Icma.az
close
up
RU
Varlığın yaxasını açmaq

Varlığın yaxasını açmaq

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Fridrix Novalisin “Henrix fon Ofterdingen” romanı haqqında

Müəllif on üçüncü əsrdə yaşadığı deyilən əfsanəvi nəğməkar şair Henrix fon Ofterdingeni əsərinə qəhrəman seçib. Əslində, prototipin onun qəhrəmanına elə də bənzəri yoxdur, yəni Novalis əsərinin süjetini qədim şair haqqında rəvayətlərdən asılı vəziyyətə salmayıb, ona sadəcə tarixi fon, bir də mifik şəxsiyyətin obrazı gərək olub. Roman başdan-başa rəmzlərdən, simvollardan toxunub, ana süjet tez-tez qəhrəmanın yuxularından, ona danışılan nağıl, əfsanə, rəvayətlərdən ibarət xırda qollara ayrılır.

İyirmi yaşlı Henrix yuxusunda qaranlıq meşəni dolaşır, yolu meşənin qırağındakı dağ yamacına dirənəndə buradakı mağarada misli görünməmiş bir mavi çiçək tapır. Bu çiçək təmiz, qatqısız poeziyanın, saf, ideal həyatın rəmzidir. Henrix mistik yuxusundan sona qədər həzz ala bilmir, anası yataq otağına girib onu oyadır. Bu da bir başqa rəmzdir: ana ürəyinin altında tələ gəzdirən, insanı baqi aləmdən çəkib tora salıb fani dünyaya atan varlıqdır. Hər məxluqun yer üzünə yolu ata belindən, ana bətnindən keçir.

Az sonra Henrix dədə-baba yurdu Turingiyanı tərk eləyib anasıyla birlikdə ana vətəni Auqsburqa yola düşür. Onlar Almaniyanın cənubuna gedən tacirlərlə yol yoldaşı olurlar. Henrix bütün canlı varlıqların ruhuna hökmü yetən şairlər, onların göstərdiyi möcüzələr haqqında tacirlərin danışdığı rəvayətləri həyəcanla dinləyir, çünki özü də belə şair olmaq arzusundadır. Rəvayətin birində deyilir ki, keçmiş zamanlarda gəmiylə səyahətə çıxmış bir nəğməkar şairin sərvətini talamaq niyyətiylə gəmi sahibi onu aradan götürtmək istəyirmiş. Fəqət şairin nəğməsi vəhşi dərya sakinlərinə necə əsər eləyirsə, heyvanlar onun canını quldurlardan qurtarıb xəzinəsini özünə qaytarırlar. İkinci rəvayətdə isə meşədə bir komada yaşayan şairə qoşulub atasının sarayından qaçan padşah qızından danışılır. Bir ildən sonra şair kürəkən öz nəğməsiylə padşahı necə yumşaldırsa, qəzəbli atanın hirsi soyuyur, onları da, dünyaya yenicə gəlmiş nəvəsini də bağrına basır.

***

Səfər günlərinin birində yolçular bir qoca döyüşçünün qəsrində əylənirlər. Burada səlib yürüşünə hazırlıq görülür. Henrix qəsrin ərazisində əsir müsəlman qızı Züleyma ilə tanış olur. Qız vətən həsrəti çəkir, müharibə törədənlərə lənət oxuyur.

Yola davam eləyən yolçular bir dağətəyi kənddə ləngiyirlər, burada Henrix bir qoca mədənçini söhbətə tutur. Qoca ona öz işinin sirlərindən, yerin təkində gizlənmiş metallardan, minerallardan danışır. Onlar birlikdə dağ ətəyindəki mağaralara baş çəkirlər, burada Henrix inzivaya çəkilmiş bir zahidlə tanış olur. Bu adam keçmişində cəsur döyüşçü, şöhrətli zadəgan olub, ancaq sonra insanlardan yorulub, öz içindəki həqiqətlərə dalmaq üçün, özünü dinləmək üçün həyatın sahilinə çıxıb. Zahid onlara öz kitablarını göstərir. O kitablardan birində Henrix içində durduğu mağaranı, özünü, yanındakı qoca mədənçini, zahidi görür, ancaq hamısı ona tanış olmayan yad qiyafələrdədir, üstəlik, yazılar da onun oxuya bilmədiyi işarələrlə yazılıb. Kitabı varaqladıqca o, həyatının davamını izləyir, məlum olur ki, başına gələsilər əvvəlcədən bu kitaba yazılıbmış (Markesin “Yüz ilin tənhalığı” romanındakı qaraçı Melkiadesin perqamentlərini xatırladım), bu kitab bəşərin tale kitabı, Platonun diliylə desək, ideyalar aləminin, islamın təbirincə desək, lövhi-məhfuzun rəmziymiş. Bilik, savad, bacarıq isə, Əflatuni-ilahinin qeybdən xəbər verdiyi kimi, göydə yazılanları xatırlamaqdan başqa bir şey deyilmiş.

Nəhayət, Henrix Auqsburqa, babasının evinə çatır. Burada o, zahidin kitabında şəklini gördüyü şair Klinqsorla, bir də onun qızı Matildayla tanış olur. Elə ilk baxışdanca Henrix qıza vurulur, gənclər nişanlanırlar. Aydın məsələdir ki, Matilda nakam Sofinin obrazıdır.

Klinqsor bir ustad kimi gənc Henrixin mənəvi təkamülünün qayğısına qalır, ona ruhani gücünü işə salmağın, daxili potensialını poeziyaya çevirməyin, əşyaların, hadisələrin mahiyyətinə varmağın yollarını öyrədir. Bundan ötrüsə ilkin şərt səmimiyyətdir, çünki saf könül, səmimi qəlb hər şeyə işıq salır. Klinqsorun fikrincə, poeziya insan ruhunun başlıca xassəsidir. Axşam ziyafəti əsnasında Henrixin xahişiylə Klinqsor məclis əhlinə poeziyanın özünə düşmən təmayüllər üzərində qələbəsindən bəhs eləyən simvolik bir nağıl danışır.

***

Yarımçıq qalmış ikinci hissədə Henrix Matildanın ölümündən sonra dərin qüssəyə qapılıb dağlarda sərgərdan dolaşır. Buradan baxanda Auqsburq ayaq altındaymış kimi görünür, aralıda şütüyən çayın suları ayna kimi bərq vurur, elə bil su dilində nəsə mübhəm bir sirri faş eləyir. Çay qırağında kök salmış palıd şairi görəndə titrəməyə başlayır, ağacın dibindəki qaya parçasından lal bir cingilti qopur, torpağın altından şən nəğmə eşidilir. Palıdın içindən gələn səs Henrixdən ud çalıb mahnı oxumağı iltimas eləyir, söz verir ki, xahişini yerə salmasa, istədiyi qız qarşısında peyda olacaq. Henrix Matildanın səsini tanıyır. Ağacın yarpağında sevgilisinin ona nəvazişlə baxan çöhrəsi əks olunur.

Görüntü yoxa çıxanda onun qəlbindən əzablar, qayğılar da silinir, yerində yalnız sakit, məsum bir qüssə qalır. İtki ağrısı, boşluq duyğusu Henrixin yaxasını buraxır, oğlan oxumağa başlayır. Bu zaman o, bir qızın yaxınlaşıb onu arxasınca apardığının fərqinə varmır. Qız Henrixi qoca bir həkimlə tanış eləyir, ancaq gəncə elə gəlir bu kişi səfər üstündə gördüyü həmin o mədənçi qocadır.

Sən demə, bir zamanlar Henrixin atasıyla da görüşən bu ixtiyar həkim ona heykəltəraş olmağı məsləhət görübmüş. Ancaq gəncin atası gerçək təbiətinin çağırışına qulaq asmayıb, ətrafındakı reallıq onun içində dərindən dərin kök atıb, nəticədə ata sadəcə, mahir sənətkar olub. Qoca istəyir Henrix doğma şəhərinə qayıtsın, ancaq oğlan deyir ki, vətənini diyar-diyar gəzdikcə ölkəsini daha yaxşı tanıyır, həm də çox gəzən çox bilər. Sonra onlar vicdanın gücü, şərin kökü, kainatda mövcud olan dünyaların qarşılıqlı əlaqəsi, birliyi haqda fəlsəfi dialoqa girirlər.

***

Novalis bu bölümdə göstərmək istəyirdi ki, dünyada hər nə varsa hamısı - təbiət də, tarix də, savaş da, dinc həyat da poeziyaya çevrilir, çünki poeziya dünyada bütün cansızlara can verən, bütün ölü canlara üfürülən ruhdur.

Romanın ikinci hissəsində Henrix ətraf aləmlə daha dolğun təmas qurmalıydı, İtaliyaya getməli, hərbi yürüşlərə qoşulmalı, imperatorun varisiylə dostlaşmalı, Şərq səfərinə çıxmalı, sonda doğma Turingiyaya qayıdıb Klinqsorla birlikdə şeir yarışmasında iştirak eləməliydi. Romanın davamı rəmzi-mifoloji pritçaya çevrilməli, bu bölümdə poeziyanın sehri, sözün qüdrətiylə heyvanlar, quşlar, bitkilər, daşlar dilə gəlməli, Henrix varlığın yaxasını açıb zamansız-məkansız, dərdsiz-ölümsüz möcüzələr aləminin qoynuna girməliydi.

Matilda ayrı-ayrı qadınların timsalında tez-tez Henrixin qarşısına çıxmalıydı. Sonda Henrix, nəhayət, yuxusunda gördüyü mavi çiçəyi dərib, mistik rəmzi real dünyada zühura gətirməliydi...

***

Bu sirli mətnin, ümumən Novalis yaradıcılığının dünya ədəbiyyatına nə qədər güclü təsir göstərdiyi ədəbiyyat xiridarı üçün yenilik olmasın gərək. Meterlinkin, Taqorun, Tomas Mannın, Hessenin, Rilkenin, Borxesin, Kasaresin, Rulfonun, Kastanedanın, Markesin, Ekonun, Koelyonun... yaradıcılığında bu təsirin izlərini sezmək elə çətin deyil. Milli ədəbiyyatımıza gələndə, Ramiz Rövşənin “Süd dişinin ağrısı” poemasında o dünyayla alış-verişə girişən ovçunun da alveri Novalisin metafizik aləmlə alverinə çox bənzəyir.

Bütün bunlar o bəlli həqiqəti bir daha sübuta yetirir ki, hər bir yeni ədəbiyyat köhnələrlə (dəxli yoxdur, şüurlu, ya şüursuz) dialoqda yaranır, hər təzə söz, şair deməli, tozu alınmış köhnə sözdür, hər gələn dahi sənətkar varlığın camalına dünyaya gəlmiş-getmiş nəhənglərin çiynindən baxır. Bu sayaq ədəbi varislikdən kənarda gerçək sənət yarana bilməz.

Elə Novalisin mavi çiçəyi də Gilqamış haqqında qədim şumer dastanındakı dirilik çiçəyinin genetik varisidir. Sonradan o mavi çiçək Meterlinkin sehirli əllərində qanad açıb göy quşa çevriləcəkdi. Henrixin ruhani səfəri də Əttarın dərviş quşlarının mistik yürüşünün bir başqa formada təkrarıdır. Onun mərhəmət saçan vəhşiləri hələ neçə yüz il əvvəl Məcnundan təlim-tərbiyə almışdılar. Öz növbəsində Koelyonun özünü axtarışında, özündən-özünə ruhani səfərində cansız əşyalardan belə yardım, anlayış görən kimyagəri də Henrix fon Ofterdingendən dərs alıb.

Novalisin arzuladığı, ucundan-qulağından bizə də göstərdiyi ideal dünya Platonun ideal, ruhani cəmiyyətindən (qəsdən dövlət demirəm, çünki elə dövlət olmaz) də maraqlıdır. Ancaq məsələ burasındadır ki, Platon olmasaydı, xristianlıq da olmayacaqdı, xristianlıq olmasaydı, Novalis olmayacaqdı. Bax belə...

Əvvəli ötən sayımızda...

F.Uğurlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri