Xankəndidən tövsiyə: Heç vaxt təslim olmamaq!
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
İlham Əliyev: Əmin idim ki, xalq mənim arxamda dayanacaq.
Bu da yəqin ki, həlledici amillərdən biri oldu
Keşməkeşli tariximizin qara səhifələrindən olan Qarabağın Ermənistan tərəfindən işğalı 30 ilə yaxın davam etdi. SSRİ-nin dağılması və müstəqillik əldə olunan dövrə təsadüf edən erməni işğalı zamanı ölkəmizdə vəziyyət heç də ürəkaçan deyildi - Ermənistandan, öz ata-baba yurdundan qovulan yüz minlərlə soydaşımız Azərbaycana gəlmişdi. İşğal edilən Qarabağ və ətraf rayonların əhalisi qaçqın vəziyyətinə salınmışdı. Ölkədə baş verən siyasi təlatümlər, nizami ordunun olmaması, sosial problemlərin çoxluğu, paralel olaraq erməni lobbisinin Azərbaycana qarşı apardığı əsassız və qondarma kampaniyalar nəticəsində bir sıra xarici yardımların kəsilməsi gərgin, ümidsiz bir vəziyyət yaradırdı - yenicə müstəqillik əldə etmiş ölkə saysız problemlərin əhatəsinə düşmüşdü.
Heydər Əliyevin sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu...
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı sosial-iqtisadi problemlərin həlli ilə yanaşı, həm də xalqımızda gələcəyə böyük ümid yaratdı. Ulu Öndər özünün siyasi kursunun əsas xətti olaraq Qarabağın azad edilməsini müəyyənləşdirdi - bu istiqamətdə yorulmaz fəaliyyət, beynəlxalq tribunalarda ölkəmizin haqqa, ədalətə söykənən mövqeyinin ifadə olunması qısa zamanda vəziyyəti dəyişdi. Ölkə xaricində səsimiz eşidildi, ölkə daxilində isə ümid yarandı - biz Qarabağa qayıdacağıq əminliyi formalaşdı. Prezident İlham Əliyev III Qlobal Şuşa Forumunda çıxışında bildirib ki, Birinci Qarabağ müharibəsi dövrü çox çətin, faciəli idi - çoxsaylı qurbanlar, Xocalıda azərbaycanlıların soyqırımı: “Yeri gəlmişkən, Xocalı buradan cəmi bir neçə kilometr məsafədədir. Münaqişəsonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi.
Pul yox idi, xəzinə boş idi, bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi. Həmin vaxt Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Halbuki o, gənc deyildi, artıq 70 yaşı var idi, səhhəti o qədər də yaxşı deyildi, ağır xəstəlik keçirmişdi. Amma məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa, necə deyərlər, dirçəlməyə başladıq. Yalnız bir şeyi düşünürdük. Mən əminəm, vətəndaşlarımızın əksəriyyəti də mənim dediyimi bölüşür ki, işğal olunmuş torpaqlarımızı necə qaytarmağı fikirləşirdik”.
Bizə mesaj verdilər ki, əslində, bu vəziyyət qəbulediləndir
Bəli, Azərbaycan işğala məruz qalmışdı və belə bir dövrdə dünyada ədalətin bərpası uğrunda “mübarizə apardığını” iddia edən, demokratik ənənələrə “sadiq olduğunu” bildirən, beynəlxalq hüququn prinsiplərini “ümdə vəzifə” saydığını söyləyən bir çox dövlətlər Azərbaycan - Ermənistan məsələsinə, bizim işğala məruz qalmamıza spektik yanaşırdı. Hətta bəzi məqamlarda Qarabağın işğalının unutdurulması istiqamətində gizli işlər aparılırdı. İşğala məruz qalanla işğalı törədən arasında “bərabərlik” işarəsi qoyurdular - bəzi hallarda, işğalçını açıq şəkildə dəstəkləyirdilər. Xüsusilə, həmin dövrdə danışıqlar prosesində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun səyləri daha çox vəziyyəti dondurmağa, işğal faktını uzatmağa köklənmişdi. Prezident İlham Əliyev çıxışında bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. “Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu, təkzib edilirdi. Xatırlayıram ki, ABŞ, Fransa və Rusiya prezidentləri səviyyəsində status-kvonun qəbuledilməz olduğu bəyan ediləndə biz bunu böyük həvəslə qarşılamışdıq. Bu, ciddi bəyanat idi, buna nail olmaq üçün çox çalışmışdıq. Amma bir müddət sonra həmin bəyanatda cəmi bir söz dəyişdirildi - “qəbuledilməz” əvəzinə “dayanıqsız” dedilər. Yəni, bizə mesaj verdilər ki, əslində, bu vəziyyət qəbulediləndir. Yəni, maskalar açıldı, bəli, qəbulediləndir. Bu, Ermənistan üçün qəbuledilən idi, Minsk qrupunun həmsədrləri və bir sıra ölkələr üçün də qəbuledilən idi. Təkcə bizim üçün qəbuledilməz idi”, - deyə dövlət başçısı bildirib.
