Türkiyədə Azərbaycan Səfəvi dövlətinin tarixinə dair kitab nəşr edilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Ankara, 23 dekabr, AZƏRTAC
XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” adlı salnaməsi Türkiyə türkcəsinə tərcümə edilərək “Bilgə” nəşriyyatı tərəfindən “Səfəvi tarixi seriyası” çərçivəsində nəşr edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan tarixinin mühüm bir mərhələsini təşkil edən Səfəvi dövləti ilə bağlı həqiqətləri Türkiyə ictimaiyyətinə və elmi mühitinə çatdırmaq məqsədilə hazırlanan kitab Kastamonu Universitetinin Tarix bölümünün professoru Namiq Musalının müfəssəl giriş məqaləsi və şərhlərlə birlikdə təqdim olunub.
N.Musalı bildirib ki, Həsən bəy Rumlunun əcdadları Anadoludan Azərbaycana gələrək Səfəvilərə xidmət edən Qızılbaş türklərindəndir. “Həsən bəy Rumlu uzun müddət ərzində Səfəvi hökmdarı Şah Təhmasibin şəxsi qvardiyasının hərbi qulluqçusu olub və səfərlər əsnasında hökmdarı müşayiət edib. Bu baxımdan Həsən bəy Rumlu öz dövrünün hadisələrinin sadəcə şahidi deyil, eyni zamanda aktiv iştirakçısı olub”, - deyə professor qeyd edib.
Onun sözlərinə görə, Səfəvilərin hakimiyyətə yüksəlməsini, I Şah İsmayıl, I Şah Təhmasib və II Şah İsmayılın hakimiyyətləri dövrünü Həsən bəy Rumlu qədər ətraflı şəkildə təqdim edən salnaməçilərin sayı olduqca azdır.
Müəllif xüsusən də Azərbaycanda – Şirvanda, Qarabağda, Çuxursəəddə, Naxçıvanda, Ərdəbildə, Təbrizdə və s. baş vermiş hadisələrə xüsusi diqqət ayırıb. Azərbaycanla yanaşı, türk-islam dünyasının müxtəlif regionlarında baş verən proseslər müəllifin diqqətindən kənarda qalıb.
Kastamonu Universitetinin professoru bildirib ki, Həsən bəy Rumlunun ümumi tarix səciyyəli “Əhsənüt-təvarix” əsərinin sadəcə son iki cildi zamanımıza qədər gəlib çatıb. Bunlardan biri 1404-1494-cü illərin, digəri isə 1494-1578-ci illərin hadisələrini əhatə edir. Xüsusən də əsas etibarilə Səfəvi tarixindən söz açan son cild orijinal məlumatları ilə diqqəti cəlb edir.
Ekspertlər 752 səhifədən ibarət olan bu nəşrin Türkiyədə Səfəvi tarixi ilə tədqiqatlar üçün mühüm bir mənbə rolunu oynayacağı, elmi ictimaiyyət və geniş oxucu kütləsi arasında mövcud olan bəzi yanlış anlaşılmalara aydınlıq gətirəcəyi qənaətindədirlər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 23 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















