Icma.az
close
up
RU
Təcrid, yoxsa dominantlıq?

Təcrid, yoxsa dominantlıq?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Vaşinqtonun təzyiqi Brüsseli taleyüklü seçimlə üzləşdirib

Vaşinqton ilə Brüssel arasında münasibətlər növbəti fikir ayrılığı və ya diplomatik gərginlik mərhələsini çoxdan geridə qoyaraq dərin çatın əmələ gəldiyi davamlı qarşıdurma müstəvisinə keçib. ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul edilən yeni Milli Təhlükəsizlik Strategiyası Avropanın müharibədən sonrakı liberal elitasına və onun post-milli, bürokratik idarəçilik modelinə yönəlmiş qəti və dönməz qərar rolunu oynayır.

Avropa İttifaqı (Aİ) rəhbərliyinin güzəştlər etməsinə baxmayaraq, Vaşinqtonun Brüsseli getdikcə ABŞ-ın təhlükəsizliyini zəiflədən qeyri-effektiv qurum kimi görməsi İkinci Dünya müharibəsindən sonra formalaşmış Qərb anlayışının sonunu və beynəlxalq münasibətlərdə praqmatik dövrün başlanğıcını simvolizə edir. Vaşinqtonun yeni kursu Avropadakı bəzi liberal şərhçilərin iddia etdiyi kimi özünütəcrid və ya “yeni Monro doktrinası” olmayıb, əksinə, Avropanın strateji acizliyini və ABŞ olmadan ən mühüm problemlərini belə həll etməyə qadir olmadığını göstərən amansız reallıqdır. Bu strategiya, faktiki olaraq, Aİ-ni tarixi seçim qarşısında qoyur: ya ABŞ-ın yeni qaydalarını qəbul edərək daha kiçik tərəfdaş roluna razılaşacaq, ya da ağrılı və xətalı olsa da, real suverenlik yolunu tutaraq taleyini müstəqil şəkildə müəyyən etməyə çalışacaq.

Bu tarixi qarşıdurmanın mahiyyətini dərk etmək üçün, ilk növbədə, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında Avropaya yönəlik müddəalarını sistemli bilmək zəruridir. Sənəd diplomatik dillə pərdələnmiş olsa da, mahiyyət etibarilə Aİ-nin mövcud idarəçilik modelinə və siyasətinə qarşı yönəlmiş ittihamnamədir. Strategiyada ittifaqın üzləşdiyi miqrasiya böhranının “sivilizasiyanın silinməsi” (civilisational erasure) təhlükəsi yaratdığına edilən işarə təsadüfi ifadə seçimi deyil. Vaşinqton strateqlərinin nəzərində Brüsselin yürütdüyü “açıq qapı” siyasəti, nəzarətsiz miqrasiya axınları Avropa sivilizasiyasının təməlini təşkil edən milli kimlikləri, mədəni dəyərləri və ənənəvi həyat tərzini zəiflədərək uzunmüddətli perspektivdə Qərb sivilizasiyasının özünü təhlükə altına atır.

Strategiyanın ikinci kəskin tənqid hədəfi Aİ ölkələrində “siyasi azadlıq və suverenliyi sarsıdan” senzura praktikasıdır. ABŞ-ın baxış bucağından, xüsusən rəqəmsal platformalarda və sosial mediada “nifrət nitqi” ilə mübarizə adı altında həyata keçirilən sərt tənzimləmələr, əslində, Brüsselin rəsmi kursuna zidd olan alternativ fikirlərin susdurulması məqsədi güdür. ABŞ Dövlət katibinin müavini Kristofer Landaunun Aİ hakimiyyətlərini “seçilməmiş, qeyri-demokratik və qeyri-reprezentativ” adlandırması və onların ABŞ-ın təhlükəsizliyini zəiflətdiyini bəyan etməsi məhz həmin fəlsəfi ayrılığın ən yüksək səviyyədə ifadəsidir.

Bu ideoloji hücum qarşısında Aİ rəhbərliyinin reaksiyası qurumun daxilindəki dərin çaşqınlığı və strateji iflici açıq-aşkar nümayiş etdirdi. Avropa Şurasının sədri Antonio Koştanın Tramp administrasiyası ilə iqlim böhranı kimi məsələlərdə mövcud fikir ayrılıqlarının yeni strategiya ilə tamamilə fərqli müstəviyə keçdiyini, Avropa siyasətinə müdaxilə təhdidi ilə barışmayacaqlarını və “Avropanın suveren olması” gərəkdiyini bəyan etməsi Brüsselin bir hissəsinin ABŞ-ın patronajlığından çıxmaq və qlobal səhnədə müstəqil qütb kimi çıxış etmək arzusunu əks etdirir. Həmin “strateji muxtariyyət” ideyası, xüsusilə Fransa Prezidenti Emmanuel Makron tərəfindən illərdir təbliğ olunur və Avropanın təhlükəsizliyini təmin etmək, müstəqil hərbi güc yaratmaq, xarici siyasətini Vaşinqtondan asılı olmadan müəyyənləşdirmək hədəfini güdür.

Lakin spektrin digər ucunda Aİ-nin diplomatiya xidmətinin rəhbəri Kaya Kallasın daha barışdırıcı və praqmatik mövqeyi dayanır. Onun Dohadakı forumda ABŞ-ın yeni strategiyasında Aİ-yə yönəlik tənqidlərin çox olduğunu, lakin onların bir qisminin hətta “ədalətli” olduğunu etiraf etməsi və yekunda “biz əsas müttəfiqlərik və bir yerdə dayanmalıyıq” deməsi ABŞ-ın hərbi çətirinin Avropa üçün hələ də əvəzolunmaz olduğunu dərk edən realpolitik cərəyanın göstəricisidir. Kallasın mövqeyi xüsusilə Rusiyanın təcavüzündən birbaşa təhdid hiss edən Şərqi və Mərkəzi Avropa ölkələrinin ümumi əhval-ruhiyyəsini əks etdirir.

Vaşinqtonun yeni kursunu “izolyasiyaizm” və ya “yeni Monro doktrinası” kimi təqdim etməyə çalışan Avropanın liberal şərhçilərinin arqumentləri tamamilə əsassız görünür. ABŞ dünyadan təcrid olunmur; əksinə, xarici siyasətini daha selektiv, daha praqmatik və birbaşa milli maraqlara söykənən şəkildə yenidən qurur. Vaşinqton artıq bütün dünyanın problemlərini həll etmək və müttəfiqlərinin təhlükəsizliyini təmənnasız şəkildə təmin etmək kimi ağır yükü daşımaq istəmir. Yeni strategiyanın mahiyyəti ondan ibarətdir ki, ABŞ öz tərəfdaşlarından daha çox məsuliyyət götürmələrini, müdafiə xərclərini artırmalarını və regional təhlükəsizliklərinin təminatında daha fəal rol oynamalarını tələb edir. Brüsseldəki görüşlərdən kənarda qalmaqla Amerika hökuməti heç nə itirmədi.

* * *

Bütün bu proseslərin fonunda Avropanı transatlantik münasibətləri qeyri-müəyyənliklə müşayiət olunan, ciddi transformasiya və yeni güc balanslarının formalaşdığı çətin gələcək gözləyir. Birincisi, Aİ daxilində parçalanma dərinləşəcək. ABŞ ilə sıx təhlükəsizlik əlaqələrinə üstünlük verən Şərqi və Mərkəzi Avropa ölkələri (Polşa, Baltikyanı dövlətlər və s.) ilə “strateji muxtariyyət” arzusunda olan Qərbi Avropa nüvəsi (Fransa, qismən Almaniya) arasında ziddiyyətlər daha da kəskinləşəcək. Vaşinqton Brüsseli arxa plana çəkərək birbaşa Varşava, Buxarest və digər paytaxtlarla ikitərəfli hərbi və siyasi sazişlər imzalamağa davam edəcək. Həmin proses Aİ-nin vahid xarici siyasət orqanı kimi rolunu tamamilə nominal səviyyəyə endirə bilər.

İkincisi, “Brüssel effekti”nin, yəni Aİ-nin öz daxili bazarının gücü vasitəsilə qlobal standartları (ətraf mühit, rəqəmsal tənzimləmə, istehlakçı hüquqları və s.) müəyyən etmək qabiliyyətinin zəifləməsi sürətlənəcək. ABŞ Aİ-nin tənzimləmə modelinə açıq şəkildə meydan oxuyaraq, öz şirkətlərini qorumaq və daha azad ticarət prinsiplərinə əsaslanan alternativ standartlar irəli sürmək üçün digər ölkələrlə yeni ticarət blokları yaratmağa çalışacaq.

Üçüncüsü, Avropa real seçim qarşısında qalacaq: ya öz hərbi potensialını kəskin şəkildə artırmalı, ya da ABŞ-ın yeni şərtlərini qəbul etməlidir. Real Avropa Ordusunun yaradılması ideyası onilliklərdir müzakirə olunsa da, heç vaxt reallaşmayıb. Bunun üçün nə maliyyə resursları, nə vahid komandanlıq strukturu, nə də, ən əsası, siyasi iradə mövcuddur. Ayrı-ayrı ölkələrin milli maraqları ümum-Avropa maraqlarından hələ də üstün hesab olunur. Bu səbəbdən daha real ssenari, Avropanın müəyyən daxili müqavimətdən sonra ABŞ-ın liderliyini qəbul etməsi, lakin həmin ittifaqın artıq “bərabərhüquqlu tərəfdaşlıq” yox, Vaşinqtonun dominant olduğu iyerarxik model üzərində qurulmasıdır.

Şahidi olduğumuz proseslər, sadəcə, bir administrasiyanın siyasətindən qaynaqlanan müvəqqəti böhran deyildir. Bu, Qərb sivilizasiyasının öz daxilində baş verən dərin tektonik hərəkətlərin, fərqli inkişaf modellərinin, dünya baxışlarının toqquşmasının nəticəsidir. ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası tarixi prosesin katalizatoru və manifesti rolunu oynadı. Köhnə transatlantik ittifaq “soyuq müharibə” dövrünün ortaq təhdidləri və liberal internasyonalizm idealları üzərində qurulmuşdu. Həmin təməllər artıq mövcud deyil. Dünya dəyişib və ABŞ da yeni dünyaya uyğun siyasət yürüdür. Avropa İttifaqı isə hələ də keçmişin illüziyalarından tam qurtula bilməyib və yeni reallıqlara uyğunlaşmaqda çətinlik çəkir. Qarşıdakı illər Avropanın taleyini müəyyən edəcəyi çətin sınaqlar dövrü olacaq. Vaşinqton isə həmin prosesi kənardan, praqmatik maraqları və soyuq strateji hesablamaları ilə izləyəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see276

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see243

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see241

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see230

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see222

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see218

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see210

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see207

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see205

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see202

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see199

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see199

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see198

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see195

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see195

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see169

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri