TDT yeni mərhələyə keçir: Bakı üçün imkanlar artır
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Oktyabrın 29-30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü keçiriləcək. Sammit Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü ildönümünə və "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr olunacaq.
Bu sammitdən gözləntilər nələrdir? TDT-nin bu cür artan rolu Qərb və Şərq güc mərkəzləri üçün qıcıq yaradırmı? Sammitin Azərbaycan siyasəti üçün hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Əlisahib Hüseynov bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammiti ətrafında gözləntilər bir neçə istiqamətdə şaxələnir.
Onun sözlərinə görə, söhbət ilk növbədə institusional dərinləşmə, təhlükəsizlik gündəliyi və praktik əməkdaşlıq mexanizmlərinin işləkliyinin artırılmasından gedir. Sammitin Türkiyə Cümhuriyyətinin 103-cü ildönümünə təsadüf etməsi isə ona əlavə siyasi və ideoloji çəki verir:
"Bu, TDT-nin yalnız mədəni yaxınlıq platforması deyil, həm də geopolitik məzmunu olan bir birləşdirici format kimi təqdim olunmasına xidmət edir. Bu baxımdan “Regional sülh və təhlükəsizlik” mövzusu heç də təsadüfən seçilməyib. Mövzu seçimi onu göstərir ki, sammitin gündəliyinin mərkəzində daha çox sərhəd təhlükəsizliyi, nəqliyyat dəhlizləri, informasiya təhlükəsizliyi, terrorizmə qarşı koordinasiya və regional böhranlara birgə münasibət məsələləri dayanacaq".
Müsahibimiz qeyd edib ki, TDT-nin Ankara Zirvəsindən birinci gözlənti bu platforma daxilində koordinasiyanın gücləndirilməsidir. Təşkilat son illərdə mədəni-humanitar platformadan tədricən daha ciddi siyasi və iqtisadi əməkdaşlıq mexanizminə çevrilməyə çalışır.
Dediyinə görə, sammitdə üzv və müşahidəçi dövlətlərin ortaq mövqelərinin daha açıq ifadə olunması, qərarların institusional çərçivəyə salınması və gələcək yol xəritəsinin dəqiqləşdirilməsi mümkündür. Xüsusən nəqliyyat-kommunikasiya layihələri, Orta Dəhliz, gömrük və logistika uyarlılığı kimi mövzular ön plana çıxa bilər:
“İkinci gözlənti təhlükəsizlik gündəliyinin daha da genişlənməsidir. “Regional sülh və təhlükəsizlik” mövzusu onu göstərir ki, TDT özünü təkcə iqtisadi ittifaq kimi deyil, həm də regionda - nəhəng Avrasiya arealında sabitlik istehsal edən aktor kimi təqdim etməyə çalışır. Bu, birgə hərbi təlimlərdən daha çox, təhlükəsizlik dialoqu, strateji məsləhətləşmə, sərhəd riskləri, hibrid təhdidlər və kibertəhlükəsizlik sahəsində yaxınlaşma demək ola bilər. Azərbaycan üçün bu, xüsusilə mühüm məsələdir. Çünki Cənubi Qafqazdakı post-münaqişə dövrü hələ tam sabitləşməyib. Prezident İlham Əliyevin bu yaxınlarda AQEM sammitində vurğuladığı kimi, sülh hələ çox kövrəkdir".
Qurumun artan rolunun qıcıq yaratmağına da toxunan Ə.Hüseynov hesab edir ki, müəyyən mənada TDT-nin kimlərdəsə qıcıq yaratdığını ehtimal edə bilərik. Amma bu, açıq qarşıdurma demək deyil. TDT-nin yüksəlişi hazırkı məqamda bəzi güc mərkəzlərində diqqət və ehtiyat doğura bilər. Çünki təşkilat özündə bütün Türk dünyasını vahid siyasi, iqtisadi məkana çevirmək potensialını daşıyır:
"Xüsusən nəqliyyat marşrutlarının diversifikasiyası, enerji və logistika bağlantılarının güclənməsi, regional qərarvermədə daha müstəqil xəttin ortaya çıxması bəzi aktorlar tərəfindən öz təsir zonasına alternativ kimi və ya real rəqib kimi qəbul oluna bilər. Bu, Qərb üçün əsasən geosiyasi balans məsələsidir. Əgər TDT daha çevik, daha koordinasiyalı və daha iddialı platformaya çevrilərsə, bu, Avropa Birliyi, ABŞ və digər Qərb mərkəzləri üçün regiondakı təsir alətlərinin bir hissəsinin yenidən bölüşdürülməsi anlamına da gələ bilər. Qərb eyni zamanda xüsusilə enerji təhlükəsizliyi, Orta Dəhliz, regional dayanıqlılıq və sabitlik baxımından TDT-ni partnyor kimi (əməkdaşlıq tərəfdaşı kimi) də görə bilər".

Əlisahib Hüseynov: Sammit Azərbaycana Türk dünyası daxilində öz diplomatik çəkisini daha da artırmaq imkanı verəcək
Ə.Hüseynov vurğulayıb ki, Rusiya, Çin və İran kimi geosiyasi oyunçular bu məsələdə daha həssasdır. TDT-nin böyüməsi onların regiondakı ənənəvi təsir mexanizmlərini zəiflətməyə bilməz.
"Əslində TDT kiməsə qarşı yaradılmış birlik platforması, anti-Şərq və ya anti-Qərb layihəsi deyil. TDT-nin bu cür təqdim olunması halında təbii ki, geosiyasi risklər arta bilər. Lakin bunun əksinə, praqmatik əməkdaşlıq və açıq regionalizm xətti qorunarsa, qıcıq minimuma enə bilər. Yəni, problem TDT-nin mövcudluğundan çox, onun yaxın perspektivdə hansı məzmunla böyüməsidir", - deyə Ə.Hüseynov izah edib.
TDT-nin Ankara Zirvəsinin Azərbaycan siyasəti üçün mümkün təsirlərinə gəlincə, partiya sədri bu toplantının ölkəmiz üçün bir neçə mühüm nəticəsinin ola biləcəyini açıqlayıb. Əvvəla, Azərbaycan-Türkiyə strateji xəttindəki hazırkı cari gərginliklərin tam şəkildə aradan qalxması və həm ikitərəfli əməkdaşlığımızın, həm də TDT çərçivəsində işbirliyimizin daha da möhkəmlənəcəyinə şahidlik edə bilərik:
"Eyni zamanda, Azərbaycan TDT-nin fəal üzvü kimi özünü yalnız etnomədəni-tarixi yaxınlıq müstəvisində deyil, həm də regional layihələrin mərkəzində dayanan əsas aktor kimi, birləşdirici güc kimi görür. Bu baxımdan, TDT-nin qarşıdakı sammitinin Azərbaycana Türk dünyası daxilində öz diplomatik çəkisini və təsirini daha da artırmaq imkanı verəcəyini düşünürəm.
İkincisi, bu proses Azərbaycanın tranzit və nəqliyyat ölkəsi kimi rolunu bir az da gücləndirə bilər. Orta Dəhliz, Zəngəzur istiqamətində nəqliyyat bağlantıları, Xəzər üzərindən əlaqələr və Mərkəzi Asiya ilə inteqrasiya mövzuları Azərbaycan üçün strateji prioritetdir. TDT nə qədər praktiki əməkdaşlıq platformasına çevrilsə, Azərbaycan da bir o qədər mühüm qovşağa çevriləcək".
Ə.Hüseynov bildirib ki, bu sammit Azərbaycanın post-münaqişə sülh gündəliyini də dəstəkləyə bilər.
"Əgər Ankara sammitinin yekun sənədində regional sülh, sərhəd təhlükəsizliyi və kommunikasiyaların açılması mövzuları gücləndirilərsə, bu, Azərbaycanın sülh müqaviləsi, regional inteqrasiya və iqtisadi bərpa xəttinə əlavə beynəlxalq legitimlik qazandırar. Bu, xüsusən Ermənistanla normallaşma prosesində Bakının diplomatik mövqelərini daha möhkəmləndirə, rəsmi İrəvanın mövqeyinə təsir imkanlarını artıra bilər.
Bundan başqa, TDT-nin güclənməsi Azərbaycanın çoxvektorlu xarici siyasətinə əlavə imkan verir. Bildiyimiz kimi Bakı hazırda həm Qərblə, həm də regiondakı digər güclərlə balanslı münasibətlər qurmağa çalışır. TDT isə bu balanslaşdırmada Azərbaycanın əlini daha da gücləndirən bir platforma ola bilər. Çünki bu halda ölkəmiz yalnız ikitərəfli deyil, çoxtərəfli siyasi çərçivədə də təsir rıçaqları əldə edir. Ona görə də bu gün Azərbaycan üçün ən optimal model TDT-ni inklüziv, praqmatik və iqtisadi yönümlü saxlamaq və onun beynəlxalq nüfuzunun güclənməsinə çalışmaqdır” - Ə. Hüseynov qeyd edib.
Əlisahib Hüseynov son olaraq əlavə edib ki, Ankara sammiti TDT-nin daha yetkin, daha siyasi və daha təhlükəsizlikyönümlü mərhələyə keçidinin simvolu ola bilər:
"Bu sammitdən əsas gözlənti türk dövlətlərinin bir-birinə daha yaxın koordinasiya, daha çox institusional əməkdaşlıq və daha çox regional təsir nümayiş etdirməsidir. Azərbaycan üçün isə bu sammit həm diplomatik, həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, TDT-nin qarşıdakı zirvə görüşündən sonra Azərbaycanın regional qovşaq, sülh təşəbbüskarı və ümumtürk inteqrasiyasının əsas aktorlarından biri kimi mövqeyi daha da güclənəcək. Bu baxımdan, gözləntilərimiz nikbindir. Əsas məsələ budur ki, TDT-nin güclənməsi bütün üzv dövlətlərin maraqlarına uyğundur".
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 22 Oktyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















