Icma.az
close
up
RU
Ümummilli liderin millət və dövlət quruculuğu

Ümummilli liderin millət və dövlət quruculuğu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu gün Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 57-ci ili tamam olan ümummilli lider Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyası zəngin məzmuna və böyük təsir gücünə malik olması ilə xüsusi əhəmiyyət kəsb edir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər tarixin ən intensiv mərhələsi kimi yadda qalıb.

Bu mənada həmin dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş zirvəsi adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz bu zaman kəsiyində Heydər Əliyev fenomeni Azərbaycanın malik olduğu bütün intellektual və insani potensialı, təbii resursları, bir sözlə, milli gücü özündə cəmləyib, ölkənin sürətli tərəqqisinin qüdrətli amilinə çevirib.

Azərbaycanın inkişaf konsepsiyasının Heydər Əliyev irsi ilə bağlılığını əhatəli şəkildə qavramağın ən etibarlı üsulu onun xalq qarşısındakı xidmətlərinə nəzər salmaqdır. Lakin Heydər Əliyevin xalqa xidməti anlayışı kifayət qədər tutumlu olduğundan onun dərindən tədqiqinə ehtiyac var. Həyatımızın elə bir sahəsi yoxdur ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi illərində inkişafa nail olunmasın. Həm də bu inkişaf, sadəcə, prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü büruzə verir.

Bu baxımdan, hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə də aşılamaq olduqca vacibdir. Hesab edirəm ki, bu istiqamətdə sistemli iş aparılır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin xatirəsi xalqımız üçün həmişə əzizdir və Heydər Əliyev ideyaları əbədidir.

Azərbaycan xalqının ümummilli lideri, böyük mütəfəkkir Heydər Əliyevin tarixi xidmətləri haqqında danışılarkən, məlum olduğu kimi, əsas diqqət onun millət və dövlət quruculuğu missiyasına verilir. Bu da tamamilə təbiidir. Hər şeydən əvvəl ona görə ki, Heydər Əliyev Azərbaycanda, ümumən, Sovetlər Birliyində siyasi nüfuz qazanmağa başladığı ilk illərdən – keçən əsrin 60- cı illərinin ortalarından enerjisini, əsasən, Azərbaycanda milli, müasir və Sovetlər Birliyinin imkan verəcəyi qədər müstəqil bir dövlətin qurulmasına həsr etmişdir.

Bir neçə mərhələdən keçən kifayət qədər inamlı, ardıcıl mübarizələrdən sonra – 90-cı illərin əvvəllərindən başlayaraq müstəqil Azərbaycan dövlətini həm qurmuş, həm də onun inkişafı üçün mükəmməl strateji perspektivlər müəyyən etmişdir. Bu, əlbəttə, mənsub olduğu xalqın iradəsini ifadə edən böyük liderin əsas tarixi missiyası idi.

Bununla belə, Heydər Əliyevin dövlət quruculuğundan heç də kiçik olmayan bir missiyası da millət quruculuğu idi. Fikrimizcə, elmi tədqiqatlarda həmin məsələyə, lazımi səviyyədə (və miqyasda) diqqət yetirilmir. Məsələ burasındadır ki, dövlət quruculuğu xeyli dərəcədə siyasi-adminstrativ hadisə olduğu halda, millət quruculuğu mənəvi- siyasi hadisədir. Bu elə bir möhtəşəm prosesdir ki, adətən, yüz illər boyu davam edib, xalqın müxtəlif tarixi dövrlərdə, mərhələlərdə təbii olaraq yetişdirdiyi bir neçə ziyalılar, ictimai xadimlər, mütəfəkkirlər, ədiblər nəslinin çoxşaxəli, çoxmiqyaslı mübarizələri ilə müşayiət olunur.

Azərbaycanda millət quruculuğunun XIX əsrin əvvəllərindən başlayan, XIX əsrin sonu – XX əsrin əvvəllərindən etibarən geniş vüsət alan zəngin bir tarixi vardır ki, onu aşağıdakı dövrlərə bölmək mümkündür: XIX əsrin əvvəllərindən sonlarına qədər; XIX əsrin sonu, XX əsrin əvvəlləri; XX əsrin 20-ci illərindən 60-cı illərinə qədər; XX əsrin 60-cı illərindən sonlarına qədər; XX əsrin sonlarından bugünə qədər. Heydər Əliyevin bir millət qurucusu olaraq fəaliyyəti (və mübarizələri) biri digərinin bilavasitə davamı olan dördüncü və beşinci dövrləri əhatə edir.

