Xalqımız üçün uğurlu il
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İlham Əliyev: Tarixi Zəfərimiz bizimlə əbədi olacaq!
Bu gün Azərbaycan tarixinin ən uğurlu dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla həyata keçirilən siyasət ölkəmizi ildən-ilə yeni-yeni nailiyyətlərə qovuşdurur. Bu baxımdan artıq tarixə dönən 2025-ci il də istisna olmayıb. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində arxada qalan 2025-ci ili xalqımız üçün uğurlu il kimi səciyyələndirib.
Ayrı-ayrı istiqamətlərdə əldə olunan nailiyyətlərin miqyası həqiqətən kifayət qədər böyükdür və bütün bunlar perspektiv inkişaf üçün fundamental zəmin formalaşdırır. Ölkəmiz, xalqımız gələcəyə nikbin baxır. “Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Şanlı Zəfərimizin beşinci ildönümü
Artıq tarixdə qalan 2025-ci ilin ən möhtəşəm hadisəsi, heç şübhəsiz ki, şanlı Zəfərimizin beşinci ildönümünün böyük fəxarət hissi ilə qeyd edilməsidir. “Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq” deyən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik”.
Bu tarixi Qələbəni heç kim bizə hədiyyə etməyib. Onu igid hərbçilərimiz əzm, qətiyyət, yenilməz iradə nümayiş etdirərək bilavasitə döyüş meydanında qazanıblar. Zəfərimiz milli gücün, həmrəyliyimizin təntənəsidir. Azərbaycan xalqı və dövləti İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə heç vaxt ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması faktı ilə barışmayıb. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində işğal faktına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi daim ölkə gündəminin mərkəzində saxlanılıb. Bu strateji xəttə uyğun olaraq Azərbaycan danışıqlar prosesində fəallıq göstərməklə yanaşı, həm də iqtisadiyyatını gücləndirməklə milli gücünü artırıb, müasir ordu quruculuğunu diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Dövlətimizin başçısı yüksək tribunalardan qətiyyətlə bildirirdi ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin etməyə nail olacaq. Oldu da!
Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
Vətən müharibəsində əldə olunan Qələbənin miqyası çox böyükdür. Ordumuz cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu. Xatırladaq ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik işğaldan azad olunub. Bunun ardınca üçtərəfli Bəyanatın şərtlərinə uyğun oaraq noyabrın 10-dan sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə də atılmadan Azərbaycana təhvil verilib. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Bununla da ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edilib.
44 günlük müharibədən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifə Qarabağda separatizm yuvasını dağıtmaq və ölkənin bütün ərazisində suverenliyimizin tam təmin edilməsinə nail olmaq idi. Bu ümummilli ideyanı isə Müzəffər Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində reallaşdırmağa nail oldu. Ordumuz bu əməlliyyatları yüksək peşəkarlıqla həyata keçirdi. Qarabağda separatizm yuvasını dağıtmaq üçün cəmi 23 saat kifayət etdi. 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyi bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu.
Daha güclü Ordu quruculuğu
İlk baxışda elə təsəvvür yarana bilər ki, müharibə başa çatıb və daha Silahlı Qüvvələrin gücləndirilməsinin prioritetliyi arxa plana keçib. Ancaq yox! Prezident İlham Əliyev müraciətində dünyanın hazırkı narahatlıq doğuran mənzərəsinə xüsusi diqqət çəkib. Vurğulandığı kimi, bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Dünyadakı hazırkı vəziyyət milli dövlətlər üçün çağırışlar yaradır.
Digər tərəfdən isə Ermənistanda İkinci Qarabağ müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrini qəbul etməyən qüvvələr var. Ermənistanda həm iqtidarda, həm də müxalifət daxilində olan həmin qüvvələr revanşizm əhval-ruhiyyəsindədirlər və çox aqressiv çağırışlar edirlər. Eyni zamanda, Ermənistan yenə də silahlanma yolu tutub. Sual olunur: Əgər bu ölkə sülh açıqlamalarında səmimidirsə, onda nə üçün Hindistandan, Fransadan ardıcıl olaraq silahlar alınır? Bu silahların Azərbaycana tuşlana biləcəyinə heç bir şübhə yoxdur.
Bu kimi reallıqlar fonunda Azərbaycan üçün postmüharibə mərhələsində də çağırışlardan biri Ordunun daha da gücləndirilməsi ilə bağlıdır. Beləliklə, müharibə başa çatsa da, Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması yenə də öz prioritetliyini saxlayır.
Postmüharibə dövründə Ordumuzun gücləndirilməsi müxtəlif istiqamətlərdə həyata keçirilir. Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsində XXI əsrin müharibəsini apardı. Döyüşlərdə yeni yanaşmaların, innovasiyaların tətbiqi və əlbəttə ki, şəxsi heyətin yüksək vətənpərvərliyi böyük Qələbəni təmin etdi. Azərbaycan postmüharibə dövründə ordu quruculuğunu İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla həyata keçirir. Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah-sursatla təminatı yenə də əsas vəzifələrdən biridir.
Azərbaycanın müdafiə potensialının gücləndirilməsində digər mühüm istiqamət struktur islahatlarını əhatə edir. Burada ilk növbədə NATO daxilində ikinci ən güclü orduya sahib olan Türkiyənin təcrübəsinə istinad edilir. Məsələn, postmüharibə dövründə bir sıra yeni silahlı birləşmələr, o cümlədən komando birlikləri yaradılıb və proses davam edir. Komando birlikləri istənilən hərbi vəzifəni icra etməyə qadirdir, çevikliyi ilə fərqlənir. Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə möhtəşəm Hərbi parad keçirildi. “Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir”, - deyə dövlətimizin başçısı qürur hissi ilə bildirib.
Dünya Azərbaycanın yaratdığı reallıqları qəbul edir
Müraciətdə Prezident İlham Əliyev qalib Azərbaycanın niyyətinə bir daha diqqət çəkib. Dövlətimizin başçısının bildirdiyi kimi, biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik.
Qalib Azərbaycan sülh niyyətində olduğunu müharibə başa çatandan dərhal sonra bütün dünyaya bəyan etdi. Bunun təsdiqi olaraq Azərbaycanın qarşı tərəfə göndərdiyi 5 bənddən ibarət sülh paketi beynəlxalq norma və prinsiplərə istinad olunmaqla hazırlanmışdı. Burada Azərbaycan qalib dövlət olaraq hansısa bir imtiyazlardan çıxış etməmişdi ki, bu da ölkəmizin sülh istəyində nə qədər səmimi olduğunu təsdiqləyir. Bundan sonra sülhyaratma prosesinə start verildi. Təəssüf ki, yenə də Ermənistanın və bu dövlətin havadarlarının manipulyasiyalara əl atmaları səbəbindən sülhyaratma prosesi rəvan şəkildə irəliləmədi və müəyyən zaman itkisinə yol verildi. Ancaq nəticə etibarı ilə Azərbaycanın iradəsi qalib gəldi və sülhyaratma prosesini ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan mühüm razılaşmalaradək irəlilətmək müümkün oldu. Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidentinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnində əsas müddəalardan biri ərazi bütövlüyü ilə bağlıdır. Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər. Eyni zamanda tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.
Beləliklə, onilliklər ərzində işğalçılıq siyasətindən əziyyət çəkən Cənubi Qafqaz coğrafiyasında yeni bir dönəm başlayıb. İndi bu coğrafiya Azərbaycanın iradəsi və yaratdığı reallıqlar sayəsində heç vaxt olmadığı qədər sülhə yaxındır. Eyni zamanda, Azərbaycan və Ermənistanın ötən il avqustun 8-də ATƏT sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş qərarına uyğun olaraq, 30 noyabr 2025-ci il tarixində Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşıb. Vətən müharibəsindən sonra de-fakto mövcud olmayan qurumun de-yure ləğvinə gedən yolda 5 il zaman itirilsə də, ilahi ədalət öz yerini tapdı. Artıq Minsk qrupunun tabutuna son mismar vurulub. Qurumun ləğvi Azərbaycan diplomatiyasının növbəti uğurudur. “Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar
Prezident İlham Əliyev müraciətində Azərbaycanın beynəlxalq nüfuzunun artmasından məmnunluğunu ifadə edib. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır”,- deyə bildirib.
Bəli, bu gün Azərbaycan dünyada dialoq məkanı kimi tanınır. Ölkəmiz davamlı olaraq qlobal həmrəyliyin gücləndirilməsinə hesablanan təşəbbüslər irəli sürür, həmçinin dünya gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq tədbirlərə məmnuniyyətlə ev sahibliyi edir. Ölkəmizin böyük məsuliyyətlə ev sahibliyi etdiyi COP29 konfransında bir sıra önəmli substantiv nəticələr əldə olundu. COP29-dan sonra gələn il ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbirin keçirilməsi gözlənilir. Söhbət 2026-cı il 17-22 may tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gedir. Dünyanın nəzərləri yenidən Azərbaycana yönələcək, müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunacaq.
Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından daha iki mühüm hadisəyə də diqqət çəkmək istərdik. Bunlardan biri ölkəmizin D-8 beynəlxalq təşkilatına üzv qəbul edilməsidir. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 8 müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. Azərbaycan 2024-cü il dekabrın 19-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib. Respublikamızın yekdilliklə D-8-in üzvlüyünə qəbul edilməsi İslam səkkizliyinin tarixində ilk genişlənmə idi. Bu fakt İslam dünyasında Azərbaycanın nüfuzunun artmasının göstəricisidir.
Ötən ildə isə Azərbaycan Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçilib. Bunu tarixi uğur kimi səciyyələndirən dövlətimizin başçısı vurğulayıb: “...Coğrafi nöqteyi-nəzərdən biz Cənubi Qafqazda yerləşirik. Ancaq Orta Asiya ölkələrinin Məşvərət Şurasına yekdilliklə tamhüquqlu üzv seçilməyimiz bizim həm bu ölkələrlə səmimi münasibətlərimizdən xəbər verir, həm də ki, Azərbaycanın bu gün nə qədər önəmli ölkə olduğunu əyani şəkildə göstərir”.
“Böyük Qayıdış” Proqramı uğurla icra edilir
Azərbaycan tarixi uğurlarını özünün iqtisadi gücünə əsaslanaraq qazanıb. İqtisadi müstəqilliyimiz həmçinin siyasi müstəqilliyimizin qarantıdır. Bu gün Azərbaycan heç bir güc mərkəzindən, beynəlxalq maliyyə qurumundan asılı deyil. Buna görə də müstəqil siyasət həyata keçirir. Ölkəmizin qərarları hansısa uzaq paytaxtlarda deyil, məhz Bakıda, Prezident İlham Əliyev tərəfindən imzalanır. Biz, Prezident İlham Əliyevin bildirdiyi kimi, ötən il iqtisadi inkişafda əldə olunan uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır. Hazırda respublikamız dünya üzrə xarici borcu ən aşağı səviyyədə olan ölkələr sırasında yer alır. Belə ki, hazırda Azərbaycanın xarici borcu ümumdaxili məhsulun cəmi 6,3 faizini təşkil edir. Müqayisə üçün bildirək ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, hətta bundan daha çoxdur. Ölkəmizin valyuta ehtiyatları xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar.
Qalib Azərbaycan belə güclü iqtisadi potensiala əsaslanmaqla işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirir. Erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmış şəhər və kəndlər müasir yanaşmalar əsasında tamamilə yenidən qurulur. Göz önündə yeni bir Qarabağ formalaşır. Azərbaycan bu yerləri dünyanın ən gözəl məkanına çevirmək əzmindədir. Bəhs olunan ərazilərdə görülən işlərdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz “Böyük Qayıdış” Proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır”.
Mübariz ABDULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















