Türkiyə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan ilə Türkiyə arasında dostluq qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olublar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab edib. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoyublar: Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
“Qardaşlığımızı heç bir qüvvə poza bilməz”
Siyasi ekspert Fuad Əliyev qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin inkişafın bütün türk dünyası üçün vacib və əhəmiyyətlidir. O, qeyd edib ki, Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir. Bu xüsusiyyət isə iki qardaş ölkənin dostluq və əməkdaşlığını inkişaf etdirən, mphkəmləndirən amillərdən biridir. F.Əliyev deyib ki, Azərbaycan həmişə Türkiyənin sevincinə, kədərinə şərik olub,Türkiyə də həmçinin. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əməkdaşlığı həm regionda, həm də regiondan kənarda böyük önəm daşıyır. O, bu əlaqələri, əməkdaşlığı, dostluğu daha da inkişaf etdirmək və bu birliyi daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb: “Azərbaycan və Türkiyə qardaşlığını gözügötürməyən qüvvələr az deyil. Hər vəchlə aramıza nifaq salmağa cəhdlər ediblər. Lakin bizim qardaşlığımız sarsılmzadır, heç bir qüvvə aramıza girə bilməz, buna imkan vermərik. Hər iki dövlət liderlərinin uzaqgörən və müdrik siyasəti bu qardaşlığımızın əsasını qoyub, möhkəmləndirib. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Türkiyə-Azərbaycan əlaqələri bütün türk dünyası və türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün çox mühümdür”.
F.Əliyev onu da qeyd edib ki, bütün sahələrdə iki ölkə arasında sız münasibətlər formalaşıb və inkişaf edir. Xüsusən də iqtisadiyyat sahəsində: “Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan tarixi bağlarla birlikdə strateji, çox mühüm layihələr də mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini də uğurla reallaşdırır. Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi, hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir. İri iqtisadi layihələrin həyata keçirilməsi iki dövlət arasında bir-birinə olan inam və etimaddan irəli gəlir.”.
“Türkiyə hər zaman Azərbaycanın haqq işini müdafiə edib”
Politoloq Elşən Manafov isə deyib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər "bir millət, iki dövlət"müstəvisi üzərində qurularaq tarixi əlaqələrdən strateji müttəfiqlik münasibətlərinə qədər şərəfli bir yol keçib: “Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir və xatırlatmaq yerinə düşər ki, zamanında, yəni 1918-ci ilin 28 mayında dövlət müstəqlilliyini bəyan etmiş Azərbaycan Cümhuriyyətinin müstəqllliyini ilk olaraq Osmanlı tanıyıb, tərəflər arasında iyunun 4-də dostluq və qarşılıqlı yardım barədə müqavilə imzalanıb.
Dövlətlərimiz arasında iqtisadi, ticari münasibətlər yüksələn xətlə inkişaf edib, 2023-cü ildə ticarət dövriyyəsinin ümumi həcmi 8 milyard dollara çatıb, Azərbaycan bu müddət ərzində Türkiyə iqtisaduyyatının müxtəlif sahələrinə 20 milyard dollardan çox invenstisiya yatırıb.
Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın müstəsna rolu var.
2006-cı ildən Türkiyə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft, 2007-ci ildən Bakı-Ərzurum-Qars kəməri ilə qaz alır. Türkiyənin qaza olan tələbatının ödənilməsində Cənubi Qafqaz Neft kəmərinin (TANAP) xususi rolu var”.
E.Manafov onu da vurğulayıb ki, Türkiyə ilk gündən Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini müdafiə edib, Kəlbəcərin işğalından sonra Ermənistanla dövlət sərhədlərini baglayıb: “Tərəflər arasında hərbi əməkdaşlıq münasibətləri durmadan genişlənib, Azərbaycan ordusunun modernləşdirilməsi, hərbi gücü və müdafiə qabiliyyətinin yüksəlməsində döyüş təlimlərinin xüsusi rolu olub. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə ilə hərbi əməkdaşlıq münasibətlərimizin qələbəmizin əldə edilməsində müstəsna rolu olub. Müharibə başa çatdıqdan sonra hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, dinamizmin artmasında 2021-ci ilin 15 iyun Şuşa bəyannaməsinin xususi rolu olub.
Dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin güclınməsinə 2007-ci ildə yaranan Turk Dövlətlərinin Əməkdaşlıq Şurasının böyük rolu olub, 2019-cu ildən bu münasibətlər keyfiyyət baxımından yeni mərhələyə adlayıb. Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin regional əməkdaşlığa dair 3+3 formatında layihəsini bəyənir, bu çərçivədə regional təhlükəsizlik problemlərinin həllində rəsmi Bakının təkliflərini dəstəkləyir”.
“İki ölkə dünyanın siyasi nizamın müsbət istiqamətdə dəyişməsinə töhfə verir”
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan Türkiyə əlaqələrinin böyük tarixi var. Ortaq dil, din birliyi, oxşar mədəniyyət, vahid kök, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında əsas yer alır. Tarixi kökləri olan və indiyə qədərki dövrdə müxtəlif mərhələlərdən keçən münasibətlər, XX əsrin sonlarında Azərbaycanın müstəqilliyinə yenidən qovuşmasıyla birlikdə yüksəlməyə başlayıb. Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi, inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Türkiyə Azərbaycan arasında müttəfiqlik münasibətləri hər keçən gün inkişaf edərək, yeni siyasi nizama uyğun olaraq davam edir. Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq formatı digər ölkələr üçün də nümunədir. İkinci Qarabağ müharibəsində Türkiyə siyasi olaraq Azərbaycanın yanında oldu. Həmçinin Ermənistanla Azərbaycan arasında mövcud danışıqlar prosesində Azərbaycanı dəstəkləyir: “İki ölkə dünyanın siyasi nizamın müsbət istiqamətdə dəyişməsinə töhfə verir. Cənubi Qafqazda və Mərkəzi Asiyada hər iki ölkənin atdığı addımlar Türk birliyinin formalaşmasına və inkişafında mühüm stimul verib. Məhz hər iki ölkə Türk Dövlətləri Təşkilatını inkişaf etidirncə dünya siyasi birliyinə inteqrasiya edir. Bu regionda yeni bir siyasi sistemidir. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi hər iki ölkənin müttəfiq əlaqələrinin göstəricisidir”.
O, əlavə edib ki, hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Bu da iki ölkə arasında dostluq və qardaşlığın möhkəmlənməsinə səbəbdir.
Cavid

