Icma.az
close
up
RU
Varlığın yaxasını açmaq

Varlığın yaxasını açmaq

Fridrix Novalisin “Henrix fon Ofterdingen” romanı haqqında

Saksoniya torpağında dağ mühəndisi sifətiylə çalışanda şair Novalis özü kimi yoxsullaşmış zadəgan olan mühəndis həmkarının evini tez-tez ziyarət eləyirdi. Kün ailəsinin Sofi adında on iki yaşlı qızı vardı. Qızcığaz savadsız idi, məktəb-filan görməmişdi, yazıb-oxumaq bilmirdi. Valideyni ailənin gənc dostundan qızlarıyla məşğul olmağı, ona savad, bilik öyrətməyi xahiş eləyəndə xəyalı göylərə püskürən şair həvəslə razılıq verdi. Sofi ondan ötrü tərkibində qiymətli metal filizlərindən xəzinə gizlənmiş xam torpaq kimiydi, kimyagər şair bu xam mineralı, külçəni qara torpaqdan arındırıb saf qızıla çevirdikcə öz işindən zövq alırdı. Alyanaq qızın ağ kağıza bənzər qəlbinə, yaddaşına bildiyi, tapındığı gerçəkləri həkk eləyən şair onu yenidən yaradırdı, ata-anasından təhvil aldığı boş cismi istədiyi məzmunla doldururdu.

Xoşbəxtlikdən Sofi Kün də kamallı tələbə çıxdı, ustadının əməyini yerə vurmadı. Beləcə, allahlıq iddiasıyla, tanrı şövqüylə yeni insan yaradan şair axırda Piqmalion kimi öz əsərinə aşiq oldu, boyunu sevdiyi Qalateyasını - yenicə kəkil çıxarmağa başlayan Sofini ata-anasından istədi. Onda qızın on iki, Novalisin iyirmi dörd yaşı vardı. Sofinin valideyni qızlarına nişan qoyulmasına etiraz eləmədi, ancaq toyu ümumi razılıqla qızın ərgənlik yaşına saxladılar.

***

Sən demə, Sofinin yanağındakı qızartı sağlamlıq yox, xəstəlik əlamətiymiş. Qız vərəmə tutulub qısa müddətdə soldu, on dörd yaşına çatmamış qara torpağa yem oldu. Sevginin sədaqətinə tapınan, yer üzündə hər kəsin yalnız bir qisməti olduğuna inanan şairdən ötrü bu, təkcə yarını-yarısını itirmək deyildi, həm də ömrün mənasını, həyatın ünvanını itirmək idi. Fəqət bu böyük itki Novalisin ömrünə yeni mənalar da qazandırdı, ondan ötrü həyatın sərhədini ölümün səltənətinə qədər genişlətdi, iki dünya arasından çal-çəpəri götürdü. Şairin o dünyaya yürüşləri başlandı. Novalis ölümün ərazisi, əbədiyyət səltənəti kimi baxdığı gecələrə mədhiyyə yazdı. “Gecə himnləri” adı altında toplanan bu silsilə sonralar onun poetik yaradıcılığının zirvəsi kimi bütün dünyanı dolaşdı.

Ancaq o, poeziyanı məqsəd sayan şairlərdən deyildi, yaradıcılıq ondan ötrü ruhlar aləmiylə irtibata girmək, varlığın qəlbinə toxunmaq üçün bir vasitəydi. Bu rabitəni ağılla yox, yalnız fəhmin, intuisiyanın gücünə yaratmaq olardı. “Gecə himnləri”ndə işıqla qaranlıq qarşı-qarşıya qoyulur; işıq gözəl olsa da, onun çevrəsi məhdud, sərhədləri dardır, gecə isə sonsuz, intəhasızdır, göydən asılmış milyard-milyard yanar çıraq onun qatı zülmətini durultmaq gücündə deyil. Gecə əbədi, gündüz müvəqqətidir. Gecə Tanrının, gündüz İblisin iş vaxtıdır. Gündüz itirilənlər gecəyə gömülür, şair gecənin dərinliyinə baş vurmaqla itiyinə qovuşa bilər.

Zülmətin şəninə qoşduğu, sevgilisinin ölümünə həsr elədiyi himnləri bütöv halda 1800-cü ildə üzə çıxaran şair vur-tut bircə il sonra, iyirmi doqquz yaşı hələ tamam olmamış Sofinin xəstəliyini dərman kimi qəbul eləyib, sevgilisinin ruhuna toxunmaq üçün özünü gecənin qoynuna atdı. Belə məlum oldu ki, yazılanlar dərdi candan qovmaq üçün deyilmiş, ölümü, qaranlığı mədh eləyən şair bilə-bilə özünü cavan ölümünə qurban deyirmiş.

***

Novalis təxəllüslü Georq Fridrix Filip Frayher fon Hardenberq təkcə romantiklərin Yena dərnəyinin yox, bütövlükdə alman romantizminin ən parlaq ulduzu sayılır. Onun maraq dairəsi olduqca geniş idi, dövrün bir neçə məşhur universitetində müxtəlif sahələrə dair mühazirələr dinləmişdi, Yenada fəlsəfəni, Leypsiqdə, Vittenberqdə hüququ, Frayberqdə dağ-mədən işlərini öyrənmişdi. Şəhər-şəhər dolaşması sayəsində dövrünün Şiller, Şlegel qardaşları, Lüdviq Tik kimi öncül zəkalarıyla tanış olub dostlaşmışdı. Onu maraqlandıran bütün sahələrə baş vurandan sonra Novalis, nəhayət, ilahiyyat dəryasına dalmış, iyirmi beş yaşının astanasında peşəkar səviyyədə teologiya öyrənməyə başlamışdı.

Həmin illər Novalisin hər gün bir yeni rəngdə, yeni ətirdə çiçək açan ilahi yaradıcılığının elə bir fəsliydi ki, bəlkə teoloqlar özləri ondan dərs ala bilərdilər. Bu dövrdə qələmə aldığı “Xristianlıq, yaxud Avropa” adlı məqaləsində şair Almaniyanın yalnız orta əsrlər katolik kilsəsini dirçəltməklə irəli gedə biləcəyini yazırdı, bununla da faktiki olaraq ölkəsində möhkəm bünövrə salmış reformasiya, protestantizm ənənələrindən üz döndərirdi. Dostları əvvəl-əvvəl onun bu radikal mövqeyindən razı qalmasalar da, Novalisin ölümündən sonra Şlegel qardaşları da, Lüdviq Tik də katolisizmi qəbul eləyib xristian mistisizmi yolunu tutdular.

Hölderlini neoplatonizmə calamaq cəhdlərinə münasibətimizi bildirmişdik. Alman romantikləri arasında Plotinin mistik fəlsəfəsindən təsirlənmiş qələm adamı axtarırıqsa, bu adam Fridrix Novalisdir. Ancaq Hölderlindən fərqli olaraq o, antik çağın dəyərlərini, qədim yunanların həyat prinsiplərini yox, orta çağın xristian Avropasını idealizə eləyir, o zamanın həsrətini çəkirdi. Novalisin nəzərində həmin dövr qitə xalqlarının cənnətdə yaşadığı qızıl dövrdür. O dövrdə Avropa xalqları vahid bir ümmət, qövm kimi, bütöv xristian milləti kimi kilsənin mənəvi rəhbərliyi altında qardaşcasına dinc yanaşı yaşayırdı. Daxili münaqişələrə son qoyulmuşdu, qılınc kəlama, hökmdarlar papaya tabe olmuşdu. Novalis düşünürdü ki, Avropa indi yenidən qızıl dövrün astanasındadır, şərin kökü artıq kəsilməkdədir, ona görə də yeni altun çağa qədəm qoyub Ədəm bağına qayıtmaq üçün Avropa yenidən katolisizmin bayrağı altına yığışmalı, zamanla bu prosesə bütün dünya xalqları qoşulmalıdır.

***

Novalis üçün şair sadəcə şair deyil, o, bir kahin, missioner, dövrünün peyğəmbəridir. Poeziya da sadəcə şeir deyil, metafizik aləmdən vəhy olunan ayələr, ilahi varlığın şairin çiyninə qoyduğu müqəddəs missiyadır. Hər halda o, özünün bu dünyadakı vəzifəsinə, gördüyü işin mahiyyətinə belə dəyər verirdi. Bütün həyata, kainata, minerallardan tutmuş insana qədər hər nəsnəyə, hər kəsə can verən vahid dünya ruhu var, şair o böyük qüdrətin elçisi, sözçüsü, onun iradəsinin vəkilidir. Novalis deyirdi ki, qədimdə şairlə kahin eyni adam olub, onların arasına ayrılıq sonradan düşüb. İndi bu iki müqəddəs missiyanı yenidən birləşdirmək zamanıdır. Dünya ruhu xeyirin, gözəlliyin, həqiqətin qaynağıdır, di gəl, bu fani dünyada o müqəddəs, əbədi dəyərlər materiyanın əsarəti altındadır, sənətkarın vəzifəsi onları bu əsirlikdən qurtarmaqdır. Yer üzündə xeyir, gözəllik, həqiqət səltənəti yalnız onda qurulacaq.

Mən bu əbədi gənc şairlə dostluğa gəncliyimdən başlasam da, onun ruhunu özümə doğma bilsəm də, düşünürəm ki, hər şairi kahin, missioner saymaq olmaz. Novalisin şəxsinə münasibətdə bu qənaət özünü tam doğruldur, o, gerçəkdən şairliyi aşıb keçmiş sənətkardır, onun daşıdığı missiya məhz peyğəmbər missiyasıdır. Ancaq məsələn, elə həmin Hölderlin haqqında bunu, məncə, söyləmək olmaz, onun o sayaq bir iddiası heç olmayıb da. Hölderlin məhz şair arxetipinin təcəllası, poetik təfəkkür daşıyıcısıdır, Novalis isə peyğəmbər arxetipindən törəmiş missioner, mistik düşüncə yiyəsidir.

Novalis poeziyanın qüdrətinə hədsiz güvənirdi. Dini kitablara nəzər salsaq, onların da poetik enerjinin gücü sayəsində milyonlarca insanın ruhuna nüfuz elədiyini görərik. Novalisə görə, poeziya yalnız cəmiyyəti yox, təbiəti də dəyişmək gücündədir. O inanırdı ki, qədim şairlər sözün sehriylə möcüzələr yaradıblar, cansıza can veriblər, daşları dilə gətiriblər, ağacları yeridiblər, çayları yatağından çıxarıblar, eynən bizim Məcnun kimi amansız yırtıcıların könlünə rəhm salıblar, vəhşiləri ağladıblar. İndi yenə sözün sehrini, qüdrətini tam gücüylə işə salmaq zamanı çatıb.

Fransanın inqilab bahadırları sözdən əmələ keçdilər - Robespyer şeirlərini, Marat sentimental romanlarını, Napoleon “Gənc Verterin iztirabları”na yazdığı nəzirəni yandırıb məhv elədi. Söz meydanı bir vaxt onlara dar gəldi, sözü atıb savaş meydanına çıxdılar, özlərinə də, xalqlarına da bəlalar, fəlakətlər gətirdilər. Onların zor gücünə çata bilmədiklərinə alman missionerləri sözün qüdrətiylə nail olacaqlar - nakam şair buna saf ürəkdən inanırdı.

***

Fəlsəfi-estetik baxışlarına görə Novalis özündən əvvəlki avtoritetlərdən kəskin fərqlənir, klassisizmin, maarifçiliyin rasionalizminə qarşı çıxırdı. Ondan ötrü poetik fəaliyyətin intuisiya qaynağından qidalandığını deyən dahi Şellinqin irrasional-iradi konsepsiyası yaradıcı prosesin şüurlu akt olduğunu vurğulayan filosof, dramaturq, məşhur “Emiliya Qalotti” faciəsinin müəllifi Lessinqin əqli-rasional maarifçi konsepsiyasından qat-qat doğmaydı. Əgər intuitivizmə inamı (üstündən bir əsr də keçəndən sonra bu inam Anri Berqsonun timsalında Qərb fəlsəfəsinin, ədəbiyyatının aparıcı tendensiyasına, ana cərəyanına çevriləcəkdi) onu Şellinqə yaxınlaşdırırsa, subyektivizmə inamı da Novalisi başqa bir dahi alman filosofuna - romantizmin dədələrindən sayılan Fixteyə doğmalaşdırırdı. Şairin estetik görüşləri həm “Fraqmentlər” adıyla nəşr olunmuş xırda esselər toplusunda, həm də başlıca əsəri olan romanında geniş ifadəsini tapıb.

“Henrix fon Ofterdingen” yarımçıq romandır, şah əsərini tamamlamağa Novalisin ömrü çatmayıb. Buna baxmayaraq əsər elə bu halda da ədəbiyyat tarixinə düşüb, dünyanın bütün universitetlərinin filoloji proqramlarında bu gün də yer almaqdadır. Əsər bayaqdan sadaladığımız ideyalara, konsepsiyalara, baxışlara illüstrasiya kimi düşünülüb. Onu poeziyanın apologiyası da sayırlar.

Roman iki hissədən ibarətdir. Doqquz fəsillik birinci hissə tam başa çatdırılıb. İkinci hissəninsə çox az qismi yazılıb, onu şairin qeydləri, bir də dostu, həmkarı Lüdviq Tikin (sovet uşaqları onu daha çox “Çəkməli pişik” əsərinin müəllifi kimi tanıyırlar) xatırladıqları əsasında “bərpa” eləyiblər. Novalisdən cəmi bir yaş kiçik olan Tik dostundan sonra nə az, nə çox, düz əlli iki il də yaşamışdı. Novalisin xatirəsinin diri qalmasında onun böyük rolu var. Nakam şair xəstə çağlarında əsərin yazılmamış hissəsinin məzmununu dostuna nağıl eləmişdi, üstəlik, bu əsərlə başlanan yeddi romanlıq bir silsilə yaratmaq arzusunda olduğunu da ona bildirmişdi. Təəssüf ki, silsilənin heç birinci romanını da başa vura bilməmişdi.

F.Uğurlu

seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri