Tanışına şikayət yazmağa kömək etdiyi üçün şərlənərək həbs olundu HƏBSXANADAN MƏKTUB
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2019-cu ildən qanunsuz olaraq məhbəs həyatı yaşadığını iddia edən Ədalət Məmmədovdan ölkə rəhbərliyinə müraciət
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində məhkum həyatı yaşayan Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və digər aidiyyəti qurumların rəhbərliyinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Nəzərinizə çatdırmaq istəyirəm ki, uzun müddət Daxili İşlər orqanlarında xidmət etmiş Qarayev Nizamı Müslüm oğlunun törətmiş olduğu cinayət tərkibli qanunazidd hərəkətləri və barəmdə yazmış olduğu böhtan xarakterli şikayət ərizəsi əsasında 2019-cu ildən indiyədək günahsız olaraq cəza çəkirəm. Qeyd etmək istəyirəm ki, bu şəxs 1996-cı il tarixində polis nəfəri kimi Bakı şəhəri, Nizami rayon Polis şöbəsində xidmətə qəbul edilib. Uzun müddət sonra isə Polis Akademiyasına qiyabi qəbul olunub. Kiçik leytenant rütbəsi aldıqdan sonra Hacıqabul rayonunda Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışan Nizami Qarayev çox qısa müddət ərzində rəis olmaq iddiasına düşərək, özündən vəzifəcə aşağı olan əməkdaşlardan rüşvət toplamağa başlayıb. Bundan əlavə, tutduğu vəzifədən sui-istifadə edərək Dəmir Yolu İdarəsindən “silinmiş" vaqon və reys biznesinə girişib. Bu iş üçün vətəndaşlardan pul alıb, lakin vədini yerinə yetirməməsi səbəbindən yaranan narazılıqlardan sonra rəis Yaşar müəllim tərəfindən DİN-ə edilmiş müraciət əsasında sərəncama götürülmüşdür. 2018-ci ilin aprel ayında isə Su Nəqliyyatı Polis Şöbəsinə növbətçi təyin edilmişdir. Barəsində çoxsaylı şikayətlər daxil olduğundan, elə həmin ilin avqust ayında Daxili İşlər orqanlarından xaric olunmuşdur.
N.Qarayevlə tanışlığım barədə onu bildirmək istəyirəm ki, mən bu şəxsin kimliyi və vəzifəsini bilmədiyim halda, 2017-ci ilin əvvəlində qaynı, mənimlə Nəqliyyat Nazirliyində işləmiş Oktay Xudaverdiyev və keçmiş iş yoldaşımız Elçin Əliyev vasitəsilə təsadüfən tanış olmuşam. Bu tanışlıqdan bir-iki ay sonra Oktay zəng edərək, məni çay içməyə dəvət etdi. Onunla görüşdükdən bir müddət sonra Nizami Qarayev yanındakı 3 nəfərlə birlikdə bizim masaya yaxınlaşdı. Mən həmin 3 nəfərdən biri olan Əli İsaqovu tanıyırdım. Onlar bizimlə görüşüb, kənardakı masada əyləşdilər. Həmin günün səhərisi Ə.İsaqov mənə zəng edib, Nərimanov metrosunun yaxınlığındakı çayxanaya dəvət etdi. Onunla görüş zamanı bildirdi ki, N.Qarayevə külli miqdarda pul verib, qarşılığında Dəmir Yolundan vaqon və reys almalıdır, amma işlər uzanır.
2017-ci ilin mart ayının sonlarında mən Əli İsaqovla Nərimanovda olarkən Nizami Qarayev də ora gəlib çıxdı. Bu zaman onların arasında mübahisə başladı. Əli pulunu tələb etdikdə Nizami bildirdi ki, pulu kiməsə verib... Söhbət zamanı Əli Nizaminin yanında mənə dedi ki, “kömək elə, bundan şikayət yazım”. Mənim “elə indi yazarıq” deməyim N.Qarayevi özündən çıxardı. O, aqressiv şəkildə qolumdan tutaraq “bu dəqiqə səni “Bandotdel”ə təhvil verib, orada çürüdərəm”, - dedi. Daha sonra isə əlavə etdi ki, “əgər Əliyə kömək üçün şikayət yazsan başın ağrıyacaq, səni həbs etdirəcəm”.
2019-cu ilin sentyabr ayında polis idarəsindən mənə zəng olundu ki, Nizami Qarayev sənin barəndə şikayət ərizəsi verib. O, şikayətində göstərirdi ki, guya, Bakının rayonlarından birinə idarə rəisi və ya DİN-nin Mərkəzi Aparatında baş idarə rəisi vəzifəsinə təyin olunmaq üçün 2017-ci ilin yanvar ayının əvvəlində qaynı Oktay və Hüseyn adlı şəxslərin iştirakı ilə mənə 160 min AZN pul verib. N.Qarayevin şikayət ərizəsinin əsassız və böhtan xarakterli olmasını dəlil və faktlarla sübuta yetirsəm də, mənə qarşı ittiham irəli sürüldü, nəticədə 07.03.2019-cu il tarixindən hal-hazıradək günahsız olaraq həbsdə saxlanılıram.
Bildirim ki, özüm zərərçəkən olduğum halda, mənə borclu olan şəxslərdən alınan rüşvət hesabına qanunsuz olaraq azadlıqdan məhrum edilmişəm. Belə ki, saxta ittihamla “təqsirli bilinməm üçün” mənə külli miqdarda borclu olan şəxslərdən, konkret olaraq Əhmədova Xanımqız Fərəc qızından 25 min manat rüşvət alınaraq, haqlı olduğum halda haqsız duruma salınmışam. Halbuki, şəxsən mənim Əhmədova Xanımqız Fərəc qızı tərəfindən 100 min ABŞ dolları, DİN-də çalışan oğlu Şahmar Əhmədov tərəfindən isə 50 min dollar (ümumilikdə 150 min dollar) həcmində pul vəsaitim dələduzluqla mənimsənilib. Mən qarşı tərəfdən pulumu tələb etdikdə isə, Əhmədova Xanımqız Fərəc qızından 25 min manat rüşvət alınaraq, ailə üzvlərini (həyat yoldaşı Rövşən Əhmədovu (Şahmar Əhmədovun atası), qızı Gülşəni və kürəkəni Cavad Kərimovu) şahid kimi istintaqa cəlb edərək, heç bir mötəbər dəlil, sübut, fakt olmadan ziddiyyətli ifadələrlə mənə cinayət işi açılmışdır.
Haşiyə olaraq bildirmək istəyirəm ki, Əhmədova Xanımqız Fərəc qızının həyat yoldaşı Rövşən Əhmədov öz yaxın qohumunu əvvəl ölümlə hədələyib, sonradan 10 kq qızıl-zinət əşyalarını, əmlak və torpaq sahələrini ələ keçirib və bu səbəbdən də AR.CM-nin 132.221.177.178.179-cu maddələri ilə həbs edilib.
Onu da qeyd edim ki, ilk öncə - 18.02.2018-ci il tarixdə Əhmədova Xanımqız Fərəc qızının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə barəmdə etdiyi şikayət baş müstəntiq Hacı Əfəndiyev tərəfindən araşdırılıb və iddialar təsdiqini tapmadığı üçün rədd edilib. Sonradan - 2018-ci ilin aprelində qarşı tərəfin təkrar şikayətini baş müstəntiq Fəxri Babazadə icraata götürüb. O, izahat verdikdən bir ay sonra məni təkrarən idarəyə çağırdı ki, cinayət işinin başlanmasını rədd etmişəm, ancaq X.Əhmədova yenə şikayətçidir, sənin onun ərindən aldığın 62 min manat pulu istəyir.
Mən aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə şikayət edib, ərizənin surətini (icraata qəbul edilmiş) baş müstəntiq F.Babazadəyə verdim ki, onlar mənə 150 min dollar (245 min manat) borclu olduqları halda (və bu pulu təsdiqləyən müvafiq sənəd, etibarnamə, şahid ifadələri, məhkəmə qərarı və şəxsin yazılı izahatı olduğu halda) necə ola bilər ki, mən 62 min manat borclu olum?! Və verdiyim izahatımda şantajçının şikayət ərizəsində qeyd etdiyi hər bir epizodun saxtakarlığını sübuta yetirən şəkildə tam və hərtərəfli izahatını vermişdim...
Cənab Prezident!
Beləliklə, N.Qarayevin barəmdə yazdığı şikayətin əsassız, böhtan xarakterli, o cümlədən mənə borclu olan şəxslərin mənə qarşı iddia qaldırmasının absurd olması tərəfimdən mötəbər faktlarla sübuta yetirildiyi halda qanunsuz olaraq azadlıqdan məhrum edildim. Bununla bağlı DİN-ə, eləcə də digər aidiyyəti qurumlara etdiyim çoxsaylı müraciətlər və şikayətlərin heç birinə cavab verilməməsi, xidmətdə olan polis zabitinin yazmış olduğu ərizə üzrə mənə qarşı cinayət işinin açılmasına dair şikayətimə etinasız yanaşıldığı üçün son ümid yeri olaraq açıq məktubla Sizə müraciət edirəm. Ümid edirəm ki, çoxsaylı qanunsuz əməllərinə baxmayaraq, indiyədək cəzasız qalmış N.Qarayev hüquq müstəvisində layiqli cəzasını alacaq və haqq-ədalət bərpa olunacaq”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


