Icma.az
close
up
RU
Sosial şəbəkələrin yaratdığı səssiz uzaqlıq Rəvan Cavid yazır

Sosial şəbəkələrin yaratdığı səssiz uzaqlıq Rəvan Cavid yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəvan CAVİD

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu platformalar əvvəlcə bizi yaxınlaşdırmaq üçün yaradılsa da, zaman keçdikcə qəribə bir paradoks meydana çıxıb: biz feysbuk, instaqram və digər şəbəkələrdə yüzlərlə, bəzən minlərlə "dostumuz" olduğu halda, gündəlik həyatda ünsiyyət qurduğumuz insanların sayı getdikcə azalır. Bu yeni reallıq, xüsusilə də əvvəllər müəyyən əlaqələrimiz olan, indi isə həyatımızda heç bir rolu qalmayan, lakin sosial şəbəkələrdə hələ də "dost" kimi qalan insanların varlığı ilə daha da qabarıq görünür.

Əslində, bu, təkcə sosial davranışımızın deyil, həm də dostluq, yoldaşlıq və yaxınlıq kimi anlayışların dərin şəkildə dəyişdiyini göstərir. Bu transformasiya həm psixoloji, həm sosioloji, həm də mədəni müstəvidə öz təsirini göstərməkdədir.

Virtual dostluqların reallığı və illüziya effekti var. Sosial şəbəkələrdə "dost olmaq" artıq real münasibətin göstəricisi deyil. Bu, daha çox formal bir nişandır - sanki qarşı tərəfə "mən səni xatırlayıram" deməyin ən ucuz, ən səthi formasıdır. Halbuki real həyatda illərlə qarşılaşmayan, üz-üzə gələndə nə danışacağını bilməyən, hətta bəzən tanımaqda belə çətinlik çəkdiyimiz adamlarla sosial şəbəkələrdə hələ də "dost"uq.

Bu paradoksun yaranmasının bir neçə psixoloji səbəbi var:

Birincisi, sosial kapital illüziyasıdır. İnsanlar sosial şəbəkələrdə çox dostu olduqda özlərini daha güclü sosial çevrəyə sahib kimi hiss edir. Bu isə "özünü daha dəyərli görmə" ehtiyacını qismən ödəyir. İkincisi, keçmişi atmaqda yaşadığımız çətinlikdir. İnsan münasibəti bitsə də, sosial şəbəkədə həmin insanı silmək simvolik olaraq "tam vidalaşmaq" kimi qəbul olunur. Bu isə bəzilərinə emosional olaraq ağır gəlir. Üçüncüsü isə potensial əlaqə körpüsüdür. İnsanların bir qismi "bəlkə bir gün lazım olar" düşüncəsi ilə sosial bağları qoparmaq istəmir.

Bu üç səbəb bizi bir-birimizdən uzaqlaşdırsa da, formal əlaqələri qorumağa həvəsləndirir və bununla da "saxta yaxınlıq" yaradır.

Sosial şəbəkələr və psixoloji tənhalıq müstəvisindən danışaq bir az da. Bir çox tədqiqat göstərir ki, sosial şəbəkələrdən intensiv istifadə edən insanlar daha çox tənhalıqdan, özünü dəyərsiz hiss etməkdən və sosial müqayisə nəticəsində yaranan psixoloji yorğunluqdan əziyyət çəkirlər. Bunun səbəbləri açıqdır: biz sosial şəbəkələrdə insanların yalnız ən yaxşı anlarını görürük - xoşbəxtlik, uğur, gözəl məkanlar, filtrlənmiş həyat.

Əvəzində öz həyatımızı həmin "ideallaşdırılmış" standartlarla müqayisə edir, bəzən özümüzü geri qalırmış kimi hiss edirik. Bu isə paradoksal olaraq daha çox sosial şəbəkədə vaxt keçirməyə gətirib çıxarır və nəticədə real ünsiyyət azalır, virtual ünsiyyət artır, lakin insanlar özlərini daha tənha hiss edirlər. Bununla da sosial şəbəkələr təsəvvüri əlaqəni artırsa da, real yaxınlığı azaldır.

Yəni yeni dövrün "dostluq modeli" yaxın, amma uzaq olan münasibətlərdir. Sosial şəbəkələrdəki münasibətlər getdikcə yeni bir dostluq modelini formalaşdırır: yaxın görünüb uzaq olan insanlar. Biz onların həyatını hər gün görürük, uğurlarından xəbərdar oluruq, bəzən paylaşımlarını bəyənir, bəzən şərh yazırıq. Lakin bütün bunlar real emosional bağlılıq yaratmır.

Bu, sanki kənardan izlənən bir yaxınlıqdır: qarşı tərəfin həyatını bilirik, o da bizim həyatımızdan xəbərdardır, amma münasibət yoxdur.

Belə bir münasibət tipi əvvəlki nəsillər üçün anlaşılmaz olardı. Çünki bir vaxtlar əlaqə ya vardı, ya yox. İndi isə "yarım-hissi əlaqə" dövründə yaşayırıq.

Əvvəllər yaxın olduğumuz, indi isə sadəcə "dost siyahısında" qalanlar var bir də. Bu fenomen xüsusilə keçmiş müəllimlər, sinif yoldaşları, əvvəllər işlədiyimiz kolleqalar, hətta qohumlar arasında daha aydın görünür. Vaxtilə bir-birimiz üçün önəmli olan insanlar indi həyatımızda yoxdurlar, lakin sosial şəbəkədəki varlıqları həmin əlaqənin tamamilə itməsi qarşısında bir növ "rəqəmsal iz" kimi qalır. Bu iz bizə zamanın necə dəyişdiyini xatırladır. Eyni zamanda psixoloji olaraq bir sual yaradır:

Əgər kimsə həyatımızda yoxdursa, sosial şəbəkədə niyə var?

Bu sualın cavabı isə hər kəs üçün fərqlidir. Bəziləri keçmişi silmək istəmir, bəziləri adətkardır, bəziləri isə sosial etiketi pozmamaq üçün qarşı tərəfi silməkdən çəkinir.

Başqa bir sual çıxır ortaya: Sosial şəbəkə dostluğu seçim yoxsa məcburiyyətdir?

Bugünkü gənclər üçün sosial şəbəkə dostluğu bəzən real dostluqdan daha vacib sayılır. Çünki müasir cəmiyyətdə insanların bir-birini qiymətləndirməsi - təəssüf ki - çox vaxt izləyici sayı, paylaşım reaksiyaları və sosial görünürlük üzərindən formalaşır. Bu da sosial narahatlığı artırır.

Belə bir mühitdə insanlar bəzən özləri istəmədikləri halda belə hər kəslə əlaqəni qorumağa çalışırlar. Sanki "məni silsə nə düşünərəm?", "məni niyə silib?", "məndən incidi?" kimi suallar sosial medianın psixoloji təzyiq mexanizminə çevrilir.

Dostluğun yeni tərifi bəlkə də elə belədir. Ənənəvi anlamda dostluq və yoldaşlıq qarşılıqlı etimad, dəstək, birlikdə vaxt keçirmək və emosional bağlılıq üzərində qurulurdu. İndi isə bu anlayışlar daha çox rəqəmsal formatda mövcuddur: birlikdə vaxt keçirməsək də, "dostuq", danışmasaq da, "əlaqədəyik", yaxın olmasaq da, "tanışıq". Nəticədə sosial şəbəkələr dostluq anlayışını demokratikləşdirdi, lakin eyni zamanda səthiləşdirdi.

Bu vəziyyətin özü pis deyil, sadəcə yeni dövrün reallığıdır. Lakin bunun içində itmək əvəzinə, biz sosial münasibətlərimizi daha şüurlu idarə edə bilərik. Necə? Rəqəmsal təmizləmə aparmaqla - sosial şəbəkədəki əlaqələri real münasibətlərə uyğunlaşdırmaqla. Real ünsiyyətə yatırım etməklə - mesaj yazmaq əvəzinə görüşmək, səsli danışmağa cəhd etməklə. Sosial müqayisədən qaçmaqla - hər kəsin paylaşdığı həyatın real olmadığını dərk etməklə. Dostluq anlayışını yenidən düşünməklə - formal dostluqla real dostluğu ayırd etməklə, ən azından özümüz üçün.

Yeni dövrün dostluq anlayışı rəqəmsal dünyanın təsiri ilə tamamilə dəyişib. Artıq dostluq, yoldaşlıq və yaxınlıq yalnız real münasibətlərdən ibarət deyil. Ancaq bu, heç də pis demək deyil. Sadəcə olaraq biz bu münasibətlərin mahiyyətini düzgün dərk etməli və öz psixoloji rifahımızı önə çəkməliyik. Sosial şəbəkələr bizi bir-birimizə vizual olaraq yaxınlaşdırsa da, emosional olaraq bəzən uzaqlaşdırır. Ən vacibi isə budur: biz kimlərlə real dostuq, kimlərlə sadəcə "rəqəmsal tanışıq" - bunu anlamaq hər birimizin öz seçimidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see184

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see177

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see159

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see139

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see139

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see129

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see128

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see128

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri