Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Vatsap statusları Sevinc Elsevərin yeni hekayəsi

Vatsap statusları Sevinc Elsevərin yeni hekayəsi

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Sevinc Elsevərin "Vatsap statusları" hekayəsini təqdim edir.

“Paylaşmaq gözəldir!”

Yuyucu tozun reklamından

Tüpürməsə ölürdü. Küçədə tüpürmək həm ayıb sayılırdı, həm də cəriməsi vardı. Yan-yörəsinə baxdı, adam yox idi. Sosial şəbəkələrdə o qədər küçəyə tüpürənləri qınayanlar var idi ki! Özü də həmişə onlarla razılaşırdı, xora qoşulub şərhlər yazırdı. İndi tüpürmək məcburiyyəti yaranmışdı.

Uroloji xəstəxananın arxasındakı küçəylə üzüaşağı gedirdi. Qəfil düz burnunun dibində sidik qoxulu hava kütləsi peyda olmuşdu. Burnuyla nəfəs ala bilmədiyindən, suda boğulan adam kimi məcbur olub hələ ağzını da açmışdı. Sidik iyi ilə zənginləşmiş hava kütləsi xirtdəyinə kimi hücum çəkmişdi.

Ödü ağzına gəlirdi. Tüpürməsə, qusub batıracaqdı. Bu lap pis idi! Küçədə, şəhərin göbəyində!

Gözü künc-bucaq axtardı, gediş-gəlişi olmayan, gözdən uzaq yer tapsın barı! Dar bir küçəyə buruldu. Xəstəxananın böyründə yeməkxana var idi. Yeməkxana ilə xəstəxananın arasında paralel küçəyə çıxan dar bir cığır! Yeməkxanada yemək yeyirdilər, hər yan da şüşədən! Adamlar bunu görürdülər, bu onları! Yenə tüpürməyə şərait yox idi. Ağzı tüpürcəklə aşıb-daşırdı. Tüpürcəyini nə uda bilirdi, nə də qurtula! Ürəyi şiddətlə bulanırdı. Lap hamiləlikdəki kimi.

Bir az da irəlilədi. Yeməkxananın divarları bitdi. Cığır boş idi, qarşıdan kimsə gəlmirdi. Divarın dibinə yaxınlaşıb elə tüpürmək istəyirdi ki, gözü başının üstündəki kameraya sataşdı. Yox! Olmaz! Onu görürlər! Birdən bu kamera vasitəsilə izləyib cərimə elədilər! Yaxud da necəsə sosial şəbəkələrə düşdü! Onda necə? Bu yaşdan sonra ölünü qoy, dirini ağla!

Haradasa, on-on beş günün söhbəti idi, neçə gün tikan üstündə oturdu, yatdı, durdu. Marketdə nəvəsi ətəyindən yapışıb bahalı oyuncaq maşını istəyəndə, dil qəfəsə qoymadan ağlayıb özünü yerə sürtəndə, necə əsəbləşmişdisə, əl çantasını yavaşca uşağın başına vurmuşdu. Çantanın içindəki telefon da uşağın başına dəymişdi deyə, uşaq lap bərkdən qışqırmışdı. Satıcılardan ikisi qaçıb haraya gəlmişdi. Uşağı güclə sakitləşdirib mağazadan çıxartmışdı. Amma neçə gün səksəkədə yaşamışdı ki, görüntüləri yayılacaq, elin dilinə, “ən pis nənə” kimi tarixə düşəcək. Vatsap statuslarında, tik-tokda, feysbukda növbəti hədəfə çevriləcək. Allah istəmişdi, yaxşı qurtarmışdı.

Elə tüpürcəyi ağzında əsir qalmışdı ki, telefonuna zəng gəldi. Əlini çantasına soxub əlləşməyə başladı. Qızının adını ekranda görəndə qanı qaraldı. Allah bilir, Loxəbər indi nə xəbər verəcəkdi?! Qızı heç vaxt xeyirliyə zəng eləməzdi. Telefonu açıb qulağına dayayan kimi qızının ciyiltili səsi axıb beyninə doldu:

- Mama, xəbərin var, gəlinin yenə nə hoqqa çıxardıb? Vatsapına nə şəkillər qoyub? Bax ha! Bacın yenə fili minəcək!

Hirsindən tüpürcəyini necə uddusa, elə bil qan uddu! Artıq gec idi! O tüpürcəyi geri qaytara bilməzdi. Ürəyi hələ də bulanırdı. Ağzında dözülməz tam vardı. Paralel küçəyə çıxıb marketə girdi. Ağzındakı dadı yox eləmək üçün nəsə yeməli, ya içməli idi.

Gəlin yenə vatsap statusunda bər-bəzəkdə, allı-güllü donlarda şəkillərini paylaşmışdı. Gah əriylə, gah uşaqlarıyla, gah da tək çəkdirdiyi şəkillərdə qıpqırmızı pomada çəkmiş, dişlərini də ağardırdı.

Zalımın qızı evdə nə oldu şəklini çəkib paylaşırdı. Əri uşağa oyuncaq aldı çəkib qoyurdu vatsapa. Təzə paltar aldı, çəkib qoyurdu. Restorana gedirdilər, çəkib paylaşırdı.

Əvvəllər gəlinin bu xasiyyəti Zümrüdü narahat eləmirdi. Cavan gəlindir, neynəyir-eləsin. Amma nəzərdən də qorxurdu. Tez-tez duz hərləyirdi nəvələrinin şəkillərinin başına. Uşaqlar şəhərin o tayında yaşayırdılar, hər dəqiqə qalxıb gedə bilmirdi oğlunun evinə, duz hərləyə bilmirdi nəvələrinin başına.

Gedib gəzib dolanıb gəlmişdilər, evə çatan kimi gəlin bir dəqiqəni belə ötürmədən fotoları düzmüşdü dalbadal. Zümrüd evə çatar-çatmaz, əynini dəyişər-dəyişməz, şəkilləri bir-bir nəzərdən keçirdi, hamısına da ürək simvolu atdı. Amma qaranəfəs xəbər də aldı:

- Qəmziyyə xalan görmür ki? Şəkilləri görənlərin siyahısına əl gəzdirmisən?

Gəlindən gələn cavab ləngimədi:

- Hə, Zümrüd xala, arxayın ol! Keçən dəfəki söz-söhbəti heç unudaram? Gözüm qorxub ondan bəri.

Zümrüdün bacısı idi Qəmziyyə. Deyib-gülən, güləndə səsi yeddi evə düşən gəlin idi. Oğlu qəzada öləndən sonra nəinki gülüşü nissə çəkildi, başqalarının gülməyini də bağışlaya bilmədi onlara.

Fuad rəhmətə gedəndən bir ay sonra Zümrüdün gəlini vatsap statusunda evlilik ildönümlərinə görə toy şəkillərini paylaşmışdı. Qəmziyyə həmin gün vatsap statusuna iri hərflərlə bu sözləri yazmışdı: “Mənə göz dağı verib xoş günlərini gözümə soxanları görüm günümə düşsün! Mənim balam toy görmədi!”...

Zümrüdü od-alov bürümüşdü. Sözü öz ünvanlarına götürmüşdü, tez gəlinə zəng edib yalvar-yaxar eləmişdi:

- Başına dönüm, bala! O şəkilləri yığışdır. Gələn il inşallah paylaşarsan. Fuadın qırxı çıxmayıb. Qəmziyyə xalan yanlış anlayar. Həm də görür, pis olur.

Allahtərəfi, gəlin razılaşmışdı. Amma şəkilləri yığışdırmaq yerinə, Qəmziyyənin profilini izləyənlər siyahısından çıxartmışdı. Bir müddət beləcə davam eləmişdi, Qəmziyyənin xəbəri olmamışdı.

Qəmziyyə xəbər tutanda isə, ayrı bir söz-söhbət qalxmışdı. Bir axşam oturduğu yerdə Zümrüdə zəng eləyən Qəmziyyə özündən kiçik bacısına dişinin dibindən çıxanı demişdi:

- Gəlininə sən tapşırmısan mənim profilimi bağlasın? Niyə, bala? Neyləmişəm sizə? Gülxas paylaşdığı hər şeyi görür, xainliyindən də ölə-ölə, bəzəyə-bəzəyə hamıya göstərir, danışır, amma mənə gələndə mənim gözüm sizi götürməz?!

Zümrüd kəkələyə-kəkələyə qalmış, birtəhər söz tapıb, cümlə qurub iki sözü bir-birinin dalına düzmüşdü:

- Vallah, ay bacı, bəlkə, təsadüfən olub. Uşaqların əli dəyib oynadanda, eləyəndə. Telefon bütün günü uşaqların əlindədir. Onlar nə eləyiblərsə, eləyiblər. Deyərəm açar, sən də görərsən paylaşımlarını.

Qəmziyyənin səsi telefondan elə sıçrayıb çıxmışdı ki, az qalmışdı Zümrüdün qulağı bata. Telefonu qulağından uzaqlaşdırmağa məcbur qalmışdı.

- Lazım deyil! Atacam gəlinini də, səni də bloka! Nə görərəm, nə eşidərəm, elə bilərəm yoxsunuz!

Zümrüd güc-bəla ilə bacısının könlünü almış, birtəhər yola gətirmişdi. Amma gəlini də başa salmış, xoş günlərdən nəsə paylaşanda profilini bağlamağı tapşırmışdı.

Zamanla Qəmziyyələrin sayı artmışdı. Birinin əri ölmüşdü, Zümrüd əriylə şəkil paylaşa bilmirdi. Nə özü paylaşırdı, nə gəlinə imkan verirdi. O birinin qızı boşanmışdı. Bir başqasının əri tutulmuşdu. Xoş günləri, xoş saatları paylaşmağa adamların sayı azalmışdı.

Qardaşı qızı Gülərin əri neçə ay idi işsiz idi, oturmuşdu evdə. Qardaşı arvadı Gülpəri bir yandan, qızı Gülər o yandan ah-vay edirdilər. Gah dolanışıqdan şikayətlənir, gah bəxtəvərlik verirdilər.

Oğlu supermarketlərdən birində satış meneceri idi. Bir neçə həftə əvvəl statusunda işdən şəkil paylaşmışdı. Müdiriyyətin diqqətini çəkmiş, uşağı təltif eləmişdilər. Elə ki şəklini paylaşıb vatsapa qoymuşdu, Gülpəri tezcənə Zümrüdə yazmış, təbrik eləmişdi. Amma elə təbrik eləmişdi ki, eləməsə ondan yaxşı idi.

Hələ uşaq maşın alanda Gülpərinin oğlu özündən də xain çıxmışdı. Qapılarında təzə maşını görəndə damağındakı siqaretdən bir qullab alıb dərindən ah çəkmişdi:

- Deyirəm, bu camaat nəylə alır bu bahalıqda maşınları? Mən on ildir əlləşirəm, bunun bir təkərini ala bilmirəm!

Zümrüd güc-bəla ilə özünü ələ alıb gülümsəmişdi:

- Sən də alarsan, bibin qurban! Nə darıxırsan?! Rauf da iyirmi il işləyəndən sonra maşın alıb! Bundan qabaq aldığı da lap köhnə, ucuz maşın idi! Eşşəyə min, ata çatınca! Sən də əvvəl bir ortababını al, sonra bahasını da alarsan!

Beləcə, günlər keçdikcə Zümrüd hər gün bir adamın üzünə vatsap statusunu bağlamışdı. Elə adamlar vardı, onların üzünə “qapı açıb-bağlamağı” paylaşımdan asılı idi. Axırda bir də baxdı ki, ətrafında beş-altı adam qalıb. Bu dünyada sevincini paylaşa bildiyi adamların sayından asılı imiş insanın təkliyi, çoxluğu.

Adamlar arasında getdikcə paylaşmaq çətinləşirdi. Xüsusən sevincləri!

Zümrüd hər şeyi hamıyla paylaşa bilən tək-tük adamlara mat qalırdı. Bunu necə bacarırdılar? Ətraflarında olan bütün adamların həyatı qaydasında idimi? Yoxsa vecsiz idilər?!

Zümrüd vecsiz olmağın yolunu tapa bilmirdi. Gəlin də onun əlindən zara gəlmişdi.

Günlər ötürdü. Zümrüd baxırdı ki, gəlin təzə heç nə paylaşmır. Ürəyində sevinirdi. Fikirləşirdi ki, yəqin, qız ağıllanıb, öyüdlərindən nəticə çıxarıb. Daha bişirdiyi şirniyyatları, ərinin aldığı hədiyyələri, çiçəkləri çəkib vatsapa qoyaraq aləmə car çəkmir.

Qonşusu Simuzər qəfil vatsapdan yazdı: “Ad günün mübarək, ay Zümrüd xala! Sənə can sağlığı, uzun ömür arzulayıram!”.

Zümrüdü təəccüb bürüdü, təşəkkür hisslərini izhar edəndən sonra ad günü olduğunu hardan öyrəndiyini xəbər aldı.

- Boyy, gəlinin qoyub da vatsapa! Nömrəsi məndə var Sənubərin. Paylaşımlarını görürəm.

Zümrüd özünü o yerə qoymadı:

- Hə, deyirəm axı! Sağ olsun o da, sən də! Görmüşəm. Sənubərdir də! Min dəfə demişəm uşaq deyiləm ha, paylaşırsan mənim ad günümü. Hər il yenə paylaşır. Saat on ikini keçən kimi özü də! Xasiyyətidir. Qoymaz bir dəqiqə o yan-bu yana olsun!

Simuzərdən yaxasını qurtarıb telefonun yuxarı başına, vatsap statuslarına baxdı. Sənubərin paylaşımı görünmürdü. O dəqiqə bildi ki, Sənubər ərinin könlünü xoş eləmək üçün qaynanasının şəkillərini paylaşıb, status yeniləmələrinə əl gəzdirməyi isə unudub.

Tarixi-mədəni abidələrlə bağlı mobil tətbiq hazırlanır "Gecə-gecə" serialının final seriyasının çəkilişləri yekunlaşdı Coninin konsertləri ləğv olundu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Aprel 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see398

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see315

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see266

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see244

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see240

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see237

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see236

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see232

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see231

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see228

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see224

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see223

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see212

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see209

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see206

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see197

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see181

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see181

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see176

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri