Şimal Cənub dəhlizinin qlobal hüdudları
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaxın Şərqdəki gərginliklər, qlobal ticarətdə baş verən dəyişikliklər və ənənəvi nəqliyyat yollarında yaranan problemlər alternativ marşrutlara marağı artırır. Belə bir şəraitdə “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də xüsusi əhəmiyyət qazanır.
Rusiyanı Azərbaycan və İran vasitəsilə Hindistan, Fars körfəzi və Cənubi Asiya ilə birləşdirməyi nəzərdə tutan bu marşrut artıq yalnız regional layihə deyil. Körfəz ölkələrinin də dəhlizə maraq göstərməsi onun daha geniş beynəlxalq nəqliyyat və əməkdaşlıq platformasına çevrir. Bu isə Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan yeni imkanlar deməkdir.
Məhz belə bir vaxtda Rusiya ilə İran arasında Rəşt–Astara dəmir yolu layihəsi üzrə əldə olunan son razılaşma diqqət çəkir. Tərəflər layihə ilə bağlı sənədlər paketi imzalayıblar. Rusiya Baş nazirinin müavini Andrey Nikitinin açıqlamasına görə, Tehranda Rusiyanın “Kaspian Servisez” təşkilatı ilə İranın CDTIC şirkəti arasında dəmir yolu marşrutu boyunca mühəndis-axtarış işlərinin aparılması üçün torpaq sahələrinə çıxışın təmin edilməsinə dair protokol və müqaviləyə əlavə saziş imzalanıb.
İlk baxışda bu, Rusiya ilə İran arasında növbəti infrastruktur razılaşması kimi görünə bilər. Ancaq məsələnin arxasında daha böyük maraqlar dayanır. Söhbət təkcə 162 kilometrlik dəmir yolunun tikintisindən deyil, Avrasiyanın nəqliyyat xəritəsində mühüm dəyişiklik yarada biləcək layihədən gedir. Rəşt–Astara xəttinin tamamlanması “Şimal–Cənub” dəhlizinin Qərb marşrutunda mövcud olan əsas boşluğu aradan qaldıracaq və fasiləsiz dəmir yolu əlaqəsi üçün şərait yaradacaq. Bu prosesdə Azərbaycanın rolu da təbii olaraq artacaq. Əslində, Azərbaycanın geosiyasi üstünlüyü yalnız xəritədə əlverişli yerdə yerləşməsi ilə bağlı deyil. Bu mövqe Azərbaycana müxtəlif siyasi və iqtisadi mərkəzlərlə eyni vaxtda əməkdaşlıq, regional proseslərdə fəal iştirak etmək və xarici siyasətdə manevr imkanlarını genişləndirmək imkanı verir. Burada vacib məqam ondan ibarətdir ki, nəqliyyat dəhlizləri təkcə yük daşımır, həm də dövlətlər arasında siyasi və iqtisadi münasibətləri formalaşdırır. Hansı ölkənin beynəlxalq yük axınlarında rolu böyükdürsə, onun regional proseslərdə söz sahibi olmaq imkanları da artır. Azərbaycan məhz bu üstünlüyü möhkəmləndirmək üçün əlverişli mövqeyə malikdir.
Körfəz ölkələrinin “Şimal–Cənub” dəhlizinə marağı da bu baxımdan diqqətəlayiqdir. Onlar üçün şimal istiqamətində yeni bazarlara çıxış, ticarət əlaqələrinin genişləndirilməsi və alternativ nəqliyyat imkanlarının yaradılması vacibdir. Azərbaycan bu prosesdə etibarlı tranzit və logistika tərəfdaşı kimi çıxış edəcək. Belə əməkdaşlıq ölkəmizin yalnız iqtisadi əlaqələrini deyil, Yaxın Şərqdəki siyasi və diplomatik mövqeyini də gücləndirəcək.
***
Rəşt–Astara dəmir yolunun önəmi məhz burada ortaya çıxır. Hazırda İranın bu istiqamətində dəmir yolu bağlantısının olmaması dəhlizin Qərb marşrutunun tam fəaliyyətinə mane olan boşluqlardan biridir. Xəttin tamamlanması Rusiya–Azərbaycan–İran istiqamətində fasiləsiz dəmir yolu daşımalarına imkan verəcək. Yüklərin daha sürətli daşınması, xərclərin azalması və marşrutun rəqabət qabiliyyətinin artması isə Azərbaycanın tranzit imkanlarını genişləndirəcək.
Ancaq Azərbaycanın hədəfi yalnız tranzit gəlirlərini artırmaq deyil. Əsas məqsəd ölkəmizi Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirməkdir. Çünki böyük iqtisadi qazanc təkcə yüklərin ölkə ərazisindən keçməsindən deyil, onların saxlanması, çeşidlənməsi, emalı və müxtəlif bazarlara yönləndirilməsi kimi xidmətlərdən də əldə olunur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası bu strategiyanın mühüm dayaqlarıdır. Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin ölkəmizdə birləşməsi Azərbaycana daha böyük üstünlük qazandırır. Beləliklə, ölkəmiz yalnız yükün keçdiyi tranzit məntəqəsi deyil, beynəlxalq yük axınlarının toplandığı, idarə olunduğu və yeni istiqamətlərə yönəldildiyi regional mərkəzə çevrilə bilər. Burda bir məqama da diqqət yetirilməlidir. Dəmir yolunun tikintisi ilə iş bitmir. Azərbaycan–İran sərhədində infrastruktur genişləndirilməli, gömrük prosedurları sadələşdirilməli, rəqəmsal xidmətlər tətbiq olunmalı və qonşu dövlətlərlə koordinasiya gücləndirilməlidir. Çünki beynəlxalq yükdaşımada vaxt və xərc həlledici amillərdir. Yük bir ölkədən digərinə nə qədər sürətli və rahat keçərsə, həmin marşrutun cəlbediciliyi də bir o qədər artar.
Bütün bunlar göstərir ki, Rəşt–Astara dəmir yolu Azərbaycanın maraqları baxımından adi bir infrastruktur layihəsi deyil. Bu xətt ölkəmizə Rusiya və İranla əməkdaşlığı dərinləşdirmək, Körfəz ölkələri və Hindistanla iqtisadi əlaqələri genişləndirmək, eyni zamanda, Avrasiyanın siyasi və nəqliyyat xəritəsində daha möhkəm yer tutmaq imkanı yaradır. Başqa sözlə, Azərbaycanın hədəfi sadəcə yüklərin keçdiyi ölkə olmaq deyil, Avrasiyada yük axınlarının formalaşdığı, idarə olunduğu və bölüşdürüldüyü əsas logistika mərkəzlərindən birinə çevrilməkdir. Rəşt–Astara dəmir yolu da bu hədəfə aparan mühüm strateji layihələrdən biridir.
Yeganə HACIYEVA,
Mətbuat Şurası İdarə Heyətinin üzvü
Rusiya və İran arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm hissəsi olan Rəşt–Astara dəmir yolu layihəsi ilə bağlı yeni sənədlərin imzalanması regionun nəqliyyat gündəliyi baxımından əhəmiyyətli hadisədir. Bu xəttin tamamlanması Rusiya ilə İran arasında birbaşa dəmir yolu əlaqəsi yaradacaq, Fars körfəzi və Cənubi Asiya istiqamətində yükdaşımaların genişlənməsinə imkan verəcək. Lakin layihənin əhəmiyyəti təkcə Moskva və Tehranın iqtisadi maraqları ilə məhdudlaşmır. Çünki bu proses Azərbaycanın da iqtisadi və strateji maraqlarına birbaşa təsir göstərir. Məsələ burasındadır ki, Şimal-Cənub dəhlizinin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Ölkəmiz isə artıq bu istiqamətdə mühüm infrastruktur yaradıb. Dəmir yolları, avtomobil magistralları, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və sərhəd-keçid məntəqələri Azərbaycanın tranzit imkanlarının genişlənməsi üçün möhkəm baza formalaşdırıb.
Bu baxımdan, Rəşt–Astara xəttinin istifadəyə verilməsi mövcud infrastrukturun imkanlarından daha səmərəli istifadə etməyə, ölkəmizdən keçən yüklərin həcmini və tranzit gəlirlərini artırmağa şərait yarada bilər. Başqa sözlə, layihənin reallaşması Azərbaycan üçün də yeni iqtisadi imkanlar deməkdir. Əsas məsələ bu imkanlardan maksimum faydalanmaq, ölkəmizin tranzit mövqeyini qorumaq və daha da gücləndirməkdir.
Fikrimizcə, Azərbaycan bu prosesdə kənardan müşahidəçi mövqeyində qalmamalıdır. Əksinə, regional nəqliyyat əlaqələrinin inkişafında fəal iştirak etməli və milli maraqlarını tərəfdaşları ilə münasibətlərdə aydın şəkildə ifadə etməlidir. Üstəlik, Azərbaycanın nəqliyyat potensialı yalnız Şimal-Cənub marşrutu ilə məhdudlaşmır. Orta Dəhlizdə artan rolumuz da ölkəmizin regional əhəmiyyətini yüksəldir. Bu iki istiqamətin paralel inkişafı Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyini daha da möhkəmləndirə və ölkəmizin regionun əsas logistika mərkəzlərindən birinə çevrilməsinə töhfə verə bilər. Nəticə etibarilə, Rəşt–Astara layihəsinin tamamlanması Azərbaycan üçün həm yeni iqtisadi imkanlar, həm də regional rəqabət şəraitində strateji mövqelərin qorunması baxımından əhəmiyyət daşıyır.
P.ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Noyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















