Icma.az
close
up
RU
Velosiped oğruları Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları Şərif Ağayarın yeni hekayəsi

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az "Hekayə günü" layihəsindən Şərif Ağayarın "Velosiped oğruları" adlı yeni hekayəsini təqdim edir.

“Neyləyirsən?”

“Heç. Axşam xəbərlərini oxuyurdum. Yarım saatlıq qəhvə fasiləsidir...”

“Axşam efiri 9-da deyil?”

“Bir saatdan bir. 12-cən...”

“Biz uşaq olanda aparıcılar xəbəri vərəqdən oxuyurdular”.

“Aparıcılar yox, diktorlar...”

“Fərqi var?”

“Var”.

“Sonralar vərəq yığışanda dedim, nə yaxşı diktorlar bütün xəbərləri belə yadda saxlayırlar, karıxmadan deyirlər...”

“Diktorlar yox, aparıcılar! (gülüş işarəsi)”

“Eee, bəsdi də!”

“Yaxşı, yaxşı, buyur... (gülüş işarəsi)”

“Səni ilk dəfə televiziyada görəndə ürəyimdən bilirsən nə keçib? Əlimi ekrana uzadıb sağ qaşının üstündəki saçları qulağının arxasına keçirmək istəmişəm...”

utanan meymun işarəsi

“Fikir vermişəm, saçınla alnının birləşən yerindəki o incə xətti gizləyirsən həmişə”.

“Başlama yenə! (qəzəb işarəsi)”.

“Ciddi deyirəm”.

“Orda incə xətt var? (utanan meymun işarəsi)”

“Var!”

“Dayan baxım (fasilə). Aaa! Doğrudan da var. Güzgü əlimdən düşmür, amma bu xətti ilk dəfə görürəm!”

“Çox strateji yerdir!”

“O nə deməkdir?”

“Dinə görə hicab məhz o incə xətti örtməlidir. Örtməsə, günah sayılır”.

“Doğrudan?”

“Doğrudan!”

“Sən vatsap mesajlarını da yazıçı kimi yazırsan”.

“Necə?”

“Obrazlı dillə. Üstəlik, səliqə-sahmanlı... Nöqtə-vergüllü... Ən vacibi, “da, də”-lər ayrı...”

“Sən də!”

“Mən səninlə belə yazışıram. Bacardığım qədər səhv buraxmıram. Bir növü düz yazmağa məcbur qalıram. Başqaları ilə ilan-qurbağa...”

“Çətindirsə, səs ata bilərsən”.

“Yox, belə yaxşıdır (fasilə). Sən neyləyirsən?”

“Dilxoram...”

“Nə olub?”

“Bayaq bir uşağı incitdim (kədər işarəsi)”.

“Niyə?”

“Bizdə məhəllədə dar bir aralıq var, həmişə ordan kəsələmə gəlirəm. Qəfil sağa, sonra sola burulur. Hər dəfə alaqaranlıqda iti gələndə kiminləsə toqquşmaqdan qorxuram. Bir dəfə bir qızla toqquşmuşam”.

“Baho! (gülüş işarəsi).

“Gülmə. Elə bildi qəsdən elədim. Mənə necə nifrətlə baxdısa, dedim, xanım, mövcud olduğuma görə üzr istəyirəm!”

“Ha-ha-ha! Səsli güldüm. Məncə gopa basırsan!”

“Əlbəttə. O anda adamın ağlına belə söz gəlməz. Amma ovqatım eynən belə idi. Həqiqətən çox pis baxdı mənə. Yəqin, ürəyində söydü də. Allah bilir gözündə necə görünürdüm. Saçlarına dən düşmüş sapıq...”

“Şişirtmə! Elə düşünməz. Qadınlar belə məsələlərdə çox ayıqdır. Qəsdən etmədiyini bilib”.

“Bayaq gələndə də eyni yerdə velosipedlə toqquşdum, təkəri dizimə dəydi...”

“Aaa! Salamatçılıqdır?”

“Özümdən asılı olmadan velosipedi sürən yeniyetmə oğlanın boğazından yapışdım, onu divara çırpdım, necə qorxdusa çığırdı. Birdən özümə gəldim. Mən nə edirəm deyə düşündüm. Buraxanda təntiyərək irəli atıldı, dizimin tozunu çırpdı... Çox pis oldum... İt kimi peşmanam indi...”

“İçməmisən?”

“Yox. Həkimdən gəlirəm”.

“Həkim?”

“Hə. Ağıl dişimə plomb qoydurmuşam. Yaman ağrıyır. Bəlkə, aqressiyam bundanmış...”

“Ağıl dişinə plomb qoydurarlar, ay yazıçı?”

“Qoydurmazlar?”

“Yox”.

“Niyə?”

“Təkamülün qalığıdır. Çiy əti, bitki köklərini üyütmək üçündür. İndi heç nəyə yaramır”.

“Maraqlıdır, axmaq vaxtlarımızın yadigarına ağıl dişi deyirik”.

“İnanırsan, bilirdim bunu deyəcəksən (gülüş işarəsi)”.

“Demək, məni tanıyırsan”.

“Bəli. Yaşlanmısan. Zarafatların köhnəlib (gülüş işarəsi və fasilə). Ağıl dişi on iki-on üç yaşında çıxmağa başlayır, ona görə belə deyirlər. Bəzən əyri bitir, bəzən damaqda qalır, rahat çıxmır, ağrı verir, bəzən çirk toplayır, iltihab yığır, kista yaradır... Yumaq da çətindir. Diş fırçası yaxşı tutmur. Rahat böyüsə belə o biri dişləri sıxır. Kariyes düşəndə isə hoqqa çıxarır. Müalicəsi, demək olar, mümkün deyil. Mən dörd il əvvəl hamısı ilə vidalaşdım. Gərək sən də çəkdirəydin...”

“Əslində, həkim dedi, mən razılaşmadım”.

“Niyə?”

“Ağzım boş qalıb”.

“(təəccüb işarəsi) İndidən?

“Gəncliyimdə dişim ağrıyan kimi çəkdirmişəm”.

“Sən də qəribə adamsan, lazımlıları çəkdirirsən, lazımsızları müalicə etdirirsən...”

“Bəlkə, inanmayacaqsan, velosipedlə toqquşduğum an bu barədə düşünürdüm: axı niyə vaxtında dişlərimin qeydinə qalmamışam?”

“Cavabı tapdın?”

“Tapdım. Tapan kimi də velosiped çıxdı döngədən. Buna görə diksindim, özümü itirdim...”

“Nə imiş dişlərə laqeydliyin sirri?”

“Evsizlik!”

“(təəccüb işarəsi) Bir dəqiqə. İndi mən evsizlikdən dişlərə hansı məntiqi ardıcıllıqla keçim?

“Azca düşünsən, keçərsən. Evin yoxdursa, istər-istəməz diş fırçan da yoxdur. Cibində gəzdirməyəcəksən ki! O vaxtlar özüm kimi birinin üstündə diş məcunu, yaxud diş fırçası görsəydim, mütləq başına bir qapaz vurardım. Hələ bir rahat-rahat oturub dişlərini müalicə etdirmək ola! Bilirsən mən necə bir ömür yaşamışam? Elə bil arxanca torpaq dərin bir boşluğa tökülə-tökülə gəlir, uçqun sənə çatmasın deyə hey qaçırsan. Bu vəziyyətdə dişlərə qayğı yada düşməz. Yalnız dözülməz ağrı başlayanda həkimə gedirsən və anındaca çəkdirib canını qurtarırsan”.

“Hmm... (fasilə)”

“İndi yaşa dolmuşam, bədənə qayğı göstərməyin vacibliyini anlayıram”.

“Yəni evin var artıq”.

“Var!”

“Demək, uçqun da dayanıb”.

“Dayanmayıb, yerini dəyişib. İndi qarşıdadır. Qorxudan ayağımı ləngidirəm, beləliklə, dişlərimi fırçalamağa da, müalicə etrdirməyə də vaxt tapıram...”

“Vəssalam! İndi gəl bu söhbətdən sonra get boş-boş xəbərlərə fokuslan!”

“Boş yox, yalan!”

“Yalan niyə?”

“Bütün günü efirdən yalan danışmırsan?! (gülüş içarəsi)”

“Xeyr, əzizim, bu gün yalnız xarici xəbərlər oxumuşam. Məsələn, Skopyedə partlayış baş verib, üç müsəlman ölüb. Axırıncı bu xəbəri oxumuşam. İnanmırsan, gir internetdən yoxla!”

“Skopye?”

“Bəli. Makedoniyanın paytaxtı”.

“Mən elə bilirdim o şəhəri bircə mən tanıyıram! (gülüş işarəsi)”

“Necə?”

“Skopye ilə bağlı qəribə bir xatirəm var...”

“Bu qədər də yox!”

“Hətta işin içində velosiped də var! (gülüş işarəsi)”.

“Yəqin, zarafat edirsən”.

“Qətiyyən!”

“Maraqlı gəldi...”

“Samsuna ədəbiyyat festivalına getmişdim. Bu vaxtlar idi. May ayı. Yaz təzə gəlmişdi. Xeyli gəzdik. Alaçam ilçəsinə getdik. Makedoniyalı bir türklə dostlaşmışdım. Erol bəy. Erol Tufan. Rus dilini bilirdi. Yaxşı mütaliəsi vardı. Film siyahısı da zəngin idi. Danışmalı ortaq mövzular tapırdıq. Birlikdə dəniz kənarına çıxanda, bəlkə, əlli-altmış gənc velosipedlə bizi dövrəyə aldı. Erol bəy hamısı ilə əl tutdu, adlarını soruşdu. Mənimlə də tanış etdi. Azeri kardeşimiz-filan... Sonra dirəşdi ki, gənclərə nə isə bir söz denən. Bilmədim nə deyəm. Vəziyyətdən çıxmaq üçün “Velosiped oğruları” filminə baxıb-baxmadıqlarını soruşdum. Heç biri baxmamışdı. Dedim, mütləq yutubda baxın, türkcə dublyajı var.

Uşaqlardan ayrılanda Erol bəy o filmi xatırlamağımın səbəbini soruşdu. Dedim, yaxşı filmdir, qoy baxsınlar. Dedi, bu heç, bununla razıyam, amma belə şən əhvallı bir tanışlıqda bir insan o filmi boş yerə xatırlamaz. Qəfil elə bil yuxudan ayıldım və filmi niyə xatırladığımı tapdım. Amma Erol bəyə heç nə demək istəmədim. Sözü yayındırdım. Dedim, bəs siz o uşaqları görəndə nə xatırladınız? Dedi, atam məni Skopye şəhərinə velosiped yarışına aparmışdı, əlimdəki qırmızı lenti yellədə-yellədə yarışçıları alqışlayırdım. Film adı çəkdiyim üçün Erol bəydən əməlli-başlı utandım. Bel üstə düşmədim amma. Sirrimi açmaqla özümə bəraət qazandırmağa çalışdım. Dedim, mən işğal zonasındanam, atam bu uşaqlar yaşında mənə velosiped almışdı, sürmək üçün qış boyu qarın əriməsini, yerin qurumasını gözlədim, may gələndə – qar əriməyə, yer qurumağa başlayanda, müharibə qızışdı, bizi tələsik köçürdülər, velosipedim evimizin zirzəmisində divara söykəli qaldı. Erol bəy addımladığımız yerdə yandan əlimi tutub sıxdı, “Tamam! Tamam! Özür dilerim” dedi. Onun üzr istəməsi məni daha da utandırdı”.

“(ağlamaq işarəsi və fasilə) Əslində, bayaq mən də səndən üzr istədim”.

“Nə vaxt?”

“Yazışmaya bax. “Hmm” yazanda ürəyimdə “bağışla” dedim, yazmağa ürəyim gəlmədi...”

“Sən niyə?”

“(ağlamaq işarəsi və uzun fasilə). Efirə çağırırlar... Getmək istəmirəm... (üzgünlük işarəsi)”.

“Yerli xəbər oxumağa?”

“Aaa!!! Nə bildin? (heyrət işarəsi)”

Frida Kahlonun əsərlərinin İspaniyaya aparılması Meksikada etirazlara səbəb oldu Həsən Turabovun işdən çıxartdığı, Amaliya Pənahovanın xilas etdiyi Xalq artisti Mabel Matizin həbsi tələb olunur
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 May 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri