Vəkillik fəaliyyəti ilə bağlı hüquqi normalar DƏYİŞDİ Hansı yeniliklər OLACAQ?
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edilmiş və qanun 19 noyabr 2025-ci il tarixdən qüvvəyə minmişdir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanun” uzun illər ərzində təkmilləşdirilmişdir. Bu Qanunda və əlaqəli bir sıra Məcəllələrdə (“Mülki Prosessual Məcəllə, “Cinayət‑Prosessual Məcəllə”, “Cəzaların İcrası Məcəlləsi”) böyük əhəmiyyət kəsb edən dəyişikliklərin qəbul edilməsi, Azərbaycanda vəkilliyin müstəqil, peşəkar hüquq sahəsi kimi inkişafının təmin edilməsi məqsədini daşıyır. Bu yanaşma vəkillik institutunun hüquqi dövlətin əsas sütunlarından biri olmasından xəbər verir. Bu məqalədə yuxarıda qeyd olunan dəyişikliklərin mahiyyəti, aparılan islahatlar və onların mümkün müsbət hüquqi‑praktik nəticələrini təhlil etməyə çalışmışıq.
Vəkilin cəmiyyətdə və dövlət quruculuğunda rolu
Əvvəlcə vəkilliyin cəmiyyətdə və dövlət quruculuğundakı roluna nəzər salsaq, görərik ki, müasir hüquqi dövlətin əsas sütunlarından biri ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən vəkillik institutudur. Çünki ölkəmizdə dövlət idarəçiliyi hakimiyyət bölgüsünə əsaslanır və Konstitusiyada hakimiyyətin üç qolu - icra, qanunvericilik və məhkəmə hakimiyyəti müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə hakimiyyəti bir qolu olmaqla idarəçilikdə əsas üç yerdən birini tutmuş və fəaliyyətinin əsasını ədalət mühakiməsinin həyata keçirilməsi təşkil edir.
Məhkəmələrin ədalət mühakiməsini səmərəli həyata keçirməsində isə vəkillik ən güclü və güzgü effekti verən hüquqi təsisatdır. Vəkil yalnız hüquqi yardım üçün nümayəndə və müdafiəçi funksiyasını yerinə yetirmir, eyni zamanda insan hüquq və azadlıqlarının təminatçısı, cəmiyyətdə hüquqi düşüncənin formalaşmasında mühüm vasitəçi rolunu oynayır. Vəkilin məhkəmə-hüquq sistemindəki səmərəli rolu hüquq sisteminin ədalətli və qanuni şəkildə fəaliyyət göstərməsini təmin etmiş olur. Vəkil fiziki və hüquqi şəxslərin konstitusion və qanuni hüquq və maraqlarını müdafiə edir, məhkəmədə onların adından çıxış edərək peşəkar hüquqi yardım göstərir. Vəkil hüquqi prosedurların düzgün aparılmasına nəzarət edən subyekt rolunu oynamaqla, həmçinin fəaliyyəti zamanı prosessual hüquqların pozulmasına qarşı müdafiə mexanizmlərini işə salır. Nəticədə ədalətli məhkəmə araşdırması təmin olunur.
Vəkillər hüquqi maarifləndirmədə və hüquq mədəniyyətinin formalaşmasında da xüsusi rol oynayırlar. Belə ki, cəmiyyətdə hüquqi savadlılığın artırılması və vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsində vəkilin maarifləndirici fəaliyyəti əvəzsizdir. Həmçinin vəkillər hüquqi yardımın keyfiyyətli və peşəkar şəkildə, həm də bərabər əsaslarla göstərilməsinə xidmət etmək və eyni zamanda aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərməklə hüquqi yardımın əlçatanlığını təmin edirlər. Vəkillər hüquqi islahatlar çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində iştirak edərək praktik problemləri ortaya qoyurlar və aktual təkliflər irəli sürürlər. Bu isə hüquq sisteminin davamlı inkişafına töhfə verməklə nəticələnir. Peşəkar və obyektiv vəkil fəaliyyəti məhkəmə qərarlarının daha ədalətli və əsaslandırılmış olmasına zəmin yaradır ki, bu da vətəndaşların və bütövlükdə cəmiyyətin məhkəmə-hüquq sisteminə inamını artırır.
Məlumdur ki, hüquqi dövlətin təməl prinsipləri - qanunun aliliyini, hüquq bərabərliyini və müstəqil məhkəmə-hüquq sisteminin, vəkillik institutunun güclü və müstəqil olmasını tələb edir. Vəkillər insan hüquqlarının müdafiəsində ilk cərgədə dayanan əsas fiqurlardır. Onların fəaliyyəti olmadan ədalət mühakiməsinin obyektivliyi və insan hüquqlarının müdafiəsi şübhə altına alına bilər.
Vəkilin funksiyaları və ictimai əhəmiyyəti
Vəkilin hüquq sferasındakı fəaliyyəti hüquqi müdafiə və təmsilçilikdən ibarətdir. Bu fəaliyyəti ilə vəkil cinayət, mülki, inzibati və hüququn digər sahələrində fiziki və hüquqi şəxslərin hüquqlarını qoruyur. Ədalətə çıxış imkanlarının bərabərliyini və zəif sosial təbəqələrin müdafiəsini təmin etməklə, vəkillik sosial ədalətə mühüm töhfə vermiş olur. Qloballaşma və rəqəmsallaşma çağırışları vəkilliyə də təsirsiz ötüşmür. Belə ki, müasir çağırışlar yeni dövr vəkillik fəaliyyətinə də yeni tələblər irəli sürür:
- Buna misal olaraq rəqəmsal texnologiyaların tətbiqini, elektron məhkəmə sistemini, elektron müqavilə və order, onlayn hüquqi xidmətlər, beynəlxalq hüquqi əməkdaşlıq, xarici ölkələrlə hüquqi yardımlaşma, beynəlxalq hüquqi məsələlərin həllində vəkilin iştirakı və sair yenilikləri göstərmək olar. Ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatların tərkib hissəsi və məntiqi davamı olaraq, son illər Azərbaycanda vəkilliyin institusional gücləndirilməsi istiqamətində bir sıra islahatlar həyata keçirilmişdir. Belə ki, vəkillərin sayının üç dəfəyədək artırılması, dövlət tərəfindən hüquqi yardıma ehtiyacı olanlara pulsuz hüquqi yardımın təşkili və bu xidmət üzrə vəkillərə ödənilən haqların əhəmiyyətli dərəcədə artırılması, vəkil sorğularına cavab verilməsinin hüquqi mexanizmlə tənzimlənməsini vəkillik sahəsində aparılmış islahatların səmərəsi kimi qeyd etmək olar. Vəkillik hüquqi biliklərlə yanaşı, eyni zamanda etik davranış kodeksi ilə tənzimlənən peşə fəaliyyətidir. Məhz yüksək peşə etikasına sadiqlik cəmiyyətdə vəkil institutuna olan inamın əsasını şərtləndirir və bu peşəyə olan etimadı təmin edir.
Şərh olunanlar onu deməyə əsas verir ki, müasir dövrdə vəkillik təkcə fiziki və hüquqi şəxslərin hüquqlarını müdafiə edən peşə fəaliyyəti deyil, həmçinin hüququn aliliyinin təmin olunmasında fəal iştirak etməklə hüquqi dövlətin formalaşmasına xidmət edən, məhkəmə-hüquq sisteminin vacib institusional hissəsidir. Onun səmərəli fəaliyyəti hüquqi sabitliyin və ədalətin təminatıdır. Yuxarıda vəkilliyin gücləndirilməsi istiqamətində islahatların həyata keçirilməsi xüsusi vurğulanmışdır.
Buna bariz nümunə kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 19 noyabr 2025-ci il tarixli Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda olan mütərəqqi dəyişiklikləri qeyd etmək və aşağıdakı kimi şərh etmək olar:
Qanuna əlavələrdən biri vəkilliyin müstəqil hüquq fəaliyyəti kimi təsnif edilməsidir.
Beləliklə,dəyişikliyə görə vəkil fiziki və ya hüquqi şəxslərə, dövlət orqanlarına hüquqi yardım göstərərkən müstəqil mövqedən çıxış edəcək və vəkillik peşəkar müstəqil fəaliyyət kimi tanınacaqdır.
Dəyişikliklərə əsasən mülki işlər üzrə işdə iştirak edən şəxs olduqda - kassasiya instansiyasında və cinayət prosesində təqsirləndirilən şəxs və ya şübhəli şəxs qismində vəkil özünü‑özü təmsil etmək hüququna malikdir. Bu yeniliyin bir sıra səmərəsi ola bilər. Belə ki, kassasiya şikayətinin hazırlanması və müdafiəsi zamanı vəkil öz hüquqi bilik və təcrübəsinə güvənərək, həmçinin özü bilavasitə işin faktiki hallarının iştirakçısı olduğu üçün məhkəməyə hüquqi cəhətdən daha tutarlı və sistemli arqumentlər təqdim edə bilər. Vəkil özü-özünü müdafiə etdiyi zaman hüquqi məsələyə emosional deyil, rasional və obyektiv yanaşa bilər ki, bu da prosesin effektivliyinə müsbət təsir edər. Başqasına (yəni digər vəkilə) işi izah etmək əvəzinə özü müdafiə etdikdə vaxt itkisi azalır, işin gedişinə daha çevik reaksiya vermək mümkün olar. Kassasiya instansiyası yüksək məhkəmə pilləsi oldğundan burada özünü uğurla təmsil etmək vəkilin həm şəxsi, həm də peşəkar nüfuzuna da müsbət təsir göstərə bilər. Nəhayət vəkil özünü təmsil edərsə verdiyi qərarların və arqumentlərin məsuliyyətini tam şəkildə özü daşıyar və nəticədə hüquqi yanaşmanın daha dəqiq olmasına səbəb olar.
Vəkil sorğusuna cavab müddətinin konkretləşdirilməsi, qeyri-müəyyənliyi aradan qaldırır. Vəkilin informasiya əldə etmək hüququ qanunla qorunur. Hüquqi müəyyənlik və aydınlıq təmin olunur. Dövlət orqanları, bələdiyyələr və digər qurumların müəyyən olunmuş müddət çərçivəsində vəkil sorğusuna cavab verməsinin məcburiyyəti yaranır. Bununla da məlumat almaq prosesi sürətlənir, nəticə etibarilə işlərin vaxtında hazırlanmasının və hüquqi müdafiənin effektivliyi artırır. Məhkəməyə və digər orqanlara təqdim ediləcək sübutlar, sənədlər və məlumatlar vaxtında əldə olunmadıqda işin gedişinə mənfi təsir edə bilər. Lakin cavab vermə müddətinin qanunla tənzimlənməsi, bu kimi prosessual pozuntuların qarşısını alacaq, vəkilin göstərdiyi hüquqi yardımın çevik və operativ olmasını, xidmət göstərilən şəxsin müdafiə hüququnun tam təmin olunmasına xidmət edəcək. Dövlət orqanlarının vəkil sorğularına münasibəti normativ əsasda qurulduqda, bu, vəkillik peşəsinə hörməti və etibarı yüksəltməklə, vəkillik institutunun nüfuzunu artır.
Vəkilliyə qəbulla bağlı tələblərdə də mühüm dəyişiklik olunaraq, vəkilliyə qəbul üzrə tələb olunan hüquq sahəsində iş stajı 3 ildən 1 ilə endirilmişdir. Sözügedən dəyişikliyin bir sıra faydalarını qeyd edə bilərik. Belə ki, dəyişiklik nəticəsində gənc, peşəkar və potensiallı hüquqşünaslar daha tez müddətdə vəkilliyə qəbul olmaq şansı əldə edəcəklər ki, bu da vəkil peşəsinə yeni nəfəs və dinamika gətirəcək, vəkil çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək, xüsusən də bölgələrdə mövcud vəkil çatışmazlığı problemi aradan qalxacaq, daha tez bir zamanda vəkillərin sayının artımı hiss olunacaq ki, bu da vətəndaşların, xüsusilə aztəminatlı şəxslərin keyfiyyətli hüquqi yardıma çıxışını asanlaşdıracaq, daha çox namizədin vəkil olma imkanı yaranacaq. Bu isə vəkillər arasında rəqabəti gücləndirəcək və xidmətin keyfiyyətinə müsbət təsir edəcək, əmək bazarında hüquqşünasların say çoxluğu fonunda vəkillik əlavə bir karyera sahəsinə çevriləcək və gənc hüquqşünasların işsizlik problemini azalacaqdır.
Bundan başqa, Vəkillərin İxtisas Komissiyasının tərkibində Vəkillər Kollegiyası üzvlərinin sayının artırılması, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) və Rəyasət Heyətinin səlahiyyətlərinin dəqiqləşdirilməsi, iki dəfədən artıq Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilmək məhdudiyyətinin aradan qaldırılması, vəkillər barəsində tətbiq edilən intizam tənbehlərinin dəqiqləşdirilməsi, vəkilin fəaliyyətinə yalnız Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilməsi qaydasının müəyyən edilməsi, vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarının dəqiqləşdirilməsi, İntizam və İxtisas Komissiyalarının Vəkillər Kollegiyasının strukturuna əlavə edilməklə, həmin komissiyaların hüquq və vəzifələrinin də qanunla müəyyən edilməsi, həmçinin dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış şəxsin yenidən vəkil kimi fəaliyyətinin bərpasının hüquqi mexanizminin müəyyən edilməsi də öz növbəsində səmərəli dəyişikliklərdən hesab olunmalıdır.
Qanunvericilikdəki dəyişikliklər nəticəsində gözləntilər:
1. Vəkilliyin müstəqil peşə olaraq tanınması, vəkil‑müvəkkil münasibətlərində daha aydın hüquqi statusun formalaşmasına xidmət edəcək ki, bu da vətəndaşlara hüquqları ilə bağlı daha keyfiyyətli yardımın göstərilməsi üçün zəmin yaradacaq.
2. Vəkillər Kollegiyası daxilində intizam məsələlərinin, ixtisaslaşmanın və orqanik strukturun təkmilləşdirilməsi, institusional etimadın artırılmasına, idarəetmə və korporativ strukturun modernləşməsinə yönəlmişdir. Məhkəmə proseslərində vəkillərin hüquqlarının genişləndirilməsi - məsələn, müstəqil təmsilçilik və ya maraqlı tərəf kimi çıxış etmək imkanı – vəkillik institutunun prosesual gücünü artıracaq.
3. Reformların hüquqi‑praktik nəticələri ondan ibarətdir ki, hüquqi yardım və hüquq müstəvisində müdafiə sahəsi üzrə aparılan islahatlar vəkilliyin daha əlçatan, keyfiyyətli və şəffaf mexanizmlərlə təmin olunmasına, hüquqi yardıma ehtiyacı olanların daha etibarlı xidmət almasına gətirib çıxaracaq.
4. Vəkilliyin peşəkar fəaliyyət kimi ciddi hüquqi çərçivədə normallaşması, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan vəkillərinin nüfuzunun artmasına təsir edəcək, ictimai və professional etimad yüksələcək.
5. Prosesual hüquqları genişləndirilmiş vəkillər, hüquq sistemində daha aktiv və məsuliyyətli rol oynayacaq, bu isə hüquq mühafizə sistemi ilə bağlı institusiyaların balanslaşmasına xidmət edəcək.
Vəkillər Kollegiyasının sədri Anar Bağırovun dediyi kimi, qəbul olunan dəyişikliklər vəkillərin peşə fəaliyyətinin daha səmərəli təşkilinə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, həmçinin vəkilliyin cəmiyyətdə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Şərh olunan xüsusatları ümumiləşdirərək qeyd edə bilərik ki, 2025‑ci ilin noyabr ayının 19 da qüvvəyə minmiş vəkillik fəaliyyətini tənzimləyən hüquq normalarına edilmiş dəyişikliklər Azərbaycan Respublikasında hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə, vəkilliyin müasir standartlarla tənzimlənməsinə və hüquq sisteminin daha səmərəli işləməsinə yönəlmişdir.
Etibar Həsənov, Vəkillər Kollegiyasının üzvü
Baxış sayı:72
Bu xəbər 27 Noyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















