Yüzün iyirmi beşi Afaq Vasifqızı yazır
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Afaq VASİFQIZI
Böyüyünün 100 yaşı olur, kiçiyinin 70. Bu ailənin təməli isə lap çoxdan qoyulub - 151 il bundan əqdəm. Əqdəm və qədim sözlərinin kökü birdir, yəni əslində çox qədim ənənədir haqqında danışdığım. Özəyi gedib çıxır öndər babamız Həsən bəyə. Onun əkdiyi toxumlardır hər yerdə cücərən - telekanallarda, radiolarda, yazıq olan qəzetlərdə də, boy verən saytlarda, elə peşəkar jurnalistlərin bəyənmədiyi sosial mediada da kim nə edirsə, o kişinin açdığı cığırdan keçib də edir. Çünki milli mətbuatda əvvəlinci sözü o yazıb - Həsən bəy Zərdabi.
lll
Yazıq olan qəzetlər dedim. Bizim nəsil qəzetçiliyə başlayanda qəzetlər nəinki yazıq deyildi, cəmiyyətin ən aparıcı qüvvəsi idi. Onda nə internet vardı, nə saytlar, nə sosial şəbəkə. Sizə keçən əsrin 92-ci ilindən danışıram. Müharibənin gətirdiyi aclıq, səfalət illərindən. "Azadlıq"qəzetində məktublar şöbəsinin müdiriyəm. İnsanlar bəzən poçta da inanmayıb məktubları şəxsən gətirirlər redaksiyalara. Bir nəfər gəlir. Deyir elan vermək istəyir. Məzmununu soruşuram. Heç özündə deyil. Dərdini danışır. Döyüşdən təzə gəlib. Kontuziya alıb. Təkrar cəbhəyə qayıda bilmir. Səhhətinə görə qoymurlar. Arxa cəbhədə də özünə yer tapmır. 4 uşaq atasıdır. Nə özü işləyir, nə uşaqların anası. Qəzetə gəlməkdə də məqsədi elan verməkdir. Dörd uşaqdan heç olmasa birini, lap ikisini satmaq istəyir. Dəhşətin miqyasını təsəvvür edirsiniz? İki övladını satmaq istəyir ki, o biri ikisi acından ölməsin. Ağlındakını dilinə gətirənə qədər gözünün dörd yerindən tökür. Əlindəki qəzet parçasını didim-didim eləyib masanın üstünə səpir. Rəng verib rəng alır. Adam əzab çəkir. Belə bir istəyi dilə gətirmək ən ağır cinayəti etiraf etmək qədər dəhşətli bir durum. Qəhərdən boğulsam da, dinləyib fikrindən daşındırıram. Amma yazı hazırlayıram. Hər şey olduğu kimi ictimaiyyətin müzakirəsinə verilir. Çox keçmir həmin ailəyə yardım edən, iş verən də tapılır. Ataya üzqaralığı gətirən o niyyət də baş tutmur təbii. Müharibənin məhv etdiyi Azərbaycan ailələrindən birini uçurumun dibindən qaldırmaq mümkün olur. Yalnız birini. Və bu hadisə yalnız sözün, yalnız yazılı sözün təsirilə baş verir.
lll
Sözdən dedim, o söz ki var, onunla ehtiyatlı davranasan gərək. Bu əsrin əvvəlləridir, mənim çiyinlərimdə 10 illik qəzetçilik "baqaj"ım var, Etibar Babayevin dəvətilə "Space" TV-yə gəlmişəm, "Səhər"in şef redaktoruyam. Ramazan bayramıdır, bayram süjeti üçün rejissor Teymur Quliyevlə yollanırıq Alim Qasımovun evinə. O zaman Alim müəllimi razı salmaq da asan deyildi. Çəkirik. Güzdəkdən gözəl bir materialla qayıdırıq. Xalça-palazlı məkan, gəl-gəl deyən bayram süfrəsi, gözəl nəvələr yan-yana, xanəndənin yüksək bayram ovqatı və əsrarəngiz ifası. Gözəldən gözəl bir material, kadrarxası mətni yazıb özüm də oxuyuram və son cümlə - "bütün dualarınız hasil olsun" əvəzinə "bütün dualarınız batil olsun" oxuyuram. Mətni əl yazısı ilə yazmışam deyə, bu sözlərin də yazılışı bənzərdir, dini ifadələr də o zaman indiki kimi çox işlənmirdi, əl qərəz, fərqinə varmadan səhv oxuyuram və səhər-səhər efirdən al qırmızı bir qarğış yayılır cəmi tamaşaçıların mənzilinə. Üstəlik, yaxşı süjet kimi saat 5 xəbərlərində materialı təkrar efirə verirlər, bir təhər macal tapıb son cümləni çıxardıram - heç kəsə heç bir söz söyləmədən. Yadıma düşəndə indi də xəcalət çəkirəm, amma o zaman canlı efir efemer idi axı, baxılır və çıxıb gedirdi, dəlili yox, sübutu yox, yadda qalan xoş təəssürat idi. O səhvi məndən başqa heç kəs tutmur, heç bir kəs! Səhvin xofundan isə bir ömürlük dərs götürürəm - məsul olduğun parçaya bir yox, bir neçə dəfə baxacaqsan.
lll
Məsuliyyətdən danışdım. Əziz dostum Lalə Əliyeva ilə "Space" TV-də canlı veriliş aparırıq. Azərbaycan sülhməramlıları Kosovodan qayıdıblar. Qonağımız - missiyanın rəhbərlərindən biri, lay divar bir zabit artıq yerində əyləşib. Zirzəmidə yerləşən studiyada tam sakitlikdir. Milçək uçsa, vızıltısı eşidilər. Reklamlar gedir efirə və birdən tıqqıltı gəlir - tıq-tıq-tıq. Təşvişlə boylanırıq, haradasa su kəməri partlayıb nədir. Demə, efir qorxusu qonağımızı necə tutubsa qıpqırmızı pörtüb qalıb, alnındakı tər damlaları da üzüaşağı süzülür, çənəsində muncuqlanıb yerə damcılayır. Adama təskinlik verməyə vaxtımız heç yox. Canlı efirdir, deyə-gülə efirə başlayırıq ki, qonaq bir az toxtasın. Gülüş keçicidir axı, qonaq da zarafatımıza yavaşca qımışır, qımışınca həyəcanı da ötüb keçir. Efirin belə xofu da olur - biləsiniz.
lll
Gülmək dedim, efirdə bəzən elə hadisələr olurdu ki, nə gülmək, adamın matı-qutu quruyurdu. Yenə canlı efirdən danışım. 20 ilin sözüdür. Əziz dostum Rövşanə Ağasəfqızı "Space"də "Hər səhər"i aparır. Axşamdan sürücü gedib mağazadan 4-5 köynək gətirib gəlib ki, aparıcı hər gün birini geyinib reklam eləsin. Rövşanə də sübh tezdən gəlib, köynəklərdən birini tələsik geyinib çıxıb efirə. Proqramın ortasında xəbər tuturuq ki, qızın əynindəki köynəyin üstündə ingiliscə çox biədəb bir ifadə yazılıb. Dərhal reklamları veririk efirə, aparıcımız da köynəyini tez dalqabaq geyinib növbəti rubrikanın təqdimatına keçir. Tamaşaçının ruhu da incimir. Konfet kimi proqram gedir efirə. Kamera arxasında o qədər belə hadisə olub ki.
lll
Çox kədərli hadisə isə AzTV-də gəldi başımıza, sarsıldıq. Bir on il əvvəl "Sevilənlər" proqramının ilk buraxılışına Ramiz Mirişlini dəvət elədik. O qədər maraqlı adam idi ki, sözlü-söhbətli, baməzə. Əla bir proqram çəkdik. Ramiz Mirişli çəkilişdən gedəndə demə, halı pisləşər, düşər xəstəxanaya. O komadan ayıla bilmədi hörmətli bəstəkarımız. Proqramı mərhumun yeddisi günü efirə verdik. Əvvəlinə əziz dostum Nərgiz Cəlilovanın stund-ap-ını çəkdik, dedik ki, bu, mərhumun verdiyi son müsahibədir, ruhuna rəhmət oxuduq, sonra proqram getdi efirə. Yəni düşünməyin televiziyada işləyənlərin günü elə həmişə çal-çağırla keçir, elə deyil.
lll
AzTV-nin kameraları Səməd Vurğunun ev-muzeyində qurulub. Əziz dostum Elnur Məmmədovla ustad rejissor Ramiz Həsənoğlunun 75 illiyinə həsr olunan "Uzun yolun bələdçisi" adlı bədii-sənədli filmin çəkilişindəyik. Xalq artisti Cahangir Novruzov AzTV-nin dəvətilə Türkiyədən çəkilişə gəlib. Məhərrəm Bədirzadə eşidər ki, dostu Cahangir Bakıdadır, soraqlaşar çəkilişin yerini öyrənər, gələr görüşməyə. Çəkiliş fasiləsində görüşdü dostlar, çay da içdilər, xatirələrə də daldılar. Məhərrəm müəllim hamımızla xudahafizləşib getdi. Heç bir saat keçmədi, xəbər yayıldı ki, Məhərrəm Bədirzadə dünyasını dəyişib. Sanki ömrünü həsr etdiyi televiziya aləmi ilə vidalaşmağa gəlmişdi rəhmətlik. Həyatın işini nə biləsən?
lll
On beş il əvvəlin sözüdür. AzTV-nin "Səhər"ində efirə çıxası xanım müğənni 20 dəqiqə qalmış zəng eləyir ki, bəs dayəmiz qəzaya düşüb, uşağa baxası adamım yoxdur, üzrlü bilin, gələ bilmirəm. Canlı efirdə işləyənlər belə fors-majorun nə demək olduğunu yaxşı bilirlər. Proqramın bitməyinə 40 dəqiqə var, o efiri necə doldurasan. And-aman eləyirik ki, uşağı da vur qoltuğuna gəl efirə, burada növbələşib baxarıq. Gəlir - çömçəsi də qucağında. Körpəni tapşırırıq qrim ustasına, müğənni çıxıb efirdə müsahibə verir, mahnı oxuyur. O ara qrim ustasına zəng gələr, çıxar dəhlizə. Pultdan bir onu gördük ki, iki yaşlı körpə efirə girib qaça-qaça özünü atdı anasının üstünə. Aparıcı da, qonaq da vəziyyətdən çıxdılar, uşaq axıracan anasının qucağından düşmədi, aparıcı əliuşaqlı qonaqla efiri idarə elədi, amma efir sonrası bir mərəkə qopdu ki gəl görəsən. Adi hadisəni qaldırdılar az qala təxribat səviyyəsinə. Milçəkdən fil düzəldənlər harada yoxdur ki?
lll
Kamera arxasındakı ani qərarlardan danışdım, çəkilişlərdə riskə getdiyimiz məqamlar da olub. AzTV-də rejissor Rəna Yunisli ilə "Ağrılı ümidlər. Xocalı hekayəsi" sənədli filmini çəkəndə Qarabağ yenicə azad olunmuşdu, Xocalı isə hələ düşmən tapdağındaydı. ANAMA-nın əməkdaşları dedilər qarşıda bir yüksəklik var, ora hələ heç bir çəkiliş qrupu qalxmayıb. Hava xoş olanda oradan Xocalını görmək olur. Fürsəti qaçırmaq olmazdı ki. Minaaxtaranları dilə tutduq, qalxdıq yüksəkliyə. O dikdən Xocalı ovuc içi kimi görünürdü. Təbii, erməni postundakılar da bizi görürdülər. Çəkdik. Xocalının əlçatmaz kadrlarını ilk lentə alan biz olduq. O yüksəkliyi heç vaxt unutmaram. Yer-yurd güllə gilizləri ilə dolu idi. 92-nin qanlı fevral gecəsində atılan güllələrin gilizləriylə, barıt qoxulu gilizlərlə. Zəfərdən 4-5 il sonra Bakı Abadlıq Xidməti şəhid şəhərimizdə 613 şam ağacı əkdi. Xocalıda böyük bir fidanlıq salındı. Biz yeni film çəkdik. Həmin gilizlərin yeri güllük-gülüstan oldu.
lll
Vətən müharibəsindən sonra əsas mövzumuz Qarabağ oldu. Rejissor Pərviz Həsənovla "Bir Laçın hekayəsi", "Bakıda son çərşənbə", rejissor Adil Azayla "Salam, Sahil", "Zəfərin sıra nəfərləri", "Mənim adım Atəş", "Əlvida, silah", rejissor Murad Quliyevlə "Əsgər və mələk" kimi onlarla film çəkdik. O hekayələri kövrəlmədən dinləmək olmurdu. Müharibə cinayətlərinə laqeyd qalmaq mümkünmü? Göz yaşı hamını boğurdu - jurnalisti də, rejissoru da, operatoru da.
lll
Jurnalist-rejissor tandemindən danışdım, əslində televiziyada daim gizli bir rəqabət olub, elə indi də var - rejissorlarla jurnalistlər arasındakı rəqabət. Qələm adamları rejissorları, görüntüyə cavabdehlər də jurnalistləri bəyənməyiblər heç vaxt. Rejissor televiziyası və redaktor televiziyası kimi modellər dünyanın hər yerində var. Sadəcə bizim məkanda bu rəqabəti az qala sinfi mübarizə həddinə çatdıranları da görmüşəm. Absurd yanaşma. Rejissor televiziyası yalnız o halda uğur qazana bilər ki, savadlı, cəsarətli və təcrübəli jurnalistə arxalansın. Belə bir tandem olmasa, iş irəli getməz. Ümumiyyətlə, televiziyada "mən" şəxs əvəzliyi işlənməz. "Mənim proqramım, mənim filmim, mənim verilişim" deməzlər, doğru deyil. Televiziyada "mən" yoxdur, "biz" varıq. Çünki efirə təqdim olunan məhsulun keyfiyyəti yalnız "mən"dən asılı deyil - aparıcı, ssenarist, rejissor, redaktor, operator, montaj rejissoru, səs rejissoru, işıqçı, prodüser, qrim ustası, daha kimlər, kimlər. Birinin işində balaca laxlama olsa, keyfiyyət olmayacaq. Bir də təbii ki, ümumi ab-hava, ümumi ovqat. Gərək işini də sevəsən, işlədiyin insanları da, işlədiyin məkanı da. Əndazəsiz sevəsən gərək.
lll
Əndazə demiş, əziz dostum Nərgiz Cəlilovada bir cəhət var ki, ölçünü-əndazəni çoxdan aşıb. Onun daxili məsuliyyəti. İllərdir bərabər çalışırıq. Bir hadisəni də xatırlayım. Demək, 2000-ci illərin əvvəlləri. "Space" TV-də "Gecə kanalı" efirdədir. Canlı efir vaxtı Nərgiz Cəlilova hiss eləyir ki, bir kameranın ştativində problem var, obyektiv yavaş-yavaş sürüşür aşağı, operatoru da yuxu basıb, qulaqlığı keçirib boynuna, mürgüləyir özü üçün. Rejissor komanda verir, operator yeddinci yuxuda, eşitmir. Aparıcı komandanı eşidir axı və görür ki, başqa variant yoxdur, ümumi plan dəyişən kimi əlindəki qələmi dəqiq tuşlayıb düz atır operatorun üstünə ki bəs "ey qafil, oyan". Bayaq demişdim axı tv komanda işidir, komandada birlik olsun gərək.
Komandadan danışdım, elə həmin köhnə komanda ilə yaxın günlərdə Mədəniyyət kanalında yeni proqramla yenə gələcəyik görüşünüzə. "Hənanın yeri". Proqram belə adlanacaq.
lll
"Moskva göz yaşlarına inanmır" filmində maraqlı bir epizod var. Rodion deyir ki, bir azdan heç nə olmayacaq: nə kino, nə teatr, nə kitab - televiziya hamısını əvəzləyəcək. İllər ötür, amma həyat göstərir ki, belə olmur.
Buna bənzər fikir indi də aktualdır. Süni zəka var deyə bir azdan heç nə olmayacaq deyirlər - nə kino, nə teatr, nə kitab, nə də televiziya. Mən belə ehtimallara inanmaq istəmirəm. Axı bu yüz ilin düz 25 ilində mənim də payım var.
Düşünürəm, 100 yaşlı radionun da, 70 yaşlı televiziyanın da qarşıda hələ çox uğurları olacaq. Yeni yubileylərdə yenə xatirələri yada salacaq, həmkarlarımızı təbrik edəcəyik. Necə ki, bu gün edirik.
Baxış sayı:67
Bu xəbər 06 Noyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















