Yeni mərhələdə “Güclü Azərbaycan” obrazı: konseptual yanaşma
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
I silsilə:
Təhlükəsizlik konsepsiyasi və yeni konseptual doktrina
II məqalə
Xarici siyasətdə müstəqillik
Müstəqilliyini tarixi zaman baxımından yaxın keçmişdə əldə etmiş, 200 ildən çox başqa dövlətin tərkibində mövcudluğu uğrunda mübarizə aparmış bir milli dövlətin kimsədən asılı olmayan siyasət yeritməsi mürəkkəb məsələdir. Sözdə “müstəqil xarici siyasət” ifadəsini, məsələn keçmiş sovet respublikalarının hər bir başçısı tez-tez işlədə bilər. Lakin burada praktiki müstəvidə əsas olanı ritorika deyildir, həmin ifadənin semantikasının kökündə dayanan fəaliyyət və davamlı siyasi kursu reallaşdırma dərəcəsidir. Praktiki təcrübə göstərir ki, Cənubi Qafqazda tam anlamı ilə müstəqil xarici siyasət kursu yeridən yalnız Azərbaycandır.
Digər qonşu dövlətlərin bu yöndə fəaliyyətlərinə kölgə salmaq və ya aşağılamaq fikrimiz qətiyyən yoxdur. Bizi ancaq Azərbaycanın müstəqil dövlət olaraq davamlı həyata keçirdiyi müstəqil xarici siyasətin fəlsəfi, geosiyasi və siyasi parametrləri maraqlandırır. Məsələnin bu tərəfinə tamamilə Heydər Əliyev-İlham Əliyev Dövlət quruculuğu kursu kontekstində baxırıq. Bunun iki mühüm səbəbi vardır.
Birincisi, Azərbaycanın 1993-cü ilin ikinci yarısından başlayan xarici siyasət təcrübəsi göstərir ki, məhz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu hətta çox geniş miqyasda siyasi-ideoloji rəqabətə dayanıqlığı tam davamlıdır. 1991-1993-cü ilin iyun ayına qədər həyata keçirilən xarici siyasət kursu rəqabətə dayanıqsız olan və reallıqdan uzaq parametrlərə əsaslanmışdır.
İkincisi, 1993-cü ildə əsası qoyulan xarici siyasət kursu 2003-cü ildən sonra da mükəmməl şəkildə konseptual və praktiki tətbiq aspektlərində inkişaf etdirilmiş və konkret çox uğurlu nəticələrə varılmışdır.
Bu iki tezisin semantik sintezi Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında xarici siyasətin müstəqilliyi ilə bağlı vurğuladığı prinsipial məqamların konseptual və praktiki aspektlərdə tamamilə doğru olduğunu təsdiqləyir. Yəni biz Azərbaycanın xarici siyasətinin müstəqilliyi məsələsini əsaslı və ciddi işlənmiş, sistem mahiyyətli, çox müxtəlif faktorların mükəmməl qarşılıqlı əlaqəsinin yaratdığı, yeniliyə açıq “konseptual+praktiki tətbiq” xüsusiyyətinə malik fenomen kimi qəbul edirik.
Bu keyfiyyətdə dövlət başçısı və ölkə lideri İlham Əliyevin Qurultaydakı nitqini yeni konseptual doktrinanın ana sütunları kimi dərk edərək, onların fonunda “müstəqil xarici siyasət” ifadəsinin yeni mərhələdə məna çalarlarını nəzəri ilə praktiki-tətbiqinin ortaq semantik sahəsində qavramağa çalışaq. Çünki Prezidentin nitqində müstəqil xarici siyasət məsələsinin hansı anlamda nəzəri-konseptual məzmun kəsb etdiyini dərk etməsək, praktikada “Azərbaycan Respublikası davamlı müstəqil xarici siyasət yeridir” tezisinin lazımi səviyyədə dərkinə nail ola bilmərik.
Eyni zamanda, Prezident İlham Əliyev Qurultaydakı nitqində ən dərin və mürəkkəb mahiyyətli məsələləri çox sadə və dəqiq hədəfli fikirlər kimi məharətlə ifadə etmişdir. Bu diplomatik məharətin fəlsəfi və siyasi-nəzəri təhlili ayrıca mövzudur. Burada xarici siyasətin müstəqilliyi ilə əlaqəli bir sıra ümumi məqamlara toxunmaq imkanımız vardır. Həmin prizmada bir neçə əhəmiyyətli terminoloji izaha baş vurmalıyıq.
Doktrinanın konseptuallığı
Müasir nəzəri ədəbiyyatda “konseptual doktrina” anlayışına rast gəlinir. Ümumi halda onu belə tərif edirlər: “Konseptual doktrina — müəyyən bir sahədə, məsələdə və ya ideologiyada əsas prinsipləri, əsas ideyaları və baxışları ifadə edən, sistemləşdirilmiş nəzəri yanaşma və ya təlimdir. Bu, müəyyən bir konsepsiyanın (yəni, əsas ideya və ya anlayışlar toplusunun) rəsmi və ya yarı-rəsmi şəkildə formalaşdırılmasıdır. Doktrina adətən müəyyən sahədə fəaliyyət göstərən şəxslər, təşkilatlar və ya dövlətlər tərəfindən qəbul edilir və onların fəaliyyətini, siyasətini, strategiyasını müəyyənləşdirir”.
Bu tərif əsasında konseptual doktrinanın başlıca xüsusiyyətlərini müəyyənləşdirirlər. Onları da elmi ədəbiyyatda olduğu kimi təqdim edirik:
Konseptual doktrinanın əsas xüsusiyyətləri aşağıdakılardır:
“Nəzəri əsas:
Konseptual doktrina müəyyən bir sahədə əsas nəzəri prinsipləri və ideyaları əhatə edir.
Sistemləşdirmə:
O, ideyaları və prinsipləri müəyyən sistemə salır, ardıcıllıq və məntiqi əlaqə yaradır.
Tətbiqi yönümlülük:
Doktrina praktikada müəyyən siyasət, strategiya və ya fəaliyyət istiqamətini müəyyən edir.
Davamlılıq:
Konseptual doktrina uzun müddət ərzində dəyişməz və ya az dəyişən əsas prinsipləri ifadə edir”.
Birinci iki özəllik doktrinanın konseptuallığını (konsepsiya mahiyyətliliyini) ifadə edir: “əsas nəzəri prinsiplər və ideyalar+onları müəyyən sistemə salmaq, ardıcıllıq və məntiqi əlaqə yaratmaq”. Yəni müəyyən sahəyə aid doktrina o zaman konseptual xarakterli olur ki, nəzəri prinsiplərə və ideyalara əsaslanır və eyni zamanda, onları kompleks qarşılıqlı əlaqələrdə sistemləşdirir, aralarında ardıcıllıq və məntiqi əlaqə yaradır.
Bu, fəlsəfi baxımdan ideyalar toplusunun konsept səviyyəsində münasibətlərindən konsepsiya səviyyəsində münasibətlərə keçidi ifadə edir. O da yüksək səviyyədə koqnitiv fəaliyyətlə praktiki-tətbiqi səmərəliliyini əlaqələndirmək deməkdir. Məsələ yalnız anlayışların nəzəri və məntiqi əlaqələndirilməsi ilə məhdudlaşmır. Onlar arasında yaradılan nəzəri, semantik, metodoloji və struktur bağlantıların praktiki səmərə verə bilmək imkanları dəqiq müəyyən edilməlidir.
Bütün bunları nəzərə alsaq, konseptual doktrina üçün müəyyən edilən xarakterik kriteriyaları da qavramış oluruq.
Konseptual doktrinanın əsas kriteriyaları
Yuxarıda vurğulanan nəzəri və metodoloji məqamlardan aşağıdakı kriteriyaları ala bilərik.
Birincisi, konseptual doktrinada prinsiplər və başlıca ideyalar sistemli və məntiqi aspektdə ardıcıl ifadə olunmalıdır ki, onlar bir-birini tamamlasın və vahid sistemli baxış bucağına gətirilsin.
İkincisi, konseptuallaşma prosesində doktrinanın strategiyası və prioritetləri müəyyən edilməlidir. Yəni doktrinada vacib olanların hansı məqsədlə müəyyən edildiyi aydın əks edilməlidir. Etiraf etmək lazımdır ki, bu məqam kifayət qədər incə və dəqiq elmi yanaşma tələb edir. Çünki doktrinanın konseptual strukturu ilə funksionallığının vəhdəti həmin “zonada” əyaniləşməlidir. Bu da əsaslı nəzəri dərklə səmərəli, nəticəverici praktiki-tətbiqi aspektlərin adekvat nisbətini yaratmağı tələb edir.
Üçüncüsü, ikinci kriteriyanın məntiqi və semantikası fonunda belə bir meyar meydana gəlir: “dövlət və təşkilatlar üçün norma və siyasət istiqamətləri müəyyən edilməlidir. Çünki məhz bu məqamda konsepsiyadan konseptual doktrinaya keçid məqamı başlayır. Nəzəri-konseptual müəyyən edilmiş prinsip və ideyaların rəsmi səviyyədə tətbiqi tam anlamda reallaşma “sahəsi”nə çıxarılmasa söhbət real konseptual doktrinadan gedə bilməz. Deməli, konseptual doktrina üçün praktik nəticələrə istiqamətlənmiş müddəalar mütləq müəyyən edilməlidir.
Dördüncüsü, daha çox praktiki mənası olan kriteriyaların müəyyən edilməsinə başlanmalıdır. Konkret ifadə etsək, dördüncü kriteriya icra mexanizmlərini, prioritet sahələri və mövcud resursları müəyyən etməlidir. Məsələn, resurslar kimi büdcə, ordu, elm, mədəniyyət, siyasət və təhsilin imkanları dəqiq əks olunmalıdır.
Beşincisi, mənəvi və ənənəvi faktorlar konseptual doktrinada mütləq yer almalıdır. Onları elmi ədəbiyyatlarda “ideoloji və legitimləşdirici elementlər” kateqoriyası adı altında qruplaşdırırlar. Bura, məsələn, mənəvi dəyərlər, adət-ənənələr, tarixi narrativ, liderlik, mental xüsusiyyətlər, milli identiklik və digər faktorlar daxil edilir.
Altıncısı, doktrinanın uzun müddət mövcud ola bilməsi aspektinə aiddir. Yəni anlayışlarda və onlar arasında yaradılan əlaqələrdə, prinsiplərdə ifadə olunan semantika əməli fəaliyyətin nümunəsinə çevrilməlidirlər. Bu kriteriyanı lakonik olaraq “davamlılıq və institusionalizasiya imkanları” kimi ifadə edə bilərik.
Bunlar, ümumiyyətlə, “konseptual doktrina” anlayışının əsas nəzəri və metodoloji xüsusiyyətlərinə aiddir. Təbii ki, tam olaraq həmin anlayışı ifadə etmir. Çünki məsələnin daha konkret səviyyələrdə son dərəcə aktual cəhətləri mövcuddur. Onlara ayrıca baxmaq şərtdir. Bu kontekstdə Azərbaycana tətbiqdə Qurultayda ifadə olunmuş bir əhəmiyyətli məqamın üzərində dayanmaq zəruridir. Həmin məqam Azərbaycan Prezidentinin nitqinin doktrina kimi əsas tərkib komponentlərinin nələrdən ibarət olduğunun araşdırılması ilə bağlıdır.
Nitq və doktrina
Nitqlə tam formalaşmış və mətndə ifadə olunan doktrina arasında bağlantıları adətən iki aspektdə axtarırlar.
Birincisi, doktrinanı ilk dəfə dildə ifadə edən nitq.
İkincisi, artıq hazır olan doktrinanın nitqdə təbliği, onun legitimləşdirilməsi və möhkəmləndirilməsindəki rolu, doktrinanın yenilənməsi platforması kimi təqdimatı, doktrinanın ideoloji təsirini gücləndirən platforma və doktrinanın tətbiqinə olan çağırış kimi.
Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqi yeni doktrinanın ilk ifadəsi mahiyyətindədir. Dövlət başçısı konseptual səviyyədə doktrinanın əsas qayəsini, prinsiplərini, başlıca ideyalarını və qarşıya qoyduğu məqsədləri dəqiq ifadə etmişdir. Eyni zamanda, doktrinanın təbliği və təşviqinin zəruriliyi xüsusiyyəti də məharətlə vurğulanmışdır.
Bunlar əsasında biz Prezident İlham Əliyevin nitqinin doktrina kimi tərkib elementlərindən danışa bilərik. Dövlət başçısının nitqinin mətninin təhlili əsasında həmin elementlər olaraq bir neçə məqamı qruplaşdırmaq olar. Biz onları səkkiz qrupa bölürük (fərqli təsnif ola bilər və hətta tam mənzərə üçün vacibdir).
Onlar aşağıdakılardır: birincisi, siyasi, sosial, hərbi və iqtisadi sferaları vahid platformada təqdim edə bilən strateji məqsəd, ikincisi, strateji məqsədə nail olmaq üçün müəyyən edilən prioritet fəaliyyət istiqamətləri, üçüncüsü, doktrinanın reallaşması üçün dəqiq olaraq resursların müəyyən edilməsi, dördüncüsü, resurslardan optimal yararlanmaq naminə qərar qəbulunda prioritetlərin müəyyən olunması, beşincisi, xarici siyasətin prinsiplərinin yeni doktrinanın mahiyyət, məzmun və məqsədinə uyğun müəyyən edilməsi, altıncısı, ideoloji xətti ayrıca diqqətə almaq, yeddincisi, idarəetmə və tətbiq məsələlərinə vahid bucaq altında baxmaq əsasında özünütəşkiledən proses halına gətirmək, səkkizincisi, iqtisadiyyatın iqtisadi önəmini yeni doktrinal səviyyədə dəqiqləşdirmək.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Oktyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















