Icma.az
close
up
RU
Yoldaş Ziadın ölümü...

Yoldaş Ziadın ölümü...

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Livan avqustun əvvəlində Ziad Rahbani ilə vidalaşdı. Dünya şöhrətli bəstəkar, dramaturq, ssenarist, fortepiano ifaçısı, aktyor və Sol siyasətçinin 69 yaşında ürək tutmasından ölümü ilə son 50 ildə davam edən siyasi burulğanların içərisində çalxalanan Livan tarixinin əhəmiyyətli bir dövrü qapandı.

Şöhrəti Livanın sərhədlərini çoxdan aşmış Rahbani çox məşhur bir ailənin övladı idi. Atası Assi Rahbani müasir ərəb pop-musiqisinin banilərindən biriydi. Anasının da xüsusi təqdimata ehtiyacı yoxdur - Feyruz ərəb dünyasının ən məşhur müğənnilərindəndir və onu çox vaxt "Livan millətinin anası” adlandırırlar.

Ziad Rahbani çoxkonfessial Livanın beynəlmiləlçi dəyərlərini özündə hifz etmiş nümayəndəsi idi. 1976-cı ildə Vətəndaş müharibəsinin qanlı epizodu - xristian milislər tərəfindən Tel-Zaatar düşərgəsində fələstinlilərə və Solçulara qarşı törədilmiş qətliam onun siyasi baxışlarını formalaşdırdı. Həmin qətliamda öldürülənlərin sayı bu gün də dəqiq məlum deyil - 3-4 min nəfər arasında. Və xristian-maronit ailəsində böyümüş Ziad o hadisədən sonra Livan kommunist partiyasına üzv oldu. Kommunizmə inamını ömrü boyu saxladı. Ötən il verdiyi telemüsahibədə aparıcı ondan soruşur: "Sizə necə müraciət edək?” Və Ziadın cavabı: "Yoldaş Ziad kimi”. Anası Feyruz kimi Ziad da antiimperialist idi, Livanın dini və hərbi elitasının əleyhinə çıxışları ilə tanınırdı. 2014-cü ildə isə Livanı tərk edərək Rusiyaya köçəcəyini söyləmişdi - Yaxın Şərqin kommunistlərində hələ də Putin Rusiyasını SSRİ-yə bənzətmək kimi səhv fikir qalmaqdadır.

Onun siyasi baxışları çoxlarının xoşuna gəlməyə bilərdi, ancaq musiqi və ədəbiyyatdakı xidmətlərini hətta siyasi düşmənləri də dana bilmirdi. Livan prezidenti Jozef Aun onu "Ədalətsizliyə qarşı üsyan edən vicdanın səsi” adlandırdı. Vida mərasimində 90 yaşlı Feyruzu prezidentin qızı müşayiət edirdi. Mədəniyyət naziri Həsən Salamenin sözlərinə görə, Ziad Rahbani Livan cəmiyyətini və onun haraya doğru getdiyini hamıdan yaxşı başa düşürdü. "Ziadın ölümü ilə Livan boşaldı, ancaq onun musiqisi və mahnıları qaldı”, - Salame əlavə etdi.

Onun valideynləri Livan musiqisinin idealizm və nostalgiyayla zəngin qızıl dövrünü təmsil edirdisə, Ziad özünün cəsarətli satira ilə dolu kompozisiyaları ilə Livanın xaos və ziddiyyətlərini göstərirdi. Sonralar deyəcəkdilər: Ziad Rahbani incəsənətin peyğəmbəri idi və ərəb dünyasının iflasını hamıdan əvvəl görə bildi. Məhz bu səbəbdən o, "Ərəb baharı”nın gətirəcəyi "Azadlığ”a inanmadı və Suriya müharibəsində Bəşər Əsədi müdafiə etdi. İqtisadi çöküş, kütləvi miqrasiya, Beyrutun "Şərqin mirvarisi”ndən dağıntılar yüvasına çevrilməsi, Livanın identikliyini itirərək Qərbin asılılığına düşməsi - bütün bunlar Ziadın hələ ötən əsrdə yazdığı mahnı və əsərlərin mövzusu idi. O, pyeslərində siyasətçilərin "vətənpərvər” nitqlərini ələ salırdı, mahnılarında onların xalqı necə bəzəkli şüarlarla aldatdıqlarını ifşa edirdi. Onun kəskin sosial pyesləri Vətəndaş müharibəsindən sonrakı nəslin peşmançılıq və ümidsizliyini əks etdirirdi. Pyeslərindən birində Ziad-aktyor səhnədən özünün teatr sənətinin kvintessensiyası olacaq cümləni səsləndirir:  "Deyirlər ki, sabah yaxşı olacaq, bəs bu gün barədə niyə susursuz?"

Onun musiqi sahəsindəki xidmətləri misilsizdir. Məhz Ziad Livan ənənəvi musiqisini caz, Qərb elektronikası və klassik musiqi ilə əlaqələndirdi. Bununla həm də mədəni riqidizm və cəmiyyətin köhnəlmiş siyasi strukturuna qarşı Qiyamını ifadə etmiş oldu. Məşhur valideynlərin övladı nəinki onların kölgəsindən çıxmağı bacardı, həm də öz üslubunu yaratdı. "Mənim musiqim Qərb yox, Livan musiqisidir, onun tamamilə fərqli özünüifadə üsulu var”, - Ziad deyirdi.

O, konformizmə və ədalətsizliyə qarşı müqavimətin simvolu idi. Çoxlarının deməyə qorxduqlarını deyirdi. Məzhəb bölgüsü və siyasi qarşıdurma içində olan ölkəsində Ziad Rahbaninin yaradıcılığı həmişə cəmiyyəti birləşdirməyə yönəlmişdi.

Ziad Rahbani gözlərini əbədi yumdu, ancaq onun sözləri və musiqisi sərt reallıqları qışqırmaqda davam edəcək. O, xalqının necə üzülüb yorulduğunu, keçmişə həsrətlə və alçaldıcı reallıqda yaşayacağını əvvəldən görürdü. Və burada söhbət yalnız Rahbaninin məxsus olduğu xalqdan getmir. Bu, qlobal trenddir.

Ziad Rahbani "tamaşa cəmiyyəti”ndə əsl incəsənətin güclü mübarizə vasitəsi və ideoloji silah olduğunu bir daha təsdiqlədi. Yetər ki, dinləyən qulaqlar və görən gözlər tapılsın...

Məmməd Süleymanov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri