Söyüşə görə müştərini bıçaqlayan şəxslə bağlı qərar açıqlandı
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Oruc Xəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 16 iyul 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nizami rayonunda, metronun “Xalqlar Dostluğu” stansiyasının qarşısında qeydə alınıb.
Belə ki, Oruc Xəlilov Nizami rayonunda yerləşən “Xəngəl" kafedə müştəri qismində olan zaman digər müştəri, zərərçəkmiş Mirhakim Həsənov orada söyüşlə danışıb. Bu səbəbdən o, zərərçəkmişi söhbət etmək üçün kafedən bayıra çağırıb, 9 mərtəbəli yaşayış binasının arxa tərəfinə aparıb. Oruc orada Mirhakimə kafedə söyüşlə danışmasını cüzi səbəb kimi bəhanə edib. Nəticədə Oruc Mirhakim Həsənova bıçaq zərbəsi endirib.
Ona qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oruc Xəlilov 7 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Kamal Məmmədov