Əsrin ortalarından, xüsusilə 60-cı illərdən Sovetlər Birliyinin ictimai- siyasi həyatında özünü göstərən “mülayimləşmə” prosesi ölkənin (özünəməxsus imperiyanın) hər yerində olduğu kimi, Azərbaycanda da milli təəssübkeşlik hisslərinin bu və ya digər dərəcədə açıq təzahürü üçün müəyyən şərait yaratdı. Həmin şəraitdən düzgün, məqsədyönlü və məhsuldar istifadənin əsas qarantlarından biri (əslində, birincisi) 14 iyul 1969-cu ildə Heydər Əliyevin şəxsində güclü milli liderin hakimiyyətə gəlməsi idi.

Ümummilli lider müstəqillik dövründə müəyyən münasibətlərdə Azərbaycanın ən yeni tarixinə dair ölkə ictimaiyyətini, ziyalıları düşündürən bir sıra suallara cavab verməli olmuşdu ki, onlardan biri də belə idi: “Nə üçün 60-cı, 70-ci illərdə Azərbaycandan sona qədər təqib olunan bir dissident – millətçi çıxmadı? Halbuki Sovetlər Birliyinin digər respublikalarında onlar kifayət qədər olmuşdular”. Cavab da olduqca yığcam (və mükəmməl) idi: “Çünki ən böyük dissident mən özüm idim”.

Heydər Əliyevin millət quruculuğu siyasətinin, fikrimizcə, 3 əsas prinsipi mövcuddur: xalqın özünü özünə tanıtmaq; xalqı, xüsusilə onun ziyalılarının, böyük şəxsiyyətlərinin timsalında hər hansı təhlükədən xilas (və müdafiə) etmək; xalqı dünyaya (eləcə də dünyanı xalqa) tanıtmaq.

Bundan sonra isə milli liderin millət, yaxud dövlət müstəqilliyi uğrunda mərkəzi hakimiyyətlə “dialoq”u başlayır ki, Azərbaycanın Heydər Əliyevə qədərki siyasi tarixində bunun, əsasən, 3 təcrübəsi mövcud olmuşdu: müstəqillik tələbi ilə bu və ya digər şəkildə mərkəzi hakimiyyətə qarşı çıxmaq; mərkəzi hakimiyyətin bütün tələblərini yerinə yetirməklə uzun müddət hakimiyyətdə qalıb, nəticə etibarilə, ekzotik və ya dekorativ bir liderə çevrilmək; milli mənafeləri gözləmək, müdafiə etmək və millətin ardıcıl tərəqqisini təmin edəcək real işlər görməklə yanaşı, mərkəzi hakimiyyətdən asılılığı tədricən minimuma endirmək. Ən çətin (ancaq perspektivli) yol üçüncüsü idi.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi nüfuz qazandıqdan sonra məhz bu yolla getdi. O, mərkəzi hakimiyyətə qarşı üsyan etmədi, əksinə, müxtəlif üsullarla mərkəzi hakimiyyəti məcbur etdi ki, Azərbaycanla maraqlansın, onun barəsində qərarlaşmış “Rusiyanın ucqarları” (Nəriman Nərimanov) – periferiya təsəvvüründən əl çəksin. Dünyagörüşü etibarilə milli kommunist olan Heydər Əliyev milli müstəqillik uğrunda mübarizəsində, əsas prinsip kimi, mənsub olduğu xalqın hər hansı iddia ilə özünə qapanmasını, özünü təcrid etməsini yox, ən azı, Sovetlər Birliyi miqyasında dünyaya açılmasını seçdi.

Ümummilli lider Heydər Əliyev də belə bir dövrdə dövlət təhlükəsizlik orqanlarında çalışırdı və görürdü ki, Sovetlər Birliyi daxilindəki millətlərin düşüncələri nədən ibarətdir. Yaxşı bilirdi ki, birlik artıq xeyli dərəcədə öz möhkəmliyini itirir. Ona görə də gənc yaşlarından istedadlı, tarixi yaxşı bilən, tarixi prosesləri düzgün dəyərləndirmə qabiliyyətinə malik bir insan olaraq diqqəti daha çox xalqın milli xüsusiyyətlərinə və onların müdafiəsinə verirdi.

Biz bəzən Azərbaycanın Heydər Əliyevi deyirik. Amma Heydər Əliyev o qədər genişmiqyaslı fəaliyyət göstərirdi ki, bu fəaliyyətində də o qədər uğurlu nəticələr əldə etmişdi ki, istər-istəməz Azərbaycanın özü Heydər Əliyevin Azərbaycanına çevrilmişdi.

Ulu öndər Heydər Əliyevin seçdiyi taktika bu məqsədlərə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, onun imperiya daxilindəki mövqeyini gücləndirməklə, Azərbaycan keçici qırmızı bayraqlar almalı, Azərbaycan Sovetlər Birliyi səviyyəsində tanınmalıdır ki, bu tanınma Azərbaycanı dünyaya çıxardan faktora çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğuna və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə, 1960-cı illərin sonu, 1970-ci illərdə milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu.

Bir mühüm məsələ də ondan ibarət idi ki, Ulu öndər Azərbaycanı Sovetlər Birliyində tanınan bir respublikaya çevirdi. Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. Yəni, O bilirdi ki, mütəşəkilli olan bir millət dövlətsiz ola bilməz, gec-tez o, özünəməxsus dövlətini quracaq. Məhz 1980-ci illərin sonlarında xalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, bu xalq Heydər Əliyevin sayəsində mütəşəkkillik tapıb və ancaq bu iradə bu mütəşəkkilliyi idarə etmək bacarığına malikdir. Çünki ümummilli lider Heydər Əliyevin xalq, millət quruculuğundakı xidmətləri artıq müəyyən bir tarixə malik idi. Və bu tarix bütün dəqiqliyi ilə göstərirdi ki, bu təmənnasız bir tarix idi. Yəni Heydər Əliyevin fəaliyyəti, içdən, daxildən gələn, xalqın mütəşəkkillik enerjisini özündə ifadə edən bir fəaliyyət idi və burda heç bir konyunktur yox idi. Amma təbiidir ki, müəyyən məqamlar oldu ki, bu məqamlarda bəzən tarixi şəxsiyyət obyektiv səbəblərdən hadisələrin mərkəzində ola bilmir. Burada hər dövrün öz konyunkturunun böyük rolu olur.

Ulu öndər yaxşı bilirdi ki, xalq istedadlı nümayəndələrinin timsalında dünyaya açılarsa, özünü başqa xalqlarla müqayisə etmək imkanları qazanacaqdır ki, bu da müstəqillik (və mütəşəkkillik) üçün mühüm şərtdir. Və bu, müdafiə deyil, hücum taktikası idi. Heydər Əliyev mənsub olduğu xalqın dünya miqyasına çıxanda o qədər də mükəmməl görünməyəcəyindən çəkinmədi. Və tədricən Moskvaya, ümumən, Sovetlər Birliyinə konkret işlə sübut etdi ki, azərbaycanlılar zəhmətkeş, mədəni, hər sahədə uğurlar qazana biləcək istedadlı xalqdır.

Milli lider Heydər Əliyev Azərbaycanda sovet dövlət idarəçiliyi sistemini xalqın xidmətinə verməklə onu (dövlət idarəçiliyini) mərkəzi hakimiyyətin “canişinliyi”ndən çıxardı. Və bunun nəticəsidir ki, azərbaycanlılar yalnız idarə olunan yox, həm də idarə edən xalqa çevrildilər. Sovetlər Birliyinin dağılması, Azərbaycanda milli müstəqillik (və dövlət müstəqilliyi) uğrunda hərəkatın güclənməsi illərinin sosial-siyasi mənzərəsi göstərdi ki, Heydər Əliyev Azərbaycan xalqını doğru yolla aparmış həqiqi milli lider olmuşdur.

57 il əvvəl bu gün Azərbaycanda hakimiyyətə gəlmiş Heydər Əliyev başladığı millət quruculuğu prosesini yeni tarixi şəraitdə daha inamla davam etdirərək ən tendensiyalı və ya qısqanc tarixçinin belə etiraf etməli olduğu həqiqətən cahanşümul işlər gördü. Buraya aşağıdakılar xüsusilə aiddir: milli mütəşəkkilliyin müstəqil dövlətçilik səviyyəsində təmin olunması; dünya azərbaycanlılarının mədəni, ictimai-siyasi birliyinin gücləndirilməsi; Türk dünyasının etnik-mədəni birliyinin siyasi birlik səviyyəsinə yüksəldilməsini təsdiq edirdi.

Ümummilli lider Heydər Əliyevin 1993-cu ildə hakimiyyətə qayıdışıdan sonra Azərbaycanda istər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər yarandı. Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə ancaq quruculuq işləri ilə məşğul olub. Ona görə də Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətdə müstəqil hərəkət etməlidir. Amma ulu öndər Heydər Əliyev onu da yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Yəni, xalq kökündən dəyişilməyib, Azərbaycana başqa xalq gətirilməyib, əvvəlki xalq tarixə çevrilməyib. Və bu xalqı da Heydər Əliyev yaxşı tanıyırdı.

Ona görə də Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, o, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Bilirsiniz ki, onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idi və bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli – mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi. Heydər Əliyev hər şeydən əvvəl azərbaycançı idi.

Bu gün Heydər Əliyev siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan təcrübəsində multikulturalizmin istinad nöqtəsi, təbii ki, sivilizasiyanın məhsulu və subyekti olan insandır. Sosial-siyasi münasibətlər “mən”i inkişaf etmiş cəmiyyətlərdə, hər şeydən əvvəl, vətəndaşdır. Ona görə də müasir dövrdə insanın ən mühüm göstəricisi məhz bundan ibarətdir ki, həmin ən mühüm göstəricini insan və dövlət münasibətləri müəyyən edir.

Müstəqil Azərbaycan dövləti, nə qədər gənc olsa da, Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməlləşməsini təmin edir. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşı müəyyən təbii etnoqrafik mühitin subyekti olmaqla hər hansı etnoqrafik mühitə hörmət edir, müəyyən dil-ünsiyyət mühitinin subyekti olmaqla digər dil-ünsiyyət mühitlərinə hörmətlə yanaşır, müəyyən dinə (əsasən İslam dininə) mənsub olmaqla yanaşı, digər dinlərə də tolerant münasibət nümayiş etdirir.

Qloballaşan müasir dünyada azərbaycanlıların siyasi-inzibati sərhədləri aşaraq bir-birilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan haqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətə xasdır. Azərbaycan xalqının (və insanının) dünyanın inkişaf etmiş xalqları (və insanları) ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması kompleksinin sürətlə aradan qaldırılıb. Etiraf etməliyik ki, azərbaycanlılarda uzun on illər (hətta əsrlər!) belə bir kompleks olmuşdur.

Bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir. Və milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir. Ölkədə abadlaşan, “yeni rəmzlər”ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını mənən, ruhən yüksəldən, əgər belə demək mümkünsə, onun katarsisini təmin edən elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb onun (Azərbaycan insanının) gələcək taleyini, xarakterini müəyyən edir. Bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır.

Azərbaycanın regionda, ümumən, beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyunkturluluğu ilə tanınan dünyanın “haqq-hesab”ından kənarda qalıb təcrid olunmaması tarixi nailiyyətdir. Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara yiyələnmiş, hər hansı “gözlənilməz” ideoloji hücumlara qarşı müqavimət (hətta əks-hücum) “immunitetləri” qazanmışdır.

Azərbaycanda millət quruculuğunun təkamülündə İlham Əliyev dövrü geniş perspektivlər təmin etmişdir ki, bu, milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Xüsusilə o mənada ki, azərbaycançılıq ideologiyasının qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyunktur müdaxilə yoxdur.

Bu gün ölkədəki iqtisadi, ictimai- siyasi və intellektual-mədəni şərait imkan verir ki, azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında necə varsa, o cür araşdırılıb öyrənilsin. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev dövrünün bir mühüm əlaməti də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla, intellektual–analitik həssaslıqla yanaşılmasıdır. Və bu, ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan təkamül mərhələlərinin lideri (müəllifi!) olmaqla yanaşı, bu gün davam edən perspektivlərini də müəyyənləşdirmişdir.

Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil (və təbliğ) olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir. Bugünkü siyasi leksikonda “heydərəliyevçilik” anlayışı “azərbaycançılıq” anlayışının yeni tarixi şəraitdəki məzmununu ifadə edir.

İstər sovet dövründəki məlum (və mürəkkəb!) şərtlər daxilində, istərsə də müstəqillik dövrünün ondan heç də az mürəkkəb (və ziddiyyətli!) olmayan illərində ümummilli lider Azərbaycanı – Azərbaycan və Azərbaycan xalqını – Azərbaycan xalqı edəcək bütün milli-mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi üçün hər cür tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə (və qürurla!) “bizim siyasətimiz – bizim işimizdir” deməsinə əsas verə bildi.

Bütün bunları nəzərə alaraq demək olar ki, azərbaycançılıq ideologiyasının elmi-nəzəri təfsirində istinad ediləcək yeganə etibarlı metodoloji qaynaq heydərəliyevçilikdir. Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli özünüifadə (özünütəsdiq) metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir. Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasının gənc nəsil tərəfindən bu qədər kütləvi (və intellektual!) səviyyədə mənimsənilməsi heç bir dövrdə mümkün olmamışdır.

Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır. Bu, xüsusi bir hadisədir. Heydər Əliyev həm də sözün həqiqi mənasında bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə özünü göstərib, istər sovet dövründə, istərsə də yeni dövrdə. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı. Bütün sahələrdə çox genişmiqyaslı tədbirlər görüldü, islahatlar aparıldı. Heydər Əliyevin fəaliyyəti, Onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil.

Zaman keçdikcə, biz Ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu, ən müxtəlif sahələrə aid olan məsələlərdə – hərc-mərcliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu, ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir.

Bu gün isə bu işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan artıq yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub. Ölkəmizdə böyük quruculuq işləri həyata keçirilib və vətəndaşların sosial rifah halı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəkdir. Qazanılan bu uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Ümummilli lider Heydər Əliyevin ideyaları isə həmişə bu inkişafın önündə gedəcək.

Nizami CƏFƏROV,
Atatürk Mərkəzinin rəhbəri,
akademik

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri