Icma.az
close
up
RU
Vətənə medal qazandıran qızlarımız Analarımız

Vətənə medal qazandıran qızlarımız Analarımız

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İkinci Dünya savaşı Azərbaycanımızdan çox uzaqlarda başlamışdısa da, onun qorxu və dəhşət saçan soyuq, həm də yaxıb-yandırıcı təsir dalğalarının gətirdiyi acılar böyüklü-kiçikli hər bir həmvətənimizi çulğalamış oldu.

Xalqımızın 720 000 oğul və qızı cəbhələrdə igidliklə vuruşub canlarını sipər etdilər faşistlərin od püskürən qoşunlarına. 320 000 nəfərdən çoxu isə ölüm-dirim savaşında qəhrəmancasına həlak olublar. 170 000-dən də çox insanımız şücaətlərinə görə orden və medallara layiq görülüblər. Onların arasında öz dəyanəti, sədaqəti, məhəbbəti, cəsurluğu və qeyrətilə hər zaman fərqlənən Azərbaycan qadınları, qızları da az deyildi. Kişilərlə bərabər, həm ön, həm arxa cəbhədə çiyin-çiyinə hər çətinliklərə sinə gərirdilər.

Həm qürur, həm də qəlb sızıltıları ilə qələmə aldığım bu yazı da zərif, incə, həm də mətin Vətən qızlarımızdan ikisinin çətin müharibə dövrü gənclik həyatları haqda bəzi məqamları qısaca çatdırmaq istəyimdən ərsəyə gəlib. Və bu, mənim həm haradasa bir vətəndaşlıq, həm də övladlıq vəfa borcumdur.

Ön cəbhədə

1941-ci ilin o müdhiş iyun ayı...

Bakıda orta məktəbi bitirdikdən sonra o vaxtkı Lenin adına Ali Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində tələbəlik qayğıları və gələcək barədə arzuları ilə birinci kursu başa vuran gəncəcik Həlimənin 20 yaşı yenicə tamam olmuşdu... Milyonlarla cavanlarımız kimi qan-qadalı döyüşlərə çağırışçılardan biri olduğundan ali təhsilini başlanğıcdaca onun özü üçün istənilməz olsa da, “dondurmalı” olur. Çünki vətəndaşlıq borcu daha alidir!

1942-ci il, iyulun 16-da ailəsindən, vətənindən ilk dəfə ayrılaraq birbaşa ön cəbhəyə yollananlardan biri də ağ bənizli, gur siyah telli, bəstə boylu gəncəcik Həlimə idi ki, beş gündən sonra amansız hərbə meydan olan Stalinqrad (indiki Volqaqrad) şəhərinin 70 km məsafəsindəki döyüşlərə qatılır.

Bir gün Həliməgilin yerləşmiş olduqları Sovetskaya kəndində, qızlar yaşayan kazarmanın lap yaxınlığında qırıcı təyyarənin tüstülər içində burnu üstə yerə çırpıldığının şahidi olur. Böyrü üstə çevrilən təyyarənin motor tərəfindən yüksələn şiddətli alov dilləri arasından qanadlar üzərindəki qırmızı ulduz nişanəsi görünürdü. Cəsur təyyarəçi ağır hava döyüşündə dəlik-deşik olmuş təyyarəsini və özünü düşmən əlinə keçməkdən bu həmlə ilə qurtara bilmişdi. Həlimə bir an belə düşünmədən kabinədən çətinliklə çıxmağa cəhd edən, qüvvədən düşmüş pilota yardıma atılır. Alov onun saçlarını, üz-gözünü qarsalasa da, qıvraqlıq göstərərək yaralını yanan təyyarədən uzaqlaşdıra bilir. Ölümdən qurtulmuş təyyarəçi gözlərini açaraq minnətdarlığını anladır...

Düşmənə mərdliklə sinə gərən qəhrəman şəhərin müdafiəsi hərəkatlarında verilən tapşırıqları yerinə yetirdikcə bu azərbaycanlı qızın mətinliyi döyüşdən-döyüşə özünü büruzə verirdi. Ağır hücumlarımızın birində yaralansa da, Volqa çayının sol sahilində müalicəsindən sonra yenidən faşistləri təqib edən hərbi hissəyə dönür.

Dünya hərb tarixinin şərəf səhifələrindən sayılan Stalinqrad divarları yanında vuruşan insanlarımız düşmənin bəd niyyətindən həm də doğma Bakımızı qoruyurdular. 1942-ci ilin 19 noyabrında qoşunlarımız şəhər ətrafında əks-hücuma keçərək almanları 1943-cü ilin fevralına qədər mühasirədə saxlayır və 2 fevralda təslim olmağa vadar edir.

Əlbəttə, düşmən asanlıqla təslim olmaq fikrində deyildi, bu məqsədlə də hava hücumlarını intensivləşdirirdi.

Həlimə xanım

Alman təyyarələrinin Kalaç şəhərinə hücumlarının birində düşmən bombası hərbçi qızların olduğu qazmaya düşür. Bu ölüm-dirim cəngində dostlaşıb ünsiyyət qurduğu sarışın hərbçi qızları əbədilik itirən Həliməni aldığı ciddi qəlpə yaraları səbəbindən hərbi hospitala yollayırlar. Necə deyərlər, anası Alimə xanım “namaz üstündəymiş!”... Həkimlərin də səyi ilə həyata qaytarılan Həlimə elə müalicəxanadaykən xüsusi hissənin komendatlığından gözlənilməz xoş müjdə alır: müharibədə göstərdiyi şücaətlərə, cəsurluq və mərdliyə görə Rzayeva Həlimə Miri qızı “Stalinqradın müdafiəçisi” medalı ilə təltif olunmuşdu!

Kiçik leytenant qız anasını görmək üçün qısa müddətə doğma Bakıya ezamiyyətə gəldikdə sinəsini bəzəyən medalla bərabər, hələ də vücudunda gəzdirdiyi o müdhiş bombadan qalma qəlpələri də gətirmişdi. İllərlə onu sızıldadan axırıncı qəlpələrdən qurtulmaqsa hərb başa çatandan sonra – 1946-cı ildə paytaxtımızdakı o vaxt Semaşko adına olan xəstəxanada nəhayət ki, nəsib olur.

Amma əmin-amanlıq, sülh və həyat naminə yad torpaqlarda mərdlik göstərərək əbədiyyətə qovuşan minlərlə övladlarımızdan olan bir qardaşının həlak olması ömrü boyu bacı ürəyinə vurulan sağalmaz yara oldu. Həlimənin bütün yaralarının ən yaxşı məlhəmi isə digər qardaşı Seyidnağının qalib qazilər kimi dönüşü oldu.

...1945-ci ildə Partiya Tarixi İnstitutu tərəfindən nəşr edilən “Azərbaycanın şanlı oğulları” adlı üçcildliliyin 3-cü kitabında “Medallı qız Həlimə Rzayeva” başlıqlı bir məqalə yer alıb. Yazının müəllifi gənc qələm sahibi, sonrakı illərdə Həlimə xanımla taleyini bağlayan, gələcəkdə isə tənqidçi-alim, geniş və dərin bilikli professor kimi tanınıb sayılaraq məşhurlaşan Əkbər Muhəmməd oğlu Ağayev olub. Qələbəni də üç övladları və nəvələri ilə 44 dəfə bərabər yaşamaq nəsib oldu.

Qələbənin 40 illiyi münasibətilə radionun “Gənclik” redaksiyasına verdiyi müsahibədə uşaqlıq və ilk gənclik illərinin nə qədər şirin və fərəhli keçdiyindən söz açan Həlimə xanım müharibənin silinməz izlər qoymuş acı təəssüratlarından, əsgərlərə tibbi yardım göstərməklə yanaşı, öz öhdələrinə düşən xüsusi tapşırıqları yerinə yetirmələrindən danışarkən deyir ki, həyatının o keşməkeşli illərini, günlərini xatırlamaq onları yenidən yaşamaq kimi ağır və çətin olur. Döyüşçülərimizin, xüsusən də Azərbaycan qızlarının qəhrəmanlıqlarından iftixar hissilə bəhs edərək Həlimə xanım qeyd edir: “Hünərlə, cəsarətlə, əsasən də inamla vuruşaraq dəqiqə, hər an qələbəmizi ümidlə gözləyirdik. Nəhayət o günə qovuşduq!.. Amma həmin gün üçün candan keçənlər də çox oldu... Bütün qız, gəlinlərə arzu edirəm ki, onların həyatı həmişə sakit, dinc olsun!..”

Arxa cəbhədə

Qan-qadalı müharibənin bir də “arxa cəbhə” üzü var...

“Hər şey cəbhə üçün, hər şey Qələbə üçün” devizli ellərimizdə boynubükük qalanlar: neçə-neçə itkilər yaşamış, qıtlıqlara qatlaşmış ahıl insanlar; ata və böyük qardaşlarının yoxluğunda onları əvəz etməyə fədakarlıq göstərən, birdən-birə böyüyən azyaşlı yeniyetmələr; sovet hakimiyyətinin var-yoxdan etdiyi böyük oğlunu itirmiş, ümidi sonbeşiyi olan övladının ali təhsillə geri dönüşünü bayram edib, gəlin gətirəcəyinə ümidli ananın əllərindən çıxıb uzaq diyarlardakı hərbə göndərilən övlad yolu gözləyən əzəmət nümunəsi qadınlar; ata həsrətli məsum övladları hər mərhumiyyətlə sinə gərərək ovundurmağı bacaran dəyanətli gəncəcik gəlinlər; gözləri, gecə-gündüz uzunluğu illərlə ölçülən yollarda qalan nişanlı gözəllər; sap-sağlam yola salanda arxalarından su səpilən igidlərinin əvəzində üstlərinə “qara kağız”lar ələnən ana-bacılar; ömrünün sonuna qədər heç o kağızlara da inanmayan, qulağı səksəkədə olan, baxışları yollardan çəkilməyən nisgilli insanlar – saysız-hesabsız dərdlərə duruş gətirib, qalib olanlar hər cür çətinlikləri adlamağa çalışırdılar.

Asiyə xanım

...Acı müharibə elanı veriləndə Peterburqda ali təhsil almış Babakişi müəllimin ilk övladı Asiyə 7-ci sinfi bitirmişdi. Lalə yanaqlı, uzun qoşa xurmayı hörüklü 16 yaşlı bu göyçək qız Salyan Pedaqoji texnikumunda iki illik təhsildən sonra 1942-ci ildə ibtidai sinif müəllimi kimi həvəslə əmək fəaliyyətinə başlayır. Amma o vaxtkı Puşkin, indiki Biləsuvar rayonunun Xırmandalı orta məktəbinin müdiri vəzifəsində can-başla çalışan atasının Peterburq mühitinin səhhətində yaratdığı fəsadların təsirindən gözlənilmədən qısa müddətdə Haqqa qovuşması ailəni sarsıdır. Son illərə qədər də camaat o məktəbi “Babakişi müəllimin məktəbi” olaraq nişan verir... (Ömrümüzdən gəlib keçmiş, dünyasını dəyişmiş bütün dəyərli müəllimlərimizin ruhları şad olsun!). Axı, Babakişi müəllim özü bir-bir evlərə gedərək, məktəbə göndərilməyib yük arxasında gizlədilən (!) qız övladları təhsilə cəlb edərdi. Həmin o balaca qızlar arasında sonradan el-obasına şöhrət gətirmiş, Sosialist Əməyi Qəhrəmanı adı alan kolxoz sədri Qızqayıt Həsənova və neçə-neçə öz peşəsiylə tanınmış ziyalı xanımlarımız, işıqlılarımız ərsəyə gəlib.

Fitnə-fəsada, müharibə və qırğınlara həris xəstə xislətli, insan cildində olsalar da, insanlıqdan uzaq olduqlarından, ümumən insanlığa düşmən kəsilən faşist təbiətlilər törətdikləri və özlərinin müsibətlər gətirən əməllərindən həzz alan bu cılız, bu rəzil xilqətlər, sözsüz ki, əslində əbədi lənət qazananlardı.

Amansız alman ordusu 1942-ci ilin iyulunda əsas diqqəti Cənuba, Qafqaza yönəltmişdi. “Edelveys” – “dağ çiçəyi” adlı işğal əməliyyatıyla Bakını nə olursa olsun, ələ keçirmək, torpaqlarımızla bərabər, neftimizə də sahiblənməyə iştahlanmışdılar faşistlər. O dar zamanlarda cəbhəyə getmiş kişiləri onların ana-bacıları, həyat yoldaşları, yeniyetmələr, təqaüdçülər belə əvəz edirdi. Qadınlarımız heç bir işdən qorxmur, cəbhədən gələn xoş xəbərə əmək cəbhəsindəki yeni uğurları ilə qarşılıq verirdi.

Asiyə də atasının məsləyini davam etdirərək körpə fidanlarımıza yazıb-oxumağı həvəslə aşılayır, balaca övladlara biliklər gedən yollarda səylə cığırlar açırdı. Bu uşaqlar arasında özündən kiçik bacısı Təyyibə və ailələrinin sonbeşiyi, qardaşı Vasif də vardı...

Əlində elm məşəli tutanlar bütün zamanlarda cəng meydanlarından kənar tutulan bayraqdarlar sayılıblar! Belə ki, “elm fədailəri müqəddəs müharibədə döyüşən döyüşçü mislindədir”, - buyurub Hz. Əli (ə).

Yeniyetmə yaşlı Asiyə müəllimə təkcə biliklər vermirdi. O, öz zərif çiyinlərinə həm də odlu-alovlu müharibəyə gedib uzaq diyarlardan əbədiyyətə qovuşanlarımızın ard-arda qorxunc “qara kağız”ları gələn o dövrlərdə, gözləri yol çəkən balacaların körpə qalblərini ələ alıb ovundura bilmək, onlarda gələcəyə mütləq ümid çırağını da yandırmaq missiyası götürmüşdü.

Fəlakətlər, tələfatlar və faciələr törədən ağır müharibələr, qırğınlar içində bilgi və bacarıqlarını, elmlərini yeni yetişən nəslə çatdırmaq həqiqi fədakarlıqdır. Hər cür qıtlıqla bərabər, kitab, dəftər, qələm və sair ləvazimatlar qıtlığında hansı qüvvəydi müəllimlərdə canı-qəlbdən bilik xəzinələrindən nemətlər paylamaq sevgisi!?. Bir nemət də var: “Qıtlıq neməti”. Məhz bu, ətalətdən çıxaran, irəliləməyə sövq edən, ülfət və yardımlaşmaya, özünəgüvənə, hətta bolluğa, asayişə aparan yola yönəldir.

Gecələri, gündüzləri sərasər uzanan 5 il soyuq-sazağı bitməz kimi görünən 5 qış, bir də acıları, itkiləri tükənmək bilməyən 5 uzun yay, balacalarımızın uşaqlıqlarını, yeniyetmələrimizin gəncliklərini, cavanlarımızın ömürlərini, yaşlılarımızın səbrini alıb apardı... Sevincin solub-sönükləndiyi o illərdə gələcək soraqlı nur, ümidləri sönmüş ürəklərdə bir qığılcım, hərarət yaradan bir arxa-dayaq ola bilmək nəsib oldu fitrətdən xoş xasiyyətli, gözəl təbiətli, səbrli və yüksək tərbiyəli gəncəcik Asiyə müəlliməyə.

...Asiyənin ala gözləri isə 1939-cu ildən Bakıda ali təhsil alıb qayıdacaq olan nişanlısının yolundaydı. Amma necə deyərlər: “sən saydığını say, ...” İnstitutu başa vuran kimi Sultanı Orta Asiya respublikalarından birinə bir illik komandir kurslarına göndərirlər. Elə oradan da hərbçi kimi İrana ezam olunur. 1941-ci ildə ölkəmizdə müharibə elan olunanda ailəsi, yaxınları ilə görüşüb-vidalaşma izni ilə ancaq bir neçə günlük vətənində olur və anasını bacısının ailəsinə əmanət edərək bir zabit kimi səfərbərliyə qatılır. Onun uzaq döyüş mövqe ünvanlı məktubları Asiyəyə təsəlli olurdu. Bir dəfə isə... Sultanın “qara kağız”ı xəbərilə ağır zərbə də yaşamışlar. Amma yanlışlıq olduğu bilinəndə ürəklər xeyli toxdadı.

Həlimə və Asiyə xanım

Qələbəmizlə sona yetən müharibədən dönənlərimiz də vardısa da, Asiyənin nişanlısı hələ də Karpat dağlarında davam edən şiddətli döyüşlərdə hərbi birləşmələrimizin tərkibində düşmənlərlə vuruşurdu. Heç vaxt, heç nədən narazılıq edib gileylənmək bilməyən dözümlü, mərd Sultan həmin o döyüşləri xatırlayanda, bunu da əlavə edərdi: “...Çox ağır idi, artıq qələbə əldə olunduğu halda, bu qələbə naminə bura qədər odlardan keçib gələn insanlar qələbənin asudəliyində yaşamaq istəyir, sülh bağlanmış olduğu bir zamanda ölmək istəmirdilər...” 7 həsrətli ildən sonra el-obasına, vətəninə, intizarda qalanlarına – anasına, bacılarına, Asiyəsinə qovuşan ər igidlik, şücaət, cəsurluq nişanəsi olan Sultanın kapitan geyiminin sinəsini orden və medallar bəzəyirdi. Bədənindəki çox ağır cərrahiyyə əməliyyatının izi ölümdən dönüşlərinin ömürlük nişanələrindən biri idi...

Müharibə dövrünə düşən beş illik uğurlu müəllimlik fəaliyyətinə görə 21 yaşlı Babayeva Asiyə Babakişi qızı “Arxa cəbhədəki igidliyə görə” medalı ilə təltif edilərək, öz vətəninə medal qazandıran qızlarımızdan biri idi. Sultanla ailə qurandan sonra təhsilini davam etdirmək üçün 1946-cı ildə Bakı Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsinə daxil olur. Bu “igidlər” ailəsinə dörd övlad bəxş edilir...

Anaların Səsi

Müharibənin amansız reallığı ilə həyatın ağır mübarizə imtahanlarından da keçib də həlimliyini, xanım-xatınlığını daim hifz edə bilən vəsiyyətidir Həlimə xanımın müsahibəsindən əxz edərək iltibas etdiyim ürək sözləri: hər bir ananın həm nəsihəti, həm də vəsiyyətidir. “İndiki sülh dövründə insanların bir-birilə xoş ünsiyyəti çox zəruridir, çox vacibdir. Mən, xüsusən cavanlara, yeni nəslin nümayəndələri olan gənclərə üz tuturam: evdə, ailədə bir-birini başa düşmək, sevmək, ən yüksək hisslərlə yaşamaq lazımdır. Gənclər gərək çalışsınlar ki, gülər üzlü, şirindilli olsunlar, böyüyə hörmət etsinlər. Çünki bunlar bizim dəyərlərimiz, ənənələrimizdir, bunları da etdirmək lazımdır. Xüsusən, çalışmaq lazımdır ki, genişürəkli olasan, heç kəsi qırmayasan, vətənə, dövlətimizə sədaqətli olasan, həyatın, ailənin qədrini biləsən. Biz yaşlılar həmişə onlara kömək etmişik və edəcəyik...”

Qələbələrimiz naminə fədakarlıqlar göstərən bütün qəhrəman azərbaycanlı övladların əziz xatirəsi bizim qəlbimizdə daim yaşamaqdadır. Sabahkı gələcək nəsil də keçmişin və zəmanəmizdəki müharibələrin dərslərini, əməllərilə ölməzlik qazananları unutmamalıdır, Yer üzündə dinc həyat, xoş günlər, aydın səma naminə bir ibrət kimi!

Söz ardı:

Müharibənin sərt üzü isə göz-gözə gəlib də sərtləşməyən, zərif vücudları ilə çətinliklərə sinə gərib mətinləşən ön cəbhə qəhrəmanının Həlimə xanım mənim fədakar Qayın-Anam!, arxa cəbhə qəhrəmanım Asiyə xanım isə məni dünyaya gətirən Anamdır!.. Nə xoş ki, qızlarımın da əziz, unudulmaz gözəl qəlbli, mehriban Nənələridirlər. İlk övladım da Həlimə nənəsinin adını çox sevərək qürurla daşıyır.

Almaz Sultan qızı (Ələkbərova)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

07 May 2025 20:28see197

Almeda Survivor dan QOVULDU

07 May 2025 02:18see147

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see128

Yalnız bu şərtlə Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür

07 May 2025 15:08see128

Yaponiya klubu Bakıya gəlir

07 May 2025 14:16see126

Şəhərin mərkəzi küçəsinin ortasında konsert VELOSİPED ZOLAĞI VƏ SƏKİ ZƏBT EDİLDİ VİDEO

06 May 2025 20:24see125

“İnter”in tarixində 7 ci final

07 May 2025 08:55see123

Alimlər fiziki ölümdən sonra insanı nələrin gözlədiyini müəyyən edib

07 May 2025 17:21see122

Selin Dion 37 ildən sonra Avroviziya da səhnə ala bilər

07 May 2025 13:11see121

İngiltərə Premyer Liqasında mediaya daha çox diqqət ayrılacaq

06 May 2025 23:20see120

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see120

Malları sərnişinlərə paylayıb gömrükdən keçirdi

07 May 2025 17:28see119

ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını gücləndirir

07 May 2025 06:18see118

Motosikletin qabağını qaldırıb şou göstərdi, 1850 manat cərimələndi VİDEO

06 May 2025 22:13see117

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see116

Toy üstündə dava: Gitaraçı müğənnini BIÇAQLADI

07 May 2025 09:42see115

Türkiyədə zəlzələ oldu

07 May 2025 09:41see115

Qoz hansı xəstəliyin riskini azaldır? Həkim açıqladı

07 May 2025 00:53see114

Daha bir hava XƏBƏRDARLIĞI Leysan yağacaq, sel keçəcək

07 May 2025 16:18see113

Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib

07 May 2025 14:37see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri