Xəzərdə böyük oyun: Nə baş verir? KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkmənistan uzun illərdir nəhəng qaz ehtiyatlarının ixracını şaxələndirmək üçün yeni imkanlar axtarır və bu kontekstdə Transxəzər marşrutu ən optimal variantlardan biri hesab olunur.
ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək cəhdləri fonunda Transxəzər qaz kəməri layihəsi rəsmi və diplomatik danışıqlarda daha tez-tez müzakirə olunur. Xüsusilə, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Samir Pol Kapurun noyabrın 3-də Aşqabada səfəri zamanı türkmən qazının Xəzər dənizi vasitəsilə Avropa bazarlarına daşınması məsələsi diqqət mərkəzində olub.
KONKRET.az Haqqin.az-a istinadən xəbər verir ki, amerikalı diplomatın Aşqabaddakı görüşlərinə dair tərəflərin rəsmi press-relizində energetika, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi və ABŞ investisiyalarının cəlb edilməsi məsələlərinin müzakirə olunduğu bildirilir. Rəsmi məlumatda bu layihənin adı konkret çəkilməsə də, ABŞ dövlət katibinin köməkçisi Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov və xarici işlər naziri Rəşid Meredovla görüşüb. Danışıqlar barədə hər iki tərəfin verdiyi açıqlamalarda konkret detallar yer almasa da, optimist mesajlar diqqət çəkib.
ABŞ Səfirliyinin bəyanatında iki ölkə arasındakı münasibətlərdə “müsbət dinamika” təqdir olunub, ticarət əlaqələri, energetika sahəsində əməkdaşlıq və regional inteqrasiya xüsusi vurğulanıb. Türkmənistanın rəsmi TDH agentliyi hesabatında iqtisadi münasibətləri “səmərəli” kimi qiymətləndirib və Aşqabadın enerji marşrutlarını şaxələndirmək strategiyasının illik məsləhətləşmələrin gündəliyində mühüm yer tutduğunu bildirib. Hesabatda həmçinin Vaşinqtonun türkmən qazını Əfqanıstan və Pakistan üzərindən Hindistana daşıyacaq TAPİ kəmərinə dəstəyi yüksək qiymətləndirilib. Türkmənistan rəsmiləri kəmərin Əfqanıstanın Herat şəhərinə qədər olan hissəsinin 2026-cı ilin sonunadək tamamlanacağını planlaşdırır.
Qərb enerji dairələrində uzun müddətdir ki, Transxəzər neft və qaz kəmərlərinin tikintisi üçün əlverişli geoptik şəraitin yarandığı qeyd olunur. Son həftələrdə Türkmənistanın energetika sektorunun rəhbərləri də dalbadal Qərbə böyük həcmdə təbii qaz nəql etməkdə maraqlı olduqlarını bildiriblər.
Oktyabrın əvvəlində “Türkmənqaz” konserninin sədr müavini Mirat Arçayev Aşqabadın Transxəzər qaz kəməri layihəsini artıq “prioritet tapşırıq” kimi gördüyünü bəyan edib. Amerikalı diplomatın səfəri ərəfəsində isə Aşqabad rəsmiləri ölkədə enerji hasilatı infrastrukturunun təkmilləşdirilməsi və qazın Avropaya nəqli üçün ABŞ yardımı və investisiyalarına ümid etdiklərini bildiriblər. Eurasianet-in yazdığına görə, ABŞ rəsmiləri də Türkmənistan hökumətindən bu layihədə iştirak öhdəliyi almaq niyyətindədirlər.
Oktyabrın 23-də “Türkmənqaz” konserninin idarə heyətinin sədri Maksat Babayev Aşqabadda keçirilən beynəlxalq enerji forumunun yekunlarına dair mətbuat konfransında Türkmənistanın Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya qaz tədarük etməyə hazır olduğunu diqqətə çatdırıb. Babayev Aşqabadın Xəzərdən keçəcək kəmərlə bağlı Bakı ilə danışıqları davam etdirdiyini, qazı öz sərhədində satmağa hazır olduğunu vurğulayıb. Layihənin xammalla təmin edilməsi üçün 27,4 trilyon kubmetr ehtiyatı olan “Qalkınış” yatağının növbəti fazasının işlənilməsi nəzərdə tutulur. Hazırda Çinin CNPC şirkəti 5,1 milyard dollarlıq layihə çərçivəsində yeni quyular qazır. Lakin əsas alıcı olan Çin əlavə 10 milyard kubmetrlik qazı alacağını rəsmən təsdiqləməyib. Ekspertlər hesab edirlər ki, Çin bu həcmləri almazsa, 5,1 milyard dollarlıq investisiya özünü doğrultmaya bilər.
Türkmənistan digər alternatvlərə də baxır: birincisi, illik 33 milyard kubmetr gücü olan TAPİ kəməri ilə Cənubi Asiyaya çıxış; ikincisi isə Transxəzər kəməri ilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışdır.
Türkiyə türkmən qazının Avropaya nəqlində böyük iqtisadi maraqları olan tərəflərdən biridir. Ankarının məqsədi Avropa üçün qaz qovşağı (hab) yaratmaqdır. Oktyabrın sonunda Türkiyənin Aşqabaddakı nümayəndəsi Şaner Çebeci iki ölkə arasında enerji ticarətinin bərpa olunduğunu və Türkiyə üzərindən Avropaya yeni tranzit marşrutlarının araşdırılacağını bildirib. Həmçinin BOTAŞ dövlət şirkətinin baş direktoru Əbdülvahid Fidan türkmən qazının Xəzərdən keçməklə Avropaya nəqlini Ankarının strateji hədəfi adlandırıb.
Türkiyə və Türkmənistan 2025-ci ilin fevralında BOTAŞ və “Türkmənqaz” arasında İran üzərindən svop tədarükünə dair müqavilə bağlamışdı. Martın 1-dən başlayan tədarük iyun ayından sonra dayandırılıb. EPDK və Argus-un məlumatına görə, Ankara bu dövrdə cəmi 465 milyon kubmetr qaz alıb. Maksat Babayev bunun səbəbini həcm və qiymət ixtilafları ilə izah edib. S&P Global isə ABŞ-nin İrana qarşı sanksiyaları səbəbindən ödəniş problemlərinin yarandığını göstərib. 2026-cı ilin yanvarında Türkiyənin energetika naziri Alparslan Bayraktar alışı bərpa etmək niyyətində olduqlarını bildirsə də, İran üzərindən tədarük hələ də bərpa olunmayıb.
Bakı indiyədək Transxəzər qaz kəməri layihəsinə münasibətdə ehtiyatlı mövqe nümayiş etdirirdi. Azərbaycan tranzit rolunu oynadığı üçün layihənin təşəbbüskarı kimi müəyyən riskləri üzərinə götürmək istəmirdi. Lakin Aşqabadın Transxəzər kəməri ilə bağlı daha konkret mövqe tutması Azərbaycanın da bu layihənin müzakirəsində aktiv iştirakına təkan verə bilər.
Baxış sayı:104
Bu xəbər 07 Noyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















