TDT nın çoxşaxəli fəaliyyəti: QHT əməkdaşlığının əhəmiyyəti
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pərvanə SULTANOVA
[email protected]
Bu günlərdə Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) həmrəylik forumuna ev sahibliyi etdi. Forum Bakıda və Naxçıvanda keçirildi. Yekunda isə Naxçıvan şəhərində TDT üzv ölkələrin QHT Platformasının təsis konfransı oldu. İlk dəfə idi ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis etdilər. QHT Platformasına ilk rəhbərlik də Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək. Azərbaycan TDT-da inteqrasiyanın, həmrəyliyin güclənməsində, yeni əməkdaşlıq sahələri üzrə əlaqələrin qurulmasında və inkişafında mühüm rola malikdir. Bu mənada Azərbaycan quruma sədrlik edən ölkə kimi həm də vətəndaş cəmiyyəti təsisatları arasında əlaqələrin gücləndirilməsinə çalışır.
Azərbaycan Prezidenti İlham Əliyev həmrəylik forumunun iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib ki, Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.
Dövlət başçısı vurğulayıb ki, bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır: “Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır”.
Prezident bildirib ki, Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.
Təbii ki, irəli sürülən hər bir təşəbbüs, yaradılan hər bir platforma Türk dövlətləri arasında ən müxtəlif səviyyələrdə əməkdaşlığın dərinləşməsinə, təmasların artmasına hesablanıb. Fakt budur ki, son illər TDT xeyli güclənib, regional deyil, artıq beynəlxalq miqyasda əhəmiyyətli rol oynamağa başlayıb. Bu gün üzv ölkələrin əməkdaşlığının genişlənməsi, bunun həm beyin mərkəzlərini, həm QHT-ləri, eyni zamanda, media sahəsini əhatə etməsi qurumun işinə öz töhfəsini verir.
TDT-yə üzv ölkələrin QHT Platformasının təsis konfransında vurğulandığı kimi, burada 8 müxtəlif dövlətdən təmsilçilər olsa da, hər kəsi türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir, bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü hiss edir. Tədbirdə qeyd olunub ki, birlikdə daha təsirli, daha səmərəli nəticələr əldə oluna bilər. Bu, son illər Azərbaycan QHT-lərinin böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü olmaqla, tarixi uğurdur. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının elan edilməsi bütün üzv ölkələrin təmsilçiləri tərəfindən alqışlarla qarşılanıb.
Ümumiyyətlə, son illər türk dövlətləri ilə birgə layihələrin həyata keçirilməsi silsilə xarakter almaqdadır. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın sözlərinə görə, son 3 il ərzində Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə və tərəfdaş qurumlarla bir sıra vacib layihələr həyata keçirilib. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıq forumlarını, COP29 çərçivəsində Bakıda keçirilən “Türk Dövlətlərinin Vətəndaş Cəmiyyəti forumu”nu misal göstərmək olar. Eyni zamanda, ilk dəfə olaraq “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” baş tutub ki, qeyd edilən istiqamətdə əhəmiyyətli addımdır.
Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas lokomotivlərindən biridir və hər bir təşəbbüsü, addımı məhz bu çərçivədə birliyin gücləndirilməsinə yönəlib. Prezident İlham Əliyev növbəti müddətə prezident seçiləndən sonra ötən il fevralın 14-də andiçmə mərasimində çıxış edərkən səsləndirdiyi fikirlər Azərbaycanın türk birliyinə, vahid türk ailəsinə verdiyi önəmin aydın ifadəsi idi: “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.
Türk xalqlarının liderləri Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini bölüşür, dəstəkləyir və Bakının səylərini yüksək qiymətləndirirlər.
TDT-ı dünyada əsas güc mərkəzlərindən birinə çevrilmək üçün böyük potensila malikdir. Azərbaycan Prezidenti TDT dövlət başçılarının ötən il Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə bu məqam diqqət çəkərək deyib: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır".
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “525”ə deyib ki, Türk Dövlətləri Təşkilatı bu gün həqiqətən də dünyanın ən güclü təşkilatlarından birinə çevrilib: “Bu kontekstdə biz görürük ki, TDT ardıcıl, sistemli şəkildə fəaliyyət göstərməkdədir. Əlbəttə ki, bu ölkələrin ortaq maraqları var və hətta artıq ortaq geosiyasi və geoiqtisadi çağırışlarla üz-üzədirlər. Bundan başqa, iqtisadi, siyasi perspektivlər məsələsi də onları bir yerdə olmağı sövq edir. Biz bilirik ki, TDT son beş ildə çox böyük inkişaf yolu keçib, dövlət liderlərinin münasibətləri, dövlətlər arasındakı münasibətlər ən yüksək səviyyədədir. Təbii ki, vətəndaş cəmiyyətləri institutları arasındakı münasibətlər də vacibdir, çünki müasir beynəlxalq proseslərdə QHT-lər, beyin mərkəzləri, medianın rolu xarici siyasətdə olduqca əhəmiyyətlidir”.
Politoloqa görə, bütün bu aspektlərdə məsələlərə nəzər saldıqda, sözsüz ki, TDT-ı çərçivəsində QHT platformasının yaradılması olduqca vacib idi: “Ona görə də bu həftənin əvvəlində Bakıda və Naxçıvanda TDT ölkələri nümayəndələrinin iştirakı ilə baş tutan QHT həmrəylik forumu və QHT Platformasının yaradılması tarixi bir məqamdır. Bu, ölkələrin bir-birinə daha da yaxınlaşmasına, cəmiyyətlərin bir-birinə daha da inteqrasiya olunmasına kömək edəcəkdir. TDT-nın platformasının məhz Naxçıvanda elan edilməsi təbii ki, çox böyük məna kəsb edir, bu o deməkdir ki, əgər bir zamanlar Zəngəzur torpaqları vasitəsilə Türk dünyasını bir-birindən ayırmışdılarsa, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Naxçıvan birləşdirici coğrafiyaya, məkana çevrilibdir. Burada artıq biz birləşən türk dünyasına şahidlik etməkdəyik”.
Politoloq hesab edir ki, bu əməkdaşlıq sözsüz ki, daha da güclənəcəkdir: “Artıq Azərbaycan QHT-ləri ilə Özbəkistan QHT-ləri arasında, Türkiyə QHT-ləri arasında mühüm əməkdaşlıq var. Bu həftə baş tutan görüşlərdə həm də Azərbaycan və Qazaxıstan QHT-nin birinci forumu keçirildi. Bu da vacib tarixi məqamdır, gələcəkdə isə nəzərdə tutulur ki, artıq bir sıra ölkələrlə birlikdə müştərək layihələr hazırlansın, tədbirlər həyata keçirilsin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 28 Noyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















