UEFA Çempionlar Liqası: Qalatasaray qapısından beş top buraxdı, Barselona qələbə qazandı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyunlar baş tutub.
Oxu.Az xəbər verir ki, birinci tura dörd qarşılaşma ilə yekun vurulub.
Belə ki, "Ayntraxt Frankfurt" "Qalatasaray"la, "Mançester Siti" "Napoli" ilə, "Nyukasl Yunayted" "Barselona" ilə, "Sportinq" isə "Kayrat"la qarşılaşıb.
Maraqla gözlənilən "Ayntraxt Frankfurt" - "Qalatasaray" matçı İstanbul təmsilçisinin darmadağınla uduzması ilə yekunlaşıb - 5:1. "Qalatasaray" Yunus Akgünlə hesabı açsa, qapısından ardıcıl beş top buraxıb. Davinson Sançes avtoqola imza ataraq, almanların hesabı bərabərləşdirməsinə imkan yaradıb. Ev sahiblərindən digər qolları Can Uzun, Conatan Burkardt (2), Ansqar Knauff vurublar.
Tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Kayrat" "Sportinq" səfərindən əliboş qayıdıb - 4:1. Portuqaliya təmsilçisindən Trinkan dubl edib, Alisson Santos və Jeovani Kenda hərəyə bir dəfə fərqləniblər. Qonaqların yeganə qolunu Edmilson vurub.
"Mançester Siti" evdə "Napoli" üzərində 2:0 hesablı qələbə əldə edib. "Şəhərlilər"in qələbəsini təmin edən qolları Erlinq Holand və Jeremi Doku vurublar.
"Barselona" isə səfər qələbəsinə sevinib. Katalonlar "Nyukasl"dan 1:2 hesabı ilə üstün olublar. Markus Reşford dubla imza ataraq "Barselona"nın qələbəsini təmin edib. İngilislərdən Entoni Qordonun qolu məğlubiyyətdən xilas olmağa kifayət etməyib.


