Yuxular və yuxu haqqında maraqlı faktlar
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yuxularınızı tez-tez xatırlayırsınızsa, yuxunuz keyfiyyətsiz ola bilər
Yuxular yuxunun ən sirli mərhələsidir. Hər gecə beynimiz, biz yuxuya getdiyimiz anda öz səhnəsini yaradır; bəzi yuxular o qədər canlı və real olur ki, bunun sadəcə yuxu olduğuna inanmaq çətinləşir. Bəzi yuxuları xatırlamaq asandır, bəziləri isə yalnız solğun bir xatirə kimi yaddaşımızın bir küncündə qalır. Bunun səbəbi beynin gecə boyu keçdiyi mürəkkəb yuxu dövrlərində gizlənir. Bəs bu qədər canlı və mürəkkəb yuxular necə yaranır? Bu suallara Uyku Xəstəlikləri üzrə mütəxəssis, nevroloq professor Dərya Karadeniz “Haberturk.com” redaktoru Başak Ergülenin suallarını cavablandırıb.
Beynin gecə xəritəsinə qısa baxış
“Yuxunun iki əsas dövrü vardır: Non-REM və REM yuxusu. Non-REM yuxusu öz daxilində 1, 2 və 3 mərhələlərə bölünür. Hər gecə yuxuya getdikdən sonra əvvəlcə Non-REM mərhələlərinə daxil oluruq – ardıcıl şəkildə 1, 2 və 3-cü mərhələlərdən keçərək REM mərhələsinə daxil oluruq. Beynimiz müəyyən müddət REM vəziyyətində qaldıqdan sonra yenidən 1–2–3 Non-REM mərhələlərinə qayıdır. Bu dövrəyə yuxu siklusu (dövrəsi) deyilir. Başqa sözlə, yuxu bu bir-birini izləyən sikluslardan ibarətdir.”
REM yuxusu – real və ssenarili yuxuların mərhələsi
“REM yuxusunun əsas xüsusiyyəti, canlı, ssenarili və emosional məzmunlu yuxuların bu dövrdə baş verməsidir. Non-REM mərhələsində də yuxular görülür, lakin onlar daha sadə, ssenarisiz və gündəlik həyat hadisələri ilə bağlı olur. REM dövründə isə gördüyümüz yuxular daha canlı, emosional və məntiqi ardıcıllığa malikdir.
Normal yuxuda hər birimiz bu cür yuxuları hər gecə görürük, lakin onların çoxunu xatırlamırıq. Bu, tamamilə təbiidir, çünki beyin yuxunu görür, sonra yuxusuna davam edir. Bəzən eyni yuxunun davamını növbəti REM mərhələsində görmək də mümkündür.”
Beyin yuxu zamanı da fəal işləyir
“REM mərhələsində beynin bəzi sahələri aktiv şəkildə fəaliyyət göstərir: yaddaşla, duyğularla və görmə funksiyası ilə əlaqəli bölgələr bu dövrdə çox fəaldır. Lakin bədən hərəkətini idarə edən mərkəzlər fəaliyyətdən kənar qalır.
REM dövründə rəngli və canlı yuxular görürük; bu yuxular yaddaşda saxlanılmış emosiyalarla birləşərək ssenarili şəkil alır, lakin həmin anda bədən hərəkətsiz qalır. Bu, REM yuxusunun normal xüsusiyyətidir.”
Yuxuları tez-tez xatırlamaq – keyfiyyətli yuxu demək deyil
“Əgər REM yuxusu pozulursa, bu, adətən yuxu apnesi və ya yuxuda hərəkət pozğunluğu kimi səbəblərlə bağlı olur. REM dövründə oyanmaya səbəb olan bu pozuntular yuxuların daha çox xatırlanmasına gətirib çıxarır, çünki REM parçalandıqda beyin oyanmağa meyilli olur. Buna görə də yuxularını tez-tez xatırlayan insanlarda yuxunun keyfiyyəti aşağı olur.
REM yuxusu əsasən səhərə yaxın saatlarda daha intensiv yaşanır. Əgər siqnal və ya saat məhz REM dövründə çalırsa, insan yuxunu xatırlayır. Lakin günortaya doğru bu xatırlama tədricən itir. Yuxularını xatırlamayanlar isə adətən kəsintisiz REM yuxusuna malikdirlər.”
REM yuxusu düşündüyünüzdən daha vacibdir
“Ertəsi gün fiziki, zehni və emosional baxımdan özümüzü yaxşı hiss etməyimiz təkcə REM yuxusu ilə bağlı deyil.
Məsələn, Non-REM 3 mərhələsi bədənin bərpası və yenilənməsi üçün vacibdir; immun sistemin möhkəmlənməsinə kömək edir. Metabolik və hormonal tənzimlənmələr də məhz bu dərin Non-REM mərhələsində baş verir. Deməli, təkcə REM deyil, yuxunun bütün mərhələləri müəyyən nisbətdə keçilməlidir.
REM yuxusu yaddaş və emosional tarazlıqla əlaqəlidirsə, dərin Non-REM mərhələsi metabolizmanın tənzimlənməsi və immun sisteminin güclənməsi üçün zəruridir. Hormon balansı da məhz bu mərhələdə təmin olunur.”
REM yuxusu – emosional tarazlıq və öyrənmənin sirri
“REM yuxusunun ən mühüm funksiyalarından biri duyğu vəziyyətimizi tənzimləmək, yəni yeni günə emosional cəhətdən daha sabit başlamağımızı təmin etməkdir. Bundan başqa, bəzi yaddaş formalarının möhkəmləndirilməsində də böyük rol oynayır.
Məsələn, örtülü yaddaş adlandırılan — ayaqqabı bağlamaq, velosiped sürmək, avtomobil idarə etmək kimi avtomatlaşdırılmış bacarıqlar REM dövründə möhkəmlənir.
REM yuxusu yaşadığımız hadisələrin beyində iz buraxmasını təmin edir. Yaddaş və emosional bərpanı dəstəkləyir. Hər gecə yuxunun müddətindən asılı olaraq beyin ən azı 3–5 dəfə REM mərhələsinə daxil olur.”
Yuxusuzluq sadəcə yuxuya gedə bilməmək deyil
“Hər hansı vəziyyətə ‘yuxusuzluq xəstəliyi’ demək üçün onun gündüz simptomlarına səbəb olması lazımdır. Yəni insan özünü yorğun hiss edirsə, baş ağrısı, göz yanması, mədə-bağırsaq narahatlıqları, yaddaş zəifləməsi, çəki artımı və ya metabolik pozğunluq müşahidə olunursa və bunlar yuxu çatışmazlığı ilə əlaqəlidirsə, bu zaman yuxusuzluq xəstəliyindən danışmaq olar.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 09 Noyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















