Icma.az
close
up
RU
Zəfər salnaməsi

Zəfər salnaməsi

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şövkət ZƏRİN HOROVLU

Şair, publisist, tərcüməçi Rəfail Tağızadənin "Qarabağ - həsrətdən zəfərə" kitabına otuz ildə başımıza gələn faciələrə dair esselər, publisistik məqalələr, xatirələr toplanıb. "Su üzərində bahar", "Gecə xəyalları, "Su kimi sakit və güclü", "Qarabağ rüzgarları", "Qapı" kitablarının müəllifi Rəfail Tağızadə bu əsərində hamımızın çəkdiyimiz torpaq-yurd həsrətinə, Qarabağsız günlərimizin ağrısının, nisgilinin, sanki sözlə rəsmini çəkib. Böyüklü, kiçikli hamımız bu ağrıları çəkə-çəkə həsrətdən-zəfərə qədər çətin, məşəqqətli bir yol keçmişik. Şair taleyimizə zorla yazılan qaçqın-köçkünlük həyatını sözlə bir rəssam fırçasından çıxan bir əsər kimi təqdim edir.

Yazıdan-yazıya keçdikcə şair işğal altında olan doğma Şuşanın, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının - hamısının oxşar halı yaşadıqlarını ürək ağrısı ilə oxucuya çatdırır - Unutma! - deyir.

Kitab başdan-başa torpaq, yurd, həsrətlə birgə ata-analarımızın, ağbirçək, ağsaqqallarımızın yaddaş ağrıları ilə doludur. Hər bir yazı o ağrıları bizə təzədən xatırladıb yaşadır. Uca səslə, yaddaşına yaz, - deyir.

Yolunda izim qalmadı,

baxmağa gözüm qalmadı,

kül oldum, közüm qalmadı,

mən sənin nəyinəm, Vətən?

İstəyəndə gəlməyim yox,

səni görüb gülməyim yox,

sənin üçün ölməyim yox,

mən sənin nəyinəm, Vətən? - deyir.

"Mən sənin nəyinəm, Vətən" şeirində əli-qolu bağlı, tapdaq altında qalan vətənə öz əlləriylə çəkdiyi sərhəddən baxanda, insan özünü istədiyi səmtə azad uçub gedə bilən quşlardan da aciz sayır. Qurub-yaratdığı evinə daşı-daş üstə qalmayan, yolu, yolağasını kol-kos basan elinə-obasına gendən yad kimi baxır. Axı mən quş cəsarətində deyiləmsə, onda bəs mən kiməm? - deyir. Dəmir barmaqlıq, tikanlı məftillər arasından dustaq qalan yurda baxıb köks ötürəcəmsə, vətən məni bağışlayarmı? - qənaətinə gəlir, sarsılır, kiçilir. Uşaqlığının, gəncliyinin üstündə hələ də paslanmayan gilizlər yatdığını bilə-bilə, görə-görə bu faciəni yaşamağa məcbur olur.

Vətəndə canlı nə varsa, hamısı çəkilib getdilər, quşlar da güllə səsinə, barıt qoxusuna uçub yad ağaclarda yuva qurdular - deyərək Rəfail Tağızadə fəryad eləyir.

Paxıllığım tutur quşlara.

Göydə qanad çalırlar.

Yuvalarına dönmək üçün

nə tikanlı məftil tanıyırlar,

nə buraxılış vərəqəsi.

Təkcə səngər görəndə

yüksəkdən uçurlar...

O, vətəndə, ancaq bizdən sədaqətli babalarımızın qoyduqları dərin bünövrə daşları, bir də nənələrimizin qara ocaqlarının qaldığını bildirir.

Kitabda yaşadığımız torpaq, yurd faciəsi, ana-nənələrimizin, qız-gəlinlərimizin vaqon-çadır taleləri sadalanır. İtirdiklərimizi ürək yanğısı ilə nəzmə çəkir və bu haldan bir şair, bir vətəndaş olaraq ağrıyır.

Gözəl Qarabağımızda bitən gül-çiçəklərin, ağacların, qəbir daşlarının gülləboran edildiyi, Cıdır düzündə Xarıbülbülün tökdüyü göz yaşlarını söz-söz, heca-heca şeirə köçürür. Çadır evlərdə, soyuq zirzəmilərdə ovcunda bir xısma torpaq üzü vətənə sarı can verən arzuları, ölkənin hər bölgəsinə səpələnmiş şəhid məzarları, analarımızın qurumayan göz yaşları zamanın tərs gərdişi deyilsə, bəs nədir?

Kol-kos basmış yollarda

quruyub iz yarpağım.

Yolçu ordan quş göndər

dimdiyində torpağım.

Yel üzünə tutulan

tor qarını açdımı?

Uşaqlığım dururmu?

Baş götürüb qaçdımı?

Daşıdılar qalmadı

torpağımı, daşımı.

Qoymağa yer qalıbmı

ayağımı, başımı?

("Yolçu ordan quş göndər, dimdiyində torpağım" şeirindən)

Şair elə bil oxucunun əlindən tutub Qarabağ torpağını, onun ürəyi sayılan doğma Ağdamı qarış-qarış gəzdirir. İndi yaddaş ağrılarına dönən qədim yaşayış məskənlərindən biri olduğunu xatırladır. Ağdamı - Əmir Teymurun ayağı dəyən torpaqda, Pənah xanın "İmarət" deyilən yerdə tikdirdiyi ağ sarayı oxucuya tanıdır. Ağdamın hər tinini, yolunu, cığırını yada salır. İtən uşaqlığını, gəncliyini axtarır. "Yollar" şeirində o həsrəti, o üzüntünü belə ifadə edir:

İzi yox olmuş yollarım

tük basmış üzüm kimidir.

Giləsin quşlar aparan

qurumuş üzüm kimidir.

Durub səni gözlədiyim

yol ayrıcı yoxdur, itib.

Mənim izim qalan yerdə

görən hansı otdu, bitib?

Şair həsrətin çəkdiyi yurdun dərdlərini birəm-birəm şeirə köçürə-köçürə Vətəndən qopan o kiçik vətəni ilə hər gecə yuxuda danışır.

"Orda bir ev vardı" şeirində qapısı çərçivəsiz, pəncərəsi şüşəsiz ata ocağını xəyalında canlandırır. O evin dərdi nə az, nə azacıq, özü sanbalda, özü boydadır:

...bir ev vardı o yerlərdə,

bizi-bizə xatırladacaq bir ev.

Yox olan kəndin içində,

dərdləri mən biçimdə.

Rəfail müəllim hər dəfə qatardan düşüb gedəndə onu ilk qarşılayan, ondan küskün, incik düşən Gözəl nənəsini heç olmasa yuxuda da könlünü ala bilmir. Yuxudan dik atılıb oyanır: yurdunun, kəndinin həsrətin çəkir, düşdüyümüz bəlaların, çəkdiyimiz dərdlərin dünyanın hər tərəfində mövcudluğunu önə çəkir. Başımıza gələn fəlakətləri dünya dərdləri ilə ümumiləşdirir. Vətəndə vətən dərdi çəkmək bizim alnımıza yazılıb. Öz torpaqlarımıza əllərimizlə sərhədlər çəkib, o tay-bu taya, indi də Qarabağa bizimkinə bənzəri varsa da, eynisi yoxdur qənaətinə gəlir. Əlini ver falına baxım - deyən falçıya qəzəblənir:

...Nə yapışıb əl çəkmirsən əlimdən?

"Yana-yana gəl söyləmə dərdimi".

Mənim dərdim dərddimi?

Mənim dərdim dərddisə,

Söylə görüm dünyadakı dərd nədi?

Bu dünyanın falına bax, falına...

Nəhayət, otuz illik həsrət düyünü Zəfər sədaları ilə açılır. 27 sentyabr 2020-ci ilin sübh çağı qisas qollarımız gərildi, səngərdən ruhlarımız dirilib özümüzə qayıtdı. Hamımız bir nəfər kimi "Torpaq uğrunda ölən varsa, Vətəndir", - deyib ayağa qalxdıq. Xalqımızın milli ruhu özünə qayıtdı və önündə şax yeriyən ordumuzla birlikdə Qarabağlı olduq. Xəyallarda, yuxularda görmək istədiyimiz Qarabağı, ata-baba yurdlarımızı gördük. Laçından Şuşaya, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla, Laçına, Qubadlıya, Zəngilana qədər bağlı yolları Milli Ordumuzun əsgər və zabitləri düşməndən təmizləyib açdılar.

Dünyanı heyrətə gətirəcək döyüşlərimiz dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

...Hər döyüş millətin tarix yazısı,

Qurtuluş yazısı, taleh yazısı,

Ağrını unudan fateh yazısı.

Müqəddəs torpaqdan xaini qovdun,

Mənim məğrur ordum, qəhrəman ordum!

Verdiyimiz şəhid oğullar, vətənə könüllü fədailər, mərmi zərbəsindən huşunu itirib ayılanda ayağını axtaran qazilərimizlə birgə şair də ölüb-dirilir. İnamlı dostlarının, "Təki vətən yaşasın!", - deyə gözlərini yuman igidlərin şəhidliyinə sızlayır. Yenə qələmə, sözə üz tutur. Sözün gözüylə torpaq, yurd təəssübkeşlərinin şücaətlərini əbədiləşdirir. Azad Qarabağa onların gözüylə baxacağını vəd eləyir.

Bir səngər uzanıb yolumun üstə,

Neçə baş qoyulub qolumun üstə.

Daha yatammıram solumun üstə,

Hər ölən əsgərlə ölürəm, Allah!

Yuxumu görürəm, yatan yerinə,

Günəşim yol gedir batan yerinə.

Balam, sən uzanma atan yerinə,

Hər ölən əsgərlə ölürəm, Allah!

(Şəhid dostu Vitalinin xatirəsinə yazdığı "Hər ölən əsgərlə ölürəm, Allah" şeirindəndir).

Qarabağ torpağını 28 il sonra özümüzə qaytardıq. Qarabağın qayıdışı ilə biz də özümüzü tapdıq, kimliyimizi, nəyə qadir olduğumuzu anladıq. Şuşa ilə bizə Zəfərin zəfərini gətirən qalib zabitlərimizə, qazilərimizə, Şuşa fatehlərinə ehtiramla şair və yazıçılar da "qələmi süngiyə" döndərdilər. Qələmlə, sözlə döyüşüb "heç kim unudulmur, heç nə yaddan çıxmır", - dedik.

Qınaqlar, töhmətlər üstümüzdən götürüldü. Vətənin əyilən qəddi dikəldi. Ağlaya-ağlaya, sonra sevinə-sevinə gəldiyimiz bu yollarda nələr gördük, İlahi!  Zəfərimizə nə qədər sevinmişdiksə, bir o qədər də ağladıq. Bizə dözümlü xalq deyirlər. Amma dözümün də bir həddi olur - deyən olmadı. "Ayrılığın sonu yoxmuş", - deyən rəhmətlik H.Əlizadənin təbiri ilə, faciəmizin sonu yoxmuş qənaətinə gəldik.

Əlimizi yenə o qara torpağa dirəyib ayağa qalxdıq. Bir amalımız oldu - Vətən-Torpaq!

Mədəniyyət beşiyimiz, and yerimiz. Kəbəmiz, Məkkəmiz olan Şuşanın fəthi ilə yenidən doğulduq. Fikrimiz, duyğularımız da təzələndi, təzə don geyindi. Qədim Odlar yurdu təzə Zəfər libasında dünyaya tanıtdı. Vətən, torpaq təəssübkeşliyimizə, döyüş əzmimizə heyran qaldılar.

Şuşa fatehlərimiz and yerimiz, qürurumuz oldu. Şəhidlərimizlə öyündük.

...Sənin yolun Zəfərlərə gedən yol,

Sənin yolun o müqəddəs Vətən, yol,

Sənin yolun bayraqlarda bitən yol,

Bu millətin ən əzizi Şəhidim,

Bu millətin ən dirisi Şəhidim!

- deyə şairin də səsi gurladı. Vətəni - Vətən, milləti - millət, dövləti dövlət edən Vətən oğullarının misilsiz şücaətindən qürur duyur, öyünür.

Zəfərimiz iki qardaş türk dövlətinin birgə Şuşa bəyannaməsi ilə tamamlandı. Bu, dünyaya bir mesaj idi. Cənab Rəcəb Tayyib Ərdoğan və Ali Baş Komandanımız İlham Əliyevin imzaladıqları bu bəyannamə böyük Turan yolunun açılışının dünyaya bəyan idi.

Rəfail Tağızadə bütün bunlarla kitab boyu bizi tanış edir. Yaddaşımızı itiləyir, korşalmağa qoymur. Bir oxucu kimi mən də "Qarabağ - həsrətdən zəfərə" kitabından ayrılmaq istəmirəm. Kitabı oxuduqca, ata-babalardan bizə miras qalan torpaq, yurd məhəbbətimizə, döyüş əzmimizə inanıb bir daha qürur duyursan.

Rəfail Tağızadə kitabın əvvəlini ürəyinin ağrısı, sonunu isə gözünün sevinciylə yazıb.

Rəfail Tağızadə Qarabağ ağrılarını bir zabit, vətəndaş, şair olaraq yaşayaraq yazır, istər esselər, istərsə də şeirlər adamla canlı kimi danışır, hissi, duyğunu olduğu kimi oxucuya ötürə bilir. O, iştirakçısı olduğu reallıqları yazır. Yəni hadisəni yazır, hadisə haqqında yazmır.

"Qarabağ - həsrətdən zəfərə" kitabı hər birimizin adından yazılan son 30 ilin yaşantılarıdır.

Rəfail Tağızadə yaşadıqlarımızı yazılarıyla kitaba çevirərək onu bədii formada sənədləşdirib.

Bu kitab Qarabağ - Vətən həsrətimiz, Zəfərimiz haqqında yazılan bir salnamədir.

Rəfail müəllimə təzə ruhlu yeni əsərlər yazmağı arzulayıram!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 14 May 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see201

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see181

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see173

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see170

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see159

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see140

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see130

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see128

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see127

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see125

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see124

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see124

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see123

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see123

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see123

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see123

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see118

Organize İşler dən imtina etdi

28 Sentyabr 2025 14:27see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri