Tarixin möhürü Böyük Hun İmperiyası
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
(əvvəli BU LİNKDƏ)
...Böyük Hun imperiyasının yaranması. Metenin dövründə Hun-Çin münasibətləri (e.ə.202-174-cü illər). Tarixi mənbələr hun ittifaqının ilk mütləq hakiminin Tou Mani (Tuman, Teoman) olduğunu qeyd edir. Həmçinin onun şanyu /tanhu adlanan çar titulu daşıdığı da öz əksini tapır. Teoman şanyu hun tayfa birliyinin təhlükəsizliyini təmin etmək məqsədilə Xalxa düzlərində məskən saldı və e. ə. 220-ci ildə Hun dövlətinin əsasını qoydu. Qeyd edək ki, Teoman şanyunun iki oğlu vardı. Adətə görə atasının ölümündən sonra taxt-taca onun böyük oğlu yiyələnməli idi. Lakin şanyu varisliyi kiçik oğluna vermək istədiyindən Teoman böyük oğlu Meteni (çinlilər onu Mode adlandı-rırdılar) Şərqi Türküstanda yaşayan yuetci tayfasına girov olaraq göndərdi. Lakin Hun dövləti bölünmə təhlükəsi ilə üzləşdiyi bir vaxtda şanyu bu tayfa üzərinə qəfil hücuma keçib onu yağmaladı. O belə hesab edirdi ki, yuetcilər bundan xəbər tutub oğlunu öldürəcəklər. Lakin Mete bundan xəbər tutub at oğurlayaraq atasının yanına dönür. Şanyu oğlunun bu qəhrəmanlığından fərəhlənməsə də, xalqın təkidi ilə ona bir tümənlik, yəni 10 min nəfərlik ailə verdi. Bu tümənə sərkərdəlik etməklə Metenin hərbi istedadı və qoşunu idarə etmək bacarığı üzə çıxır. O, orduda ilkin olaraq möhkəm nizam-intizam yaratdı. Mete qoşuna əmr edirdi ki, hər kəs eyni anda onun atdığı oxunun arxasınca nişangaha ox atsın. Bunu etməyənlər dərhal cəzalandırılır, boyunları vurulurdu. Beləcə sərt qaydaları tətbiq etməklə Mete bütün qoşunun oxunu əvvəlcə gözəl atının, sonra sevimli xanımının, daha sonra isə atasının və ögey qardaşının üzərinə yönəltdi və e. ə. 209-cu ildə özünü Şanyu (xaqan) elan etdi. Beləcə türk tarixində ilk dəfə Mete atası ilə hakimiyyət uğrunda apardığı mübarizədən qalib ayrıldı. O, 24 tayfadan ibarət hun tayfa birliyini və o zaman Mərkəzi Asiyada mövcud olan irili-xırdalı 26 dövləti özünə tabe etdi.
Hun tayfa birliyi daxilindəki qarışıqlıqdan istifadə etməyə cəhd göstərən dunxu (monqol) tayfaları onların ərazisinin bir hissəsi tələb etdi. Bu ərazilər əkinçillik və maldarlıq üçün əlverişli olmadığından onu zəbt etmək qərarına gəldilər. Şanyu bu dəfə də Əyanlar Şurasını toplayaraq onlardan məsləhət istədi. Onlar isə xaqana “bu atılmış torpağı vermək də olar, verməmək də” dedilər. Əslində Metenin qurmaq istədiyi dövlətə yeni təfəkkürlü əyanlar lazım idi. Əfsuslar olsun ki, bunlar qəbilə marağını dövlət marağından üstün tuturdular. Mete etiraz edərək “Torpaq dövlətin əsasıdır, məgər onu kiməsə vermək, ya bağışlamaq olar? Torpaq Tanrı tərəfindən hər bir xalqa ayrıca verilir. Torpaq varsa, xalq da var və dövlət yaratmaq olar” dedi və torpağı verməyi təklif edənlərin boynunu vurdurdu. Bununla da Tanhu mütləq hökmdara çevrildi.
Özlərində güc his edən dunxular çevriliş nəticəsində zəifləyən hunların yanına elçi göndərib Metenın sevimlini atını tələb etdilər. Əyanların əksəriyyəti belə bir atın verilməsini düzgün hesab etməsələr də Mete buna etiraz etdi və bir ata görə qonşularla münasibəti korlamayacağını bildirdi. Dunxular elə hesab edirdilər ki, Mete onlardan qorxur. Odur ki, bir qədər keçdikdən sonra şanyunun böyük arvadının onlara verilməsi xəbərini göndərdilər. Mete bu dəfə də əyanları ilə məsləhətləşmələr apardı. Əyanlar dunxuların ədəb qaydalarını bilmədiklərindən onlarla müharibə aparmağın vacibliyini vurğuladılar. Xaqan bu dəfə də etiraz etdi və “qonşu dövlətlə münasibətləri bir qadının üstündə korlamaq olmaz” deyərək sevimlı xanımını dunxulara göndərdi.
Mete dərhal dunxuların üzərinə hücuma keçərək onları darmadağın etdi. Dunxuların tör-töküntüləri isə Syanbi və Turan dağlarında gizləndilər. Dunxulara məxsus ərazilər, mal-qara sürüləri hunların nəzarətinə keçdi. Qələbədən ruhlanan hunlar yürüşlərini davam etdirərək əvvəlcə şimal türkləri olan dinlinləri, o cümlədən qequn, suyşe, sinli və b. barbar tayfaları məğlubiyyətə uğradıb İrtış çayına çıxdılar. Daha sonra Şərqə doğru hərəkət edərək Sakit okeana çatdılar. E. ə. 205-204-cü illərdə Mete Ordos tayfaları olan leufan və boyan tayfalarını fəth etdi. Ardınca Çin üzərinə yürüşə hazırlaşaraq əski ata-baba torpaqlarını geri almağa çalışdı.
Çinlə çoxillik müharibələr nəticəsində Mete qədim hun tarpağı olan Ordosu geri qaytara bildi. İmperiyanın ərazilərinin böyüməsi nəticəsində müasirləri onu Xan imperiyası ilə müqayisə edirdilər. Xaqan bir dəfəyə 300 min oxçu toplaya bilirdi. Müharibə hun sərhəddini aşaraq Çin torpağına keçmişdi.
E. ə. 202-ci ildə Çində baş verən vətəndaş müharibəsi Xan sülaləsinin əsasını qoyan Lya Banın qələbəsi ilə başa çatdı. E. ə. 201-ci ildə hunlar Yenisey düzlərində təşəkkül tapan Taqar mədəniyyətini və Dağlıq Altayda Pazırlıq mədəniyyətini yaradanları özlərinə tabe etdilər. E. ə. 200-cü ildə imperator Lyu-Ban 300 minlik qoşunla Meteni cəzalandırıb birdəfəlik özünə tabe etdirmək fikrinə düşdü. Lakin Şanyu ənənəvi taktikasına sadiq qalaraq şimaldan hücum edən hunlarla birlikdə Man qalasını mühasirəyə alaraq qalanın kamendantı Xan Sini əsir götürdülər. Sürətə cənuba doğru hərəkət edən hunlar Şensi əyalətinin şimal hissələrini, o cümlədən bu əyalətin paytaxtı olan Tsinyan şəhərini ələ keçirdilər. Pinçen şəhəri yaxınlığnda Çin ordusunun ön cəbhəsi imperator Lyu-Banı soyuqda 7 gün mühasirədə saxladı. Sonra arvadının xahişi ilə mühasirəni açaraq imperatoru öz paytaxtına göndərir.
Bununla belə Mete Çinə hüсumlarına ara vermir və aramsız yürüşlərini davam etdirirdi. Bu zaman Lyu-Banın əyanlarından biri imperatora məsləhət görür ki, böyük qızını xaqana verməklə bu hücumların qarşısını nəinki almaq, həmçinin bu izdivacdan olan nəvənin gələcəkdə babasına hücum etməyəcəyi və ola bilsin ki, gələcəkdə hunları Çinə tabe etməyin mümkün olacağını qeyd edirdi. Nəticədə e. ə. 200-cü ildə (bəzi mənbələrdə e. ə. 198-ci ildə) Çin və Hun dövlətləri arasında “sülh və doğmalıq” haqqında müqavilə imzalandı. Müqaviləyə görə, Çin imperatoru öz qızını Meteye verməklə yanaşı, hər il vergi ödəməyə boyun olurdu. Qarşılığında Mete isə Xan Sin və digər satqınları Çinə qaytardı. Bununla yanaşı, müxtəlif Çin knyazları mütəmadi olaraq özlərini hunlara təslim edir və onların hakimiyyətini qəbul edirdilər. Ardıcıl məğlubiyyətlərdən təngə gəlmiş Çin imperatoru Lyu-Ban e. ə. 195-ci il-də vəfat etdi və vəliəhd azyaşlı olduğu üçün faktiki olaraq ölkəni onun xanımı Lyuy-Xou idarə edirdi. E. ə. 192-ci ildə Mete şanyu bundan istifadə edərək Lyuy-Xouya məktub yazıb ona evlənmək təklif edir. Mete bununla bütün Çin ərazilərinin gəlinin cehizi kimi ona keçəcəyini zənn edirdi. Lakin dul qadın Çinlə hunlar arasında müharibə olmasın deyə, qocalığı bəhanə gətirərək bu izdivacdan imtina etdi, lakin səfirləri qiymətli hədiyyələrlə yola saldı. Xəracın ödənilməsində Çin tərəfinin üzərinə götürdüyü öhdəliklər vaxtında icra edilirdi. Bu hal yalnız e. ə. 166-162-ci illərdə hunlar tərəfindən “Sülh və doğmalıq” haqqında müqavilənin pozulması ilə aradan qalxmış oldu. Lyuy-Xoyunun ölümündən sonra hakimiyyətə gələn Ven-dinin dövründə bağlanan müqaviləyə əsasən Hun imperiyası Xan imperiyasına bərabər hüquqlu hesab edildi.
Çində vətəndaş müharibəsi başa çatdıqdan sonra ölkə bütün hərbi gücünü səfərbər etdi. Çində Xan sülaləsinin siyasi nüfüzü güclənməyə başladı. E. ə. 191-187-ci illərdə Mete Yeddisu və Şərqi Türküstan, eləcə də Usun ölkəsini fəth etdi. E. ə. 181-179-cu illərdə Mete soqdiyalıları özündən asılı hala saldı. Çinlə sülhün qorunub –saxlanılması nəticəsində Mete şanyunun hərbi qüdrəti getdikcə yüksəldi, daxili sabitlik bərqərar oldu.
E. ə. 177/176-ci ildə Mete üzünü yenidən Şərqi Türküstan və Tyan-Şanda yaşayan usunların ölkəsinə tutaraq türk əsilli soqdiyalılar üzərində parlaq qələbə qazandı. Daha sonra Mete İrtış və Yenisey çaylarının hövzələrində yaşayan indiki qırğızları və Altayda yaşayan qıpçaqları da özünə tabe etdi. Bu Metenin sonuncu uğurlu səfəri oldu. Çin Xan sülaləsindən xərac aldıqdan sonra sülh müqaviləsi imzaladı. Çin hər il qarşı tərəfə əkinçilik məhsulları və böyük miqdarda ipək parça verməyi öhdəsinə götürdü. Nəticədə, Şərqi Türküstanın Hun dövlətinin sərhədlərinə daxil edilməsi ilə imperiyanın ərazisi Şərqi Türküstandan Koreyaya qədər uzandı. Bununla da Hun dövləti Metenin zamanında imperiyaya çevrildi.
Dövlətin qurucusu olan Mete şanyu e. ə. 174-cü ildə vəfat etdi. O, 35 il hakimiyyətdə qaldı və bu zaman dövlətin mərkəzi Ötükən şəhəri idi. Onun dövründə Böyük Hun imperatorluğu dünyanın ən qüdrətli dövlətinə çevrilmişdi. Bəhs olunan dövrdə Hun imperatorluğunun 18 milyon kvadrat kilometr ərazisi olmuşdur. Bö-yük Hun imperiyası şərqdə Koreya, şimalda Kerulen, Tola, Selenqa, Yenisey, Ob, İrtış, İşım çayları, qərbdə Balxaş, hətta Aral gölünə, cənubda isə Çinin Vei çayı, Tibet ovalığı və Qaraqoruma qədər uzanırdı. Tarixçi Əkbər Nəcəfin fikrincə, İşquz imperiyasından sonra Böyük Hun imperiyası ərazilərinin genişliyinə görə, o vaxta qədər tarixdə yaranmış ikinci böyük imperiya hesab edilirdi. Böyük Hun imperi-yasının əraziləri Roma imperiyasından bir neçə dəfə böyük idi. Hun imperiyasının sərhədləri şimalda Sibir buzlaqlarına, cənubda Himalay dağlarına, şərqdə Sakit okeana, qərbdə Xəzər dənizi və Ural dağlarına qədər uzanırdı. Şərqdə Hun dövlətinin sərhədləri Şərqi Tyan-Şana qədər çatırdı və usunların yaşadığı ərazi ilə sərhədlənirdi. Tyan-Şanın şimal-şərqində hunlar kanqyuylarla qonşu idilər.
Metenin islahatları. Mete çox uzaqgörən, ağıllı və səriştəli hakim idi. O, dövlətini daha güclü təməllər üzərində qurmaq, habelə düşmənlərinə qarşı amansız mübarizə aparmaq məqsədilə bir çox sahələrdə -ictimai, siyasi, hüquqi, hərbi islahatlar həyata keçirdi. Mete islahatlara ordudan başladı və onu onluq, yüzlük, minlik və onminlik (tümənlik) hissələrə böldü. Onlara rəhbərlik edən komandanlara isə onbaşı, yüzbaşı, minbaşı və tümənbaşı rütbələri verdi. “Bütün kişilər döyüşçüdür və torpaq dövlətin əsasıdır” ideyası bu islahatların özəyini təşkil edirdi. Mete qısa bir müddət ərzində müxtəlif rəngli atlarla təmin edilmiş (ağ atlılar, qara atlılar və s.) və dörd coğrafi cəhətə uyğun 4 atlı korpus təşkil etdi. Bu zaman Mete ordusunun sayını artıraraq 60 mindən 300 min nəfərə çatdırdı. Tayfaların hər biri lazım gəldikdə müəyyən miqdarda atlı döyüşçü verməli idi. Hun süvarisinin əsas döyüş alətləri ox, nizə, qılınc idi, hunların əsas taktikası düşməni yorub əldən salmaq, sonra isə ona qəfil zərbələr endirmək idi. Hun döyüşçüləri savaş zamanı paz şəklində düzülür, sep şəklində səpələnirdilər. O qədər cəld, çevik davranırdılar ki, rəqibləri onların nə vaxt və haradan peydə olacağını təxmin belə etmirdilər.Özünəməxsus döyüş taktikası olan Mete Əhəməni şahı Daranın bir milyondan artıq ordusunu Skif çöllərindən qaçmağa məcbur etmişdi.
Bu zaman hun ordusu 300 min nəfərdən ibarət idi. Çin ordusu sayına görə hun ordusundan 15-20 dəfə çox idi. Metenin döyüş taktikasında düşməni yormaq amilindən geniş istifadə olunurdu. Bu işi əsas etibarı ilə ordunun önündə gedən dəstələr həyata keçirirdilər. Mete ordunun seçmə atlıları ilə birlikdə pusquda dayanır, döyüşün həlledici anını gözləyirdi. Bundan əlavə, Mete güclü tümənləri döyüş zonasının sağ və sol cinahlarında ehtiyat dəstələr şəklində saxlayır, əksinə zəif döyüşçüləri ön cəbhəyə buraxırdı ki, bu da əsas etibarı ilə yayındırma döyüşlərinə xidmət edirdi. Bu zaman qələbədən ruhlanan düşmənin səfləri pozulur, döyüş intizamı arxa plana keçirdi. Belə olduqda Mete cinahlardan döyüşə yeni qüvvələr cəlb edir və parlaq qələbə qazanırdı. Xaqan ilk dəfə olaraq döyüşlərdə fit çalan oxlar da tətbiq etmişdi. Minlərlə fit çalan ox döyüşlərdə elə vahimə yaradırdı ki, düşmən psixoloji cəhətdən sınır, geri çəkilirdi...
(ardı var)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 01 Sentyabr 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















