Icma.az
close
up
RU
“Əlüzyuyana danışılan yuxular“

“Əlüzyuyana danışılan yuxular“

Icma.az bildirir, Moderator.az portalına istinadən.

III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsində III yerə Vəfalı Qasımovun “Əlüzyuyana danışılan yuxular” adlı hekayəsi layiq görülüb.

Əsərdə Qarabağ və Zəngəzur torpaqlarından didərgin düşmüş bir insanın yaddaşında yaşayan yurd həsrəti, itirilmiş uşaqlıq, ilk məhəbbət və illərlə davam edən qaçqınlıq həyatının ağrıları təsirli bədii dillə təqdim olunur. Kəbirin yuxuları üzərindən qurulan hekayədə müharibənin insan taleyində buraxdığı izlər, doğma yurda qayıdışın yaratdığı duyğular və yaddaşın itirilmiş məkanları necə yaşatdığı göstərilir.

Moderator.az həmin məqaləni təqdim edir:

Neçə gün idi yuxularını qarışıq görürdü. Diksinib qalxanda bir müddət özünə gələ bilmir, həyəcandan bədəni üşənirdi. Arada qalxıb gördüklərini suya danışırdı. Su deyəndəki yataqxanın dar dəhlizində divardan asılan əlüzyuyana yaxınlaşıb əliylə uzun dəmiri yuxarı itələyir, sısqa gələn suya bir neçə dəqiqə əvvəl yuxuda gördüklərini pıçıldayırdı. Yataqxananın dar dəhlizindən keçən qonşular Kəbirin öz-özünə danışdığını görüb biri-biriləriylə pıçıldaşmağa başlamışdılar.Kəbir bunlara fikir verməsə də, bir neçə gündən sonra əlüzyuyanın qarşısında uzun-uzadı danışmasının səbəbini soruşanda heç nə deməyib çönüb getmişdi. O gündən sonra Kəbir dəhlizdə cınqırını da çıxartmırdı. Daha  eyni yuxunu görməkdən bezmişdi. Kəbirə elə gəlirdi ki, yuxusu da onu ələ salır, onunla oynayır. Amma gözünü yumanda Yastıbulağı, Daşagirəni, Dambulağı, Göyqayanı, Hava meşəsini Taxtaları görürdü. Hər gün gördüklərindən özü də təngə gəlmişdi. O, doğma yurd yerlərindən didərgin düşəndə cəmi 15 yaşı vardı, bığ yeri təzəcə tərləmişdi. Qonşuları Nərgizə də əməlli-başlı vurulmuşdu. 

İndi aradan çox illər keçmişdi və Kəbir artıq ailə-uşaq sahibi idi. 45 yaşını haqlasa da, doğma yurd-yuvasını yadından çıxara bilmirdi. Kəbir kəndlərindən çıxandan bəri kirpkləri ilə od götürmüşdü, min bir əzaba dözmüşdü. Qaçqın həyatı əzab-əziyyətlə keçmişdi. Uzun müddət çadır düşərgəsində yaşamışdılar. İlan mələşən düzlərdə bir qarnı ac, bir qarnı tox, olmazın əziyyətini çəkmişdi. Kəbirin  ata-anası çadır şəhərciyinin yaxınlığındakı qəbristanlığın ilk “sakinləri” idi.  Çadır şəhərciyinin beş addımlığındakı qəbristanlıq günü-gündən böyüdükcə yaxınlarına baş çəkənlərin sayı da çoxalmağa başlamışdı. O, tez-tez   qəbristanlığa gəlir, ata-anasının məzarını ziyarət edib bir qədər yüngülləşəndə elə bilirdi ki, üzərindən ağır yük götürülüb və  nəfəsini daha rahat alır. Bu dəfə isə buralarla birdəfəlik  vidalaşmaq üçün gəlmişdi.Qəbrlər arasında dayanıb məzarlarla danışırdı. Onlardan sonra başlarına gələnləri, daha çadırda yaşaya bilməyəcəklərini deyirdi.  Kəbir səhər tezdən bacılarını da götürüb uzaqlara gedəcəkdi. Daha çadırda yaşamaq onluq deyildi. 

Onların ailəsi çadır şəhərciyinə pənah gətirəndə 1993-cü ilin payızı idi. Elə bil həmin vaxt göylər də qan ağlayırdı. Kəbirgili çadırlarda yerləşdirəndə yağışlar ara vermirdi. Dizə qədər zığa-palçığa batan adamlar biri-birilərini heç  tanımırdılar. Güc-bəlayla daldalanmağa yer tapıb başlarını bir təhər içəri soxmuşdular. Atası deyirdi ki, ermənilər gec-tez  Allahın bəlasına gələcəklər. Kəbir atasının dediklərinin gerçək olması üçün dualar edirdi. Hər səhər yuxudan duranda atasına eyni suallar verirdi: 
-Ata, ermənilər Allahın bəlasına nə vaxt gələcəklər?

-Darıxma oğlum. Vaxtı gələndə öz gözlərinlə görəcəksən
O, atasının dediyi vaxtı gözləməkdən bezmişdi.
Görəsən qocaya, uşağa, hətta heyvanlara belə aman verməyən azğın düşmənin ağzı nə vaxt ovulacaq? Kəbirin ata-anası o günləri görəcəkmi? Hər gün çadırlardan ərşə dirənin ah-nalə səsini yuxarıdakı eşidirmi? O, hər gecə yatağına uzananda göylərlə danışırdı. Qonşuluqdakı Mərcan xala Kəbirə demişdi ki, gecə edilən dualar Allahın  dərgahına daha tez çatır. O da Mərcan xalanın sözlərinə inanıb gecə yarıya qədər dua edirdi. Buz kimi çadırın küncündə göylərlə danışan yeniyetmə oğlanı həm də kəndlərində itirdiyi ilk məhəbbəti göynədirdi. 

Kəbir hər gün  sırayla düzülən çadırlara tərəf boylana-boylana qalmışdı. O, tanımadığı yad adamlar arasında  Nərgizgilin ailəsini axtarmaqdan təngə gəlmişdi.“Görəsən onlar hansı çadırdadırlar. Əgər buralardadırlarsa indiyə kimi niyə rastlaşmayıblar?”- deyə, bütün günü ucu-bucağı görünməyən çadırların arasında onun-bunun üzünə baxmaqdan yorulmuşdu. Heç kimi tanıya bilmirdi. Rastlaşdığı adamlar Kəbirgilin kəndindən deyildi. Ümidi üzülmüşdü. Nərgizi bir daha tapa bilməyəcəyindən qorxurdu. Çadır şəhərciyinin “küçələrini” yağır edəndən sonra yorulub bir müddət çölə-bayıra çıxmadı. Hər gün gözünü göyün əngilləriklərinə zilləyib kiminləsə xısın-xısın  pıçıldaşırdı. Kəndlərinin, evlərinin, birdəfəlik itirdiyi ilk məhəbbətinin, arxalarınca  haray təpən, zəncirdə bağlı qalan Saymazın xiffətini çəkirdi. “Görən Saymaz bizdən sonra necə oldu? Əclaflar zavallı iti açmağa imkan vermədilər”. Silahlı ermənilər kəndə girəndə  hərə başını bir tərəfə götürüb qaçdı. Kəbirgilin ailəsi kəndin kənarına çatanda uzaqda Saymazın səsi eşidildi. Kənddəki itlər ağız-ağıza vermişdi. Kəndi it ulartısı başına götürmüşdü. Düşmən acığını itlərdən çıxırdı. Atəş açıldıqca itlərin səsi yavaş-yavaş kəsilirdi. Kəbir lap uzaqdan Saymazın səsini tanımışdı: “Saymaz  sağdır, ona hələ dəyməyiblər”- deyə, atasına sığınmışdı.

Onlar kəndi belə tərk etmişdilər. Bir qədər sonra camaat pərən-pərən düşmüşdü. Arazın qırağında nüzbillah başlamışdı. Əlləri hər yerdən üzülən adamlar özlərini çaya vurmuşdular. Ölüm qorxusu altında Arazın dəli dalğaları qoynunda səssiz-səmirsiz itib-batmışdılar. Kəbir sonradan xəbər tutmuşdu ki, Nərgizgilin ailəsi də Arazda batıb. Bu xəbəri eşidəndə  neçə gün özünə gəlməmişdi: “Yazıq Nərgiz, kaş səni xilas edə biləydim”- deyə, xısın-xısın ağlamışdı. 

İndi qaçqın düşərgəsinin qəbristanlığında hıçqırtıyla ağlayan oğlan ata-anasıyla vidalaşırdı. O, göz yaşı içində itirdiklərini xatırlayırdı. Kəbirə  elə gəldi ki, uzaqdan onu çağırırlar. Qanrılıb geri baxdı, uzaqda ağaran çadrlardan başqa heç nə görmədi. 

Bir azdan uzun illər yaşadıqları çadırda yır-yığış başlayacaq, onlar səhər tezdən şəhərciyi tərk edəcəkdilər. Kəbir uzaq qohumlarının yaşadığı şəhərə pənah aparırdı.  Bir neçə ay qohumlarıgildə yaşayandan sonra, qaçqınlar məskunlaşan yataqxanaların birinə sığındılar. İndi Kəbir ailə-uşaq sahibi idi. Bacıları isə çoxdan ərə getmişdi.

Kəbirin yuxuları ona rahatlıq vermədikcə gözünü qırpmağa ehtiyat edirdi. Yenə əcaib yuxuların əlindən bezar idi. 2020-ci il sentyabrın 27-də səhər tezdən yataqxananın dar dəhlizində eşitdiklərindən diksindi. Tələsik evə qayıtdı. Televizoru toka qoşdu.

Telefonu götürüb internetini açdı. Xəbər saytlarına nəzər saldı. Dəhlizdə eşitdikləri yalan deyildi. Azərbaycan Ordusu hücuma keçmişdi. Kəbir bir anlıq donub qaldı. Neçə gündür ona rahatlıq verməyən yuxuları yadına düşdü. “Deməli, torpaqların azad olunmasına az qalıb”-deyə, özünə təskinlik verdi. Yerindən qalxıb inamlı addımlarla yataqxanın dar dəhliziyə addımlamağa başladı. Divardan asılan əlüzyuyanın yanından keçəndə biixtiyar dayanıb güzgüdə özünə baxdı. Əlüzyuyana danışdığı yuxuları yadına düşdü. Ona elə gəldi ki, əsgərlərimizlə bir yerdədir, cəbhənin lap dərinliklərində düşəmən səngərini dağıdır. Bir söz demədən hərbi komissralığa tərəf addımladı. Yuxuları yavaş-yavaş çin çıxırdı. Bir neçə gündən sonra  döyüşlərə qoşuldu. Darmadağın olan düşmən ordusunun qalıqlarını görəndə ürəyində uca yaradana min dəfə şükür etdi. Kəbir  yuxuda  gördükləriyə səngərdə qarşılaşırdı. Dəhşətli mənzərələrin şahidi olanda ona elə gəlirdi ki, yenidən yuxu görür. Qalxıb yataqxanın dar dəhlizindən asılan əlüzyuyana tərəf qaçmaq istəyəndə yaxınlıqda  partlayan mərminin təsirindən  az qala qulaqları kar olacaqdı.  Kəbir çin çıxan yuxusunun təsirindən xilas ola bilmirdi.     

İndi müharibədən 4 il keçmişdi. Kəbir ötən günləri xatırladıqca gördüklərinə inanmırdı. O, Oxcu çayın sahilində, 32 il əvvəl qoyub getdiyi söyüdün altında dirsəklənib uzanmışdı. Kəbir yataqxanayla birdəfəlik vidalaşıb doğma yurda qayıtmışdı. Kəndlərini tamam dağıtmışdılar. Evlərinin yerini güclə müəyyən edə bilmişdi. Xaraba qalan yurd yerinə baş çəkəndə gözlərinə inanmamışdı. Saymazın zəncirini dirəyə necə bərkitmişdilərsə elə də qalmışdı. Ətrafda daha heç nə görünmürdü. Kəbir zənciri sinəsinə sıxıb hönkür-hönkür ağladıqca 32 il əvvəl bağlı qoyub getdikləri itlərinin qarşısında özünü günahkar hesab edirdi. Nərgizgilin evindən də əsər-əlamət qalmamışdı. Xaraba yurd yerlərinin arasında ilk məhəbbətinin axtarışına çıxan Kəbirin gözü  uşaq ayaqqabılarına sataşdı.

Əyilib götürdü. Bu, Nərgizin sandalları idi. Həmin sandalları atası Nərgizə rayon mərkəzindən almışdı. Nərgiz qırmızı sanadallarını geyib küçəyə çıxanda ilk dəfə Kəbirə göstərmişdi. O da Nərgizə mübarəklik vermişdi. 32 il ərzində Kəbir Nərgizin gülə-gülə dar küçədə ona göstərdiyi sandalları xatırlamışdı. İndi köhnə ayaqqabıların hər tayını bir tərəfdən tapmışdı. Kəbir sandalları köksünə sıxdıqca gözündən axan yaşı saxlaya bilmirdi.

Oxcuçayın sahilində,Hava meşəsinin ətəyi ilə sirli bir məkan uzanır. Bura Zəngəzurun nağıl yaddaşıdır.Təkədondurandan Qaraşuma, Çatımdan Targələnə, Topdaşlardan Cinlidərəyə qədər ərazilər gerçək dünyadan çox, sehrli  aləmi xatırladır.Gözəlliklər diyarının başı üzərində bir qədər susqun, vüqarlı və əzəmətli Daşagirən ucalır. Daşagirənin hər daşında möcüzə gizlənib, hər qayasının altında sirr yatır. Günəş doğanda qayalar qızılı rəngə boyanır, axşamçağı kölgələr dərinləşdikcə Daşagirən daha da möhtəşəm görünür. Sıldırım dərələrin qoynunda durna gözlü bulaqlar çağlayır. Onların ətrafında günəşə boylanan çiçəklərin rayihəsi havaya qarışır, insanın  könlünə qəribə  rahatlıq gətirir.Bəzən elə bilirsən ki, bu yerlər sehirlənib. Yüz illər əvvəl bu sirli aləmin suyunu yeraltı arxla yaxınlıqdakı kəndə çəkiblərmiş. Dambulaq Daşagirənin qoynundan  yerin altı ilə Qocanın damına qədər uzanırmış. Su görünməz yollarla torpağın qoynundan keçib kəndə həyat gətirirmiş. 

1993-ci ildə ocaqlar söndü, evlər yerlə-yeksan edildi. Elə həmin vaxt Dambulağın da taleyi dəyişdi. Sanki el-obayla birlikdə onun da sinəsinə dağ çəkildi. Yurdun adamlarını, Dambulağın isə suyunu didərgin saldılar. İndi Dambulaqdan əsər-əlamət qalmamışdı. Dambulaq daha yox idi.Kəbir ətrafa boylanır, “Bəlkə bulağın yerini səhv salmışam?”-deyə, öz-özünə sual verirdi. Elə bildi bulağın bir addımlığında dayanıb. Həyəcandan alnına soyuq tər gəldi. Yanılmamışdı, o, Dambulağın pıqqapıqla qaynadığı qayanın düz qarşısındaydı. Amma bulaq axmırdı, elə bil buralarda heç vaxt bulaq olmamışdı. Kəbir əyilib daşın dibinə diqqətlə baxdı. Aşağı baldırğanlıq idi. Baldırğanlığın nəfəs kəsən qoxusunu duyduqca qaçqınlıq həyatı və neçə vaxt rahatlıq verməyən yuxuları yadına düşdü. O, Dambulağın qurumasını yuxusunda görmüşdü. Dambulaq həmin vaxt Kəbirlə  dərdləşirdi və düşmənlərin acığına quruduğunu deyirdi. Kəbir qayanın kölgəsində oturub çin çıxan yuxusunda gördüyü Dambulağa ağı deyirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Avqust 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see340

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see326

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see260

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see244

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see232

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see227

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see216

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see215

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see213

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see190

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see178

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see175

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see166

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see155

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see152

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see147

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see143

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri