Icma.az
close
up
RU
Suverenliyimizin Zəfər yolunun siyasi hüquqi salnaməsi

Suverenliyimizin Zəfər yolunun siyasi hüquqi salnaməsi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan tarixində elə dövrlər var ki, həmin mərhələlər yalnız silahın gücü ilə deyil, sözün gücü ilə də qazanılır. 44 günlük Vətən müharibəsi məhz belə tarixi anlardan biri idi. Bu müharibədə Azərbaycan yalnız döyüş meydanında deyil, siyasi tribunada, beynəlxalq mediada, hüquqi müstəvidə də qalib gəldi. Vəfaddin İbayevin yeni çapdan çıxmış “Suverenliyimizin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” (Bakı, 2025) adlı kitabı Böyük Zəfərin elmi-publisistik salnaməsi kimi diqqəti cəlb edir. Monoqrafiya Azərbaycan tarixşünaslığında Zəfər konsepsiyasının elmi əsaslarla işlənməsi baxımından mühüm hadisədir. Əsər, ilk növbədə, Azərbaycan tarixinin 44 günlük Vətən müharibəsi mərhələsinin siyasi-tarixi diskurs, hüquqi legitimlik və liderlik modeli prizmasından sistemli tədqiqinə həsr olunmuşdur.

Müəllifin əsas metodoloji üstünlüyü ondan ibarətdir ki, siyasi çıxış və müsahibələr klassik mənbə kimi deyil, tarix yaradan faktlar, hüquqi və beynəlxalq münasibətlər kontekstində normativ mətnlər kimi şərh olunur. Beləliklə, kitab diskurs-analiz, siyasi tarix, beynəlxalq hüquq və müqayisəli liderlik tədqiqatlarını sintez edən multidissiplinar model təqdim edir.

Zəfərin tarixi zərurət kimi əsaslandırılması

Monoqrafiyada ümummilli lider Heydər Əliyevin 1993–2003-cü illərdə müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitdə uğurla reallaşdırıldığı elmi əsaslarla sübuta yetirilir. Kitabda Prezident İlham Əliyevin çıxış və müsahibələri tarixi determinizm prizmasından təhlil olunur. Prezidentin atəşkəs dövrü ilə bağlı mövqeyi xüsusi əhəmiyyət kəsb edir: “Ulu öndər Heydər Əliyev o vaxt müharibəni dayandırmaqla tarixi qərar verdi. Çünki bizim gücümüz çatmırdı. Biz dayanmalı idik ki, güc toplayaq, möhkəmlənək” tezisi – tarixilik və reallıq prinsipləri əsasında şərh olunur.

Bu kontekstdə müharibənin başlanması ani qərar kimi deyil, uzunmüddətli tarixi hazırlığın məntiqi nəticəsi kimi təqdim edilir. Ordunun qurulması, iqtisadi müstəqillik, enerji diplomatiyası, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Zəfərin tarixi-sosioloji dayaqları kimi dəyərləndirilir. Müəllif göstərir ki, 1993–2003-cü illər dövlətçilik bazasının formalaşması, 2003–2020-ci illər isə bu bazanın strateji gücə çevrilməsi mərhələsi olmuşdur. Beləliklə, Zəfər tarixi subyektiv yox, obyektiv qanunauyğunluqlara söykənən hadisə kimi təqdim edilir.

Kitabın əsas ideyalarından biri budur ki, 2020-ci ilin payızında əldə edilən Zəfər nə təsadüf, nə də emosional qərarın nəticəsi idi. Bu Qələbə onilliklər boyu aparılan dövlətçilik siyasətinin məntiqi yekunu idi. Prezident İlham Əliyevin müharibənin ilk günü xalqa müraciətində dediyi sözlər bu tarixi gerçəkliyi ifadə edirdi: “Biz haqq yolundayıq. Biz öz torpağımızda vuruşuruq. Qarabağ Azərbaycandır!”.

Siyasi lider və Ali Baş Komandan

Monoqrafiyada Prezident İlham Əliyevin 44 günün 33 günündə xalqa müraciət etməsi, müsahibə verməsi və ya ictimai görüşlər keçirməsi faktı müasir siyasi liderliyin nadir nümunəsi kimi dəyərləndirilir.

Prezidentin qətiyyətli siyasi iradəsini əks etdirən bu bəyanat xüsusi təhlil obyektinə çevrilir: “Biz sona qədər gedəcəyik. Bizim başqa yolumuz yoxdur”. Müəllif bu fikri klassik siyasi liderlik nəzəriyyələrində “geri dönməz qərar” modeli ilə əlaqələndirir və İlham Əliyevin müharibə zamanı tərəddüdsüz, ardıcıl və legitim qərarlar qəbul etdiyini elmi əsaslarla sübut edir.

Müharibə şəraitində eyni vaxtda cəbhə əməliyyatlarının idarə olunması, daxili siyasi sabitliyin qorunması və beynəlxalq informasiya müharibəsinin aparılması kimi paralel proseslərin idarə edilməsi İlam Əliyevin siyasi idarəetmə qabiliyyətinin yüksək səviyyəsini göstərən əsas meyar kimi təqdim edilir. Müəllifin Yuli Sezar, Çingiz xan, Atilla, Əmir Teymur, Səlahəddin Əyyubi, Uinston Çörçill, Vudro Vilson, Mustafa Kamal Atatürk, Şarl de Qoll kimi tarixi liderlərlə apardığı siyasi paralellər müqayisəli siyasətşünaslıq baxımından olduqca dəyərlidir. Bu paralellər Prezident İlham Əliyevin situativ deyil, strateji düşünən lider olduğunu elmi şəkildə əsaslandırır.

İnformasiya müharibəsində qələbə

Kitabın mühüm üstünlüklərindən biri Prezident İlham Əliyevin beynəlxalq media ilə müsahibələrinin təhlilidir. Çünki 44 günlük müharibənin ən mühüm cəbhələrindən biri beynəlxalq informasiya məkanı idi. Al Jazeera, BBC, Fox News, France 24, Sky News, RAI News, ARD və digər nüfuzlu media orqanlarında səsləndirilən mövqelər beynəlxalq münasibətlər nəzəriyyəsi kontekstində analiz edilir və göstərilir ki, Prezident İlham Əliyevin verdiyi müsahibələr Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında həlledici rol oynadı. Xüsusilə, qərəzli və manipulyativ suallara verilən cavabların hüquqi və faktoloji əsaslandırılması İlham Əliyevin peşəkar diplomat obrazını ön plana çıxarır.

Kitabda Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik ideyalarının “işıq yolu” konsepsiyası altında ümumiləşdirildiyi və bu ideyaların 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyev tərəfindən konkret siyasi, hərbi və diplomatik addımlarla reallaşdırıldığı göstərilir. Müəllif bu nəticəyə 2020-ci ilin payızında Prezidentin aparıcı beynəlxalq media qurumlarına verdiyi çoxsaylı müsahibələrin təhlili əsasında gəlir.

44 günlük müharibə dövründə Al Jazeera, BBC və France 24 kimi kanallara verdiyi müsahibələrdə İlham Əliyev münaqişənin mahiyyətini beynəlxalq auditoriyaya aydın şəkildə izah edərək vurğulamışdır ki, Azərbaycan müharibəni başlatmamış, əksinə, uzun illər sülh yolu ilə problemin həllinə çalışmışdır. O, Ermənistanın işğalçı siyasətinin davam etməsinin Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməsini qaçılmaz etdiyini bildirmişdir. Prezidentin bu mövqeyi kitabda beynəlxalq hüququn əsas prinsipləri ilə əlaqələndirilərək şərh olunur.

BBC və Sky News-a verdiyi müsahibələrdə İlham Əliyev Azərbaycan Ordusunun hərbi əməliyyatlar zamanı yalnız legitim hərbi hədəfləri seçdiyini, mülki əhaliyə və mülki infrastruktura zərər vurulmaması üçün ciddi göstərişlər verildiyini diqqətə çatdırmışdır. Müəllif bu fikirləri beynəlxalq humanitar hüquq normalarına riayət olunmasının sübutu kimi təqdim edir və Azərbaycan Ordusunun fəaliyyətinin hüquqi əsaslılığını vurğulayır.

Fox News və RAI News kanallarına verdiyi müsahibələrdə Prezident İlham Əliyev Ermənistanın müharibə zamanı atəşkəs razılaşmalarını pozaraq yaşayış məntəqələrini hədəfə almasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış, bu addımların müharibə cinayəti xarakteri daşıdığını bildirmişdir. Kitabda bu mövqe beynəlxalq cinayət hüququ prizmasından təhlil edilərək, gələcəkdə hüquqi məsuliyyət məsələsinin qaçılmaz olduğu qənaəti irəli sürülür.

ARD və France 24-ə verdiyi açıqlamalarda İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını, ölkənin suveren hüquqlarını istənilən vasitə ilə qorumağa qadir olduğunu qeyd etmişdir. Müəllif bu fikirləri Prezidentin strateji qətiyyətinin və siyasi iradəsinin təzahürü kimi qiymətləndirir.

Beləliklə, monoqrafiya 44 günlük Vətən Müharibəsi zamanı İlham Əliyevin Al Jazeera, BBC, Fox News, France 24, Sky News, RAI News, ARD və digər nüfuzlu media orqanlarına verdiyi müsahibələrdə səsləndirdiyi fikirlərin sistemli təhlili əsasında Prezidentin siyasi liderliyini, diplomatik ustalığını və beynəlxalq hüquqa əsaslanan mövqeyini elmi müstəvidə ortaya qoyur və Azərbaycanın tarixi qələbəsinin ideoloji-hüquqi əsaslarını dərinləşdirir.

Müharibənin legitimliyi və Ermənistanın məsuliyyəti

Kitabda xüsusi vurğulanan məqamlardan biri müharibənin hüquqi əsaslarının izahıdır. Monoqrafiyada Ermənistan - Azərbaycan münaqişəsi beynəlxalq hüququn üç əsas sahəsi üzrə təhlil edilir: beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, beynəlxalq cinayət hüququ. Müəllif Ermənistanın ərazi işğalı, mülki əhaliyə qarşı cinayətlər, mədəni irsin məhv edilməsi kimi əməllərinin beynəlxalq cinayət məsuliyyəti yaratdığını elmi-hüquqi arqumentlərlə əsaslandırır. Bu baxımdan kitab yalnız tarixi-siyasi tədqiqat deyil, həm də hüquqi iddialar üçün konseptual baza rolunu oynaya biləcək elmi mənbədir. Prezidentin bu fikri hüquqi diskursun əsas tezisi kimi təqdim olunur: “Biz heç kimin torpağında deyilik. Biz öz torpağımızdayıq və bu bizim qanuni haqqımızdır”.

Zəfərin mənəvi qaynaqları

Müəllifin Prezident İlham Əliyevin çıxış və müsahibələrini Qurani-Kərim ayələri və “Kitabi-Dədə Qorqud” eposu ilə müqayisəli şəkildə təqdim etməsi siyasi ideologiyanın milli-mənəvi köklərlə üzvi bağlılığını nümayiş etdirir. Bu yanaşma Zəfərin yalnız hərbi-siyasi deyil, milli–mənəvi hadisə olduğunu göstərir.

Şuşanın azad edilməsindən sonra xalqa müraciətində Prezident İlham Əliyev bu qələbəni təkcə hərbi deyil, həm də tarixi ədalətin bərpası kimi dəyərləndirmiş, atasının müəyyən etdiyi strateji məqsədlərin həyata keçirildiyini xüsusi vurğulamışdır. Müəllif bunu “işıq yolu” ideyasının ən parlaq və simvolik nəticəsi kimi təqdim edir.

Vəfaddin İbayev kitabında Prezident İlham Əliyevin 15 may 2021-ci il tarixində Şuşa şəhərində keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış mərasimində etdiyi çıxışı da xüsusi təhlil predmetinə çevirir. Müəllif bu çıxışı 44 günlük Vətən müharibəsində əldə olunan hərbi-siyasi qələbənin mədəni, mənəvi və ideoloji davamı kimi qiymətləndirir.

Müəllifin yanaşmasına görə, Prezidentin Şuşada səsləndirdiyi fikirlər Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədiyini, eyni zamanda, işğal dövründə məhv edilmiş milli-mədəni irsin dirçəldilməsi mərhələsinə keçdiyini nümayiş etdirirdi. İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı kimi təqdim etməsi müəllif tərəfindən dövlət siyasətində mədəniyyət faktorunun strateji əhəmiyyətinin vurğulanması kimi dəyərləndirilir. Bu çıxışla İlham Əliyev qələbənin yalnız silah gücü ilə deyil, mədəni və mənəvi üstünlük vasitəsilə də möhkəmləndirildiyini beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdir.

Beləliklə, “Suverenliyimizin zəfər yolu” kitabı sadəcə hadisələri təsvir etmir, Zəfərin necə və niyə mümkün olduğunu izah edir. Bu monoqrafiya Prezident İlham Əliyevin mahir diplomat, uzaqgörən siyasi lider, beynəlxalq hüquqa söykənən dövlət başçısı və müzəffər Ali Baş Komandan olduğunu faktlar və arqumentlərlə ortaya qoyur. Bu kitabı oxumaq 44 günlük müharibəni yenidən yaşamaq deyil, onu anlamaqdır. Və bu isə suverenliyimizin Böyük Zəfər yolu tarixinin gələcək nəsillərə ötürülməsi baxımından son dərəcə vacibdir.

Anar İSGƏNDƏROV,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor,

Habil MƏMMƏDOV,
tarix elmləri doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri