Yerimə bayraq sərərsiniz... Yarım qalan şəhid ömrü
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şahanə MÜŞFİQ
Bu gün şəhid əsgər Zöhrab Kərimovun doğum günüdür
19 il... Bir insanın uşaqlığının, gəncliyinin, arzularının, gələcəyə dair qurduğu planların sığa biləcəyi qədər qısa, bir ömrün dəyərini ifadə etmək üçün bəlkə də çox kiçik rəqəmdir. Ömrünü, arzularını, yaşadıqlarını 19 ilə sığdıran, özündən sonra isə əbədiyyəti qazanan gənclərimizdən biri də şəhid Zöhrab Kərimovdur. Onun adı artıq bir ailənin, bir şəhərin yox, Vətən uğrunda canından keçənlərin yaddaşının bir parçasıdır.
Bu gün - avqustun 14-ü Zöhrabın doğulduğu günüdür. O, 14 avqust 2003-cü ildə Biləsuvar şəhərində dünyaya göz açmışdı. Ailənin yeganə oğul övladı - valideynlərinin, doğmalarının gələcəyə dair arzularının mərkəzində dayanan bir gənc idi. Təəssüf ki, onun ömrünə yazılan son tarix 19 yaşının tamamına çox qısa müddət qalmış gəldi.
Zöhrab Azad oğlu Kərimov Azərbaycan Ordusunun əsgəri idi. Hərbi xidmətinin hələ altıncı ayında ikən - 2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı könüllü şəkildə döyüşlərə qatıldı. Lakin onun döyüş yolu uzun olmadı. Hərbi xidmətinin altıncı ayında qarşısında duran ən böyük sınaqla üz-üzə qaldı. Vətən sərhədinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 15 sentyabr 2022-ci ildə doğulduğu Biləsuvarda böyük izdihamla torpağa tapşırıldı. Üçrəngli Azərbaycan bayrağı onun tabutunun üzərinə sərildi, daha sonra həmin bayraq atasına təqdim edildi.
Amma Zöhrabın həyatını yalnız döyüş meydanı ilə xatırlamaq onun hekayəsinin yarısını danışmaq olardı. Çünki o, hər şeydən əvvəl 19 yaşında bir gənc idi. Onun dostları, ailəsi, arzuları vardı. Anasının xatirəsində bayraqla gəzən, hərbi xidmətə qəbul olunanda sevincinin həddi-hüdudu olmayan bir oğul idi. "Həmişə bayrağı olub. Özü ilə gəzdirirdi" - deyə anası Pərvanə Kərimova xatırlayır. Bu cümlənin içində bir ananın övladı haqqında söyləyə biləcəyi çox şey var.
Atası Azad Kərimov isə oğlunun komandirinin danışdığı bir hadisəni yada salır. Zöhrab əvvəl çarpayısının üstünə adını yazmayıbmış. Sonra adını yazıb və oradan çıxarkən əsgər yoldaşlarına "Yerimə bayraq sərərsiniz" deyib. Bir gəncin öz taleyini necə hiss etdiyini bundan daha təsirli ifadə etmək çətindir.
Bəlkə də Zöhrab üçün bayraq sadəcə bir dövlət rəmzi deyildi. O, bayrağı özü ilə gəzdirəcək qədər ona bağlı idi. Son mənzilə gedərkən də həmin bayraq onunla oldu. Bu dəfə isə bayraq onun çiyinlərində deyil, tabutunun üzərində idi.
Zöhrabın şəhidliyindən əvvəl dostlarından halallıq istəməsi də yaddaşlarda qalan başqa bir məqamdır. Dostunun danışdıqlarına görə, Zöhrab bir müddət əvvəl səs yazısı göndərərək ondan və onun vasitəsi ilə digər dostlarından halallıq istəyib. Hətta məzar daşına "Kişi kimi yaşadım, kişi kimi də öləcəyəm" yazılmasını da vəsiyyət edib. Bu sözlər 19 yaşlı bir gəncin dilindən çıxanda adam istər-istəməz susur. Çünki burada ölüm haqqında düşüncədən çox, yaşadığı həyata münasibət, Vətən torpağına bağlılıq, şəhidlik zirvəsinə əbədi inam var.
Ad günləri əksər insanların ən sevdiyi, sevinclə, fərəhlə qeyd etdiyi gün olur. Yəqin ki, 14 avqust tarixi də Zöhrab üçün məhz belə bir gün idi. İndi isə həmin tarix Biləsuvarda bir Vətən oğlunun, qəhrəman şəhidin doğum günü kimi xatırlanır, ailəsi ziyarət olunur, məzarı başında dualar oxunur.
Zöhrab Kərimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. Bu təltiflər onun Vətən qarşısındakı xidmətinin dövlət tərəfindən qiymətləndirilməsinin ifadəsidir. Amma bir şəhidin adına verilən orden və medallar onun ailəsinin yaddaşındakı boşluğu doldura bilmir. Çünki ana üçün medal oğul deyil, ata üçün orden övlad deyil, bacı üçün fəxri ad qardaş istiliyinin yerini vermir, dost üçün heç bir təltif dostun özünü əvəz etmir.
Şəhidlik insan həyatının ən yüksək, ən müqəddəs səhifəsidir. Zöhrab da həmin səhifəyə öz adını əbədi mürəkkəblə yazdı. 19 yaşında yarımçıq qalan bir ömür, illər boyu davam edəcək bir xatirəyə çevrildi.
Doğulduğun gün mübarək olsun, Vətən oğlu!
Baxış sayı:80
Bu xəbər 14 Avqust 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















