Tovuz faciəsi: psixoloq ailə cinayətlərinin artma səbəblərini sadaladı
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
Tovuzda baş verən ailə faciəsi cəmiyyətdə dərin sarsıntı yaradıb.
Belə ki, rəsmi məlumata görə, 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə həyat yoldaşı, 1996-cı il təvəllüdlü Mətanət Hacızadəni qəsdən öldürüb, daha sonra intihar edib. Hadisə oktyabrın 16-sı, günorta saatlarında Əyyublu kəndində baş verib.
Bu cür faciələr, son aylarda artmaqda olan “ər-arvad arasında zorakılıq və ardınca intihar” hallarının davamı kimi dəyərləndirilir. Cəmiyyətin sualı isə eynidir: nə baş verir, ailə münasibətlərində ölümcül aqressiya niyə bu qədər artıb?
Bu cür cinayətlər yalnız emosional partlayış nəticəsi deyil, illərlə yığılan gərginliyin, psixoloji təcridin, sosial təzyiqin və nəzarət mədəniyyətinin nəticəsidir. “Xəyanət”, “qürur”, “ailə şərəfi” kimi anlayışlar bəzi hallarda zorakılığa bəraət qazandıran yanlış dəyərlərlə birləşəndə, nəticə çox vaxt faciə ilə bitir və cəmiyyətdə, bu tip cinayətə meylli olan şəxslərdə təhrik hissini oyadır.
Bu hadisə də, görünür, ailə daxilində uzunmüddətli psixoloji gərginliyin, bəlkə də susqun zorakılığın nəticəsi olub. Amma suallar çoxdur, cavablar isə həm hüquqi, həm də psixoloji analiz tələb edir.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən yazıçı-psixoloq Elbrus Kəlbiyev suallarımızı cavablayıb.
İnsan hansı vəziyyətdə ailəsini və özünü bu şəkildə “çıxılmazlıq”da görür? Bu, psixoloji xəstəlik göstəricisidir, yoxsa sosial təzyiq və dəyərlər sisteminin təsiri?
Ər-arvad arasında uzunmüddətli gərginliyin, psixoloji zorakılığın əlamətlərini ailə və yaxınlar əvvəlcədən necə görə bilərdilər?
Belə şəxslərdə (yəni həm qətlə, həm intihara meyilli insanlarda) psixoloji profil adətən necə olur — impulsiv, depressiv, yoxsa planlı davranış tipləri ilə xarakterizə olunur?
“Son dövrlər bu cür halların tez-tez baş verməsinə mən də hamı kimi təəssüf edirəm.
İnsanın ailə-məişət zəmnində həyat yoldaşını qətlə yetirmək kimi çox ağır bir cinayət törətməsi psixi pozğunluğunun ən pik nöqtəsidir. Bu hadisəni uzun zaman depressiya, stress və sair bu kimi psixi xəstəliklər yaşayan biri də törədə bilər, sağlam insan da bir an içində psixoloji tarazlığını itirə və emosiyaların təsirindən qatilə çevrilə bilər. Hər bir halda hadisəni törədən vaxt, məhs həmin an adam rasional düşünmə qabiliyyətini itirmiş, emosiyalarının ən son nöqtəyə qədər gərilmiş olduğu vəziyyətdə olur”.
Psixoloq bunun səbəblərini sadaladı:
“Çünki səbəb nə olursa olsun qətl törətmək kimi çox ağır, tək qurbanın deyil, öz həyatını də məhv edən bir hadisəni sağlam düşüncə ilə törətmək mümkün deyil. Kişi cinsinin nümayəndələri üçün qadın xəyanəti ilə üzləşmək həqiqətən çox dəhşətli hadisədir. Bu səbəblə qatil olanlara haqq qazandırmaq fikrində deyiləm. Amma bu an vəziyyətə, emosiyalara nəzarət etmək bir kişi üçün çox çətindir. Bu vəziyyətdə beyin çox gərgin stress halına gəlir. Artıq rasional düşünmə, ağır nəticələri görmə qabiliyyəti itir, beyin nüansları görmür. Hər tərəf onun üçün sanki qaranlıq olur. Ağıl yox olur və yerini qəzəb kimi ən mənfi bir emosiyaya verir. Mənfi emosiyalar da bir qayda olaraq çox vaxt ən sərt və ən yanlış qərarları verirlər”.
“Bu səbəblə insan bu qaranlıqda yalnız uzaqda sayrışan bir “çıxış yolu” görür ki, bu da bir çox hallarda faciəyə və ya ağır nəticələrə səbəb olur”.
Elbrus Kəlbiyevin sözlərinə görə, bu cür psixoloji vəziyyətə psixologiyada “Tünel effekti” sindromu deyilir. İnsanlar bu barədə əvvəlcədən bilsələr, həmin an beyinlərində nələrin baş verdiyini anlayıb emosiyalarını idarə edə bilərlər.
Sindromun, qəzəbin fərqinə vardıqda bunları etmək lazımdır:
“Qəzəbin baş qaldırdığı vaxt ilk növbədə pauza verməyi, dərhal qərar verməməyi insan adi günlərdə özü üçün vərdiş etməlidir. Əsəblərin gərildiyi vaxtda bir anlıq da olsa dayana bilsən, bir neçə saniyə düşünə bilsən anlayacaqsan ki, burada kimisə öldürməyə və ya ağır xəsarətlər yetirməyə gərək yoxdur. Sadəcə hər şey bitmişdir. Ayrılmaq lazımdır və bu ən doğru qərardır”.
E. Kəlbiyevin müşahidələrinə və Baş verən hadisəni analiz edərək bildirib:
“Əksər hallarda bu hadisələrə səbəb tək xəyanət olmur. Bir çox hallarda kişi xanımına istər maddi, istər başqa bir səbəbdən sahiblənə bilmir və onlar ayrılırlar. Məhs, sözü gedən hadisə kimi, qadın çıxıb gedir ata evinə. Bu cür hallarda bəzi kişilər özlərini atılmış, əskilmiş, əzilmiş və.s kimi görürlər. Burada hadisə anidən baş vermir. Günlərlə, hətta aylarla adam bu mənfi düşüncələrdə olur və yenə qaranlıq tunelə düşüb oradan çıxmaq üçün bir gün belə bir hadisə törədə bilir”.
“Bu həyat iki cür yaşanır. Ya insan öz düşüncələrinə malik olur. Düşünür, hər bir vəziyyəti dəyərləndirir. Özü hər gün çox sayda qərarlar verir. Məsuliyyət daşıyır. Doğrunu yanlışıdan, yaxşını pisdən ayıra bilir. Ya da insan özünün heç bir fikrinə malik olmayıb cəmiyyət içində sürü halında, sürü psixologiyası ilə yaşayır. İlk qrupa aid olanlar çox nadir hallarda bu cür cinayətlər törədirlər. Cəmiyyət qanunları ilə, sürü şəklində yaşayan kütlə isə əsasən adət-ənənə ilə hərəkət edirlər. Bu qrupa aid insanlar üçün ətrafdakıların fikri, onların barəsində düşündükləri daha önəmlidir. Odur ki, bu tip insanlar sosial təsirin nəticəsində daha çox bu cür hadisələr törədirlər. Belə bir deyim var: “Fikir nəqliyyat vasitəsi kimidir. Ya özününkü olacaq, ya da ümumi nəqliyyət vasitəsindən istifadə edəcəksən”.
İnsan qəzəbli vaxt etdiklərini sakit olduğu zamanlarda mütləq düşünmüşdür. Odur ki, psixoloqlar və filosoflar haqlı olaraq dəfələrlə qeyd edirlər ki, insan adi günlərdəki düşüncələrindən qorxmalıdır. Çünki pis düşüncələri hərəkətə, hərəkətləri vərdişlərinə, vərdişləri də sonunda taleyinə çevrilir. Nitşe deyirdi; “Özünü azadmı zənn edirsən? Sənə hökm edən düşüncəni görmək istərdim”.
“Neqativ düşüncələrdən daima uzaq olmaq lazımdır. Bu cür düşüncələr daimi deyil. Havada olan qara buludlar kimidir. O düşüncələr gəlir və gedir. Açıq mavi səma isə yerində qalır. Düşüncələrini də, emosiyalarını da idarə etməyi öyrənmək mümkündür və vacibdir”.
Genetikaya da toxunan psixoloq valideynləri diqqətli olmağa səsləyib:
“Elə insanlar var ki, zorakılıq, qəddarlıq genetik kodlarında olur. Bu zorakılıq atadan övlada ötürülür. Bu cür nəsilləri ətrafda hər kəs tanıyır. Sevginin gözü isə kor olur. Gənc qız sevəndə bu cür nüanslara fikif vermir. Amma valideyn diqqətli olmalıdır. Bunu əvvəlcədən görməli və qızını o zindana göndərib onu bədbəxt etməməlidir. Bəzi hallarda isə bu qəddarlıq, hədsiz qatı qısqanclıq hissləri sonradan meydana gəlir. Bunları da ilk vaxtlar açıq-aydın görmək və müəyyən tədbirlər həyata keçirmək mümkündür”.
Dövrün, televiziyaların insanları pozduğunu vurğulayan psixoloq Qeyd edib:
“Lakin, bütün günahı kişilərin üzərinə atmaq lazım deyil. Etiraf edək ki, internet, televiziyalarda gedən rəzillik, əxlaqsızlıq dolu verilişlər, seriallar istənilən yaş kateqoriyasına aid insanların tərbiyəsini, əxlaqını bir xeyli pozdu. İstər bəzi qızlar, istərsə də bir çox ərli qadınlar bütün qırmızı cizgiləri keçiblər. Bu bir ümumi bəlaya çevrilməkdədir. Bunun qarşısını almaq üçün məktəbdən başlamış, ədəbiyyata qədərki bütün vacib sahələrdə kompleks tədbirlər görmək lazımdır. Dövlət nəzarəti güclənməli, Ailə-uşaq sahəsinə nəzarət edən qurumun fəaliyyəti artmalıdır”.
Elbrus Kəlbiyev sonda deyib:
“Yuxarıda qeyd etdiyim kimi, insan var anadan qatil doğulur. Sadəcə bunun üçün ona münbit şərait və bir “tutarlı səbəb” lazımdır. İnsan da var həyat, cəmiyyətin cahil qanunları onu küncə sıxıb ondan qatil düzəldir. Qatil profili içəridə gizli də ola bilər, heç olmayıb bir anda da üzə çıxa bilər. Bütün bu bəlaların böyük qismini cəmiyyətə yüksək mədəniyyət gətirməklə yox etmək olar. Valideyn, müəllim də daxil bütün aidiyatı dövlət qurumları bunun üçün, sivil, mədəni bir cəmiyyət qurmaq üçün səy göstərməlidirlər. Cahilliyin hökm sürdüyü bir cəmiyyətdə bu cür cinayətlərin sayı hər gün daha çox artacaq. Xilas yolu mədəniyyətdə, sağlam düşüncədə, kamilliyin hökm etdiyi bir cəmiyyətdədir”.
Dəniz Pənahova

