Icma.az
close
up
RU
Zamanın fövqündə dayanan lider

Zamanın fövqündə dayanan lider

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Musa QASIMLI,
Milli Məclisin sədr müavini

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” elan etdiyi 2025-ci ildə anadan olmasının 102-ci ildönümünü qeyd etdiyimiz görkəmli dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixi roluna diqqət yetirmək, fəaliyyətini araşdırmaq siyasi və elmi-nəzəri baxımdan vacibdir. Yaşadığı dövrdən uzaqlaşdıqca ucalığı daha aydın görünən, Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişafı, millətinin isə qüdrətli olmasına çalışanlara daha yaxın olan Heydər Əliyevin geniş və əhatəli müstəqil dövlətçilik fəaliyyətinin bütün tərəflərini bir məqalədə araşdırmaq imkan xaricindədir. Bundan ötrü dərin elmi-tədqiqat işlərinin aparılmasına və əsərlərin yazılmasına həmişə ehtiyac olacaqdır. Bu məqalədə başlıca məqsəd Azərbaycanın dövlət müstəqilliyinin əsaslarının yaradılması, qorunub saxlanılması və qurulmasında Heydər Əliyevin tarixi fəaliyyətinə qısa nəzər yetirməkdir.

Müstəqilliyin kökləri

Azərbaycan xalqı 1918-ci ilin may ayında müsəlman dünyasında ilk dəfə olaraq respublika idarə üsulunda Xalq Cümhuriyyətini yaratdı. Müstəmləkə zülmü altında inləyən müsəlman xalqlarına azad olmağın yolunu göstərdi. Ancaq bolşevik Rusiyasının istilasına məruz qaldıqdan sonra milli dövlət süquta uğradı, Azərbaycan SSR yaradıldı. Formal olaraq müttəfiq və müstəqil elan edilməsinə baxmayaraq, suveren dövlətçiliyin atributlarının məhv edilməsinə başlandı. XX əsrin 20, 30 və 40-cı illəri sovet dövlət quruculuğu adı altında müstəqil dövlətlçiliyin ləğv edilməsi, zəngin təbii sərvətlərin vəhşicəsinə talan edilərək daşınıb aparılması, Azərbaycanın Mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli ruhlu ziyalıların məhv edilməsi, təqiblər və repressiyalarla səciyyələnirdi. Azərbaycan rəhbərliyində təmsil olunan şəxslər arasında intriqalar, Mərkəzə şikayət dolu məktubların göndərilməsi respublikaya olan mənfi münasibəti daha da artırırdı.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsindən sonra şərait tədricən dəyişməyə başladı. Çarizm və sovet dövrlərində milli simasını itirmiş Bakı şəhərində fabrik və zavodların tikilib istifadəyə verilməsi nəticəsində kənd yerlərindən gənclərin axını ilə milli ruh da gəldi.

Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi Azərbaycan xalqında özünə inamı artırdı. Xarici ölkələrin tarixçilərinin yazdığı kimi, çarizmin Şimali Azərbaycanı işğal etdikdən sonra daim sıxılmış halda olan azərbaycanlılar XX əsrdə yalnız iki dəfə Bakı küçələrində başlarını dik tutaraq gəzmişdilər: birinici dəfə –1918-ci ilin sentyabr ayında, Qafqaz İslam Ordusu tərəfindən şəhər azad edildikdən sonra; ikinci dəfə isə özlərinə inamın artdığı Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 70-ci illərdə. Bu, Heydər Əliyevin kommunist ideologiyasının və mövcud sistemin fövqündə dayandığını, zamandan uca olduğunu göstərirdi.

Müstəqillik üçün lazım olan maddi təməllər sovet sistemi daxilində formalaşdı. Ərazinin qorunmasına, demoqrafik inkişafa və hakimiyyətin güclü olmasına xüsusi diqqət yetirildi. Azərbaycan ərazisindən qonşu respublikalara pay verilmədi. Əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması demoqrafik inkişafa ciddi təsir etdi. Azərbaycan kəndinin siması dəyişdi.

Sovet sistemi şəraitində Azərbaycanı daim didib-parçalayan, Mərkəzdə mənfi rəy yaradan intriqalara son qoyan Heydər Əliyev hakimiyyətin qanadları arasında yekdillik yaratdı, xalq ilə hakimiyyət arasında birlik qurdu, milli kadrların yetişdirilməsinə və yerləşdirilməsinə üstünlük verdi, güclü hakimiyyət formalaşdırdı. Bütün ölkədə rusların və digər slavyan xalqlarının nümayəndələri milli respublikalarda vəzifələrə gətirildiyi bir zamanda yerli kadrları hazırlayaraq ətrafına toplaması Heydər Əliyevin uğurlarının təməlini təşkil edir və zamandan uca olduğunu göstərirdi.

Müstəqillik üçün zəruri olan mənəvi amillərin formalaşması üçün addımlar atıldı. Məlum olduğu kimi, müstəqillik fikri azərbaycanlı maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmışdı. İstiqlal məfkurəsini əsər və düşüncələrində daşıdıqları üçün əvvəlki illərdə təqib olunmuş alim, şair, yazıçı və jurnalistlər 70-ci illərdə azad nəfəs aldılar. Belə şəxsləri Mərkəzin cənginə verməyən Heydər Əliyev bəzən yüngülcə tənqid etsə də, az sonra onlara yüksək fəxri adlar, vəzifələr verərək qoruyur və toxunulmaz edirdi. Şair və yazıçıların əsərlərində Azərbaycan xalqını düşündürən problemlərin əks olunması, xüsusən Cənubi Azərbaycan məsələləri xarici ölkələrdə nəşr edilmiş kitablarda yazıldığı kimi, Mərkəzi Komitənin birinci katibinin kabinetinin açılmış pəncərələrindən cəmiyyətə yayılırdı. Bu, Heydər Əliyevin zamanın fövqündə dayandığının göstəricilərindən biri idi.

Azərbaycan dilinə dair tədqiqatların aparılmasını təşviq edən Heydər Əliyev görkəmli dilçi alimlərə dövlət mükafatlarını verir, Azərbaycan ədəbiyyatının tanınmış xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Sovet dövründə hamının ümumi vətəni hesab edilən SSRİ-nin bir guşəsindən – uzaq Sibirdən böyük türkçü, turançı şair, dramaturq Hüseyn Cavidin nəşini doğulduğu Naxçıvana köçürülməsinin dərin mənası var idi.

Nə üçün Moskvaya?

Heydər Əliyevin 1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ilə həyat və fəaliyyətinin Moskva mərhələsi başladı. Türk, müsəlman olan Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə irəli çəkilməsi, dünyanı lərzəyə salan sovet imperiyasını idarə edən şəxslərdən biri olması bir tərəfdən, dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Əfqanıstana hərbi müdaxilədən sonra müsəlman dünyasında itirilmiş sovet nüfuzunu bərpa etmək niyyətləri ilə bağlı idisə, digər tərəfdən, xarici ölkələrdə nəşr edilmiş əsərlərdə yazıldığı kimi, onun Azərbaycandan uzaqlaşdırılması, Mərkəzdə daha yaxın nəzarət altında saxlanılması ilə əlaqədar idi. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə tam hazırlanıb, yalnız onun formal elan edilməsi qalır. Mərkəz ağır nəticələri ola biləcəyindən ehtiyat edərək Heydər Əliyevi vəzifədən çıxarmağa cürət etmirdi. Mərkəzdə oturanların fikrincə, bunun qarşısını Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaqla deyil, Moskvada daha sərt nəzarət altında saxlamaqla mümkün idi. Lakin onların bu istəyi də baş tutmadı. Moskvada işləyərkən Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı Azərbaycan tarixi və mədəniyyətinə dair kitabları, albomları hədiyyə edirdi. Bu onun böyük Azərbaycan sevgisinin və zamandan uca olmasının təzahürlərindən biri idi.

Heydər Əliyev Mərkəz üçün görkəmli sovet və partiya xadimi, türk, müsəlman dünyası üçün dünyanın quru ərazisinin altıda bir hissəsini əhatə edən böyük bir ölkəni idarə edən üç şəxsdən biri - triumvirat, müsəlman xalqları üçün müqəddəs adları daşıyan olan Heydər, Əli, Əlizadə, türk düşmənləri üçün isə Kremldə oturan türk paşası idi.

Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan rəhbərləri respublikanın gücləndirilməsi xəttini davam etdirə bilmədilər. Azərbaycan geriyə getdi.

Sov. İKP MK-nın Baş katibi seçilən Mixail Qorbaçov türk, müsəlman respublikalarının Leonid Brejnevin hakimiyyəti illərində xeyli irəli getdikləri, dövlət müstəqilliklərini elan etməyə hazır olduqları qənaətində olduğundan SSRİ rəhbərliyində olan türk dövlət xadimlərinə etinasızlıq göstərərək onları vəzifələrindən uzaqlaşdırmaq, xalqlarını isə cəzalandırmaq yolunu tutdu. Heydər Əliyev də vəzifələrindən çıxarıldı. Bundan sonra Azərbaycan ağır günlərə düşdü. Mərkəzin təşviqi ilə Ermənistan əsassız ərazi iddiaları ilə Azərbaycanın daxili işlərinə qarışmağa və bir neçə il sonra isə açıq hərbi müdaxiləyə başladı. Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar vəhşicəsinə qovularaq, ev-eşiklərini itirərək qaçqına çevrildilər. Azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri yerlə-yeksan edildi. Zəif Azərbaycan hakimiyyəti bütün bunların qarşısını almağa qadir deyildi. Rəhbərlər bir-birinin ardınca dəyişsə də, vəziyyət düzəlmədi. Azərbaycan ağır böhrana düşdü. Heydər Əliyevin yeri görünürdü.

Ağır anda xalqının yanında

SSRİ rəhbərliyi Ermənistanın əsassız iddialarını dayandırmaq əvəzinə Azərbaycanı cəzalandırmaq yolunu tutdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ermənilərin də tərkibində olduğu sovet qoşun hissələri Bakıda dinc əhaliyə qarşı kütləvi qırğın törətdi. Bu, sovet rəhbərliyinin Azərbaycan xalqı, bəşəriyyət və sivilizasiya əleyhinə ağır cinayəti idi. Moskvada təhlükəsizliyinin təmin edilməməsinə, sərt nəzarət altında yaşamasına baxmayaraq, Azərbaycan xalqına qarşı qəddar repressiya aktı olan bu hadisədən dərhal sonra Heydər Əliyev ailə üzvləri, o cümlədən oğlu İlham Əliyev ilə birlikdə Azərbaycanın daimi nümayəndəliyinə gəlib bəyanat verərək konkret mövqeyini ortaya qoydu, 20 Yanvar qətliamını törədənləri ittiham etdi, ən ağır anda xalqının yanında oldu. Heydər Əliyev bu addımı ilə Azərbaycana qarşı tətbiq edilən informasiya blokadasını qırdı, həqiqətlərin dünyaya yayılmasına kömək etdi. Sovet dövlətinin və Kommunist Partiyasının mövcud olduğu bir şəraitdə bu hərəkət onun gələcək müstəqil milli dövlətçilik, siyasi fəaliyyətində zirvəyə aparan yolun başlanğıcı və zamandan uca olması demək idi.

20 Yanvardan sonra Azərbaycan xalqı Mərkəz ilə yolunun bir olmadığı qənaətinə gəldi. Bu, bir dönüş anı idi. Azərbaycanın dövlət müstəqilliyini elan etməsindən başqa yolu qalmamışdı. Lakin müstəqilliyin bərpasının astanasında olan Azərbaycan hakimiyyəti zəif idi. Respublikada xaos və anarxiya hökm sürürdü.

Sovet sisteminə zərbə vuran siyasi xadim

Ağır günlər idi. Moskvada yaşamaq mümkün olmadığından Heydər Əliyev Azərbaycana gəldi. Lakin Mərkəzdən asılı olan respublika rəhbərləri Bakıda yaşamasına təminat vermədiklərindən Ulu öndər doğulduğu Naxçıvana getdi. Onu hərarətlə qarşılayan Naxçıvan sakinləri az sonra Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin və Azərbaycan Ali Sovetinin deputatı seçdilər. Ağsaqqal deputat olaraq Heydər Əliyevin sədrliyi altında Naxşıvan MSSR Ali Sovetinin birinci iclasında muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı.

SSRİ-nin, kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, sovet dövrünün artibutlarından imtina edilməsi tarixi hadisə idi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı ilk dəfə olaraq Naxçıvanda rəsmi dövlət bayrağı kimi qəbul edildi. Cümhuriyyət və onun bayrağı Sovet İttifaqının, kommunist ideologiyasının əleyhinə olduğu belə bir qərarın qəbul edilməsi ilə müstəqil dövlətin təməli atıldı. Üçrəngli dövlət bayrağı təkcə qəbul edilmədi, eyni zamanda, Azərbaycan rəhbərliyinə sovet dövrünün bayrağı, gerbi və himnindən imtina olunması və Cümhuriyyətin dövlət rəmzlərini qəbul etmək tövsiyə edildi. Az sonra Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı.

Sovet qoşun hissələri ilk dəfə Naxçıvandan çıxarıldı. Sərhədi Azərbaycan hərbçiləri qorumağa başladı. Beləliklə, Naxçıvan müasir Azərbaycan milli dövlətçiliyinin bərpasının və qorunmasının onurğa sütununa çevrildi. SSRİ-nin saxlanılmasına dair referendum Naxçıvanda keçirilmədi. Bakıda parlamentdə etdiyi çıxışlarında ardıcıl şəkildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının vacibliyini bildirən Heydər Əliyevin bəyanat verərək Kommunist Partiyasının sıralarından istefa etməsi uzun onilliklər boyu dünyanı qorxudan bu ideologiyanın iflasında mühüm rol oynayan amillərdən biri oldu. Minlərlə kommunist ondan nümunə götürdü. Az sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi və həmin qərara Heydər Əliyevin səs verməsi müasir tariximizin ən mühüm hadisələrindən biri, zamandan ucada dayanması idi.

Bir müddət keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında aşağıdakı başlıca vəzifələrin yerinə yetirilməsi dayanırdı: Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq, qorumaq və möhkəmləndirmək; Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsinə və təcavüzünə son qoymaq; ölkənin inkişafının açarını tapmaq və s. Lakin ölkə rəhbərliyi bu vəzifələrin öhdəsindən gələ bilmədi.

“Ermənistanın işğalçılıq siyasətini dayandırmağın yolu Bakıda hakimiyyətə gəlməkdən keçir” kimi yanlış, zərərli şüarla 1992-ci ilin may ayında silahlı çevrilişlə hakimiyyətə gələn qeyri formallar ölkədə daha ağır şərait yaradaraq başlıca vəzifələri yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq arasında uçurum, hakimiyyət qanadları arasında ziddiyyətlər dərinləşdi. Ölkənin daxili və xarici siyasəti dalana dirəndi. İşğalın davam etdiyi bir zamanda Gəncədə hərbi hissədə baş verən qiyamı yatıra bilməyən hakimiyyət proseslər üzərində nəzarəti tamamilə itirdi. Bütün bunlar azmış kimi, şimalda və cənubda xaricdən dəstəklənən separatçılığın güclənməsi ilə ölkə parçalanmaq təhlükəsi qarşısında qaldı. Azərbaycanın dövlət müstəqilliyi üçün təhdid yarandı. Azərbaycan xalqının həyatında ağır günlər idi. Xalqı və dövləti uçurumdan çıxaran liderə, dövlət xadiminə ehtiyac duyulurdu. Mənəvi-psixoloji böhran içində olan, sabaha ümidi olmayan xalq nicat yolu arayırdı. Bu zaman xalq belə bir suala cavab axtarırdı: Nə etməli? Ölkəni ağır şəraitdən kim çıxara bilər? Bu suallara cavab tapıldı.

Xilaskar

Çətin şəraitdə Azərbaycan xalqı Naxçıvanda olan Heydər Əliyevə üz tutdu. Xalqın dərin inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən xilas edə, ölkəni fəlakət həddinə gətirmiş xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Xalqın Heydər Əliyevə olan inamı 70-ci illərdə Azərbaycan rəhbəri olduğu zamankı fəaliyyəti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində gördüyü işlərlə bağlı idi. Xalqın tələbləri qarşısında geri çəkilən, çarəsiz qalan respublika rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etdi. Bakıya gələn kimi yeni bir liderlik keyfiyyətini ortaya qoyan Heydər Əliyev qiyamın baş verdiyi Gəncəyə təkbaşına getdi. Xalqın arasında oldu. Gəncədə sabitlik tədricən bərqərar edildi. Bakıya qayıtdıqdan sonra əvvəlcə parlamentin sədri seçildi, az sonra ölkə prezidenti paytaxtı tərk edib getdiyi üçün dövlət başçısının səlahiyyətlərini də həyata keçirməyə başladı.

Qarışıq, çətin və mürəkkəb bir zaman idi. Daxili siyasət sahəsində Heydər Əliyevin qarşısında xeyli mürəkkəb vəzifələrin həll edilməsi dayanırdı: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas etmək; milli birliyə nail olmaq; hakimiyyətin qanadları arasında yekdillik yaratmaq; xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq; iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək; dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə kriminogen şərait yaradan ayrı-ayrı dəstələri tərksilah etmək; vətəndaşların sakit və təhlükəsiz yaşayışını təmin etmək; ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa aparmaq və mənəvi-psixoloji ruhunu yüksəltmək; köhnə sosializm sisteminin qalıqlarından imtina edərək islahatlar aparmaq; ölkənin inkişafının açarını tapmaq və s.

Hakimiyyətə heç bir zor olmadan, topsuz-tüfəngsiz gələn Heydər Əliyev ölkənin problemlərinin həllində fiziki gücə deyil, məhz zəkasına və xalqa arxalandı. Azərbaycanı didib-parçalayan separatçılıq bilavasitə xalqın iradəsi ilə dəfn edildi. Separatçıları qovan xalq ölkənin bütövlüyünü qorudu və dövləti müdafiə etdi. Lakin ölkə qarşısında həlli vacib olan digər məsələlər də dayanırdı. Ermənistanın hərbi təcavüzünün davam etməsi, Azərbaycan ərazilərinin bir-birinin ardınca işğal edilməsi ölkənin inkişafına mane olan başlıca amil idi. İşğal altında olan torpaqların azad edilməsini başlıca vəzifə olaraq müəyyənləşdirən Heydər Əliyev atəşkəs yolunu seçdi. Bundan əvvəl həyata keçirilən uğurlu Horadiz əməliyyatı ilə düşmənə ağır zərbə vuran Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi. Heydər Əliyev bununla bütün dünyaya göstərdi ki, Azərbaycan işğalla heç bir zaman barışmayacaq, bütün vasitələrlə ərazilərini azad edəcəkdir. Dövlət idarəetməsini iflic halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə və iqtisadi ehtiyatları udan hərbi əməliyyatlar dayandırıldı. Bu, Azərbaycana bir sıra məsələləri həll etməyə imkan verdi.

Heydər Əliyev hesab edirdi ki, atəşkəsə getməklə dövləti qurmaqdan, vahid güclü ordunu yaratmaqdan ötrü vaxt və əlavə imkanlar qazanacaq, ölkənin inkişafının açarını tapacaq və nəhayət, torpaqlar işğalçılardan azad ediləcəkdir. Atəşkəs ölkəyə böyük üstünlüklər verdi, xarici sərmayələrin gəlməsi üçün şərait yaratdı.

Ermənistan rəhbərliyi isə belə hesab edirdi ki, atəşkəsə getməklə danışıqlar prosesini uzadacaq, Azərbaycan torpaqlarının işğal altında qalmasını “oldu-bitdi” kimi qəbul etdirə biləcəkdir. Ermənistanın bütün rəhbərlərinin başlıca xətti olan bu yanaşma 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub etməsi və torpaqları işğaldan qurtarması ilə bitdi, Heydər Əliyevin konsepsiyasının, zəkasının Ermənistandan, dünya erməniliyindən və onun havadarlarından üstünlüyünü, zamandan uca olduğunu göstərdi.

Təbii sərvəti milli sərvətə çevirən ilk Azərbaycan rəhbəri

Atəşkəsə gedilməsi bir sıra vacib məsələlərin həllinə imkan verdi. “Əsrin müqaviləsi”nin imzalanıb həyata keçirilməsi ilə Heydər Əliyev Allahın bəxş etdiyi təbii sərvət olan nefti milli sərvətə çevirən ilk Azərbaycan rəhbəri oldu. Heydər Əliyev təkcə təbii sərvəti milli sərvətə çevirmədi, eyni zamanda, birləşdirici güc, əməkdaşlıq rəmzi oldu. Ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük olan dövlətləri bir araya gətirdi. Ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, dünyanın cazibə mərkəzinə çevirən başlıca amillər Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini deyil, dünya işlərini mükəmməl bilməsi, üstün zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı və qətiyyəti idi. Bu, Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, dünya qarşısında nadir xidmətlərindən biri olub, zamandan ucada dayandığını göstərirdi.

Heydər Əliyev “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında özünün qətiyyəti ilə bir örnək verdi. 1994-cü ilin oktyabr ayında baş verən dövlət çevrilişi, 1995-ci ilin martındakı qiyam cəhdlərinin məhz Heydər Əliyevin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradılmasının Azərbaycan üçün tarixi və ibrətamiz bir tərəfi oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri və qiyam cəhdləri üçün sınaq meydanı deyildir, ölkədə güclü dövlət hakimiyyəti vardır. Silahlı yolla hakimiyyətə gəlmək kimi acı təcrübəyə son qoyan Heydər Əliyev zamanın fövqündə dayandı.

Müstəqil dövlətin ilk Konstitusiyasının memarı

Dövlət müstəqilliyi bərpa edilsə də, hələ Əsas qanun–Konstitusiya qəbul edilməmişdi. Heydər Əliyevin sədrliyi ilə işlənib hazırlanmış Azərbaycan Respublikası Konstitusiyasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilməsi müstəqillik tarixinin möhtəşəm hadisəsi oldu. Eyni gündə Azərbaycan Respublikası Milli Məclisinə müxtəlif siyasi partiyaların iştirakı ilə I çağırış seçkilərin keçirilməsi də ölkə həyatında yeni mərhələnin başlanğıcını qoydu.

Region və dünya geosiyasətinin dəyişməsinə təsir edən lider

Heydər Əliyev Cənubi Qafqazın və Orta Asiyanın geosiyasətini dəyişərək dünya siyasətinə təsir edən lider oldu. O, hakimiyyətə gələrkən böhran içərisində olan dövlətin xarici siyasəti xalqın və dövlətin qarşısında dayanan başlıca vəzifələri yerinə yetirə, dövlət quruculuğu üçün əlververişli beynəlxalq şəraiti təmin edə bilmir, problemlər yaradırdı. Azərbaycan xalqı və dövlətinin maraqlarına cavab verməyən xarici siyasət xəttindən qətiyyətlə imtina edən Heydər Əliyev milli maraqların qorunmasını nəzərdə tutan tarazlaşdırılmış xarici siyasət xəttini dövlətin beynəlxalq fəaliyyətinə gətirdi.

Qonşu dövlətlərlə münasibətlərin nizama salınması üzrə addımlar atıldı. İran və Rusiya ilə mehriban qonşuluq münasibətləri tədricən bərqərar edildi. Türkiyə və Gürcüstan ilə strateji müttəfiqlik xətti seçildi. Azərbaycanın mehriban qonşuları, ticarət ortaqları, starteji tərəfdaşları və müttəfiqləri müəyyənləşdirildi.

Azərbaycan dövləti neft strategiyasını reallaşdırdı. Bütün müqavimətləri dəf edən Azərbaycan xarici tərəfdaşlarla birlikdə çoxşaxəli neft və qaz kəmərlərini inşa etməyə başladı. Heydər Əliyev 1997-ci ilin iyul-avqustunda ABŞ-a rəsmi səfəri zamanı Prezident B.Klintonla görüşündə “mən tacir deyiləm, siyasətçiyəm, əsas ixrac neft boru kəməri Türkiyədən keçməlidir” deməklə və bu məqsədinə nail olmaqla bir sıra vacib məsələləri həll etdi. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycanın müstəqilliyi kəməri oldu. Hər hansı bir dövlətdən asılılığa son qoyuldu. Rusiya–Ukrayna müharibəsinin davam etdiyi indiki şərait Heydər Əliyevin verdiyi qərarın düzgünlüyünü və zəkası ilə zamandan ucada dayandığını göstərir. Bir zamanlar təzyiq yolunu tutanlar indi Azərbaycana möhtacdırlar.

Heydər Əliyevin neft və nəqliyyat-kommunikasiya strategiyası Orta Asiyanın yeni müstəqil dövlətlərinin də dünyaya çıxışına kömək etməklə müstəqilliklərini möhkəmləndirdi. Azərbaycan, eyni zamanda, tranzit ölkəyə çevrildi. Tarixi İpək yolu bərpa edildi. Regionun geosiyasəti dəyişdi.

Əsas ixrac neft boru kəmərinin və digər layihələrin həyata keçirilməsi Türkiyənin gücünü artırdı, dünya siyasətində rolunu möhkəmləndirdi, bu gün neft və qaz paylaşdırıcı ölkə, G-20 cərgəsində olmasını şərtləndirən amillərdən oldu. “Soyuq müharibə başa çatdıqdan sonra NATO-da Türkiyəyə ehtiyac qalmır” deyən bəzi şəxslərin arzuları ürəklərində qaldı. Bununla Heydər Əliyev həm Türk dünyasının lideri, həm də zamanın fövqündə dayanan lider oldu.

Arzuların gerçəkləşməsi

Heydər Əliyevin həyata keçirə bilmədiklərini Prezident İlham Əliyev məharətlə yerinə yetirdi. 2003-cü ildən sonrakı Azərbaycan tarixi qarşıda dayanan başlıca məqsədə nail olmaqdan – işğal altında olan torpaqları azad etməkdən ötrü müasirləşmə və güclü dövlətin qurulması ilə səciyyələnir. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan müasirləşən bir ölkəyə çevrildi. Azərbaycanı satış bazarına çevirmək istəyən bəzi ölkələr özləri Azərbaycan məhsulları üçün satış bazarı oldular. Sovet dövrü başa çatdıqdan sonra yaranmış boşluqda Azərbaycan xalqının əməyi yadırğamasının qarşısı alındı. Ərazilərinin bir hissəsinin təcavüzkar Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, Azərbaycan tərəqqi etdi, tikinti-quruculuq işləri genişləndirildi. Qaçqın və məcburi köçkünlərin problemlərini həll etməklə paralel olaraq ölkə tikinti quruculuq meydanına çevrildi.

İlham Əliyev Azərbaycan xalqının minilliklər qədim və zəngin dövlətçilik tarixində Qurucu Prezident adını qazandı. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi, dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanı açar ölkəyə çevirdi. Avropa bu gün Azərbaycan qazına möhtacdır. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tikintisinin uğurla başa çatması, Şərq–Qərb, Şimal–Cənub marşrutları ilə Azərbaycan dünyanın nəqliyyat qovşağına çevrilib.

Başlıca məqsədə nail olmaqdan ötrü tariximizdə bir sıra ilklərə imza atan İlham Əliyev BMT Baş Məclisində çıxış edən Azərbaycan Respublikasının ilk baş naziri, ruhumuzun şəhəri olan Təbrizə səfər edən ilk dövlət rəhbəridir. İlham Əliyev Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçdirən, Təhlükəsizlik Şurasının iclasına sədrlik edən və ən vacib dünya məsələləri barədə nitq söyləyərək, bəşəri problemlərin həlli yollarını göstərən ölkə başçısıdır. İlham Əliyev başlıca məqsədə çatmaqdan ötrü “yumşaq güc”dən məharətlə istifadə edən, “Eurovision” mahnı yarışmasını, Avropa IV İslam həmrəyliyi oyunlarını ən mükəmməl şəkildə keçirərək Azərbaycan tarixini, maddi və mənəvi mədəniyyətini təbliğ etdirən, ölkə ərazisindən xarici hərbi bazanı və ya obyekti tamamilə çıxaran, kosmosa ilk peyki göndərərək Azərbaycanı Kosmos klubunun üzvü edən liderdir. İlham Əliyev ölkəmizi mədəniyyətlərarası, sivilizasiyalararası dialoq məkanına çevirən rəhbərdir.

Nəhayət, İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək 2020-ci ildə 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistanı darmadağın edən, 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərində düşməni diz çökdürərək separatçılığa birdəfəlik son qoyan, dövlət suverenliyini tam bərqərar edən, Azərbaycan xalqının arzularını gerçəkləşdirən müzəffər Ali Baş Komandan, müharibə başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə nəhəng dirçəliş işlərini heç bir xarici yardım olmadan həyata keçirərək yeni Azərbaycan quran rəhbərdir.

Alternativ varmı?

Anadan olmasının 102-ci ildönümündə bir daha soruşulur: əsasını Heydər Əliyevin qoyduğu yolun alternativi varmı? Heydər Əliyev yolundan kənara çıxmaq Azərbaycanı dağıtmaq, milli dövləti məhv etmək, ölkəni və xalqı parçalamaq, vətəndaş müharibəsinə sürükləmək, onu rəzil günə salmaqdır. Azərbaycan xalqı ona bədbəxtliklər gətirmiş 90-ci illərin əvvəllərinin təcrübəsini birdəfəlik tarixin zibilliyinə atıb.

Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirilməsi Azərbaycan xalqının, qonşu dövlətlərin və bütün demokratik dünyanın maraqlarına uyğundur. Azərbaycan xalqının xəyallarını, arzularını həyata keçirən, onu qalib edən bu zəfər yolu daha böyük uğurlarla davam edəcəkdir...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı?

09 May 2025 02:13see193

Orta məktəbdə bıçaqlanma Yaralı var KONKRET

09 May 2025 14:11see182

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

08 May 2025 21:07see177

İkinci Dünya Müharibəsi iştirakçılarına və əlillərinə 10 min dollar verilib

08 May 2025 18:54see150

Zelenski Trampla müzakirələr apardı

08 May 2025 23:30see138

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub

09 May 2025 02:46see130

Geyindiyi cırıq ağ köynəyi ilə gündəm oldu FOTO

09 May 2025 03:15see130

Putinin prezidentlərlə görüşündən MARAQLI ANLAR Lukaşenkoya GÖRÜN NƏ DEDİ (VİDEO) KONKRET

08 May 2025 21:21see129

Başqa variant yoxdur, böyük müharibə başlayır Pakistan

10 May 2025 00:36see129

“Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”

09 May 2025 00:36see129

Rusiya və ABŞ arasında yeni görüş planlaşdırır

09 May 2025 13:55see124

Fənərbaxça nın ulduzu vətəninə niyə yollandı?

08 May 2025 23:51see120

Nadir Qafarzadə toyda Aşıqla əlbəyaxa olub İDDİA

09 May 2025 12:02see117

“Bu mükafat mənə böyük stimuldur” Əməkdar artist

08 May 2025 18:41see116

Çex Respublikasında Heydər Əliyevin büstü açıldı

10 May 2025 00:59see114

300 dən çox sərnişini olan təyyarə pilotun səhvi səbəbindən yanıb

09 May 2025 18:20see114

Tramp ABŞ Federal Ehtiyat Sisteminin rəhbərini təhqir etdi

09 May 2025 03:13see114

El Klasiko nun hakimi Barselona azarkeşi imiş

09 May 2025 07:44see114

FIFA qadınlar arasında dünya çempionatının iştirakçılarının sayını artırdı

10 May 2025 06:48see113

Başqa variant yoxdur, böyük müharibə başlayır

10 May 2025 08:10see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri