Icma.az
close
up
RU
Təzyiq siyasətindən həqiqət diplomatiyasına keçid

Təzyiq siyasətindən həqiqət diplomatiyasına keçid

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton Bəyannaməsi İrəvanı geosiyasi dividendlər yoluna çıxarır

Son illər Cənubi Qafqazda baş verən proseslər göstərir ki, sülh yalnız siyasi iradə, geosiyasi balans və diplomatik manevrlərlə təmin olunur. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması bu həqiqəti bir daha təsdiqlədi. Prosesin ən diqqətçəkən məqamlarından biri isə Ermənistan Baş naziri Nikol Paşinyanın kənar təzyiqlərdən qorunması oldu. İlk baxışdan bu, yalnız şəxsi siyasi mövqenin qorunması kimi görünə bilər, lakin, əslində, söhbət İrəvan üçün strateji dividendlər gətirən, onu həm Rusiya, həm də digər regional güclərin təsirindən müəyyən qədər uzaqlaşdıran geosiyasi manevrdən gedir. Sual yaranır: Paşinyanı qorumaq, əslində, Ermənistanın gələcəyinə hansı yeni imkanları açır və bu, bölgədə güc balansına necə təsir edir?

Vaşinqtonda baş verən paraflanma prosesi, əslində, yalnız diplomatik prosedur deyil, bölgənin strateji arxitekturasında yeni mərhələnin başlanğıcıdır. Burada üç istiqamət – ABŞ-ın dəyişən yanaşmasının, Azərbaycanın ardıcıl və prinsipal siyasətinin, Ermənistan rəhbərliyinin isə öz siyasi mövqeyini qorumaq üçün atdığı addımların – eyni nöqtədə toqquşması müşahidə olunur. Bu, təsadüfi bir kəsişmə deyil; hər bir aktorun uzunmüddətli strategiyası, mövcud geosiyasi vəziyyətin doğurduğu zərurətlər və qarşılıqlı ehtiyaclar bu prosesi qaçılmaz edib.

Vaşinqton faktoru ilə başlasaq, ABŞ-ın Cənubi Qafqaz siyasətində uzun müddət dominant olan normativ təzyiq yanaşmasının – yəni tərəfləri “məcburi güzəşt” formatına çəkən preskriptiv diplomatiyanın (təlimat verən) – artıq effektiv olmadığını anladığını görürük. 2020-ci ildən sonrakı reallıq, xüsusilə Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi strateji üstünlük Qərbin istədiyi nəticələri klassik vasitələrlə almaq imkanlarını məhdudlaşdırdı. Beləliklə, Vaşinqton üçün “faktlarla işləyən vasitəçilik” – yəni mövcud güc balansını nəzərə alan, tərəflərin real qırmızı xətlərini qəbul edən və prosesə siyasi zəmanət gətirən model – daha rasional seçimə çevrildi. ABŞ bu dəfə prosesə “hakim” kimi deyil, “fasilitator” (vasitəçi) kimi daxil oldu, bu da həm onun reputasiyasına, həm də nəticə əldə etmə ehtimalına müsbət təsir göstərdi.

Azərbaycan faktoru isə tamamilə başqa bir məntiq üzərində qurulub. Prezident İlham Əliyevin 2020-dən bəri yürütdüyü “şərtli realizm” xətti – yəni sülhün yalnız Azərbaycanın suverenlik prinsiplərinə, sərhədlərinin tanınmasına və Ermənistanın konstitusiyasındakı ərazi iddialarının ləğvinə əsaslanacağı yanaşması – Vaşinqton paraflanmasının hüquqi və siyasi nüvəsini təşkil etdi. Rəsmi Bakının mövqeyi heç vaxt dəyişmədi, nə beynəlxalq təzyiqlər, nə də media kampaniyaları ondan güzəşt qopara bilmədi. Məhz bu prinsipiallıq prosesin uğurlu nəticələnməsinin əsas sütunu oldu və Vaşinqtonun da qəbul etdiyi reallıq məhz bundan ibarət idi.

İrəvan faktoru isə daha mürəkkəbdir. Paşinyan üçün bu paraflanma, sadəcə, sülh prosesində irəliləyiş deyil, həm də kənar təzyiqlərə qarşı qalxan funksiyasını daşıyır. Ermənistanın daxilində radikal müxalifət, xaricdə isə xüsusən Moskvanın təzyiqləri Paşinyanın manevr imkanlarını məhdudlaşdırırdı. Vaşinqtonun prosesi öz siyasi “çətiri” altına alması Paşinyana daxili auditoriya qarşısında belə izah imkanı yaradır: “Biz təkbaşına deyil, beynəlxalq öhdəliklər çərçivəsində dəyişiklik edirik”. Bunlar həm də ona Kremlin birbaşa təsirini neytrallaşdırmaq, Qarabağ və Zəngəzur məsələlərində Rusiya vasitəçiliyindən asılılığı minimuma endirmək fürsəti verir.

Sual yaranır: Niyə məhz indi və niyə Vaşinqton? Cavab çoxqatlıdır. Birincisi, 2020-ci ildən sonrakı hərbi-siyasi reallıq artıq dəyişməz fakt kimi beynəlxalq arenada qəbul olunur. İkincisi, enerji və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, xüsusən Orta Dəhliz layihəsi Qərb üçün Cənubi Qafqazı strateji prioritetə çevirib. Üçüncüsü, ABŞ və Qərb Rusiya təsirini məhdudlaşdırmaq üçün Ermənistana siyasi dəstək verərək onu öz orbitinə yaxınlaşdırmaq istəyir. Bütün bunların fonunda Vaşinqtonda paraflanma həm Azərbaycanın prinsipial mövqeyinin qəbul edilməsi, həm də Ermənistanın geosiyasi istiqamətdə mühüm dönüş nöqtəsi oldu.

Beləliklə, 8 avqust görüşü bölgədə oyun qaydalarının dəyişməsinin rəsmi təsdiqi idi. ABŞ üçün bu, reallıqla uzlaşma; Azərbaycan üçün prinsipial mövqeyin beynəlxalq legitimləşdirilməsi; Ermənistan üçün isə daxili və xarici təzyiqlərdən müəyyən dərəcədə qorunma deməkdir. Prosesin uğuru həm də tərəflərin bundan sonrakı addımlarında həmin reallıq və öhdəliklərə sadiq qalmasından asılı olacaq.

Ermənistan üçün bu prosesin ən mühüm dividendlərindən biri, şübhəsiz ki, kənar təzyiqlərin, xüsusilə də Moskvanın siyasi və strateji basqısının zəifləməsidir. İllərdir Ermənistanın xarici siyasət vektoru böyük ölçüdə Rusiyaya bağlı olub. Hərbi təhlükəsizlikdən tutmuş enerji infrastrukturuna, hətta informasiya mühitinə qədər bir çox sahədə Moskva təsiri hökm sürürdü. 2020-ci ildən sonra, xüsusən 2023-cü ilin payızında Qarabağda Azərbaycanın suverenliyini bərpa etməsindən sonra, bu təsir daha çox siyasi şantaj və daxili sabitliyi sarsıtmaq cəhdlərinə çevrildi. Paşinyan üçün belə bir şəraitdə Qərbin, xüsusilə ABŞ-ın siyasi zəmanətini qazanmaq həm daxildəki siyasi rəqiblərə, həm də Rusiya təsirinə qarşı mühüm balans aləti idi.

İkinci dividend Ermənistanın regional nəqliyyat və iqtisadi layihələrdə mövqeyinin potensial olaraq yenidən formalaşdırılması ilə bağlıdır. Zəngəzur dəhlizi və Qarabağ məsələsində Rusiya vasitəçiliyindən uzaqlaşmaq İrəvana iki üstünlük verir: birincisi, danışıqların Vaşinqton formatına daşınması ilə Kremlin təsir imkanları məhdudlaşır; ikincisi, Ermənistan öz iqtisadi tranzit mövqeyini daha çox Qərb və beynəlxalq maliyyə institutlarının dəstəyi ilə formalaşdırmaq şansı qazanır. Məhz bu amil də uzunmüddətli perspektivdə Ermənistanın iqtisadi asılılıq balansını dəyişdirə bilər.

Üçüncü dividend isə daxili siyasi menecmentlə bağlıdır. Paşinyan paraflanmanı daxildə “təkbaşına edilən güzəşt” kimi deyil, beynəlxalq zəmanət çərçivəsində atılan strateji addım kimi təqdim edə bilir. Bu da ona siyasi məsuliyyəti bölüşdürmək və müxalifətin “xəyanət” arqumentini zəiflətmək imkanı verir. Əslində, bu, Ermənistan siyasətində ilk dəfə olaraq liderin xarici formatı daxili siyasi toxunulmazlıq üçün istifadə etməsidir.

Sual yaranır: Bütün bunlar Paşinyanın mövqeyini möhkəmləndirsə də, Ermənistan üçün real təhlükəsizlik təminatı yaradırmı? Cavab odur ki, qısamüddətli perspektivdə bu, müəyyən təhlükəsizlik tamponu yarada bilər. Lakin uzunmüddətli təhlükəsizlik yalnız regional qonşularla, xüsusən də Azərbaycanla davamlı sülhün qurulması və iqtisadi inteqrasiyanın inkişafı ilə mümkün olacaq. ABŞ və Qərb siyasi zəmanət verə bilər, amma real təhlükəsizlik bölgənin özündə formalaşmalıdır.

8 avqust paraflanması Azərbaycan üçün yalnız diplomatik qələbə deyil, həm də uzunmüddətli strateji üstünlüyün təsdiqi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasəti illərdir ardıcıl və prinsipial şəkildə formalaşır: suverenlik və ərazi bütövlüyü kompromisə getməz, sülh yalnız bu şərtlər əsasında mümkündür. Vaşinqton formatında sənədin paraflanması bu xəttin beynəlxalq səviyyədə legitimləşdirilməsi deməkdir. Artıq Azərbaycan yalnız faktiki gücünü deyil, həm də hüquqi və diplomatik üstünlüyünü bütün regional və qlobal aktorlar qarşısında təsdiqləyib.

Region üçün bu paraflanmanın ən mühüm nəticəsi güc balansının dəyişməsidir. Azərbaycanın hərbi, iqtisadi və diplomatik üstünlükləri ilə Paşinyanın Qərb zəmanətini birləşdirən bu mexanizm Rusiya və digər xarici aktorların regiondakı təsir imkanlarını məhdudlaşdırır. Artıq Qarabağ və Zəngəzur məsələləri Azərbaycanın suverenliyinə uyğun şəkildə həll olunur, bununla da uzunmüddətli sabitliyin hüquqi bazası möhkəmlənir.

Bəs bu qələbə yalnız Azərbaycanın üstünlüyü deməkdirmi, yoxsa regional sabitlik üçün də imkan yaradır? Cavab odur ki, həm Azərbaycanın maraqları təmin olunur, həm də sülh üçün institusional zəmin yaradılır. Sülh yalnız hüquqi, siyasi və geosiyasi reallıqlara əsaslanmalıdır.

Eyni zamanda, bu paraflanma Azərbaycanın diplomatik qətiyyətinin və strateji uzaqgörənliyinin nümayişidir. Beynəlxalq təzyiqlər, media kampaniyaları və müxtəlif sanksiya hədələri nəticəsiz qaldı. Prezident İlham Əliyev bir addım belə geri çəkilmədi və nəticədə Vaşinqtonda əldə olunan razılaşma Azərbaycanın prinsipial mövqeyini təsdiqləyən diplomatik uğura çevrildi.

Beləliklə, 8 avqust paraflanması oyun qaydalarının dəyişməsini, Azərbaycanın regional lider mövqeyini və bölgədə sülhün hüquqi, siyasi və strateji zəminini möhkəmləndirən bir hadisə kimi qiymətləndirilə bilər. Paşinyan üçün bu, siyasi qorunma və strateji manevr imkanları deməkdirsə, Azərbaycan üçün prinsipial və diplomatik qələbə, region üçün isə uzunmüddətli sabitliyin başlanğıcıdır. Siyasət reallıqları artıq yeni mərhələyə keçib: oyun qaydaları dəyişdi və bütün aktorlar buna uyğun hərəkət etməyə məcburdur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see212

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri