Icma.az
close
up
RU
Yaradıcı təlimə ögey münasibət şagirdi “robot”a çevirir

Yaradıcı təlimə ögey münasibət şagirdi “robot”a çevirir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Musiqi, rəsm və əmək fənləri niyə əlavə dərslər sayılır?

Müasir təhsil sistemi iqtisadi və texniki prioritetlər üzərində qurulduğundan məktəb proqramlarında riyaziyyat, dil və təbiət elmləri kimi fənlərə daha çox üstünlük verilir. Musiqi, təsviri incəsənət və əmək kimi yaradıcı fənlər isə bəzən əlavə dərslər kimi qiymətləndirilir. Halbuki beynəlxalq elmi araşdırmalar bu fənlərin uşaqların zehni inkişafı, bacarıqları və akademik nailiyyətlər qazanmasında mühüm rol oynadığını göstərir. 

“Amsterdam Vrije Universiteit”nin təd­qiqatçıları uzun araşdırmalar nəticəsində musiqinin əqli inkişafa müsbət təsir göstərdiyini sübut ediblər. Layihə çərçivəsində Hollandiyanın müxtəlif məktəblərində təhsil alan 147 ibtidai sinif şagirdi müşahidə olunub. Bütün məktəblər standart ibtidai tədris proqramı ilə fəaliyyət göstərsə də, bəzi məktəblərdə əlavə olaraq musiqi və ya təsviri incəsənət dərsləri tədris edilib. Bu dərslər həm nəzəri bilikləri, həm də praktik məşğələləri əhatə edib. İki ilyarımdan sonra uşaqların akademik göstəriciləri ilə yanaşı, planlaşdırma, özünüidarə və yaddaş kimi əsas bacarıqları da qiymətləndirilib.

Bundan əlavə, mütəxəssislər bir çox neyroelmi araşdırmalarda musiqi və rəsm dərsi keçən uşaqların beyin fəaliyyətində müəyyən dəyişikliklərin olduğunu qeyd edirlər. Məsələn, ritm, melodiya və xüsusi bacarıqları eyni vaxtda tələb edən musiqi təhsili beyin şəbəkələrinin sinxronlaşdırılmasını gücləndirir, xüsusilə fəal yaddaş və diqqət proseslərini stimullaşdırır. Beləliklə, beynəlxalq təcrübələrə əsasən, müasir pedaqoji yanaşmalarda musiqi və incəsənət proqramları keyfiyyətli təhsilin ayrılmaz hissəsidir. 

Bəzi orta məktəblərdə təsviri incəsənət, musiqi və texnologiya fənlərinin ya zəif tədris olunması, ya da “əsas” fənlərlə əvəzlənməsi sistemli tendensiyaya çevrilib. Bu vəziyyət ilk baxışda tədris yükünün optimallaşdırılması kimi təqdim olunsa da, əslində, təsviri incəsənət, musiqi və texnologiya dərsləri vasitəsilə şagirdlər səhv etmək, yoxlamaq, yenidən qurmaq vərdişi qazanırlar. 

Texnologiya fənninin zəif tədrisi isə daha çox hiss olunur. Bu dərs çox zaman nəzəri izahlarla məhdudlaşır. Halbuki texnologiya fənni şagirdə hazır alətlərdən istifadə etməyi yox, onun necə yarandığını, sistemin necə işlədiyini anlamağı öyrətməlidir. Digər tərəfdən, bu fənlərin dərs saatlarının başqa fənlərlə əvəzlənməsi təhsildə balans problemini daha da çətinləşdirir. Şagirdə gün ərzində ard-arda oxşar tipli, yüksək konsentrasiya tələb edən dərslər keçilir. Musiqi və incəsənət dərsləri isə, sanki intellektual fasilə rolunu oynayaraq beynin fərqli sahələrini fəallaşdırır. 

Göründüyü kimi, bütün bacarıqların formalaşması və gələcək həyatdakı uğurların əsasları orta məktəblərdə qoyulur. Şagirdlər burada yalnız riyaziyyat və dil biliklərini deyil, həm də özünü ifadəetmə, yaradıcılıq və praktik bacarıqları öyrənirlər. Gələcəyin peşəkar seçimləri, həyat tərzi və gündəlik fəaliyyətlər üçün ilkin qərarlar məhz orta məktəb illərində formalaşır. Məsələn, bir neçə il öncə demək olar ki, əksər gənclər elektrik naqillərinin təmiri və digər gündəlik texniki işlər üçün ilkin bilik və bacarıqlar qazanırdılar. Lakin son dövrlərdə belə sadə işlər üçün də insanlar tez-tez ustalara müraciət etməli olurlar. 

Bənzər vəziyyət musiqi və təsviri incəsənət təhsilində də müşahidə olunur. Orta məktəblər şagirdlərin ilkin musiqi bacarıqlarını aşkara çıxarmaq və inkişaf etdirmək üçün əsas təhsil ocağıdır. Burada müəllimlər musiqi duyumu olan şagirdləri müəyyən edir və onları bu sahəyə yönləndirməyə çalışırlar. 

Əlavə olaraq, əvvəllər şagirdlər özləri də həvəs göstərərək rəsmlər çəkir, əl işləri hazırlayır və təxəyyüllərini genişləndirirdilər. Bu fəaliyyətlər onların yaradıcı düşüncəsini, estetik zövqünü və problem həll etmə bacarıqlarını gücləndirirdi. Lakin indi bu cür fəaliyyətlər kifayət qədər önə çıxarılmır. Nəticədə, yalnız akademik göstəricilər üzərində fokuslanmaq, şagirdlərin təxəyyülünün və yaradıcı düşüncəsinin inkişafına mane olur.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi ki, təsviri incəsənət, musiqi və texnologiya fənləri uzun illərdir məktəbdə “əsas olmayan dərslər” kimi qəbul edilir:

– Bu yanaşma dəyişmədikcə, həmin fənlərin tam ciddiyyətlə keçirilməsi və şagirdlər tərəfindən dəyərli sayılması mümkün olmayacaq. Dünya təcrübəsi göstərir ki, uşaq məhz bu dərslərdə özünü tanıyır, hisslərini ifadə etməyi öyrənir. Bir çox Avropa ölkələrində, xüsusilə Skandinaviya və Baltik regionunda incəsənət və texnologiya dərsləri uşağın psixoloji rahatlığı, yaradıcılığı üçün əsas sahə hesab olunur. Orada bu dərslər “vaxt doldurmaq” üçün yox, uşağın şəxsiyyət kimi formalaşması üçün keçirilir. Bizdə isə reallıq bir qədər fərqlidir. Bəzən bu dərslər formal xarakter daşıyır. 

Təbii ki, bunu da bilirik ki, musiqi aləti olmayan musiqi dərsi, materialı olmayan texnologiya dərsi sadəcə adı olan dərsə çevrilir. Digər tərəfdən, valideynlər də bu fənlərə “imtahan fənni deyil” gözü ilə baxır. Uşaq özü də hiss edir ki, bu dərsə ciddi yanaşılmır. Halbuki müasir dünyada dizayn, texnologiya, yaradıcı sənayelər, innovasiya kimi sahələr məhz məktəbdə formalaşan bacarıqlar üzərində qurulur.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti–2040” konsepsiyasında 2026–2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur. 

Konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün, ilk növbədə, dövlət başçısının mədəniyyətə və milli dəyərlərə verdiyi önəmə diqqət yetirmək lazımdır. Ölkə rəhbəri çıxışlarında vurğulayır ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqdır və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. 

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi isə dedi ki, orta məktəblərdə təsviri incəsənət, texnologiya və musiqi fənlərinin zəif tədris edilməsinin bir səbəbi də şagirdlərin bu sahələrə olan maraqlarının digər fənlərlə müqayisədə nisbətən aşağı olmasıdır:

– Təsviri incəsənət, texnologiya və musiqi dərslərinə çox az şagird maraq göstərir. Valideyn və müəllimlər də şagirdin uğurunu əsasən standart akademik göstəricilərlə ölçür və yaradıcılıq yönümlü fənlərin əhəmiyyətini kifayət qədər dəyərləndirmirlər. Halbuki bu fənlər şagirdlərin fərdi maraqlarını inkişaf etdirməklə yanaşı, onların yaradıcılıq, estetik zövq, problemləri fərqli baxış bucağı ilə həll­etmə bacarıqlarını da formalaşdırır.

Beləliklə, maraq yalnız şagirdin uğuru ilə deyil, həm də təhsilin keyfiyyəti və onların şəxsiyyət inkişafı ilə bağlıdır. Məktəblərdə bu fənlərə kifayət qədər yer verilməməsi və dərs saatlarının digər fənlərlə əvəzlənməsi şagirdlərin tam potensialın ortaya çıxmasına mane olur. Nəticədə, yalnız xüsusi istedadlı və maraqlı uşaqlar bu fənlərdən həqiqətən faydalanır, digərləri isə potensial imkanlarını itirir.

Bu problemi aradan qaldırmaq üçün qiymətləndirmə sisteminə yenidən baxmaq vacibdir. Formal, subyektiv və ya sadəcə iştirak əsasında qiymətləndirmə şagirdlərin bu fənlərə marağını artırmır. Əksinə, tam obyektiv, bilik və bacarıqlara əsaslanan qiymətləndirmə tətbiq edildikdə şagirdlər dərslərə daha ciddi yanaşır və maraq göstərirlər. Bu, həm də şagirdlərə öz nailiyyətlərini real şəkildə görmək imkanı yaradır və onları təkmilləşdirir. Dərslərdə aşağı qiymət alan şagirdlərin bu göstəricilər əsasında qiymətləndirilməsi deyil, onların inkişaf imkanlarının təmin olunması önəmlidir. 

Belə yanaşma şagirddə həm fənnə qarşı maraq, həm də özünüifadə bacarığı yaradır, nəticədə təsviri incəsənət, musiqi və texnologiya dərsləri daha effektiv şəkildə mənimsənilir. Nəhayət, problem dərsin keyfiyyəti ilə yanaşı, həm də şagirdlərin həvəsləndirilməsi və bacarıqlarının qiymətləndirməsindədir. Düzgün və ədalətli qiymətləndirmə, şüb­həsiz, şagirdlərdə bu fənlərə marağı artırar.

Ləman TƏHMƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri