Icma.az
close
up
RU
Xarabazarda qardaş qırğını: regional sabitlik təhlükədə

Xarabazarda qardaş qırğını: regional sabitlik təhlükədə

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zərdüşt Əlizadə: “Bu gün də Suriyada həm daxili, həm də beynəlxalq oyunçular arasında qarşıdurma davam edir”

Yaxın Şərqdə gərginlik səngimək bilmir. Bu dəfə hərbi eskalasiya uzun illərdir sabitlik olmayan Suriyada güclənib. Noyabrın 28-də Suriyanın müxalif qüvvələri, yaraqlı üsyançılar Hələb vilayəti yaxınlığında hökumət mövqelərinə qarşı irimiqyaslı hücuma başlayıblar. Rəsmi Dəməşqdən bildirilib ki, dörd gün ərzində Suriya Silahlı Qüvvələri minə yaxın silahlını məhv edib. Suriya ordusu və Rusiya qüvvələri üsyançıların ələ keçirdiyi mövqelərə bombalar yağdırıblar. Bununla yanaşı, müxaliflər hökumətin əvvəl nəzarətində olan bir neçə şəhər və kəndləri, yaşayış məntəqələrini ələ keçiriblər. Hazırda da gərginlik davam etməkdədir.

Analitiklərin fikrincə, hökumət qüvvələri 2012-ci ildən bəri ilk dəfə Hələbə nəzarəti itirib. Yaraqlılar Suriya ordusunun silah və texnikanı, o cümlədən Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə raket sistemlərini və tam sursatı olan “Uraqan” MLRS-ni, ən azı iki hava bazasını ələ keçirib.

Qeyd edək ki, Suriya hakimiyyəti üsyançıları “terrorçu” sayır. Bir çox beynəlxalq qüvvələr isə onları Suriya müxalifəti kimi qəbul edir.

Bəzi iddialara görə, Suriya Prezidenti Dəməşqi tərk edib və ölkədə deyil. Onun Rusiyada olduğu bildirilir. Amma bu məlumat təsdiqlənməyib.

Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, Əsəd ölkə daxilində silahlıların irəliləməsi və vəziyyətin gərginləşməsi fonunda Ərdoğanla təmaslar qurmağa çalışır.

Suriyadakı vəziyyətlə bağlı Rusiya tərəfindən açıqlama verilib. Kremlin mətbuat katibi Dmitri Peskov Suriyadakı vəziyyəti şərh edərkən “əlbəttə, biz Bəşər Əsədi dəstəkləməyə davam edirik” söyləyib.

İran isə daha əvvəl ABŞ-ın Suriyanın silahlı hökumət əleyhinə müxalifətinə dəstək verdiyini açıqlamışdı. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi bildirib ki, “üsyançılarla ABŞ arasında koordinasiya var”.

“Financial Times” ekspertlərə istinadən yazıb ki, Suriya Prezidenti Bəşər Əsəd ölkədəki vəziyyətin pisləşməsi fonunda daxili və xarici siyasətdə güzəştə getmək istəmədiyi üçün özünü “tələyə” salıb.

“Ümidsizlik hissi rejimin öz rəqiblərinə güzəştə getmək istəməməsi ilə daha da gücləndi. Hətta himayədar Rusiya Əsədi siyasi proseslərdə iştirak etməyə sövq etməyə çalışsa da”, - nəşr yazıb.

Materialın müəllifləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri normallaşdırmaq üçün aparılan danışıqların uğursuzluğuna da diqqət çəkiblər. Üsyançıların Hələbə hücumunun dolayısı ilə Ankaranın Dəməşqə təzyiq etmək istəyi ilə əlaqəli olduğu güman edilir.

Türkiyə xarici işlər naziri Hakan Fidan isə Ankarada iranlı həmkarı Abbas Araqçı ilə birgə mətbuat konfransı zamanı bildirib ki, Suriyada başlayan münaqişələrin səbəbi 13 ildən çox müddətdə mövcud olan problemlərin həllini tapmamasıdır. Nazir qeyd edib ki, müxalifətin tələblərinin heçə sayılması və hökumətin siyasi prosesə səmimi yanaşmaması xəta olub: “Son olaraq isə, mülki şəxsləri atəşə tutmaları vətəndaş müharibəsini alovlandırdı”.

Suriyada baş verənləri AYNA-ya müsahibəsində şərh edən politoloq Zərdüşt Əlizadə deyib ki, hadisələrə Yaxın Şərq kontekstində baxmaq lazımdır:

- Bir ildən çoxdur ki, Yaxın Şərqdə münaqişələr aktiv fazaya qədəm qoyub. İsrailin addımları, HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibə, qan-qada bu gün də davam etməkdədir. Həm də elə formada davam edir ki, geriyə dönüşü olmayan proseslər baş verir. Diqqət edin, Suriyada müharibə nə zaman aktiv fazaya keçdi, İsraillə “Hizbullah” arasındakı razılaşmadan sonra. Demək ki, bölgədə vəziyyətin sabitləşməsində maraqlı olmayan qüvvələr mövcuddur. Həmin qüvvələr gözəl ölkə olan Suriyanı hələ 15 il bundan əvvəldən xaraba qoymağa başlayıblar. Bu gün baş verənlər də, illər əvvəl başlayan vətəndaş müharibəsinin davamıdır. İndi beynəlxalq qüvvələr, Suriya məsələsində maraqları toqquşan böyük dövlətlər ortaq məxrəc tapmalıdırlar. Amma onların böhranın həlli üçün ortaq məxrəcə gələcəyinə inam azdır. Ona görə də, Suriyanın bu bəladan xilas olacaqlarına ümidim yoxdur. Suriya bir zamanlar dünyanın ən gözəl məmləkətlərindən biri idi. İndi bu dövlət xarabazarlığa çevrilib. Xarabazarlıqda isə hər şeyin baş verməsi, qan tökülməsi, qardaş qırğını, terror, vətəndaş müharibəsinin olması təəccüblü gəlməməlidir.

- Dediniz ki, baş verənlər vətəndaş müharibəsinin davamıdır. Bir neçə il idi ki, vətəndaş münaqişəsi səngimişdi, indi yenid\ən alovlanması nə ilə bağlıdır?

- Vətəndaş müharibəsi qismən səngimişdi, əslində uzun illərdir davam edir. Sadəcə insidentlər bəzən xəbər olaraq ortaya çıxmırdı. İndi isə Suriya müxalifəti adlandırılan qüvvələr genişmiqyaslı hücuma keçdilər, hökumət mövqeləri ələ keçirildi və eskalasiya səviyyəsi bərqərar oldu. Məsələ burasındadır ki, bu gün də Suriyada həm daxili, həm də beynəlxalq oyunçular arasında qarşıdurma davam edir. Bu qarşıdurma isə Suriyada vətəndaş müharibəsi şəklində özünü göstərir.

- Suriyada vəziyyətin sabitləşməsi mümkün görünürmü?

- Bu vəziyyətin nə vaxt və necə həll olunacağı isə qeyri-müəyyən olaraq qalır. Suriya ordusunun vəziyyəti çox bərbaddır. İndi çox şey İran və Rusiyanın atacağı addımdan asılıdır. İranın əsas dayağı olan “Hizbullah” demək olar ki, məhv olub, can üstədir. Ümid qalır İranın özünün və dəstəklədiyi silahlı proksi qüvvələrin fəaliyyətinə. İraqın könüllü “Şiə ordusu” var. Onlar deyib ki, Suriyanı tək qoymayacağıq. Tehrandan da belə bəyanatlar səsləndirilir. Suriya ərazisində İranın maliyyələşdirdiyi bəzi qruplaşmalar var. Hansı ki, əfqanlar, pakistanlılar, şiələr və s. Onlar hələki döyüşə girməyiblər. Onların döyüşə girməsi vəziyyətə təsir göstərə bilər. Eyni zamanda, Rusiya tərəfindən Suriyanın hazırkı hakimiyyətinə dəstək bəyanatı verildi. Və Rusiya qırıcılarının üsyançılara zərbələr endirdiyi barədə məlumatlar mövcuddur. İndi son məlumatlara əsaslansaq, artıq Suriya ordusu əks-hücum əməliyyatına başlayıb və ağır döyüşlər gedir. Əlbəttə, döyüşlərin daha da şiddətlənəcəyi və geniş vüsət alacağı mümkün görünür. İndi dəqiq proqnoz vermək çətindir.

- Suriyada uzun illərdir devrilməyən Prezident Bəşər Əsədin rəsmi təsdiq edilməsə də, ölkədən qaçdığı deyilir. Bəzi mənbələr isə bildirirlər ki, Əsəd Dəməşqdədir. Ümumiyyətlə, Əsədin taleyi necə olacaq?

- Mən deyə bilmərəm Əsəd Suriyadadır, yoxsa yox. Hər halda kəşfiyyat orqanları daha yaxşı bilirlər ki, o haradadır. Yenə deyirəm, proqnoz vermək çətindir. Əsəd rejiminin qalacaqmı, yoxsa gedəcəkmi bilinmir. “Ərəb baharı” deyilən kampaniyada Əsəd maraqlı qüvvələrə, konkret desək ABŞ-a dirəniş nümayiş etdirdi, hakimiyyətdə qaldı. Düzdür, ona hakimiyyət demək olarsa...

- Türkiyənin prosesdə rolunu necə qiymətləndirirsiniz?

- Türkiyə müxalifətə dəstək verdiyini bəyan edir. Ankara deyir ki, sərhədlərində sabitliyin olmasında maraqlıdır. Üsyançıların Hələb qalasından Türkiyə bayrağını asdıqları bildirilir. Hesab edirəm ki, bu, müxalif qüvvələrin bir növ Türkiyənin iştirakı üçün təşəkkürü idi. Təxminən bir ay əvvəl Türkiyə Prezidenti bəyan etmişdi ki, Əsədlə müzakirə aparmağa hazırdır. Amma əsəd bu görüşdə maraqlı olmadığını müsbət cavab verməklə bildirmiş oldu. Ola bilsin ki, görüş baş tutsaydı, indi baş verənlər olmazdı. Hər halda, indi məlumat var ki, Əsəd Ərdoğanla danışmaq istəyir. Görək proseslərin axarı hansı məcraya yönələcək. Hər halda müsbət məqamlar görünmür.   

Ümumiyyətlə isə baş verənlər bir daha sübut edir ki, Suriyada davamlı sülh üçün beynəlxalq ictimaiyyətin fəal iştirakı və birgə səyləri vacibdir. Hazırkı vəziyyət yalnız Suriya xalqının deyil, həm də regional sabitliyin təhlükə altında olduğunu göstərir. Beynəlxalq güclər, istər Qərb olsun, istər Türkiyə, istərsə də İran, Rusiya, regional sabitliyin son dərəcə təhlükədə olduğunu dərk etməli, addımlar atmalıdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri