Icma.az
close
up
RU
Səfəvi dövlətinin yaranmasında əsas amil: Şah niyə təftiş olunur?

Səfəvi dövlətinin yaranmasında əsas amil: Şah niyə təftiş olunur?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir.

Sözünü bir söyləyənin

Sözünü edər sağ bir söz.

Pir nəfəsin dinləyənin

Üzünü edər ağ söz.

Söz vardır kəsdirər başı,

Söz vardır kəsər savaşı,

Söz vardır ağulu aşı

Bal ilən edər yağ bir söz.

Şah İsmayıl Xətai

Son günlər sosial şəbəkələrdə Şah İsmayıl mövzusu ətrafında aparılan müzakirələr tarixdə nəyisə dəyişəcəkmi?

Bu təftişin mənası nədir?

500 il bundan əvvəl regionun geosiyasi vəziyyətinin ziddiyyətlərindən yaranan və dünya tarixində xəritələri dəyişən qüdrətli bir dövlətin, imperiyanın yaradıcısının nəyi düz, nəyi səhv etdiyini müzakirəyə çıxaranlar zamanı geri çevirib tarixi dəyişə biləcəklərini düşünürlər?..

Şah İsmayıl Xətai millətin genetik, mədəni, emosional, psixoloji yaddaşında əbədiyyət qazanmış bir dühadır. Bu adı millətin tarixindən, ədəbiyyatından, sənətindən, yaddaşından silmək mümkün deyil. Çünki bu ad milli genetik kodumuzu formalaşdıran adlardan biridir.

Şah İsmayıl 14 yaşında qüdrətli bir dövlət quraraq ana dilimizi dövlət dili elan etdi, şəhərlər şəhəri Təbrizi paytaxt seçdi, milli mədəni mühitin formalaşması və inkişafı üçün geniş imkanlar yaratdı. Şah İsmayıl kiçik yaşlarından Sufi şeyxlərinin himayəsində təlim, tərbiyə alaraq nəinki dövlət qurdu, böyük bir sivilizasiyanın yaranmasına təkan verdi. Eyni zamanda milli kimliyimizin formalaşmasında müstəsna xidmətlər göstərdi.

Şah İsmayılın yaratdığı Səfəvilər dövləti (1501-1736) 225 il mövcud oldu, 2.800.000 kvadrat kilometrlik ərazini əhatə etdi.

Azərbaycan tarixində bu, ilk mərkəzləşdirilmiş dövlət idi. Səfəvi dövlətinin yaranmasında əsas amil dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi idi. Səfəvilər imperiyası xalqımızın dövlətçilik tarixində ən yüksək mərhələ idi və bu dövlət özündən əvvəlki və sonrakı dövlətlərin milli ardıcıllığını təşkil edir.

Şah İsmayıl Xətainin siyasi ideoloji fəaliyyətini təftiş edənlərə bir tarixi faktı xatırlatmaq yerinə düşər.

1500-cü ildə 13 yaşlı İsmayıl Şirvanşah Fərrux Yasar üzərində qələbə qazanır. Bu döyüşdə canını qurtarmağa nail olan Şirvanşah qoşununun bir hissəsi Gülüstan qalasına sığınır. İsmayılın qoşunu Gülüstan qalasını mühasirəyə alır. XVII əsrin əvvəllərində yaşamış görkəmli tarixçi İsgəndər bəy Türkman Münşi yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından biri olan Gülüstan qalasının mühasirəsi uzandığı üçün böyük əmirləri yanına çağırıb dedi: "Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?" Müqəddəs Səfəvi xanədanının etiqad sahibləri "Azərbaycan taxtı" cavabını verdilər. (Münşi İ. Tarix-i aləmara-yi Abbasi. Farscadan tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifi t.e.doktoru, professor Oqtay Əfənfiyev, t.e. namizədi Namiq Musalı. Bakı, 2009, s. 83.)

Şah İsmayıl Xətai Səfəvilər dövlətini yalnız siyasi, hərbi və ideoloji zəmin üzərində deyil, eyni zamanda milli-mədəni təməllər üzərində qurmağa nail olmuşdur.

Dünya tarixçilik elmində görkəmli dövlət xadimi, böyük sərkərdə, fateh, siyasətçi, diplomat kimi təcəssüm edilən Şah İsmayıl Xətai həm də qüdrətli şair, dərin zəka sahibi, bütün varlığı ilə min illərlə formalaşan milli mədəni irsə bağlı bir şəxsiyyət idi. Klassik poeziyamızın ana dilində nadir incilərini yaratmaqla yanaşı o, hakimiyyəti dövründə ədəbiyyatın, elmin, sənətin, bədii yaradıcılığın inkişafı üçün misilsiz şərait və imkanlar yaratmışdı.

Şah İsmayıl Xətainin tarixi, siyasi aspektdən dəyərləndirilməsini tarixçilərin ixtiyarına buraxaraq, diqqəti milli mədəniyyətin, elmin, sənətin, bədii yaradıcılığın inkişafına verdiyi töhfələrə çəkmək istərdim.

1501-ci ildə Səfəvilər dövlətinin yarandığını elan edən Şah İsmayıl Ağqoyunlu hökmdarı Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananı daha da genişləndirərək buranı zəngin elm, sənət, xəttatlıq və ədəbiyyat mərkəzinə çevirir. Dövrün görkəmli elm və sənət adamlarını bu kitabxanaya cəlb edərək Təbriz şəhərinin o dövr Şərqdə elm və mədəniyyət mərkəzi kimi tanınmasına nail olur. Bu kitabxana əslində İncəsənət Akademiyası rolunu oynayırdı. Kitabxananın fondu daim zənginləşdirilir və təzələnirdi. Səfəvilər sarayında kitaba verilən önəmin sorağı bir çox ölkələrə belə yayılmışdı. Ona görə də müxtəlif ölkələrdən kitab alğı-satqısı ilə məşğul olanlar Təbrizə üz tutur və əllərində olan kitabları yüksək qiymətə sata bilirdilər. Eyni zamanda döyüşlərdə qazanılmış qənimətlər hesabına da kitabxana zəngin elm və mədəniyyət xəzinəsinə çevrilmişdi. Bundan başqa kitabxanada məşhur kitab yaradan emalatxana fəaliyyət göstərirdi. Bu emalatxanaya hər yerdən ən yaxşı xəttatlar, miniatür rəssamları, cild hazırlayan və onları bədii cəhətdən işləyən mütəxəssislər, mürəkkəb və boya-rəng bişirənlər, kağız hazırlayan ustalar cəlb olunmuşdu. Bu kitabxana həm də cavan rəssam və xəttatların, yardımçı sənət ustalarının təhsil aldığı məktəb idi. Şah İsmayılın göstərişi ilə kitabxananın bədii emalatxanasında xalçaçılıq sənətinin qorunması və inkişafı üçün də hər cür şərait yaradılmışdı. Burada bədii parça və xalçalar toxunurdu. Saxsı və metaldan məmulatlar hazırlanırdı, ipək parçalar toxunurdu.

Səfəvilər sarayındakı zəngin kitabxananın emalatxanasında dünyaca məşhur Təbriz miniatür məktəbi yarandı. Bu məktəbin yaradıcısı və ən görkəmli nümayəndəsi Sultan Məhəmməd Təbrizinin əsərləri bu gün də dünyanın ən məşhur muzeylərinin nadir incisi sayılır. Şah İsmayıl Sultan Məhəmmədə böyük etimad göstərirdi və hətta onu oğlu şahzadə Təhmasibə müəllim təyin etmişdi.

Dahi sənətkarın özünün və Təbriz miniatür məktəbinin digər nümayəndələrinin əsərləri beynəlxalq hərraclarda çox yüksək qiymətləndirilir. Sultan Məhəmməd Təbrizinin əsərlərindən "Şahnamə" hazırda Nyu York Metropoliten muzeyinin, Nizami "Xəmsəsi" London Britaniya Muzeyinin, Hafiz "Divan"ı Kembric Foqq muzeyinin bəzəyi sayılır. Nizami "Xəmsə"si mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvəsi kimi qiymətləndirilir. Bu nadir incinin ərsəyə gəlməsində Səfəvilər sarayının emalatxanasında çalışan digər məşhur sənətkarlar da iştirak etmişlər. Görkəmli Azərbaycan xəttatı Şah Mahmud Nişapuri, tanınmış miniatürçü rəssamlar Ağa Mirək, Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli və Müzəffər Əli dünyanın nadir kitab incisini yaradanlardır. Bu görkəmli sənətkarlar Təbriz miniatür məktəbinin ənənələrinin bütün Şərqə yayılmasında misilsiz xidmətlər göstərmişlər. Belə ki, Türkiyənin miniatür məktəbinin inkişafında müstəsna rol oynamış Şah Qulunu, Böyük Moğol imperiyasının ikinci padşahı Humayunun sarayında uzun müddət çalışaraq Hindistanın kitab miniatürü sahəsində silinməz izlər qoymuş Mir Seyid Əlini və digərlərini qeyd edə bilərik. Hələ dünyanın neçə-neçə muzeylərində, kitabxanalarında qorunan Təbriz miniatür məktəbinin nümayəndələri tərəfindən hazırlanan qiymətli incilərdən xəbərsizik...

Səfəvilər saray kitabxanasının bədii emalatxanası dünya incəsənətinin nadir incilərini hazırlayan bir mərkəzə çevrilmişdi. 1539-cu ildə qədim Təbriz xalçaçılıq məktəbinin şah əsəri "Şeyx Səfi xalçası" bu emalatxanada hazırlanmışdır. Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Ərdəbildə Şeyx Səfi məscid kompleksi üçün toxunulan bu xalça hazırda London "Viktoriya və Albert" muzeyində qorunur. "Ləçəktürünc" kompozisiyalı "Şeyx Səfi xalçası" dünyada ən böyük, ən qiymətli və ornamental xalçaların ən gözəli sayılır. Ölçüsü 56,12 kvadrat metrə bərabərdir.

Şah İsmayıl özü də olduqca gözəl xəttə malik bir xəttat idi. Onun öz xətti ilə üzünü köçürdüyü 27 vərəqdən ibarət "Kəlimati-Mürtəzəviyyə" əsəri Almaniyada Münhen şəhərində Bavariya Dövlət Kitabxanasında qorunur.

Şah İsmayıl Xətai Təbrizdə Səfəvilər sarayına dövrünün ən görkəmli alimlərini, musiqiçiləri, rəssamları, heykəltəraşları, xəttatları ilə yanaşı, ən böyük şairləri də cəlb edərək məşhur ədəbi məclisini formalaşdırır. Şah İsmayıl Xətai ədəbi məclisinə azərbaycanca yazan şairləri toplamışdı. Bununla da o Azərbaycandilli ədəbiyyatın, poeziyanın inkişafına çox gözəl şərait yaratmışdı. Ağqoyunlu dövləti dağıldıqdan sonra Şah İsmayıl Xətai dövrünün ən böyük şairlərindən olan Həbibini öz sarayına gətirib, "məliküş-şüəra" titulu verərək ədəbi məclisin rəhbəri təyin etmişdir. Həbibidən başqa bu məclisdə görkəmli şairlər Şüruri, Şahi, Matəmi, Tüfeyli, Qasımi, Süsəni bəy, Pirqulu bəy, Şahqulu bəy, Məhəmməd bəy Şəmsi, Fikari, Pəri Peykər və digərləri iştirak edirdilər. Şah İsmayılın yaratdığı ədəbi məclisdə şairlərin yeni yazdığı şeirlər səslənir, Füzulinin, Nəvainin divanları oxunur və müzakirə edilirdi. Bununla yanaşı, xalq yaradıcılığına da geniş yer ayrılırdı. Şah İsmayıl Xətai təşkil etdiyi məclislə və öz yaradıcılığı ilə ana dili ədəbiyyatının inkişafına böyük töhfələr vermişdir. "O dövrdə ədəbiyyat dili, poeziya dili fars dili hesab olunurdu. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi". (T. N. Nəcəfli. Bütov Azərbaycanın qurucusu: görkəmli dövlət xadimi Şah İsmayıl Səfəvi. s. 89.)

Təsadüfi deyil ki, Füzuli kimi dahi sənətkar Xətainin bir sıra şeirlərinə cavab yazmış, ilk böyük əsəri "Bəngü Badə"ni ona ithaf etmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Avqust 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri