Ukrayna sonuncu əsgərə qədər müharibə aparsa belə, heç nə qazanmayacaq AÇIQLAMA
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenskiyin ABŞ-nin irəli sürdüyü yeni sülh təşəbbüslərinin müzakirəsinə razılıq verməsi Rusiya-Ukrayna müharibəsində diplomatik fəallığı artırıb.
Zelenskinin irəli sürülən sülh təşəbbüsləri müzakirəyə açması Rusiya-Ukrayna müharibəsinin gələcək gedişatına və Qərbin diplomatik strategiyasına hansı real təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, sülh danışıqları ətrafında gedən mübarizə əsl “soyuq müharibə”ni xatırladır. Burada Avropa, ABŞ və Rusiyanın özünəməxsus üçbucağı formalaşıb. Rusiya hələlik bütün bu prosesləri sükutla qarşılayır və bildirir ki, onun gözlədiyi əsas məqam Ukrayna ilə bağlı təhlükəsizlik təminatlarını, zəmanətlərini əldə etməkdir:
"Ümumiyyətlə, bu prosesin özündə “zəmanət” məsələsi xüsusi yer tutur. Həm Ukrayna bu barədə danışır, həm ABŞ mövzuya qayıdır, həm də Avropa özünəməxsus strategiya yürüdür.
Faktiki olaraq Tramp-Putin danışıqları, Alyaskada keçirilən görüşlər tərəflər üçün bir dayaq nöqtəsi, etalon kimi götürülür. Təbii ki, bu prosesdə Ukraynanın səs hüququ minimuma endirilir. Yəni Ukrayna müharibə öz ərazisində getməsinə baxmayaraq, müşahidəçi rolunda çıxış edir, işğal ona qarşı edilir, amma qərarverici masada əsas söz sahibi deyil. İtirən tərəf də elə Ukraynanın özüdür".
Ekspertin sözlərinə görə, burada çox qəribə siyasi, diplomatik oyunlar gedir və bu oyunların fonunda yeni konturlar yaranır. Bu konturlar ondan ibarətdir ki, faktiki olaraq Avropanın nüfuzu aşağı düşür:
"Biz həm də Avropa-ABŞ qarşıdurmasının şahidi oluruq. Ötən günlərdə Avropa İttifaqının dipıomatiya rəhbəri Kaya Kallas ilə ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası arasında olan söz çəkişməsi, təhqiramiz ifadələrin işlədilməsi göstərir ki, müharibə tərəfdarları ilə müharibə əleyhdarları açıq şəkildə üz-üzə dayanıb və heç bir tərəf kompromissə getmək niyyətində deyil".
Politoloq qeyd edir ki, biz açıq şəkildə müharibə tərəfdarlarının çabalarını görürük. Bu, Avropa ölkələridir:
"Onlar Ukraynanı əvvəldən müharibəyə hazırlayırdılar və artıq xüsusi batalyonları təlimlərdən keçirmişdilər ki, lazım gələrsə Rusiya ərazisindən hücum etsinlər. Kursk hadisələrində bunun şahidi olduq. ABŞ isə özünə məxsus təmkin nümayiş etdirir və müharibənin dayanmasını istəyir. Bu, Donald Trampa hava, su kimi lazımdır. Çünki onun siyasəti birmənalı qarşılanmır, həm ölkə daxilində, həm də xaricdə böyük narazılıqlar var.
Abbasov vurğulayır ki, Tramp 8 müharibəyə son qoyduğunu desə də, bu, həqiqətəuyğun deyil. Onun başladığı tarif müharibələri də ABŞ daxilində vəziyyəti gərginləşdirir: qiymətlərin artması, inflyasiyanın yüksəlməsi kimi proseslər ölkənin ürəyincə deyil:
"Buna görə də Tramp səs-küylü siyasi qələbə əldə etmək istəyir ki, “Rusiya-Ukrayna müharibəsini mən dayandırdım” deyə bilsin və öz siyasi dividend paketini artırsın. O, bu yolla də öz uğursuzluqlarının üzərini örtməyə çalışacaq".

Tofiq Abbasov: İtirən tərəf elə Ukraynanın özüdür
Müsahibimizin fikrincə, bu proseslər dünya birliyi üçün böyük dərslər yaradır. Bu dərslər bütün ölkələr tərəfindən analiz edilməli və nəticə çıxarılmalıdır:
Çünki ən çox uduzan Ukraynadır - ərazi itkilərinə məruz qalır. Digər tərəfdən isə bəziləri guya Ukraynanın tərəfini tuturmuş kimi “müharibəni sona qədər aparmalıdır” deyirlər:
"Bu isə anlaşılan deyil. Çünki Ukrayna sonuncu əsgərə qədər müharibə aparsa belə, heç nə qazanmayacaq. Artıq təşəbbüsü ələ keçirmək imkanı sıfıra bərabərdir.
Tramp isə Zelenskiyə deyir ki, sən əvvəlcədən rasionallıq göstərsəydin, bu itkilərə məruz qalmazdın".
Həmsöhbətimiz xatırladır ki, 2022-ci ilin martında Rusiya sülh təklif edəndə və əvvəlki razılaşmalara qayıtmağı gündəmə gətirəndə, Böyük Britaniyanın ozamankı Baş naziri Boris Conson dedi ki, “qətiyyən olmaz, müharibə davam etməlidir”. Onun arxasında duran qüvvələr - Almaniya, Fransa, Polşa və digərləri Ukraynanın cibindən xərcləyərək ölkəni müflis vəziyyətinə saldılar.
"Buradan çıxan əsas dərs ondan ibarətdir ki, risklərlə yaxından işləmək, onları zərərsizləşdirmək, onlara doğru irəliləmək yox, məsafəli yanaşmaq və idarə etmək lazımdır. Ukrayna bunu bacarmadı.
Amma Azərbaycan olaraq təhdidlər varsa, onlarla necə davranmaq lazım olduğun göstərdik. Xüsusilə də dünya birliyinin hüquqi normalarından düzgün istifadə etdik və hədəflərimizə çatmağı bacardıq. Dərs budur: təhlükəsizlik və strateji resursunu toplamalısan ki, dar gündə çarəsiz qalmayasan".
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 27 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















