“Spotify” “ChatGPT”yə inteqrasiya olunur: fərdiləşdirilmiş musiqi və podkast tövsiyələri təqdim ediləcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 oktyabr, AZƏRTAC
“OpenAI” yeni bir inteqrasiya təqdim edib. Bu yenilik digər tətbiqlərin idarəetmə elementlərini birbaşa “ChatGPT”yə qoşmağa imkan verir. Beləliklə, istifadəçilər artıq chatbotdan çıxmadan “Spotify”da pleylist yarada və ya “Zillow” platformasında yerli daşınmaz əmlak elanlarını axtara biləcəklər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu yenilik müəyyən mənada “Telegram” və “Discord” kimi mesajlaşma platformalarındakı “mini tətbiqlər”ə bənzəyir. Yeni inteqrasiya sayəsində istifadəçilər “ChatGPT” ilə ünsiyyəti davam etdirərək onun tətbiqlərlə necə qarşılıqlı əlaqə qurmasını təyin edə biləcəklər.
“Spotify”, “Canva” və “Zillow” kimi xidmətlər artıq “ChatGPT” üçün daxili tətbiq interfeyslərinin pilot layihədə sınaqdan keçirilməsinə başlayıblar.
Bu ilin sonuna qədər “OpenAI” daha geniş tərtibatçılar qrupuna öz tətbiqlərini təqdim etməyə icazə verəcək. Həmin tətbiqlər “ChatGPT” istifadəçiləri üçün açıq kataloqda yerləşdiriləcək.
Şirkətin tətbiq tərtibatı üzrə təlimatında qeyd olunur ki, tətbiqlər “ardıcıl, faydalı və etibarlı olmalı, “ChatGPT”nin imkanlarını real fayda gətirəcək şəkildə genişləndirməlidir”. Nümunə kimi səyahət bronları, yemək sifarişi, yer mövcudluğunun yoxlanılması və çatdırılmanın izlənməsi kimi xidmətlər göstərilib. Sənəddə, həmçinin vurğulanır ki, tərtibatçılar tətbiqlərdən uzun məzmun yaratmaq, mürəkkəb iş axınları qurmaq, reklam yerləşdirmək və ya “mövzuya aidiyyəti olmayan mesajlar” göndərmək üçün istifadə etməməlidirlər.


