Icma.az
close
up
RU
Üç dini qovuşduran məkan Qüds

Üç dini qovuşduran məkan Qüds

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin dəvəti ilə ölkənin aparıcı media orqanlarının bir qrup jurnalistinin bu ölkəyə səfəri təşkil olunmuşdu. Səfər proqramı əlimə çatanda bizi necə zəngin və maraqlı bir İsrail səfərinin gözlədiyinə əmin oldum. Jurnalist kimi səfər etməyin üstünlüyü ondadır ki, həm turistlərin ziyarət etdiyi məkanları görmək, həm də məhz jurnalist olaraq maraq doğuran yerlərə getmək imkanı qazanırsan.

Səfərin təşkilində bütün detallar nəzərə alınmışdı. Hətta 14 nəfərlik heyətin formalaşdırılması belə İsrail tərəfinin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin göstəricisi idi.

Avqustun 30-da səhər saatlarında Təl-Əvivə çatıb, Qüdsə yola düşürük. Səfər proqramımız dərhal başlayır. İsrailin müharbə şəraitində olmasına baxmayaraq, ilk andan ölkədə sakitiyin, dincliyin hökm sürdüyünü müşahidə etdim. Növbəti günlərdə isə bu müşahidəm daha da möhkəmləndi.

lll

Qüds insanın bəzən sözlə təsvir etməyə çətinlik çəkdiyi bir şəhərdir. Bura üç din - həm İslam, həm xristian, həm də iudaizm üçün eyni dərəcədə müqəddəs olan unikal bir şəhərdir. Hər üç səmavi dinə görə, dünyanın sonu (qiyamət günü) və dirilmə hadisələri məhz bu şəhərdə baş verəcək. Tarixi boyunca Qüds 2 dəfə tamamilə dağıdılıb, 23 dəfə mühasirəyə alınıb, 52 dəfə hücuma məruz qalıb və 44 dəfə əldən-ələ keçib. Qüdsün ruhu, aurası, dini müxtəlifliyi insanda tamamilə fərqli bir təəssürat yaradır. Və bu fikri xatırlayıram - "Dünyaya on ölçü gözəllik bəxş edildi, onun doqquz ölçüsünü Yerusəlim, bir ölçüsünü isə bütün dünya aldı".

Qüdsün köhnə hissəsində ilk olaraq Müqəddəs Məqbərə Kilsəsini ziyarət edirik. Bura xristianlığın ən müqəddəs məkanlarından biridir. Kilsə İsa Məsihin çarmıxa çəkildiyi, dəfn olunduğu və daha sonra dirildiyi məkanların ərazisində yerləşir. Kilsənin daxilində Məsihin məzarı olan Müqəddəs Məqbərə  əsas ziyarət məkanıdır. Belə deyilir ki, İsa Məsih həmin məzarda dəfn olunduqdan bir neçə gün sonra qeybə çəkilir. Çoxsayda insanlar növbəli şəkildə məzarı ziyarət edir, dualar edirlər.

lll

Ziyarətimizi başa vurub müsəlman aləminin ən müqəddəs məkanlarından biri, ilk qibləsi olan Əl-Əqsa məscidinə gedirik. Məlumat üçün bildirim, Əl-Əqsaya yalnız müsəlmanların girişinə icazə verilir. Müsəlman olduğunu isə necə deyərlər, sübut etməlisən. Biz məscidə daxil olmaq istəsək də, əvvəlcə müsəlman mühafizəçilər icazə vermədilər. Bildirdilər ki, əraziyə digər qapıdan - yəni müsəlmanlar üçün nəzərdə tutulan qapıdan daxil olmalıyıq. Təkrar geri dönürük, həmin qapıya yaxınlaşırıq, ərəb mühafizəçilər hansı ölkədən olduğumuzu soruşurlar, daha sonra Kəlmeyi-şəhadəti, Fatihə surəsini və s. soruşurlar. Cavab verildikdən sonra məscidə daxil olmağımıza icazə verirlər. Amma təqdim etdikləri xüsusi geyim əynimizdə olmaq şərtilə. Əl-Əqsa müsəlmanlar üçün ən müqddəs məkanlardan biridir. Peyğəmbərimiz buradan meraca yüksəlib. Məhəmməd peyğəmbər (s.a) merac zamanı Allah tərəfindən Kəbədəki Məscidi Həramdan götürülərək Əl-Əqsa məscidinə aparılıb. Məscidin tikintisi Ömər ibn Xəttab tərəfindən başlanıb, 713-cü ildə xəlifə Abdulla Valid tərəfindən başa çatdırılıb.

İnsanın yaşadığı elə anlar var ki, onları sözlə ifadə etməkdə çətinlik çəkir. Əl-Əqsa mənim üçün məhz həmin anlardan biri idi.

Əl-Əqsa kompleksi Qübbətüs-Səxrə (Qızıl qübbəli məscid) də daxil olmaqla bir sıra dini tikililəri əhatə edir. Qübbətüs-Səxra kompleksin ən məşhur memarlıq abidələrindən biridir. VII əsrin sonlarında Əməvilər dövründə inşa edilən tikili İslam memarlığının ən qədim qorunub saxlanmış nümunələrindən biri hesab olunur. Qızılı günbəzi ilə əsas simvollarından biridir.

lll

Növbəti ziyarət məkanımız məşhur Ağlama divarı (Qərb divarı) olur. Bura yəhudilər üçün ən müqəddəs ibadət məkanlarından biri hesab olunur. Divar qədim Məbəd dağının qərb istinad divarının günümüzə qədər gəlib çatan hissəsidir və burada hər gün ibadət edən insanlar toplaşır.

Onlar öz arzularını kiçik kağız parçalarına yazaraq Divarın dəliklərinə yerləşdirir, dualar edir, arzularının gerçəkləşəcəyinə inanırlar. Mən məktubumu əvvəlcədən yazmışdım. Əgər əvvəlcədən məktub yazmamısınızsa, bu da problem deyil. Çünki əraziyə daxil olduqda sizə kağız parçaları və qələm təklif edirlər.

Ağlama Divarı yəhudilər, Qübbətüs-Səxrə kompleksi əsasən müsəlmanlar üçün müqəddəsdir. Qüdsün unikallığı da elə bundadır. Üç böyük səmavi dinin ən mühüm müqəddəs məkanları bir-birinə çox yaxın ərazidə yerləşir və onları qısa müddət ərzində ziyarət etmək mümkündür.

Qüds dünyanın ən qədim şəhərlərindən biridir. Beş min illik tarixi ilə bu şəhər nə qədər hadisələrə şahidlik edib, nə qədər sivilizasiyaları, dinləri və mədəniyyətləri özündə yaşadıb.

lll

Səfər zamanı məni təsirləndirən ziyarətlərdən biri də Holokost-a həsr olunmuş Yad Vaşem (Yad Vashem) Holokost Memorial Kompleksini ziyarət oldu. Bura insanlıq tarixinin ən ağrılı səhifələrindən birini özündə yaşadır və 6 milyon yəhudinin həyatına son qoymuş Holokostun tarixi sənədlər, fotoşəkillər və şəxsi hekayələr vasitəsilə təqdim olunur. Yad Vaşemin əsası 1953-cü ildə qoyulub, Holokost Tarixi Muzeyi isə 2005-ci ildə ziyarətçilərin üzünə açılıb.

Kompleksin ən təsirli məkanlarından biri uşaqların xatirəsinə həsr olunmuş memorialıdır. Burada qaranlıq otaqda yalnız şam işıqlarının əksləri görünür və uşaqların adları səsləndirilir. Memorial 1,5 milyon uşağın xatirəsinə həsr olunub.

"Adlar Zalı"ı isə Holokost qurbanlarının mümkün qədər hər birinin adının və həyat hekayəsinin sənədləşdirilməsinə həsr olunub. Burada qurbanların adlarını, bioqrafik məlumatlarını və fotoşəkillərini ehtiva edən "Şahidlik səhifələri" saxlanılır.

Yad Vaşemdə yəhudiləri Holokost zamanı həyatlarını təhlükəyə ataraq xilas edən qeyri-yəhudilərin xatirəsi də yaşadılır.

Ziyarət zamanı bələdçi Sovet İttifaqı dövründə təqiblərdən xilas olaraq Azərbaycan ərazisində sığınacaq tapan yəhudilər barədə də məlumat verdi. Qeyd olundu ki, Azərbaycan nasist işğalından qaçan çoxsaylı yəhudi qaçqınları üçün təhlükəsiz sığınacaqlardan birinə çevrildi. Bu çətin vəziyyətdə əsas yükü yerli azərbaycanlı ailələri öz üzərinə götürdü. Bir çox ailə evlərinin onsuz da məhdud olan yaşayış sahəsini yəhudi qaçqınlarla bölüşür, müharibə dövründə çatışmazlıq yaşanan ərzaq paylarını onlarla paylaşırdı. Nasist işğalından qaçaraq Azərbaycana gələn yəhudilər burada yalnız fiziki təhlükəsizlik deyil, həm də yerli əhalinin dəstəyi və sosial həmrəyliklə qarşılaşırdılar. Azərbaycanın bu dövrdə oynadığı rol yalnız strateji və iqtisadi əhəmiyyətlə məhdudlaşmırdı. Müharibənin ən ağır illərində ölkə minlərlə insan üçün sığınacaq, işləmək və həyatını davam etdirmək imkanı verən bir məkana çevrilmişdi. Bildirildi ki, Azərbaycanın yəhudi icmaları ilə bağlı tarixi daha qədim dövrlərə gedib çıxır. Ölkədə, xüsusilə Quba və ətraf ərazilərdə məskunlaşan yerli Dağ yəhudiləri ilə yanaşı, Aşkenazi və Gürcüstan yəhudilərindən ibarət icmalar da mövcud idi. Ölkədə artıq formalaşmış bu sosial və mədəni mühit Avropadan gələn yəhudi qaçqınlarının yerli həyata uyğunlaşmasını nisbətən asanlaşdırdı. Yəhudi icmalarının mövcudluğu, dini və mədəni ənənələrin qorunması, eləcə də yerli əhali ilə uzunmüddətli münasibətlər qaçqınların yeni mühitə inteqrasiyasında mühüm rol oynadı.

Bütün bu faktlar Azərbaycanın İkinci Dünya müharibəsi illərində yalnız strateji əhəmiyyət daşıyan bir ərazi deyil, həm də müharibənin və nasist təqiblərinin yaratdığı humanitar böhrandan qaçan insanlar üçün sığınacaq məkanı olduğunu göstərir.

Holokostdan uzun illər keçməsinə baxmayaraq, gördüklərim, dinlədiklərim məni dərindən təsirləndirdi.

Növbəti ünvanımız 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücum etdiyi Nahal Oz (kibbutz) yaşayış məntəqəsi oldu. 1200-ə yaxın insanın həyatına son qoyan həmin hücum çox yaxın tarixdə baş verib. Yerli sakin Oşirit Sabaq həmin gün yaşanan dəhşətli hadisələrdən danışır. Üstündən üç il keçməsinə baxmayaraq, gözlərində hələ də kədər, ağrı-acı var. O deyir ki, bəziləri yəhudilərin Avropadan Yaxın Şərqə gətirilərək buraya yerləşdirildiyini düşünürlər. Halbuki israillilərin yalnız 20 faizi avropalı mənşəlidir, böyük əksəriyyətimiz buradandır, Yaxın Şərqdən və Şimali Afrikadan: "Mənim ailəm 16 nəsildir ki, buradadır. Mən Yaxın Şərqdənəm. Bu hücum bizi qorxutmadı. Biz bir daha heç yerə köçməyəcəyik. Bura mənim vətənimdir".

Oşrit Sabaq bildirib ki, 7 oktyabrdan sonra Qəzzada yaşayan bəzi tanışları ilə əlaqə saxlamayıb və onların hazırkı vəziyyəti barədə məlumatı yoxdur. O, Qəzza sakinlərinin hamısının hücumları dəstəklədiyinə inanmadığını, lakin münasibətlərin əvvəlki vəziyyətə qayıdacağına da ümid etmədiyini deyib: "Mən bütün qəzzalıların terrorçu olduğuna inanmıram. Heç vaxt buna inanmaram".

7 oktyabr 2023-cü il hadisələri zamanı hücuma məruz qalan Nova musiqi festivalının memorial ərazisində də olduq. Nova festivalının iştirakçısı və hadisədən sağ çıxan Mazal Tazazo həmin faciəli hadisədə yaşadıqlarını anladır, göz yaşlarını saxlaya bilmir. Bildirir ki, hücum başlayandan sonra dostları ilə birlikdə ərazidən uzaqlaşmağa çalışıb, daha sonra gizlənib. Hadisə zamanı işgəncəyə məruz qalıb, lakin sonradan ərazidən çıxaraq xilas ola bilib.

Festivalda həmin vaxt təxminən 3500-4400 nəfər iştirak edib. İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum zamanı festival ərazisində 364 nəfər öldürülüb.

Onları dinlədikcə bir daha anlayırsan ki, müharibə pisdir, həm də çox pisdir. 30 ildən artıq müharibə şəraitində yaşamış, iki müharibənin şahidi olmuş bir ölkənin vətəndaşı kimi bunu daha dərindən hiss edirsən.

Pərvanə SULTANOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see326

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see281

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see264

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see262

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see257

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see249

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see237

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see227

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see227

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see226

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see224

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see224

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see219

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see213

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see211

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see210

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see206

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see201

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see193

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri