişəvəri üçün tarix canlı gücdür, "keçmişdən gələcəyə körpü" rolunu oynayır.

Müqəddimənin ən diqqətçəkən cəhətlərindən biri Pişəvərinin Azərbaycan dilinin qədimliyi və müstəqilliyini sübut etməyə yönəlmiş arqumentləridir. O, fars şovinistlərinin iddialarına cavab verərək dilin zorla xalqdan alına bilməyəcəyini, Azərbaycan türkcəsinin minilliklərdən gələn öz tarixi dərinliyi və ədəbi nüfuzunu qoruduğunu göstərir: "Mütəəsib fars yazıçı və müvərrixləri ağızları köpüklənmiş halda dad və fəryad salıb bizim fars olduğumuzu, indi danışdığımız dilin moğullar vasitəsilə bizə təhmil edildiyini isbat etmək istirlər. Biz moğullar və başqa fateh millətlər barəsində bəhs etmək istəsək, böyük bir kitab yazmağa məcbur olarıq. Burada fəqət bu qədər demək lazımdır ki, Azərbaycan Moğul istilası zamanında mütərəqqi və mütəməddin bir millət olduğu üçün qətən asanlıq ilə vəhşi qəbilələrdən ibarət olan o camaatın naqis dilini qəbul etməzdi və az bir zamanda yabançı bir dil bir millətin içərisində elə rişə sala bilməzdi ki, onun əfradından bir nəfər də olsa qədim dilə aşina olmasın və ya o dildən taza dildə heç bir əsər və əlamət görülməsin. Ya zəlzələdən, ya vəlvələdən biləxrə Azərbaycanımızda öz milli dilimizdən başqa bir dil yoxdur. Farsların bizə təhmil etmək istədikləri dil isə xoşbəxtanə pişrəft edə bilməmişdir. Dilimizin nüfuzu daha əzim və rüşdi daha dərindir. Onun tarixi isə avamfərib və mütəəssib fars yazıçılarının puç iddialarının xilafına olaraq çox da köhnə və qədimdir.

Əhməd Kəsrəvi kimi boşboğazlar belə farsçılıq təbliğatı apardıqları halda Azərbaycanın xüsusiyyətini etiraf etmək məcburiyyətində qalıb Azərbaycanda fars dilinin şaxəsi olan azəri dilinin mərsum olduğunu iddia etməkdədirlər...

Kəsrəvi və ya sair farsçılıq təbliğ edənlər tək qazıya getmiş, ona görə iddialarını həqiqət saymağa adət etmişlər. Vəli biz əsl həqiqəti açıb xalqa göstərməliyik. Əsl həqiqət isə budur ki, Azərbaycan heç vaxt fars dilini ana dili kimi qəbul etməmiş, ondan ədəbiyyat və şeir sahəsində çox az istifadə etmişdir. Farslar bəzi Azərbaycan şairlərinin farsca yazdıqlarını bizim fars olduğumuza dəlil göstərirlər. Bu, gülünc və kudəkanə bir işdir".

Bu arqumentlər bir tərəfdən dövrün ideoloji mübarizəsinin məhsuludur, digər tərəfdən isə Azərbaycan milli hərəkatının özünüdərk prosesində fundamental rol oynayıb. Pişəvəri heç bir elmi əsası olmayan Ə.Kəsrəvinin fiaskoya uğramış "Azəri dili" tezisini tənqid edərək belə bir mövqeyə gəlir: Azərbaycan heç vaxt fars dilini ana dili kimi qəbul etməyib, yalnız ədəbiyyat və saray mədəniyyəti müstəvisində müəyyən məhdud istifadələr olub.

S.C.Pişəvəri sonra yazısına davam edir: "Əgər bu iddiani qəbul etmiş olsaq, bütün iranlıların ərəb olduğunu qəbul etməliyik. Çünki ərəb istilasından sonra minlərcə fars ədib, şair və mütəfəkkirləri öz əsərlərini ərəb dilində yazıb intişar vermişlər. Ötən əsrimizin başlanğıcında belə ərəbcə yazıb oxuya bilməyən iranlı savadsız hesab olunardı. Və indi də fars dili ərəb ədəbiyyatının və ərəb nüfuzunun əsarətində davam etməkdədir. Bu həqiqəti görə-görə beş-üç Azərbaycan şairinin farsca şeir yazmasını dəlil göstərib azərbaycanlıların fars olduqlarını sübut etməyə çalışanlar həqiqətən müğriz və cahil adamlardır".

Pişəvəri Nizami, Saib Təbrizi kimi klassiklərin farsca yazmalarını farslığa dəlil saymağın yanlışlığını sübut etmək üçün beynəlxalq ədəbiyyat tarixindən misallar gətirir. O, fransız, rus, alman və Osmanlı mədəniyyətindən nümunələrlə göstərir ki, bir yazıçının başqa dildə yazması onun milliyyətini dəyişdirib: "Nizaminin fars dilində şeir yazmasın onun farslığına dəlil göstərənlər, İbn Müqəffə, İbn Sina və sair fars filsoflarının ərəbcə yazdıqlarına əcəba nə məna verə bilərlər? Osmanlı sultanlarının yazdıqları fars şeirlərini kimin hesabına yazmaq lazımdır? Bu adamlar bir azca gözlərini açıb mövzuya diqqət ilə baxsalar, bu sözləri ağızlarına alıb danışmağı belə məsxərə hesab edərlər. Ədəbiyyat məxsusən şeir heç vaxt milliyyət çərçivəsində qalmaz".

Bu müqayisəli yanaşma, həm elmi polemika, həm də milli ideologiyanın legitimləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Beləliklə, "Qızıl səhifələr" yalnız siyasi sənədlər toplusu deyil, həm də dil, maarif, mədəniyyət, ədəbiyyat və tarix sahələrində milli konsepsiyanın bünövrəsini qoyan manifestdir. "Qızıl səhifələr" bir tərəfdən 1945-1946 milli-demokratik hərəkatın danışan mənbəyidir, digər tərəfdən Pişəvərinin siyasi dilinin institutlaşmasını - ana dili siyasətinin, sosial-iqtisadi proqramın və seçki-idarəçilik modelinin kodlaşdırılmasını - real sənədlərlə göstərir. Toplu, həm də, "xalq qayğı"sının üstünlüyü kimi tezisləri ideoloji romantikadan ayırıb idarəçilik səviyyəsinə qaldırır. Bu səbəbdən "Qızıl səhifələr" yalnız tarixi maraq deyil, dil-siyasət, hüquq-idarəetmə, ictimai siyasət tədqiqatları üçün də birinci dərəcəli qaynaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri