Yeni mərhələdə “Güclü Azərbaycan” obrazı: çağdaş siyasi yanaşma
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
III silsilə:
Təkbaşına Qalib dövlətdən Türk ailəsinin aparıcı gücünə transformasiya
II məqalə
Müstəqillik: “öz taleyimiz öz əlimizdədir”
Prezident İlham Əliyev Qurultayda söylədiyi nitqdə müstəqillik və dövlətçiliklə bağlı məsələləri elə konseptual səviyyədə təqdim etmişdir ki, onun başlıca parametrlərinin daxili siyasi və məntiqi bağlantılarını dərindən elmi tədqiq etməyə böyük ehtiyac mövcuddur. Həmin sırada Azərbaycan liderinin “təkbaşına”, “müstəqillik” və “dövlətçilik” anlayışlarına verdiyi mənalar konseptual yanaşma baxımından ayrıca əhəmiyyət kəsb edir. Çağdaş fəlsəfi, siyasi-nəzəri və elmi ədəbiyyatda da, məsələn, “müstəqillik” anlayış olaraq çoxaspektli məna çalalarına malikdir. Onun Azərbaycan nümunəsinə tətbiqi nəzəri olaraq aktual elmi problemdir. Çünki indi bizim üçün elmi əsası olan yanaşma çox vacibdir.
Öncə onu vurğulayaq ki, “təkbaşına”, “müstəqillik” və dövlətçilik” anlayışlarının yeni mərhələdə qarşılıqlı əlaqələrinin yığcam və dolğun ifadəsi Prezident İlham Əliyevin “öz taleyimiz öz əlimizdədir” tezisində əksini tapmışdır. Burada “təkbaşına müstəqillik” ifadəsinin elmi əsasının olduğunu qəbul etsək, onda həmin anlayışla “müstəqil dövlətçilik” anlamı arasındakı konseptual bağlantıları araşdırmağın çox aktual olduğunu dərk etmiş olarıq.
Burada “təkbaşına” anlamı Azərbaycanın müstəqil dövlət və müstəqil cəmiyyət (xalq, millət) kimi iki aspektinin sinergetik sintezini ifadə edir. Özlüyündə məsələnin bu aspektinin konseptual izahı mürəkkəb elmi terminoloji yanaşma tələb edir, lakin onun bir qədər sadə semantik təqdimatı da mümkündür. Əvvəlcə, “müstəqillik” anlayışının dövlət müstəqilliyi və cəmiyyət (xalq, millət) müstəqilliyi aspektlərinin nəzəri təsnifinə baxaq. Öncə, ayrıca qeyd edək ki, burada “müstəqil cəmiyyət” “azad cəmiyyət”in metaforik ifadəsi kimi işlədilir. Məqsəd “təkbaşına” anlayışını dərk etmək üçün onun əsas komponentlərini vahid terminoloji sahəyə gətirməkdən ibarətdir.
Beləliklə, elmi ədəbiyyatda “müstəqillik” necə tərif edilir?
Dövlət müstəqilliyi
Bütövlükdə dövlət müstəqilliyi siyasi müstəqillik və suverenlik kimi tərif edilir. Bu zaman siyasi müstəqillik və suverenlik xalqın, millətin və ya dövlətin tabeçiliyinin və asılılığının olmaması mənalarında işlədilir.
Deməli, dövlət müstəqilliyi siyasi müstəqillik və suverenliyin ortaq məna sahəsində elə bir anlamdır ki, dövlətin, xalqın və millətin kiməsə tabeçiliyini və kimdənsə asılılığını qəbul etmir.
Əsl müstəqil dövlət bir idarəetmə sistemi kimi sərbəst olaraq qərarlar qəbul etmək qüdrətinə sahib olmalıdır. Eyni məntiqlə, cəmiyyət, xalq və millət özünü müstəqil təşkiletməli, kənardan təsirlər və təzyiqlərə əyilməməlidir.
Bu cür yanaşmada dövlət müstəqilliyinin bir-biri ilə sıx əlaqədə olan iki “qolu”nu vurğulamaq gərəkdir. Onlardan biri siyasi müstəqillikdir, digəri isə suverenlikdir. Çağdaş elmi ədəbiyyatda “siyasi müstəqillik” anlamı daha çox aktuallıq kəsb etməyə başlamışdır. Bir nümunəyə baxaq.
“Oksford Beynəlxalq Dövlət Hüququ” (Oxford Public International Law) saytında S.K.N.Blayın “Ərazi bütövlüyü və siyasi müstəqillik” adlı məqaləsi dərc olunmuşdur. Həmin məqalə ilk olaraq Müqayisəli Dövlət Hüququ və Beynəlxalq Hüquq üzrə Maks Plank İnstitutunun himayəsi altında, professor Anne Peters və professor Rüdiger Volfrumun rəhbərliyi ilə nəşr olunmuşdur. S.Blayn yazır: “Ərazi bütövlüyü və siyasi müstəqillik dövlətçiliyin iki əsas elementidir. Ərazi bütövlüyü dövlətin ərazi baxımından “vahidliyini” və ya “bütövlüyünü” ifadə edir. Beynəlxalq hüquq norması kimi, o, müstəqil dövlətin ərazi çərçivəsini qoruyur və dövlət suverenliyinin mühüm təməlini təşkil edir. Bu anlayış, əsasən, quru ərazini, ona bitişik ərazi sularını, habelə həmin suların dəniz dibini və təkini (yerin təkini) əhatə edir.
Siyasi müstəqillik isə dövlətin öz institutları, siyasi qərarların qəbulu, siyasətin müəyyən edilməsi, eləcə də daxili və xarici işləri ilə bağlı məsələlərdə malik olduğu muxtariyyəti ifadə edir. Beləliklə, ərazi bütövlüyü və siyasi müstəqillik anlayışları suveren dövlətin təməli kimi bir-biri ilə sıx bağlıdır. Onlar beynəlxalq ictimaiyyət tərəfindən dövlət suverenliyinin tanınması, dövlətin öz ərazisinə sahiblik və ondan istifadə hüququnun (xarici müdaxilə və ya təhdid olmadan) qanuniliyi, eləcə də dövlətin öz ərazisinə təsir edən qərarlar qəbul etmək hüququ (dövlətlərin yurisdiksiyası) üçün əsas yaradır” (bax: Samuel K N Blay. Territorial Integrity and Political Independence: [Electronic resource] // Oxford Public International Law/ URL: https://opil.ouplaw.com/display/10.1093/law:epil/9780199231690/law-9780199231690-e1116).
Dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik arasında daxili bağlantıların yuxarıda ifadə olunan nümunəsi prizmasında Prezident İlham Əliyevin nitqində təkbaşına, müstəqillik və dövlətçilik arasında münasibətlərin Azərbaycan təcrübəsi haqqında yığcam irəli sürdüyü tezislərə baxsaq, konseptual səviyyədə son dərəcə əhəmiyyətli mənzərənin şahidi olarıq. Bizim xüsusi vurğulamaq istədiyimiz başlıca məqam da buradan qaynaqlanır.
Yəni Azərbaycan lideri ölkəmizdə müstəqil dövlət quruculuğunun daxili dinamikasını ifadə edə bilən konseptual yanaşma etmişdir və onun başlıca anlayışları və məna sahəsi ilə bağlı dərindən tədqiq edilməli olan müddəalar irəli sürmüşdür. Bu artıq bütövlükdə ölkə ziyalıları qarşısında qoyulmuş tarixi vəzifədən xəbər verir. Əlbəttə, özlüyündə yaradıcı komanda çərçivəsində mürəkkəb, uzunvədəli və əhatəli tədqiqat tələb edən bu aktual problemin bir məqalədə üzərində tam dayanılması imkansızdır. Ona görə də mövzuya bağlı digər anlayışlara baxaq.
Baxdığımız kontekstdə “suverenlik” anlayışının iki aspektinə dövlət müstəqilliyi prizmasında nəzər salaq.
Birincisi, daxili suvenerlikdir. Onun mənası “dövlətin öz ərazisi daxilində ali hakimiyyəti təmin etməsi ilə bağlıdır. Yəni, dövlət müstəqil şəkildə qanunlar qəbul edir. Həmçinin dövlət orqanları yaradır və iqtisadiyyatı idarə edir. Ən vacib məsələlərdən biri isə dövlətin xarici müdaxilə olmadan ictimai məsələləri həll edə bilməsi qabiliyyəti ilə əlaqəlidir.
İkincisi, xarici suverenlikdir. Bu, ümumi halda beynəlxalq münasibətlərdə müstəqilliyi ifadə edir. Bunun üçün dövlət beynəlxalq hüququn tamhüquqlu subyekti kimi çıxış etməlidir. Onu təmin etmənin konkret mexanizmləri dövlətin öz xarici siyasətini müəyyən etməsi, beynəlxalq müqavilələr bağlaması və uyğun diplomatik münasibətlər qurmasıdır.
Bunları ümumiləşdirərək, elmi ədəbiyyatlarda dövlət müstəqilliyi kontekstində suverenliyin əsa xüsusiyyətləri aşağıdakı kimi təqdim edilir: “Vahid ərazinin, mərkəzləşdirilmiş idarəetmə sisteminin (hökumətin), müstəqil hüquq sisteminin və digər dövlətlər tərəfindən tanınmanın mövcudluğu”. Bunlar əsasında dövlət öz hakimliyini həm ölkə daxilində, həm də beynəlxalq arenada sərbəst həyata keçirə bilirsə, gerçəkdən müstəqildir!
Onun başlıca əlamətləri də siyasi müstəqillik (“İdarəetmə formasını və siyasi rejimi seçmək azadlığı”), iqtisadi müstəqillik (“Dövlətin öz resurslarını müstəqil idarə etmək, maliyyə və kommersiya fəaliyyətləri aparmaq qabiliyyəti”) və milli müstəqillikdir (“Xalqın öz müqəddəratını təyin etmək və mədəniyyətini qorumaq hüququ”).
Bunlardan bizi maraqlandıran mövzu kontekstində müstəqil cəmiyyətin fəlsəfi və sosioloji anlamı ilə bağlı müəyyən təsəvvürlər əldə edə bilərik. Fəlsəfi aspektdə müstəqilliyin ədəbiyyatda rast gəlinən ümumi tərifi belədir: “Müstəqil cəmiyyətin fəlsəfi anlayışı azadlıq, muxtariyyət, məsuliyyət və həmrəylik haqqında fikirlərin mürəkkəb sintezidir. Müstəqil cəmiyyət sadəcə xarici nəzarətin olmaması deyil, əksinə hər bir fərdin və qrupun hüquq və azadlıqlarına hörmətə əsaslanan aktiv, şüurlu və məsuliyyətli özünüidarəetmədir. Müasir dünyada bu konsepsiya yeni sosial, siyasi və mədəni reallıqlar işığında daim yenidən düşünməyi tələb edir”.
Sosiologiyada isə müstəqil cəmiyyət anlayışı əsasən aşağıdakı kimi tərif edilir: “Sosiologiyada müstəqillik cəmiyyətin özünün ayrılmaz bir sistem kimi fundamental xüsusiyyətidir və onun öz həyatının məzmununu müstəqil şəkildə müəyyən etməsi, özünü təkrarlaması və heç bir xarici qüvvəyə birbaşa tabe olmaması faktında ifadə olunur. Oxşar konsepsiya vətəndaşların könüllü hərəkətlərinə, azad bazara, mülkiyyət hüquqlarının qorunmasına, söz azadlığına və dinə əsaslanan azad cəmiyyətdir (libertarian ideal).
Dövlətçilik və müstəqillik
Yuxarıda dövlət və cəmiyyət müstəqilliyi ilə bağlı ifadə etdiyimiz müddəalar fonunda Prezident İlham Əliyevin irəli sürdüyü tezis və prinsiplər kontekstində, ümumiyyətlə, dövlətçiliklə müstəqilliyin semantik bağlantıları ilə əlaqəli bir neçə məqamı nəzərdən keçirmək olar.
Siyasi fəlsəfədə və dövlət nəzəriyyəsində müstəqilliklə dövlətçilik arasında qarşılıqlı əlaqə məsələsi fundamental mövzulardan biri kimi qəbul edilir. Dövlətçilik müstəqilliyi reallaşdırmağın hüquqi və institusional əsasını təmin edir. Suveren dövlət daxili və xarici siyasəti formalaşdırmaq hüququna malikdir. Bu, müstəqilliyin təzahürü kimi qiymətləndirilir. Deməli, dövlətçilik olmadan tam anlamda siyasi müstəqillikdən danışmaq imkansızdır. Çünki o halda suverenliyi müdafiə mexanizmi və onu reallaşdırmaq mexanizmi mövcud olmur. Buradan belə qənaət əldə edilir: dövlətçilik müstəqilliyin şərtidir!
Məsələnin başqa bir əhəmiyyətli tərəfi də vardır. Onu qısa belə ifadə etmək olar: müstəqillik dövlətçiliyin məqsədidir! Çünki tarixən dövlətçiliyin yaradılması və saxlanması qövm və ölkə kimi müstəqilliyə nail olmaq, həm də onu qorumağa yönəlir. Buna görədir ki, adətən dövlətçilik ənənəsində ölkənin müstəmləkə, imperiya və ya digər xarici hökmranlığa qarşı mübarizə xüsusi yer tutur. Siyasi-hüquqi aspektdə isə müstəqillik dövlətçiliyin legitimliyinin və tamlığının əsas kriteriyası kimi qəbul edilməkdədir.
Beləliklə, bu mövzu üzrə araşdırmaları davam etdirmək üçün vacib ola bilən üç nəticə çıxara bilərik.
Birincisi, dövlətçilik müstəqillik üçün institusional baza yaradır. Müstəqillik isə tamhüquqlu dövlətçiliyin əsas məqsədlərindən və parametrlərindən biridir.
İkincisi, müstəqillik dövlətçilik ənənəsi xaricində qeyri-müəyyən anlamdır. Müstəqilliksiz dövlət isə suveren varolma kimi mənasını itirir.
Üçüncüsü, müasir dünyada müstəqilliyi qorumaq daxili suverenlik və xarici beynəlxalq öhdəliklər arasında tarazlıq yaratmağı tələb edir.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
Baxış sayı:177
Bu xəbər 20 Oktyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