Ölkə Prezidenti bildirib ki, 17 il ərzində çoxlu təkliflər, çoxlu görüşlər oldu, - bəlkə də heç də faydalı olmayan, - və çoxlu mesajlar alırdıq ki, reallıqla barışmaq lazımdır: “Reallıq budur, siz bununla barışmalısınız”. Mən deyirdim ki, xeyr. Bu, dünya güclərinə bir çağırış kimi qəbul olunurdu, qeyri-adekvat reaksiya kimi dəyərləndirilirdi. Əsas narrativ isə bu idi - görürsünüz, onlar razılaşmır, onlara separatçılara şərti müstəqillik verilməsi müqabilində nəsə təklif olunur, amma onlar razılaşmırlar”.
Biz qərar verdik ki...
Azərbaycan işğal faktı ilə heç vaxt barışmadı. Ölkəmiz xoş məram nümayiş etdirərək aparılan sülh danışıqlarında daim konstruktivlik göstərirdi. Paralel şəkildə, Silahlı Qüvvələrimizin döyüş hazırlığının yüksəldilməsi, Ordunun maddi-texniki təchizatının gücləndirilməsi, peşəkar kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılırdı. Prezident İlham Əliyev həmişə qətiyyətlə bildirirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt razı olmayacaq, münaqişə sülh yolu ilə həllini tapmasa, hərb yolu seçiləcək. Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmənin keçmiş təmas xətti boyunca təxribatları səngimirdi, əksinə getdikcə daha intensiv hal alırdı. Aydın görünürdü ki, Ermənistan yeni torpaqları ələ keçirmək istəyir. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Prezident İlham Əliyev bildirib ki, biz qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız: “Elə də oldu. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular. Amma əvvəl dediyimə qayıdıram: heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq”.
Azərbaycan xalqının işğalla barışmaması və bunu sona yetirməsi faktını əsaslandıran ən mühüm amillərdən biri də xalqın öz Liderinə inamı idi. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərlə görüşlərində daima bir fikri, bir tezisi təkrarlayırdı - biz, o torpaqlara qayıdacağıq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunacaq. Və belə də oldu... Prezident çıxışında onu da vurğulayıb ki, ədalətə inamım demək olar ki, itmişdi, keçmiş köçkün vətəndaşlarımız kimi. Onlarla daim görüşür və deyirdim ki, “inanın, biz qayıdacağıq”. Amma hər il onların gözlərində inamın azaldığını görürdüm. Axı, gözlər hər şeyi deyir: “Onlar mənə deyə bilərlər ki, bəli, inanırıq, amma gözlər hər şeyi deyir. Mənim də inamım az idi, ədalətə inamım. Amma bizim Qələbəmiz, - bu, ədalətli və tam qələbədir, - göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər.
Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu. Odur ki, əvvəldə dediyimə qayıdıram - heç vaxt təslim olmamaq!”
Heç vaxt işğalla barışmamaq - bu, əsas tövsiyədir...
Bu gün Azərbaycan qalib ölkədir - ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş qalib ölkə. Bəlkə də son illərdə, onilliklərdə belə bir presedent yaşanmamışdı - Azərbaycan bir ilkə imza atdı. İşğal faktı ilə barışmadı, torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı və buna nail oldu. Bu, günümüzdə yaşanan bir çox faktlar üçün də nümunə olmalıdır. Heç bir xalq, dövlət işğalla barışmamalı, bütövlüyünün bərpasının gününü gözləməli, səbrli olmalıdır. Prezident İlham Əliyev bildirib ki, bu əraziləri azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam: “Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il gözləyəcəkdik. Burada məsələ mənlik deyil. Hesab edirəm ki, bu da ukraynalılar üçün vacibdir. Məsələ şəxsiyyətdə deyil, məsələ ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik. Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm”.
Bəli, bugünün rakursunda bir çox coğrafiyalarda baş verən hadisələr zamanı xalqlar və dövlətlər Azərbaycan nümunəsini göz önünə gətirməlidirlər. Biz dözdük, dayandıq və inkişaf etdik. İşğalla barışmadıq. Nəticədə isə istəyimizə nail olduq. Dövlət başçısı III Qlobal Şuşa forumunda iştirak edən ukraynalı jurnalist Dmitro Qordonun sualını cavablandıran zaman bildirib: “Ölkəmiz haqqında dediyiniz xoş sözlərə, suverenliyin və ərazi bütövlüyünün bərpası üçün görülmüş işlərlə bağlı fikirlərinizə görə təşəkkür edirəm. Bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir - heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”.
P.Sadayoğlu

