Icma.az
close
up
RU
Zaxarova da, Paşinyan da həqiqətin yarısını söyləyir

Zaxarova da, Paşinyan da həqiqətin yarısını söyləyir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yarımhəqiqət ona görə təhlükəlidir ki, onun içində həqiqət var, amma həmin həqiqətin ətrafındakı mənzərə tam göstərilmir. Nəticədə bir fakt bütöv həqiqətin yerinə qoyulur. Mariya Zaxarovanın Nikol Paşinyana qarşı son sərt açıqlaması da bu baxımdan diqqət çəkir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Paşinyanı faktları təhrif etməkdə və KTMT-nin 2022-ci ilin sentyabr hadisələri zamanı “hərəkətsiz” qalması barədə danışmaqda ittiham edib. Zaxarova xatırladıb ki, 2022-ci ilin sentyabrında KTMT Ermənistana faktaraşdırıcı missiya göndərib. O, həmçinin Paşinyanın həmin ilin noyabrında KTMT sammitinin yekun sənədinin qəbuluna mane olduğunu və Avropa İttifaqının missiyasına üstünlük verdiyini bildirib. Moskvanın digər əsas arqumenti isə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Zaxarovaya görə, Paşinyanın sonrakı ittihamları onun öz siyasi qərarları ilə ziddiyyət təşkil edir.

Bu arqumentlərin müəyyən hissəsində faktoloji əsas var. 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan sərhədində ciddi toqquşmalar baş verdi, Ermənistan KTMT-yə müraciət etdi, lakin təşkilat hərbi müdaxilə etmədi. Həmin ilin oktyabrında Praqada Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını təsdiqlədilər. Bunlar faktdır. Lakin faktın doğru olması həmin fakt əsasında irəli sürülən bütün siyasi nəticələrin də doğru olduğu anlamına gəlmir. Çünki Zaxarovanın təqdim etdiyi mənzərənin arxasında daha böyük tarix dayanır.

***

Qarabağ münaqişəsi 2022-ci ilin sentyabrında başlamayıb. Rusiya da bu münaqişəyə həmin vaxt daxil olmayıb. Moskva onilliklər ərzində Qarabağ məsələsinin əsas xarici aktorlarından biri olub. Təxminən otuz il ərzində aparılan danışıqlar münaqişənin siyasi həllinə gətirib çıxarmadı. Status-kvo qorundu və nəticədə 2020-ci ildə müharibə baş verdi. Məhz burada Rusiyanın roluna dair əsas sual ortaya çıxır: Moskva münaqişənin həllinə nail ola bilmədi, yoxsa həll olunmamış münaqişənin yaratdığı vəziyyət onun regional maraqlarına xidmət edirdi? Bu suala birmənalı cavab vermək üçün fərziyyələrdən daha çox faktların sistemli təhlili lazımdır. Amma bir reallığı da nəzərdən qaçırmaq olmaz: həll olunmamış Qarabağ münaqişəsi Rusiyanın Cənubi Qafqazdakı siyasi və hərbi təsir imkanlarını qoruyan mühüm amillərdən biri idi.

2020-ci il müharibəsindən sonra bu rol fərqli formada davam etdi. 10 noyabr üçtərəfli Bəyanatı əsasında Rusiya bölgəyə sülhməramlı qüvvələr yerləşdirdi. Beləliklə, Moskva həm uzun illər vasitəçilik etmiş dövlət, həm də müharibədən sonra formalaşan təhlükəsizlik arxitekturasının əsas iştirakçılarından biri oldu. Bu, Rusiyanın roluna dair ciddi sual yaradır. Münaqişənin həllinə töhfə verməli olan əsas aktorlardan biri niyə münaqişə həll edilmədikdən sonra da onun yaratdığı təhlükəsizlik sistemində əsas rol aldı? Bu sual maraqlıdır. Düzdür, Rusiyanın vasitəçilik fəaliyyətində müəyyən diplomatik nəticələr və atəşkəsin qorunmasına yönəlmiş addımlar olub. Lakin vasitəçiliyin qiymətləndirilməsində əsas meyar yalnız danışıqların aparılması deyil, nəticədir. Nəticə isə ondan ibarətdir ki, münaqişə onilliklər ərzində siyasi yolla həll edilmədi və sonda hərbi mərhələyə keçdi. Zaxarova onların üstündən sükutla keçir. Rusiyanın bu istiqamətdəki uğursuz fəaliyyətindən deyil, Paşinyanı ittiham etməyə üstünlük verir. Məsuliyyəti başqasının üstünə atır. Həqiqəti sonadək açıqlamır.

Qarabağ münaqişəsinin tarixində Ermənistanın əvvəlki hakimiyyətlərinin qərarları, uzun illər davam edən işğal, danışıqlarda kompromisi çətinləşdirən mövqelər və Paşinyanın Qarabağ məsələsi ilə bağlı sərt bəyanatları var. Onun “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı bu baxımdan xüsusi diqqət çəkir. Bu ifadənin münaqişənin sonrakı inkişafına təsirini tək bir cümlə ilə izah etmək mümkün deyil. Lakin kompromis mühitini yaxşılaşdırdığını söyləmək də çətindir. Deməli, Paşinyanın “Rusiya bizi müdafiə etmədi” arqumenti də həqiqətin yalnız bir hissəsidir.

Burada maraqlı bir paralel yaranır. Zaxarova Paşinyanın məsuliyyətini önə çəkir, lakin Moskvanın uzun illər davam edən vasitəçiliyinin nəticələrinə eyni sərtliklə yanaşmır. Paşinyan isə Rusiyanın və KTMT-nin etmədiklərini ön plana çıxarır, amma Ermənistanın əvvəlki siyasətinə və öz siyasi qərarlarına eyni tənqidi münasibəti göstərmir. Biri Rusiyanın məsuliyyətini, digəri isə öz məsuliyyətini arxa plana keçirir. Hər ikisi həqiqətin bir hissəsini söyləyir. Yarımhəqiqət də məhz burada başlayır.

Həqiqət siyasi bəyanatların özündə deyil. O, dövlətlərin dedikləri ilə etdiklərini, vədləri ilə nəticələri, vasitəçilik iddiaları ilə real davranışlarını müqayisə etdikdə ortaya çıxır. Buna görə də əsas sual “Kim haqlıdır: Moskva, yoxsa İrəvan?” yox, budur: kim həqiqətin hansı hissəsini danışır, hansı hissəsini isə susur? Problem ondadır ki, Moskva tarix kitabının öz mövqeyini gücləndirən səhifəsini önə çıxarır. Paşinyan da eyni üsula əl atır. O, siyasi mövqeyini gücləndirən faktları seçir. Halbuki, tarix bir səhifədən ibarət deyil.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişindən sonra Ermənistanın xarici siyasətində ciddi istiqamət dəyişikliyi baş verib. Paşinyan ilk gündən Avropa İttifaqı və Avropa Şurası ilə münasibətlərin inkişafını, NATO və Qərblə yaxınlaşmanı prioritet kimi təqdim edib.

Bu proses Moskva üçün Ermənistanın xarici siyasətində dəyişikliklərin baş verdiyini göstərməli idi. Buna görə də Mariya Zaxarovanın Paşinyana qarşı son ittihamları siyasi baxımdan müəyyən mənada gecikib. Rusiya uzun müddət Ermənistanın siyasi kursundakı dəyişiklikləri görməli və bu prosesin mümkün nəticələrini nəzərə almalı idi.

Qarabağın Azərbaycanın tərkib hissəsi olması yeni yanaşma deyil, beynəlxalq ictimaiyyətin böyük hissəsi tərəfindən qəbul edilən mövqedir. Bu baxımdan Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması mövcud beynəlxalq hüquqi reallığın təsdiqi kimi qiymətləndirilə bilər.

Paşinyanın siyasi məsuliyyəti məsələsinə də fərqli yanaşma var. Paşinyanın Qarabağla bağlı qərarlarını yalnız şəxsi siyasi iradəsi ilə izah etmək düzgün olmaz. Paşinyan bir neçə dəfə seçkilərdə qalib gəlib və onun rəhbərlik etdiyi siyasi qüvvə parlamentdə üstün mövqeyini qoruyub. Bu isə onun siyasi kursunun Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin dəstəyinə malik olduğunu göstərir.

Ermənistan cəmiyyətində Qarabağ uğrunda yeni müharibəyə qayıtmaq, əlavə insan itkiləri və uzunmüddətli qarşıdurma istəməyən ciddi sosial təbəqə formalaşıb. Paşinyanın siyasi xətti də müəyyən mənada bu ictimai gözləntiləri əks etdirir.

Bununla yanaşı, Ermənistanda Paşinyanın siyasətinə qarşı çıxan revanşist, radikal qüvvələr, Qarabağ klanı da mövcuddur. Onların sayı azdır, Ermənistan cəmiyyətinin ümumi siyasi mövqeyini tam şəkildə ifadə etmir.

Moskva Ermənistan daxilindəki bu siyasi reallığı nəzərə almalıdır. Paşinyanın siyasətini yalnız Qərbin təsiri ilə izah etmək düzgün deyil. Ermənistan cəmiyyətinin seçimi, dəyişən ictimai gözləntiləri və ölkənin xarici siyasət prioritetləri də bu prosesin mühüm hissəsidir.

Bu baxımdan Zaxarova ilə Paşinyan arasındakı qarşılıqlı ittihamlar yalnız kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək müstəvisində deyil, Ermənistanın son illər dəyişən siyasi kursu və Rusiyanın bu dəyişikliklərə münasibəti çərçivəsində qiymətləndirilməlidir.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 06:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri