Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb? SORĞU
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
Deyirlər ki, aktyorun ən böyük qazancı tamaşaçı alqışıdır. Səhnədə aktyora rol ifa etməyə ruh verən də, onu mənəvi yaşadan da məhz tamaşaçı alqışıdır. Ancaq bəzən tamaşaçı sevgisi aktyora kifayət edirmi? Əlbəttə ki, yox. Axı aktyor da insandır və onun məişət qayğıları var. Doğrudur ki, məşiət qayğılarını mədəniyyətə gətirmək olmaz. Ancaq aktyorun məşiət qayğısı təmin olunmalıdır ki, onun beyni də ürəyi kimi səhnədə yalnız sənəti düşünsün. Aktyor da incəsənət insanıdır. Bu insanlar daha çox sevgiyə və diqqətə ehtiyaclıdırlar.
Adalet.az ömrünü sənətə həsr etmiş, illərini teatr səhnələrində keçirmiş hazırda ömrünün payız fəslini yaşayan bir neçə sənətkarın düşüncələrini öyrənərək,onların sənətkarların səhhəti ilə maraqlanıb:
Xalq Artisti Valeh Kərimov ona diqqətin, qayğının olmamasından gileylənib:
“İndi elə şeylər yoxdur. Ömrünü sənətə həsr edən adamların ahıl çağında əhvalı ilə maraqlanmırlar. Çünki bunu görmürəm. Səhhətim normaldır. Ancaq yaşımla əlaqədar artıq işləmirəm. Təaqüdçüyəm. Nəinki maddi cəhətdən, heç mənəvi olaraq da heç bir aidiyyəti qurumun marağında deyiləm. Ancaq nə gözəl olardı insan xatırlansın, yada düşsün. Arzulayıram ki, sağlam yaşayaq. Ən böyük nemət can sağlığıdır”.
Xalq artisti Məzahir Süleymanov isə ömrünün bu çağında Mədəniyyət Nazirliyindən heç kəsin onunla maraqlanmadığını qeyd edib:
“Bilirsiniz ki, Xalq artistlərinin 99%-i Prezident təqaüdü alır. Ancaq nədənsə bu təqaüd mənə verilmir. Səbəbin də bilmirəm, heç bununla maraqlanmamışam. On il əvvəl yaşımla əlaqədar mədəni şəkildə Sumqayıt Dövlət Dram Teatrından kənarlaşdırılmışam. Rəhbərlik teatrda aktyorlara yaş məhdudiyyəti qoyulduğunu dedi. Hazırda 81 yaşım var, heç bir aidiyyəti qurum nəinki maddi, heç mənəvi də dəstək olmayıb.
Bütün bunlar insanın sənət ruhuna təsir edir. Yaş məhdudiyyətinin teatrlara şamil edilməsi səhv düşüncədir. Axı səhnə aktyorun ikinci vətənidir.
Artıq bircə arzum var ki, Allah verdiyi ömrü sağlam yaşayım”.
Xalq artisti Yasin Qarayev isə heç bir aidiyyatı qurumdan dəstək gözləmədiyini vurğulayıb:
“Ömrümün 51 ilini bu sənətə həsr etmişəm. Bu illər ərzində Mədəniyyət Nazirliyindən heç bir təbrik almamışam. Heç vaxt doğum günümdə və ya bayramlarda adi bir məktub belə göndərməyiblər. Bu diqqət olmayıbsa, sizə necə yalan deyə bilərəm? Ancaq bu mənim yaradıcılıq ruhuma qətiyyən təsir etmir. İnanın ki, heç bir qurumdan maddi və mənəvi dəstək ummuram. Heç buna ehtiyacım da yoxdur. Ola bilsin onların da qayğıları çoxdur, hər kəsə çata bilmirlər. Yəqin ki, belədir.Təqaüdçü olmağıma baxmayaraq, çalışıram. Gənc Tamaşaçılar Teatrında fəaliyyətimi davam etdirirəm. Hazırda “Hacı Qara” tamaşasını yenidən səhnələşdiririk, məşqlər davam edir. Həmin tamaşada mən də rol almışam.Bir dönəmlər teatrlarda yaş məhdudiyyəti var idi. Ancaq bu, bütün teatrlara aid deyil. Məsələn, bizim teatr bu qaydalarla işləmir. Səhnəyə uşaq da lazımdır, yaşlı aktyor da lazımdır, cavan aktyor da lazımdır. Əgər aktyorun səhhəti səhnədə söz deməyə imkan verirsə, o niyə işdən çıxmalıdır? Yaradıcılıq insanı yaşadır axı”.
Aktyor Allahverdi Yolçuyev isə səhhətində problemlər olmasına baxmayaraq, işləmək istədiyini deyib:
“Doğrudur, səhhətimdə problem olsa da, düşünürəm ki, işləmək mənə ruh yüksəkliyi gətirəcək. Aiddiyyəti qurumlar bir mddət əvvəl dəstək oldu. Artıq dəstək olmurlar. Ad günümdə də yalnız fəxri fərmanla təltif olundum. Düşünürəm ki, Mədəniyyət Nazirliyinin mənə ən böyük diqqəti məni işlə təmin etmək olar. Çox arzulayıram ki, yenidən teatrda işləyim. Mən özümü yenidən teatr səhnəsində rol ifa edəcək qədər gümrah hiss edirəm. İş həm maddi, həm mənəvi olaraq adamı yaşadır”.
Əntiqə Kərimzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















