Icma.az
close
up
RU
Velosiped: həm idmandır, həm nəqliyyat, həm də sağlamlıq

Velosiped: həm idmandır, həm nəqliyyat, həm də sağlamlıq

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi (ROEQİUGVM) Azərbaycanda velosiped idmanının inkişafına öz töhfələrini vermiş mərkəzlərdəndir. Respublika Velotrekinin bazasında fəaliyyət göstərən idman ocağı 1994-cü ildə yaradılıb.

Burada velosiped idmanı ilə məşğul olan yeniyetmə və gənclər məşqləri həm velotrek meydanında, həm veloparkda, həm də ölkənin şosse yollarında keçirlər. Trekin ərazisində bina yerləşir ki, burada da velosipedlərin saxlanılması və onlara texniki qulluq göstərilməsi üçün otaqlar var. Eyni zamanda , konfrans zalı və digər yardımçı otaqlar da burada yerləşir.

Məktəbin yetirmələrinin uğurlarından söz açarkən, Oleq Nojinin 1997-ci ildə gənclərin İtaliyada keçirilmiş Avropa çempionatında ”Sprint”də qazandığı gümüş və vaxt üzrə fərdi yürüşdə qazandığı bürünc medalı qeyd etmək lazımdır. Məktəbin daha bir yetirməsi son zamanların ən perspektivli idmançısı sayılan Elçin Əsədov Tokio Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmiş ilk Azərbaycan velosipedçisi olub. Nəcəf Bağırov, Nikita Sitov, Ayan Xankişiyeva və digərləri idman ocağında ərsəyə gəlmiş atletlərdir.

Fevralın soyuq günlərinin birində Bakı metrosunun “20 Yanvar” stansiyası yaxınlığındakı məktəbin əsas bazası olan Velotrekdə idmançılarla bir araya gəlib, onların məşq proseslərini izləmək qərarına gəldik. Soyuqdanmı, günəşin ilıq şüalarının hərarətindənmi uşaqların yanaqları qızarıb. Bir məşhur deyimi xatırlayırıq: “Həyat velosiped sürmək kimidir. Tarazlığınızı saxlamaq üçün hərəkət etməlisiniz”. Elə məşq boyu velosepdlə hərəkətdə olan uşaqların, həm də daim irəli can atmasının şahidi oluruq. Bəzi insanlar üçün velosiped hobbi, bəziləri üçün sadəcə bir nəqliyyat növü, digərləri üçün isə həyatın özüdür. Buradakı uşaq və yeniyetmələr arasında da elələri var ki, velosiped onlar üçün ayrıca bir dünyadır. Onlarla söhbətdə buna bir daha əmin olduq. Velosipedlər şütüdükcə sürət daha da artır, mübarizə gərginləşir, daha inamlılar önə çıxır.

Gərgin məşqlərdən sonra onlarla elə trekdəcə söhbətləşirik. 182 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Bəhram İlyasovun 11 yaşı var. Artıq 3 aydır ki, məktəbdə velosiped idmanının sirlərini öyrənir. Deyir ki, hansı hava şəraiti olursa-olsun, məşq etmək istəyir:

– Məktəbdə məşqlər ürəyimcədir. Burada çox şey öyrənmişəm. Hətta soyuq hava şəraitində məşqlərimizi davam etdirmək istəyirik. Gələcəkdə peşəkar velosipedçi olmaq arzusundayam.

Məhəmməd Nəzərli isə 6 aydır ki, məşqlərə qatılıb. Deyir ki, ən çox maraq göstərdiyi idman növü olub. Getdikcə daha çox özünə inanır.

Məhəmmədin atası da oğlunun məşqlərini diqqətlə izləyir. Öyrənirik ki, Məhəmmədin böyük qardaşı üzgüçülüyə, o isə velosiped idmanına maraq göstərir:

– Oğlumun hələ kiçik yaşlarından velosiped sürməyə böyük marağı var idi. Düşündük ki, bu idman növü üzrə özünü sınasın. Hər şey yaxşıdır. Getdikcə özünəinamı artır. Məşqlərdə fəaldır. Yoruldum demir. İnşallah, gələcəkdə onu böyük yarışlarda görəcəyik.

Süleyman Ələkbərovun 18 yaşı var. Cəmi 6 ay məşq etməsinə baxmayaraq, artıq ölkədaxili yarışlarda nailiyyətlər qazanıb:

– İndiyədək ölkədaxili 4 yarışda mükafatçılar sırasında yer almışam. Azərbaycan çempionatında 2-ci yeri tutmuşam. Çalışıram ki, ustalığımı daha da artırıb, beynəlxalq yarışlarda fərqlənim.

ROEQİUGVM-in direktor müavini Gülnarə Məlikova hazırda məktəbin bir sıra yerlərdə bölmələrinin fəaliyyət göstərdiyini dedi:

– Hazırda məktəbimizin 30-dan artıq bölməsində 300-ə yaxın idmançı məşğul olur. Bakının bir sıra orta məktəblərində, Sumqayıt, İsmayıllının İvanovka kəndində bölmələrimizdə məşqçilərimiz çalışır. Onların bir çoxunun əvvəllər idmançı kimi nailiyyətləri olub. Dövlətimiz velosiped idmanına böyük diqqət və qayğı göstərir. Bu idman növünün inkişafı üçün infrastruktur qurulub və təkmilləşdirilir. Hər bir şəraiti olan idman qurğularında nüfuzlu yarışlar da keçirilir. Mükəmməl infrastruktura malik BMX Veloparkında Dünya çempionatı da keçirilib. Son illər Bakıda velosiped zolaqlarının salınması velosiped idmanına marağı daha da artırıb.

G.Məlikova onu da dedi ki, velosiped idmanının təbliği məqsədilə orta məktəblərdə nəzəri və praktiki təlimlər keçirilir. Dəzgah üzərində velosiped məşqləri göstərilir. Məktəb ətrafında velosiped yürüşü təşkil edilir:

– Məktəblilərlə yanaşı, böyüklər arasında da bu idman növünə marağı artırmaq üçün bir sıra yarış və tədbirlər keçiririk. Dövlət qurumlarının əməkdaşları arasında dəfələrlə yarışlar, eləcə də yürüşlər keçirmişik. COP29 çərçivəsində Bakı Türk Anadolu liseyinin müəllim, şagird kollektivi ilə böyük bir yürüş təşkil etdik. Bundan başqa, COP29-a gələn qonaqların iştirakı ilə Ağ şəhər bulvarında yürüş də diqqəti cəlb edən tədbirlərdən olub.

Gülnarə müəllimə onu da qeyd etdi ki, velosiped idmanı ilə məşğul olmaqla uşaqlar həm sağlam olur, həm də bu idman növünün sirlərinə yiyələnməklə yarışlarda böyük nailiyyətlər qazanırlar:

– Hazırda məktəbin yetirmələri arasında potensiallı idmançılar var. Onların öz bacarıqlarını artırmaları üçün əlimizdən gələni edirik. Əsas məqsədimiz ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılar yetişdirməkdir.

Məktəbin məşqçi-müəllimi Elçin Qasımov əvvəllər şosse və trek növü ilə məşğul olub. Yerli və beynəlxalq yarışların qalib və mükafatçı olub. Bizimlə söhbətində velosipedin təkcə idmançılar üçün deyil, hamı üçün olduğunu bildirdi:

– Trekdə təhlükəsizlik maksimum təmin olunub. Kənar müdaxilə yoxdur. Stadionumuz da var. Məşqlərdə trenajor və velo dəzgahlardan istifadə edərək uşaqların fiziki hazırlığını artırırıq. Məqsədimiz, həm uşaqların sağlamlığını qorumaq, həm yerli, həm də beynəlxalq yarışlarda uğurla təmsil olunmaqlarını təmin etməkdir. Rəhbərlik, məşqçilər heyəti, həm də idmançılar çalışırlar ki, maksimum nəticə əldə etsinlər.

Məktəbin trenajor zalına daxil oluruq. Burada idmançılar müxtəlif alətlərdə məşq edərək fiziki hazırlıqlarını artırırlar. Velosiped həm idmandır, həm nəqliyyat vasitəsi, həm də sağlamlıq. Uşaqlara çağırış edirik ki, hər bir şəraiti olan məktəbdə bu gözəl idman növü ilə məşğul olmağa tələssinlər.

Zalda məktəbin təlimatçı-metodisti Tural Sadıqlı ilə də həmsöhbət oluruq. O qeyd etdi ki, soyuq, yağışlı havalarda trenajor zalında uşaqlar fiziki hazırlıqlarını artırırlar:

– Treklə yanaşı, məktəbin filiallarında da məşq yerlərimiz var. Bakının 260, 161 nömrəli məktəblərində, Balaxanı, Kürdəxanı, Maştağa, Sumqayıtda və digər yerlərdə məşqçilərimiz fəaliyyət göstərirlər. Müəllimlərimiz 2 növbədə çalışırlar. Onların məşqlərini izləyib, nəzarət edirik. Hazırda burada məşq keçən uşaqların hər birində potensial var və onu inkişaf etdirmək üçün bütün tədbirləri görürük. Məşqlərin lazımi səviyyədə keçirilməsi üçün bütün imkanlar var. Yetirmələrimiz ölkə yarışları ilə yanaşı, beynəlxalq turnirlərdə də iştirak edirlər.

Sonda Velosiped muzeyi ilə tanış olduq. Dünya velosiped tarixini əks etdirən eksponatların toplandığı muzeydə ikitəkərli nəqliyyat vasitəsinin müxtəlif növləri yer alıb.

Ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitəsi olan velosiped idmanının daha da tərəqqi etməsi arzusu ilə trekdən ayrılırıq. Ümid edirik ki, ROEQİUGVM velosiped idmanının inkişafına daha böyük töhfələr verəcək.

Leyla QURBANOVA
Cavid QAÇAYEV (foto)
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri