Türkiyəli tələbə: Şuşadakı tədbir iştirakçılara böyük təcrübə qazandıracaq AZƏRTAC
Şuşa, 3 dekabr, AZƏRTAC
“Azərbaycanı, onun mədəniyyətini və incəsənətini çox sevirəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Musiqi Akademiyasının Musiqişünaslıq fakültəsinin doktorantura üzrə III kurs tələbəsi Hülya Kudret "Gənclər Paytaxtı"nın bağlanış mərasimi öncəsi təşkil olunan tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
Türkiyəli tələbə qeyd edib ki, Azərbaycana gəlmək, ölkəmizin zəngin mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq onun üçün böyük şərəfdir.
O, tədbirin təşkilatçılığına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. “Bu tədbir bizə öz bilik və bacarıqlarımızı bölüşmək, yeni dostlar qazanmaq və Azərbaycanın mədəniyyətini daha yaxından öyrənmək üçün unikal imkan yaradır".
H.Kudret müxtəlif kino fəaliyyətlərində iştirak edərək öz yaradıcılıq potensialını nümayiş etdirmək imkanı əldə edib. Azərbaycan gəncləri ilə əməkdaşlıqdan zövq aldığını bildirən qonaq gələcəkdə də iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək arzusunda olduğunu söyləyib. Onun sözlərinə görə, bu cür tədbirlərin təşkili ölkələrarası mədəni əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək, həm yerli, həm də xarici iştirakçılara böyük təcrübə qazandıracaq.